Məhkəmə qərarları › İş №e-2-1(112)-13734/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13734/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13734/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 18 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün “Təsərrüfat mallarının pərakəndə satışın”dan ibarət olan hüquqi şəxsdir. İddiaçı 17 iyul 2023-cü il tarixdə "xxxx" MMC ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" TR MMC ilə, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə, 29 yanvar 2024-cü il tarixdə "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq elektron qaimə əsasında mal almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********651400 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2024cü il tarixli EBDY seriyalı 355518 nömrəli, xx.xx.2024-cü il tarixli EBDY seriyalı 733193 nömrəli); "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDK seriyalı 083147 nömrəli); "xxxx" MMC xx.xx.2024 tarixli **********373800 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDQ seriyalı 237345 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 223545 nömrəli) və "xxxx" MMC xx.xx.2024 tarixli **********028500 nömrəli Qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə elektron qaimə-faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməməsi ilə bağlı iddiaçıya xəbərdarlıqlar etmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 105066/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi barədə" qərarı əsasında iddiaçıya 2023-cü ilin dekabr ayı üçün 8918,39 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 120097/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2024-cü ilin iyul ayı üçün 21450,50 manat əlavə dəyər vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 21450,50 manat ƏDV məbləği hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 120097/2024 №-li və 8918.39 manat ƏDV məbləği hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-105066/2024 №-li Qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “RELSDONAM 2005" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə “STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2023 tarixli 17/23 saylı müqaviləyə əsasən alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilə üzrə “STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və Seriya:EBDK №: 083147 xx.xx.2023 tarixli elektron qaiməyə əsasən aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. xx.xx.2024 tarixli 3- 21-2-3/2- 105066/2024 Qərarla bu əməliyyat zamanı əvəzləşdirməklə Dövlət büdcəsinə ödədilmiş ƏDV məbləğinin ləğv edildiyi barədə cavabdehin “Dekabr 2023 Elektron kameral hesablama barədə Qərarı” göndərilmişdir. Həmin qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdən **********487800 saylı qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilib ki, "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2023-cü ilin iyul ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2023 - cü il iyul ayı bəyannaməsində əvəzləşdirilmiş e-qaimə həmin vaxtlarda qəbul olunmuş və iddiaçıya heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən EBDK №: 083147 xx.xx.2023 tarixli elektron qaimə üzrə əvəzləşdirilmiş 3709.82 manat ƏDV məbləği ləğv olunaraq məbləğin şirkətdən tutulması üçün hesablarına sərəncam qoyulmuşdur. Analoji olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə İddiaçı (**********) xx.xx.2023 tarixli 23/23 saylı müqavilə əsasında Seriya: EBDQ №: 237345 xx.xx.2023 tarixli elektron qaimə və Seriya:EBDU №: 223545 xx.xx.2023 tarixli elektron qaimə ilə aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. İddiaçıya xx.xx.2024 tarixli 3-21-2-3/2-105066/2024 və xx.xx.2024 tarixində 3-21-2-3/2- 120097/2024 №-li Qərarla bu əməliyyatlar zamanı əvəzləşdirməklə Dövlət büdcəsinə ödədəyimiz ƏDV məbləğinin ləğv edildiyi barədə cavabdehin “Dekabr 2023 və İyul 2024 Elektron kameral hesablama barədə Qərarı” göndərilmişdir. Həmin qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024 tarixli **********373800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilmişdir ki, iddiaçı "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2023-cü ilin oktyabr və dekabr ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2023 - cü il müvafiq ayları üzrə bəyannamələrin əvəzləşdirilmiş e-qaimələr həmin vaxtlarda qəbul olunmuş və iddiaçıya heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən EBDQ №: 237345 xx.xx.2023 tarixli və EBDU №: 223545 xx.xx.2023 tarixli elektron qaimələr üzrə əvəzləşdirilmiş 8106.38 manat ƏDVməbləği ləğv olunaraq məbləğin şirkətdən tutulması üçün hesablarına sərəncam qoyulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə İddiaçı ( **********) xx.xx.2024 tarixli 36/454 saylı müqaviləyə əsasən alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilə üzrə STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və xx.xx.2024 tarixli EBDY seriyalı 733193 nömrəli; xx.xx.2024 tarixli EBDY seriyalı 355518 nömrəli ; xx.xx.2024 tarixli EBDY seriyalı 068722 nömrəli elektron qaimələrinə əsasən aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. İddiaçıya xx.xx.2024 tarixində cavabdeh tərəfindən “əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” göndərilmişdir. Həmin məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdən **********651400 saylı qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilmişdir ki, biz "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2024cü ilin fevral ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2024 - cü il fevral ayı bəyannaməsində əvəzləşdirdiyimiz e-qaimə həmin vaxtlarda qəbul olunmuş və bizə heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən xx.xx.2024 tarixli EBDY seriyalı 733193 nömrəli; xx.xx.2024 tarixli EBDY seriyalı 355518 nömrəli ; xx.xx.2024 tarixli EBDY seriyalı 068722 nömrəli elektron qaimələri üzrə əvəzləşdirilmiş 11395.38 manat ƏDV məbləği xx.xx.2024 tarixli 3-21-2-3/2- 120097/2024 №-li Qərarla ləğv olunaraq məbləğin şirkətdən tutulması üçün hesablarına sərəncam qoyulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə İddiaçı (**********) xx.xx.2024 tarixli NT-01/24 saylı müqaviləyə əsasən alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilə üzrə STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və xx.xx.2024 tarixli EBDX seriyalı 773427 nömrəli elektron qaiməyə əsasən aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. İddiaçıya xx.xx.2024 tarixində cavabdeh tərəfindən “əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” göndərilmişdir. Həmin məktubda “AZMET CO" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdən **********028500 saylı qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilmişdir ki, iddiaçı "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2024-cü ilin yanvar ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2024-cü il yanvar ayı bəyannaməsində əvəzləşdirdikləri e-qaimə həmin vaxtlarda qəbul olunmuş və onlara heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən xx.xx.2024 tarixli EBDX seriyalı 773427 nömrəli elektron qaimə üzrə əvəzləşdirilmiş 7157.29 manat ƏDV məbləği xx.xx.2024 tarixli 3-21-2-3/2- 120097/2024 №-li Qərarla hesablama etmişdir. Azərbaycan Respublikası qanunvericiliyi təqsir olmadan məsuliyyəti istisna edir. Qarşılaşdıqları hal isə bilavasitə başqa bir hüquqi şəxsin məsuliyyəti ucbatından İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin e-qaimənin əvəzləşdirilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Təsərrüfat mallarının pərakəndə satışın”dan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Tərəfinizdən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDK seriyalı 083147 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3709,82 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 3709,82 manat kənarlaşma yaranmışdır”, “Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 223545 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2897,83 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2897,83 manat kənarlaşma yaranmışdır” və “Tərəfinizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 237345 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5208,55 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 5208,55 manat kənarlaşma yaranmışdır” məzmunlu uygunsuzluqlar yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********761900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 11816,37 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********362200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü-ci il tarixdə 2023-cü ilin dekabr ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində hesablanmış vergi məbləği azaldıldılmış, eyni zamanda bəyannamə üzərində “Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 223545 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2897,83 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2897,83 manat kənarlaşma yaranmışdır” məzmunlu uygunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********057500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 8918,39 manat vergi məbləği ((07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDK seriyalı 083147 və (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 237345 nömrəli əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmələr ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********205500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin iyul ayı üçün göstəricisiz təqdim edilmiş cari ƏDV bəyannaməsində “Tərəfinizdən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDX seriyalı 773427 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7157,29 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 7157,29 manat kənarlaşma yaranmışdır” məzmunlu uygunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********827500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********650800 nömrəli “Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məlumat” Xəbərdarlıq və bununla əlaqədar xx.xx.2024-cü il tarixli **********005500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 21450,50 manat vergi məbləği ((12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 223545, (02.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDY seriyalı 733193, (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDY seriyalı 068722, (02.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDY seriyalı 355518 və (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDX seriyalı 773427 nömrəli əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmələr ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********654400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qəralarrın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tədbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC ilə əməliyyatlar apararaq elektron qaimələr əsasında mal (iş, xidmət) alışı həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin qərarları ilə iddiaçının əməliyyat apardığı hüquqi şəxslər riskli vergi ödəyicisi hesab edilmişdir. Qeyd olunan hal iddiaçı barəsində əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin qeyd olunamlıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyatlar həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər və iddiaçı həmin hüquqi şəxslərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatları həyata keçirdiyi müəssisələr, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş, xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsbit olunmuşdur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə əməliyyatın riskli hesab olunması yalnız malların alışı və təqdim edilməsi ilə bağlı (malların hərəkəti-alışı, satışına dair) müəyyən edilmişdir. Müəssisə tərəfindən alınmış xidmətlərə münasibətdə əməliyyatın riskli hesab olunması meyarları müəyyən edilməmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Vergi Məcəlləsinin 12-ci maddəsində vergilərin müəyyən edilməsinin əsas şərtləri sadalandırmışdır. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim aydır. 173.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bundan başqa Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə İddiaçı MMC ilə "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmət əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçı ilə "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC-də özlərinə münasibətdə əmtəəsiz əməliyyatların aparıb-aparmamasının mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-105066/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-120097/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktları qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarları ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-105066/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-120097/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar