Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1372/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə (üçüncü şəxs X9) qarşı “sərəncamın və aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş X5 mülkiyyətinə verilməsi barədə X3 xx.xx.2005-cü il tarixli 1491/1 nömrəli sərəncamının və Binəqədi qəsəbə Bələdiyyəsi ilə X9 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-10832/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, vətəndaş X5 müraciəti əsasında X3 xx.xx.2005-ci il tarixli 1491/1 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Binəqədi qəsəbə Bələdiyyəsi ilə alıcı X9 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinin yerləşmə cizgisi çəkilmiş və Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 2.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir və Böyükşor gölünün mühafizə zonasında yerləşir. Həmçinin tərəflər arasında bağlanmış Torpaqların alqı-satqısına dair akt bələdiyyə sədri və vətəndaş X9 tərəfindən imzalansa da, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Göründüyü kimi, Binəqədi qəsəbə Bələdiyyəsi öz səlahiyyətlərindən kənara çıxaraq qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxsin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəf məhkəməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci tarixli “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” qərarını əlavə edərək mübahisə predmeti olan torpaq sahəsinin mühafizə zolağnda yerləşməsini əsas gətirir. Bu qərar üçüncü şəxsə ayrılmış sərəncamın etibarsız hesab edilməsinə əsas ola bilməz. Çünki məlum torpaq sahəsi qəsəbə bələdiyyəsi tərəfindən onun adına daha öncədən, yəni 2005-ci ildə ayrılmışdır. Məlum torpaq sahəsinə dair hüquqlarının qeydə alınması öhdəliyi reyest xidmətinin üzərinə qoyulmalıdır. Belə ki, etimadın qorunması məsələsinə aydınlıq gətirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur: Müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, tərəflər arasında torpaqların alqısatqısın dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi vətəndaşın qəbahəti deyil, bu imtinaya səbəb ola bilməz və belə olduğu halda vətəndaş etimadının qorunması hüququna malikdir. İddiaçı ərizəsində qeyd edir ki, torpaqların kadastr məlumatlarına əsasən X2 2.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir və Böyükşor gölünün mühafizə zonasında yerləşir. Bu məsələyə daha öncədən Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-945/2022 xx.xx.2022-ci il tarixli qərarı çıxarılmış və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı yalnız şablon xarakterli sözlə kadastr məlumatlarına əsaslanaraq “torpağın dövlət mülkiyyəti” olduğunu qeyd edir lakin onu sübut edəcək əsaslı dəlili məhkəməyə təqdim etmir. İddiaçının təqdim etdiyi “Böyükşor gölünün mühafizə” zolağına dair sənədlər isə Nazirlər Kabinetinin 2017-ci il tarixli qərarı əsasında təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs iştirakını məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir:
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş X5 mülkiyyətinə verilməsi barədə X3 xx.xx.2005-cü il tarixli 1491/1 nömrəli sərəncamının etibarsız hesab edilməsi;
2. Binəqədi qəsəbə Bələdiyyəsi ilə X9 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi. İ tələbə münasibətdə «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə istinad olunanları nəzərə alaraq hazırkı iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2005-ci il tarixli, 1491/1 nömrəli sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2 ha torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı hazırda bu sərəncamın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar müəyyən etmə və ya tanınma haqqında iddialara aiddir. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə isə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bu müddəalardan göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Hazırkı iddia Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2005-ci il tarixli, 1491/1 nömrəli sərəncamıın etibarsızlığının tanınması olmaqla müəyyən etmə və ya tanınma haqqında iddialara uyğundur. Məhkəmə qeyd edir ki, müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4-cü maddəsi). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.5 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini: 1) iddiaçının kifayət qədər marağının olmasını; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia, hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İddia ərizəsinin məzmunundan görünür ki, hazırda iddiaçı X3 xx.xx.2005-ci il tarixli, 1491/1 nömrəli sərəncamının etibarsız sayılmasını xahiş etsə də, onun müəyyənetməyə dair marağı mövcud deyil. Belə ki, onun istinad etdiyi hallar sərəncamın etibarsızlığı deyil, ləğvi üçün əsas təşkil edir və o, mübahisələndirmə haqqında iddia qaldırmaqla istədiyi nəticəyə nail ola bilər. Lakin bu zaman qeyd edilməlidir ki, hazırda mübahisə olunan sərəncam Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, xx.xx.2005-ci ildə qəbul edilmişdir. Həmin tarixdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar isə inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulduğundan Mübahisə açan tərəf həmin qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, bu aktlar yeni qanuna istinadla mübahisələndirilə bilməz (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-222/2023 saylı qərarı). Bundan əlavə, o da qeyd edilməlidir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10638/2021 saylı 04 noyabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı X9 cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X3 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə mülkiyyət hüququ əsasında alqı-satqı yolu ilə ona ayrılmış 2 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-945/2022 nömrəli qərarından görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10638/2021 saylı 4 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu X3 13 may 2005-ci il tarixli 1491/1 saylı sərəncamı ilə iddiaçı X6 ayrılmış 2 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar bununla əsaslandırılmışdır ki, “...İşin apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Binəqədi qəsəbə Bələdiyyəsi 1491/1 saylı 13 may 2005-ci il tarixli sərəncamı və həmin sərəncamla Aqşin Həbibova ayrılmış torpaq sahəsinin Bələdiyyənin ərazi hüdudları daxilində olub, onun sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə sorğuya cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu inzibati ərazi hüdudları daxilində olmaqla dövlət mülkiyyətinə aiddir, əlavə olaraq qeyd olunmuşdu ki, Bakı şəhəri üzrə bələdiyyə xəritələri təsdiq olunmamışdır... Qeyd olunanlarla bağlı bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2117/2022 nömrəli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 945/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “...25. Hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Binəqədi rayonu X3 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamına əsasən alqısatqı yolu ilə ona ayrılmış 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlıdır.
26. Cavabdeh iddiaçının eyni məzmunlu müraciətlərinə cavab verərkən torpaq sahəsi ilə bağlı alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq olunmamasını, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, o cümlədən sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad etmiş, sonuncu məktubunda isə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacağını bildirmişdir. Kassasiya şikayətində isə əlavə olaraq qeyd etmişdir ki, “Torpaqların alqı-satqısına dair Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır, o cümlədən, elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasında yerləşir və Bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı alqı-satqı aktının və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmaması, inzibati akt xüsusiyyətinə malik olmaması və inzibati aktın qəbul edilməsinə yardım etməsi ilə bağlı mövqeyi ilə razılaşır və bildirir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, öz təbiəti etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz.
28. Məhkəmə kollegiyası kassatorun “torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşməsi” ilə bağlı dəlili ilə əlaqədar isə qeyd edir ki, ilk növbədə qeyd edilən dəlil iddiaçının müraciətinə verilən cavablarda imtinanın əsası kimi göstərilməmişdir. Bununla belə, kassasiya şikayətində dəlil kimi irəli sürüldüyündən məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibət bildirilməsini zəruri hesab edərək aşağıdakıları bildirir.
29. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu X3 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamı ilə ayrılmışdır. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 30. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. Digər tərəfdən, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq üzərində hüquqların qeydə alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.” Həmçnin işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 945/2022 nömrəli qərardadından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə sözügedən qurumun iş üzrə “3-cü şəxs qismində cəlb edilməsi” barədə vəsatət məhkəməyə daxil olmuş, məhkəmənin həmin qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardad bununla əsaslandırılmışdır ki, “...Hazırki işdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, Bakı şəhəri Binəqədi rayonu X3 1491/1 saylı 13 may 2005-cı il tarixli sərəncamı ilə iddiaçı X6 ayrılmış 2 ha torpaq sahəsi dövlətin mülkiyyətindədir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahəsinin bələdiyyənin inzibati ərazi hüdudları daxilində olması barədə işdə səlahiyyətli qurumun sorğuya cavab məktubu mövcuddur. Nəzərə alınmalıdır ki, Bakı şəhərinin tabeliyində olan rayon bələdiyyələrinin heç birinin inzibati ərazi hüdudlarında olan torpaqlara dair mülkiyyət sənədi yoxdur. Lakin bu hal o demək deyil ki, bələdiyyənin inzibati ərazi hüdudlarının daxilində yerləşən torpaqlar məhz bələdiyyənin adında mülkiyyət sənədi olmadığı üçün dövlətin mülkiyyətindədir. Kollegiya bu qənaətini həm də onunla əsaslandırır ki, işə üçüncü şəxs qismində cəlb edilməsini tələb edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə dəlilini sübut etmək üçün hər hansı sənədi, məsələn sözügedən torpağın dövlət mülkiyyətində olması barədə müvafiq dövlət registrindən çıxarışı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, hazırki iş apellyasiya baxışında olarkən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi mübahisəli torpaq sahəsinin dövlətin mülkiyyətində olması əsası ilə bu barədə sübutları təqdim etməklə, Əmlak Məsələləri Dövlət Xidmətinin işə üçüncü şəxs qismində cəlb olunması ilə bağlı yazılı ərizə verməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə, üçüncü şəxsin işə cəlb olunması ilə bağlı ərizələr məhkəməyə yazılı şəkildə təqdim olunur... Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın hər hansı qanuni mənafeyinə toxunmasının iş üzrə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Xidmətin işə cəlb olunması barədə vəsatəti təmin edilməməlidir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının hazırkı tələbində göstərdiyi hallara artıq qiymət verilməklə münasibət bildirilmiş, mübahisəli torpaq sahəsinə üçüncü şəxsin hüququnun qeydə alınmasının iddiaçının mənafeyinə toxunmadığı müəyyən edilmişdir. İİ tələbə münasibətdə İşdə olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşayan X9 tərəfindən xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə bələdiyyə orqanına müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyəsi ərazisində 2ha torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 1491/1 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırkı iddiasında bu alqı-satqı aktının da etibarsız sayılmasını xahiş etsə də, məhkəmə hesab edir ki, həmin akt inzbati akt deyil və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. Belə ki, aktda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”ndan da görünür ki, həmin akt məzmun baxımından tərəflər arasında bağlanmış torpağın alqı-satqısına dair müqaviləni ehtiva edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova