Məhkəmə qərarları › İş №e-2-1(112)-1371/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1371/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1371/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə edərək iddiaçının mülkiyyətində olan Bakı ş, Bilgəh qəs. Aslan Salahzadə küç 3-cü döngədəki 20 saylı evin yerləşdiyi və həyətyani sahəsi olan 0,15 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı ş, Bilgəh qəs. Aslan Salahzadə küç 3-cü döngədəki 20 saylı ev uzun müddətdir ki, onun mülkiyətindədir və onun həyətyani torpaq sahəsi də mövcuddur. Həyətyani sahənin mülkiyyət hüququnun qeydiyyatı barədə müraciət etsə də, cavadeh həmin hüququ qeydə almır. İddiaçı hesab edir ki, cavabdehin qeydiyyatdan imtina məktubunda qeyd etdikləri imtina əsası deyildir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Bilgəh Zəfəran sovxozuna ayrılan ərazilərin ayrıc aktından kənarda yerləşir. Bilgəh qəsəbə üzrə nümayəndəliyin sərəncamında yerli icra hakimiyyəti başçısının qərarına istinad edilməmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi Bilgəh Zəfəran sovxozuna ayrılan ərazilərin ayrıc aktından kənarda yerləşir. Bilgəh qəsəbə üzrə nümayəndəliyin sərəncamında yerli icra hakimiyyəti başçısının qərarına istinad edilməmişdir. 06 iyun 2001-ci il tarixli müqavilədən görünür ki, O.Ədilov və iddiaçı arasında Bakı ş, Bilgəh qəs. Aslan Salahzadə küç 3-cü döngədəki 20 saylı evi ilə əlaqədar müqavilə bağlanılmışdır. 25 fevral 1998-ci il tarixli sərəncamdan görünür ki, Abşeron Rayon Bilgəh Zəfəran Sovxozunun məktubuna əsasən 1500 kv.m torpaq sahəsi X4 ayrılmışdır. Qeydiyyat vəsiqəsindən görünür ki, adıçəkilən ev iddiaçının mülkiyyətindədir. Yanvar 2001-ci il tarixli texniki pasportdan görünür ki, adıçəkilən fərdi yaşayış evinə dair texniki pasport ilkin olaraq O.Ədilovun adına olmuş, sonradan iddiaçının adına tərtib edilmişdir. Texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi həyətyani torpaq sahəsi altındakı torpaq sahəsi də daxil olmaqla 1509 kv.m olmuşdur. Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində, 0,031790 kv.m torpaq sahəsi isə istifadəsindədir. Yeni texniki pasportdan görünür ki, 0,1513 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. 03 yanvar 2001-ci il tarixli arayışdan görünür ki, Zəfəran sovxozu rəhbərliyi tərəfindən O.Ədilova arayış verilmişdir ki, sovxoza məxsus olan ərazidə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evi mövcuddur. İddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışın verilməsinə dair sorğuya cavab məktubuna daxil olan sənədlərdən görünür ki, X1 və X2 adına fərdi yaşayış evinə dair texniki pasportlar tərtib edilmişdir. Eləcə də, həmin şəxslərin adına Bilgəh qəsəbə nümayəndəliyi tərəfindən torpaq sahələri ayrılmışdır. Həmin fərdi yaşayış evlərinə, yerləşdiyi həyətyani torpaq sahələrii ilə birlikdə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Oxşar texniki pasport əsasında mülkiyyət hüquqları T.Abbasovanın adına qeydə alınmış torpaq sahəsinin ünvanından görünür ki, ünvan Zəfəran sovxozu, A.Salahzadə küçəsi ev 12-dir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;

1. Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.

2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.

7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (xx.xx.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin mövcudluğu mütləq xarakter daşıyır ki, məhkəmə hesab edir ki, iddiaçı da nəinki həmin sənədə, həmin sənədlərə malik şəxs kimi mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etməkdə haqlı hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi sayılır. Belə ki, həmin sahədə inşa edilmiş fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və ən azından fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyəti yazılmaqla iddiaçının istifadəsinə verilmiş və mülkiyyət hüququna dair qeyd aparılmışdır. İddiaçı isə, fərdi yaşayış evinə dair yanvar 2001-ci il tarixdə tərtib edilmiş texniki pasporta, eləcə də icra nümayəndəliyinin torpaq ayırma barədə qərarına istinad edərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdədir ki, mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilməsi ilə müəyyən olunur ki, fərdi yaşayış evinə dair qeydlər aparılarkən adıçəkilən sənədlər qovluqda mövcud olmuş, həmin sənədlər əsasında fərdi yaşayış evinə dair qeyd aparılmışdır. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair qeyd aparıldığı halda yerləşdiyi torpaq sahəsinə münasibətdə qeydin aparılmaması ziddiyyət təşkil edir. Belə ki, əgər torpaq sahəsinin ayrılması qanuni hesab edilmirsə, onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının düzgünlüyündən söhbət gedə bilməz. Yox, əgər fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına cavabdehin özü tərəfindən aparılmışdırsa, deməli onun yerləşdiyi torpaq sahəsi də iddiaçının qanuni istifadəsində olmuşdur ki, bu baxımdan həmin sahə üzrə mülkiyyət hüququnun qeydinin aparılması mütləqdir. Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən də göründüyü kimi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Oxşar norma Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci hissəsində də qeyd edilmilmişdir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, yuxarıda adıçəkilən Qanunun 1-ci maddəsi torpaq islahatının məqsədi və vəzifələri ilə əlaqədardır ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Göründüyü torpaq üzərində yeni mülkiyyət münasibətlərinin yaranması torpaq islahatının əsas məqsədlərindən biri qismində çıxış edir ki, bunun davamı kimi yuxarıda göstərilən normativ tələblərə uyğun olaraq torpaq sahələrinin mülkiyyətə keçirilmə qaydası müəyyən edilmişdir. Bunun üçün isə, əsas meyar qanuni istifadəsində olma meyarıdır. Başqa sözlə dövlət orqanları dövlətin mülkiyyətində olan torpaq sahəsini qanuni əsaslarla vətəndaşın istifadəsinə vermişdirsə həmin dövlət torpağının şəxsi mülkiyyətə verilməsindən söhbət gedə bilər. Bu səbəbdəndir ki, adı bağların icarə və ya istifadə müqaviləsi adlanan müqavilələr, digər xarakterli hüquqmüəyyənedici sənədlər məhz mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində çıxış edir. Bu zaman icarə və istifadə müqaviləsinin yox, məhz mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılır. Göstərilən normaların tətbiqi bağ sahələri ilə yanaşı fərdi yaşayış evlərin altındakı torpaqlarla bağlı da eyniyyət təşkil edir. Nəzərə alınmalıdır ki, hüquqları dövlət qeydiyyatına alınan yaşayış sahəsi həmişə fərdi yaşayış evi olmuşdur. Əks halda fərdi yaşayış evinin altındakı olsa da istifadə hüququ 0,031790 kv.m ölçüdə qeydiyyata alınmazdı. Təbii ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsi ilə yanaşı, iş materiallarından da göründüyü kimi həyətyani torpaq sahəsi də mövcud olmuşdur. Məhz həmin istifadə də torpaq islahatı haqqında qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının qanuni istifadəsinə dəlalət edir. Başqa sözlə hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi, eləcə də həyətyani torpaq sahəsi, məhz qanuni istifadəsində olmuşdur. Həmin qanuni istifadə isə yuxarıda adıçəkilən normaların tələbinə əsasən mülkiyyət hüququ deməkdir. Belə ki, qanuni istifadədə olan fərdi yaşayış evlərinin altındakı və həyətyani torpaq sahəsi dövlət mülkiyyətində olsa da islahat çərçivəsində mülkiyyət hüququ kimi vətəndaşlarına güzəşt edilmişdir. Cavabdehin hazırkı imtinası isə dövlət tərəfindən verilmiş həmin güzəştin realizə edilməməsinə xidmət edir. Halbuki, qanunvericiliyin tələbi konkretdir qanuni istifadədə olan fərdi yaşayış evlərinin, altında olan və həyətyani torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eyni zamanda, qeyd edilməlidir ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsi ilə yanaşı, həyətyani sahənin qanuni istifadə olması baxımından, fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına dair qovluqda mövcud olan arayış və icra nümayəndəliyinin sərəncamının qanuniliyinə də qiymət verilməsi mütləqdir. Sovxoz tərəfindən verilmiş arayışdan görünür ki, Zəfəran sovxozuna məxsus olan ərazidə yerləşən fərdi yaşayış evi iddiaçıdan əvvəlki mülkiyyətçi atası O.Ədilovun mülkiyyətində olmuşdur. İcra Nümayəndəliyinin torpaq ayırma barədə qərarında da Sovxozun məktubuna istinadla torpaq sahəsi ayrılmışdır. Cavabdeh ərazinin sovxozun ayrıc aktından kənarda olduğunu iddia etsə də, ətraf və qonşuluğunda yerləşən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmış çıxarışların verilməsinə əsas olan sənədlərdə nümayəndəliyin oxşar, sovxozun məktubları qeyd edilməklə torpaq ayırma barədə qərarları əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması halından (aşağıda qiymət veriləcəkdir) müstəqil, T.Abbasovanın adına qeydə alınmış torpaq sahəsinin ünvanından görünür ki, ünvan Zəfəran sovxozu, A.Salahzadə küçəsi ev 12-dir. Göründüyü kimi adıçəkilən ərazinin ünvanının Zəfəran sovxozu adlandırıldığı bir yerdə həmin ərazidə Sovxozun ərazisi olmama barədə dəlilin inandırıcılığı mövcud deyildir. İcra Nümayəndəliyi tərəfindən verilmiş torpaq ayırma barədə sərəncamın legitimliyinə münasibətdə də isə, məhkəmə hesab edir ki, həmin sərəncam hər hansı orqan və qurum tərəfindən ləğv edilməmiş, dəyişdirilməmiş, hüquqi qüvvədən salınmamışdır. Həmin sərəncamın hüquqi qüvvədən salınması ilə əlaqədar nə cavabdeh, nə Abşeron Rayon İcra Hakimiyyəti, nə Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə açmamış, hər hansı quruma sərəncamın ləğvi ilə əlaqədar müraciət etməmiş, Nümayəndəlik özü də qəbul etdiyi sərəncamı mübahisələndirməmiş, həmin sərəncam qovluqda fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsaslarından biri qismində çıxış etmiş,fərdi yaşayış evinə dair qeyd də mübahisələndirilməmiş vəziyyətdə olmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Lakin, iddia olunan sahəyə mülkiyyət hüququnun tanınmalı olması, təkcə etimad hüququnun mövcudluğu baxımından yox, eləcə də, inzibati icraatın digər prinsipinin tətbiqi baxımından əhəmiyyətlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İddia olunan torpaq sahəsinin yaxınlığında və qonşuluğunda yerləşən torpaq sahələrinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sənədlərdən görünür ki, oxşar texniki pasport və iddiaçı ilə eyni hallar üzrə İcra Nümayəndəliyinin Sovxozun məktubuna əsasən qəbul etdiyi torpaq ayırma barədə sərəncamlar əsasında müxtəlif şəxslər fərdi yaşayış evi ilə yanaşı, altında və həyətyani torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan əlavə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarından görünür ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evinə dair texniki pasport 2001-ci il yanvar ayınadır. Doğrudur, yanvarın neçəsi olması barədə hər hansı rəqəmləmə öz əksini tapmasa da, məhkəmə hesab edir ki, 2001-ci ilin yanvar ayının 1-dək tərtib edilməyə münasibətdə qanunvericilikdə təsbit edilmiş həmin şərt geniş mənada hazırkı halda da qiymətləndirilməlidir. Belə ki, məhkəmə təcrübəsində geniş təşəkkül tapmış, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin mülkiyyət hüququna əsas olmasına dair işlərdə cavabdehin 2009-cu iln oktyabr 1-dən sonra yerli icra hakimiyyəti orqanı tərəfindən sərəncamlarına münasibətdə əsaslı təcrübə onunla əlaqədardır ki, əsas hüquqmüəyyənedici sənədin dövrü yox, tənzim etdiyi münasibətin dövrüdür. Belə ki, həmin növ işlərdə sərəncamlar adıçəkilən tarixdən sonra qəbul edilsə də, tənzimlədiyi münasibət 2009-cu iln oktyabr 1-dən əvvələ, yəni hüquqmüəyyənedici sənədin aid olduğu şəxsin həmin mənzildə yaşadığı dövrdən əvvələ aid olduğuna görə adıçəkilən sərəncamlar mülkiyyət hüququna dair qeydin tərtibatına əsas hesab edilməkdədir. Məhkəmə hesab edir ki, yanvar 2001-ci il tarixdə tərtib edilmiş texniki pasporta münasibətdə də həmin növ qiymətləndirmə mütləqdir. Belə ki, istər arayışdan, istərsə də torpaq ayırma barədə qərardan görünür ki, fərdi yaşayış evi və onun altında olan və həyətyani torpaq sahəsi 2001-ci ilin yanvar 1-dən əvvəl iddiaçıdan əvvəlki mülkiyyətçi O.Adilovun istifadəsində olmuşdur. Adıçəkilən texniki pasport nəinki bir-neçə ay, hətta birneçə gün əvvəl tərtib edilsə idi, hazırda istinad olunan imtina əsaslarından söhbət gedə bilməzdi. Lakin, digər hüquqmüəyyənedici sənəd nəzərə alınmasa belə, 2001-ci ilin yanvar ayında tərtib edilən 2001-ci ilin yanvar 1-dək olmasa belə, həmin tarixdən əvvəlki dövrə aid olan tikiliyə dair texniki pasportun bir-neçə günlük müddət əsas gətirilməklə mülkiyyət hüquuq kimi konstitision hüququn realizəsinə məhdudiyyət yaratması əsassız məhrumetmə kimi qiymətləndirilməlidir. İş materialları ilə konkret olaraq müəyyən edilir ki, fərdi yaşayış evi, onun altındakı və həyətyani torpaq sahəsi ilə mülki münasibətlər 2001-ci ilin yanvar ayının 1-dən əvvəlki dövrə aiddir və torpaq islahatının məqsədləri baxımından həmin torpaq sahəsi iddiaçı və ondan əvvəlki evin mülkiyyətçisinin qanuni istifdasində olmuş, lakin texniki pasport Fərmanda göstərilən müddətdən bəlkə də bir gün sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, 2001-ci ilin yanvar 1-dən bəlkə də həmin gün, bəlkə də bir gün sonra hər bir halda 31 yanvar 2001-dən gec olmayaraq tərtib edilən fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü göstərilən texniki pasportuna hüquqmüəyyənedici sənəd elementindən məhrum olmasına dair yanaşma konstitision hüququn realizəsinin dövlət tərəfindən qorunma məqsədlərinə xidmət etməməkdədir. Vahid konteksdə qiymətləndirildikdə həmin texniki pasport istər hüquqmüəyyənedici sənəd kimi, istərsə də ləğv edilməmiş etimad hüququ saxlanılan icra nümayəndəliyinin sərəncamına əlavə edilməli olan yerləşməsini müəyyən edən texniki sənəd kimi qiymətləndirildikdə mülkiyyət hüququnun həyata keçirilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı ş, Bilgəh qəs. Aslan Salahzadə küç 3-cü döngədəki 20 saylı evin yerləşdiyi və həyətyani sahəsi olan 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar