Məhkəmə qərarları › İş №e-2-1(112)-13769/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13769/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13769/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, cavabdeh Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra mətndə “UNİSELL MMC) cavabdeh Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialına (bundan sonra Rusiya Səhiyyə Nazirliyinin FDMATM İ.M Seçenov adına Birinci MDTU (Seçenov Universiteti) Bakı Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialı tərəfindən elan edilmiş “İKT avadanlıqları və ləvazimatlarının satınalınması” üzrə 67320 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının İddiaçı MMC-nin təklifinin kənarlaşdırılması barədə xx.xx.2023-cü il tarixli 02 saylı qərarının (Tender komissiyasının yekun protokolu) ləğv edilməsi və İddiaçı MMCnin qalib elan edilməsi barədə cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialının elan etdiyi 67320 nömrəli “İKT avadanlıqları və ləvazimatlarının satınalınması” Açıq tender müsabiqəsində iştirak etmiş və şərtlər toplusunda qeyd edilmiş tələblər və texniki göstəricilər ilə səmərəli qiymət təklifi vermişdir. Buna baxmayaraq müsabiqə üzrə təklifləri qanunsuz və əsassız olaraq kənarlaşdırılmış qalibiyyət qiymət təklifi daha baha olan başqa təşkilata verilmişdir. Bu qərarla qəti razı deyillər. Qərar tender qanunvericiliyinin və tender prinsiplərinin pozulması nəticəsində qəbul edilmişdir. Təklif etdikləri İKT avadanlıqları və ləvazimatları barədə satın alan təşkilata ətraflı izahat X2 vasitəsi ilə təqdim edilmişdir. Göstərilənlərə baxmayaraq təklifləri əsassız olaraq, güya 90 adda avadanlıq sırasından 6 ədədində xırda əhəmiyyətsiz texniki qüsurlar aşkar edildiyi üçün kənarlaşdırılmışdır. Qeyd edilən komissiya qərarından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixli müraciət ünvanlanmışdır. Dövlət Xidməti xx.xx.2023-cü il tarixli 3-21-1/2-17153/2023-cü il tarixli məktubla tender təkliflərinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olmaması səbəbindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.5.3-cü maddəsinə əsasən kənarlaşdırılmasının tender komissiyasının səlahiyyətlərinə aid olduğu və buna görə tender komissiyasının məsuliyyət daşıdığını, həmçinin qəbul edilmiş qərarla razılaşmadıqları halda həmin Qanunun 14.0.8-ci maddəsinə əsasən qərardan məhkəmə qaydasında şikayət verə biləcəkləri bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Rusiya Səhiyyə Nazirliyinin FDMATM İ.M Seçenov adına Birinci MDTU (Seçenov Universiteti) Bakı Filialının iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 56.1-ci (Satınalan təşkilata və ya təsdiq edən orqana şikayət) maddəsinə əsasən, satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir). Qanunun 56.3-cü maddəsinə əsasən, şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir. Qanunun 56.4-cü maddəsinə əsasən, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir. Qanunun 60-cı (Məhkəmə qaydasında şikayət) maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların hu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər. İddiaçı iddianı məhkəmə qaydasında şikayət vermək hüququnu əldə etmədən - yazılı şikayətini cavabdehə təqdim etdiyi xx.xx.2023-cü il tarixdən sonrakı 20 bank günü müddətinin bitməsini gözləmədən, irəli sürməklə bir vaxtda məhkəmə qaydasında baxılmasında məhkəmənin səlahiyyətli olmadığı iddia irəli sürüb. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək, məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********229400 №-li çıxarışdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə (Dövlət qeydiyyatı: VÖEN **********) qeydiyyata alınmış İddiaçı MMC-nin hazırkı qanuni təmsilçisi Qanuni nümayəndə, hüquqi ünvanı - AZ 1025, ünvan 1 Rusiya Federasiyası Səhiyyə Nazirliyinin FDMATM İ.M Seçenov adına Birinci MDTU (Seçenov Universiteti) Bakı Filialının “İKT avadanlıqları və ləvazimatlarının satınlaınması” satın alınması məqsədi ilə Açıq Teder prosedurunda təklif zərflərinin açılması üzrə 2 №-li, xx.xx.2023-cü il tarixli İclas protokolunun surətindən müəyyən olunur ki, Rusiya Səhiyyə Nazirliyinin FDMATM İ.M Seçenov adına Birinci MDTU (Seçenov Universiteti) Bakı Filialı Dövlət X1 Portalında dərc etdiyi İKT avadanlıqları və Ləvazimatlarının satınlaınması adlı 67320 nömrəli müsabiqə üzrə qiymət təkliflərinə baxılmışdır. Müsabiqədə toplam 3 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər aşağıdakılardır. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti İKT avadanlıqları və ləvazimatlarının satınalınması üzrə: 104924.08 AZN; "xxxx" məhdud məsuliyyətli cəmiyyəti İKT avadanlıqları və Ləvazimatlarının satınalınması üzrə: 92008.68 AZN; İddiaçı İKT avadanlıqları və ləvazimatlarının satınalınması üzrə 88945.45 AZN. Müzakirədən sonra Tender Komissiyası qərara almışdır: Açılış ilə bağlı məlumatlar iddiaçılara dərhal təqdim edilsin. Tender Komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək qiymətləndirməni bitirərək qərar qəbul etsin. İ.M Seçenov adına Birinci MDTU (Seçenov Universiteti) Bakı Filialı “İnformasiya Kommunikasiya Texnologiyaları avadanlıqları və ləvazimatları”nın satınalınması üzrə Tender komissiyasının 02 №-li, xx.xx.2023-cü il tarixli protokolda qeyd olunmuşdur ki, iclasın gündəlik məsələsi – İ.M.Seçenov adına Birinci MDTU (Seçenov Universiteti) Bakı Filialına tələb olunan İnformasiya Kommunikasiya Texnologiyaları avadanlıqları və ləvazimatlarının satınalınması ilə bağlı keçirilən tenderin iddiaçılar tərəfindən təqdim olunan tender təkliflərinə baxılması. Qanunun 36.1 -ci maddəsinə əsasən malgöndərən (podratçı) İddiaçı MMC-yə öz tender təklifinə dair izahat (marka, model, istehsalçı ölkə və xarakteristikası) verməsi üçün sorğu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilmiş və təqdim olunmuş açıqlamaya baxılaraq aşağıdakı uyğunsuzluqlar aşkar edilmişdir: - 2-ci bənd: monitor- display diagonalı 40" (101,6 sm) tələb olunduğu təqdirdə - 43" (109 sm) təklif olunur. Monitor mühafizənin videomüşahidə otağı üçün nəzərdə tutulduğundan (mövcud olan 40" monitorlardan bir ədədi dəyişdirilməlidir) digər monitorların sırasında yerləşməyəcək; - 14-cü bənd: UPS-650VA tələb olunur - UPS-600A təklif olunur; - 15-ci bənd: UPS-980V tələb olunur - UPS-900V təklif olunur; - 44-cü və 45-ci bəndlər: Transmitter və Receiver - HDMİ 4K (4096x2160) tələb olunduğu təqdirdə, təqdim edilmiş açıqlamada 4K qeyd olunsa da, təklif olunan model - Full ED-dir, yəni HDMİ həlli – 1920 x 1080; - 89-cu bənd: tüstü detektoru - işləmə temperaturun tələbləri -20°C~60°C, təklif olunan - 30°C~55°C; tələb olunan ölçülər - Diametri 100 mm, hündürlüyü 28 mm, təklif edilən - Diametri 94 mm, hündürlüyü 46 mm; - 90-cı bənd: tək portlu temperatur və rütubət sensoru - ölçmə diapazonu -55°C ilə +75°C arasındadır, dəqiqlik ±2% RH, ölçüləri 56x55x33,3 mm tələb olunur - təklif olunur ölçmə diapazonu -40°C ilə +80°C, dəqiqlik ±3% RH, ölçüləri 59x27x14 mm. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı MMC tərəfindən təqdim olunmuş qiymət təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5.3-cü maddəsinə əsasən (formal tələblərə uyğun olmadığı səbəbindən) kənarlaşdırılmasını və növbəti sırada gələn malgöndərəni qalib seçilməsini məqsədəuyğun hesab edir. Təkliflər səsə qoyulmuş və yekdilliklə Komissiya üzvləri aparılan müzakirələrdən sonra qərara almışdır: -“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.4 maddəsinə əsasən "xxxx" MMC tender təklifi satınalma prosedurundan kənarlaşdırılsın. - Qanunun 36.5.3-cü maddəsinə əsasən İddiaçı MMC-nin tender təklifi satınalma prosedurundan kənarlaşdırılsın. - Növbəti sırada gələn "xxxx" MMC - qalib seçilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Müraciətə baxılmasının nəticəsi haqqında” məktubda qeyd olunmuşdur ki, İ.M.Seçenov adına X4 Tibb Universitetinin Bakı filialı tərəfindən “İKT avadanlıqları və ləvazimatlarının satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender proseduru barədə İqtisadiyyat Nazirliyi yanında Äntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil oimuş xx.xx.2023-cü il tarixli A/9 nömrəli müraciətinə (daxilolma qeydiyyatı: xx.xx.2023-cü il tarixli, 3-21-1/1-13185/2023 nömrəli) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır. Dövlət satınalmalarının vahid internet portalından əldə edilmiş məlumatlara əsasən tərəflərindən təklif edilmiş malların texniki xüsusiyyətlərinin tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş texniki xüsusiyyətlərə uyğun olmaması səbəbindən tender təkliflərinin müsabiqədən kənarlaşdırıldığı və bu barədə əsaslandırılmış qərarın onlara göndərildiyi müəyyən edilmişdir. Tender təkliflərinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olmaması səbəbindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.5.3-cü maddəsinə əsasən kənarlaşdırılması tender komissiyasının səlahiyyətlərinə aiddir və buna görə tender komissiyası məsuliyyət daşıyır. Qanunun 36.3-cü maddəsinə əsasən bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. Həmin Qanunun 36.5.3-cü maddəsinə əsasən tender təklifi formal tələblərə uyğun gəlmirsə satınalan tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir. Müraciəti ilə əlaqədar qəbul edilmiş bu qərarla razılaşmadığı halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət edə bilər. Hazırda iddiaçı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialı tərəfindən elan edilmiş “İKT avadanlıqları və ləvazimatlarının satınalınması” üzrə 67320 nömrəli Açıq tender müsabiqəsi üzrə tender komissiyasının İddiaçı MMC-nin təklifinin kənarlaşdırılması barədə xx.xx.2023-cü il tarixli 02 saylı qərarının (Tender komissiyasının yekun protokolu) ləğv edilməsi və İddiaçı MMC-nin qalib elan edilməsi barədə cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakı kimi qeyd olunmuşdur: Tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə. Həmin Qanunun 55.1-ci maddəsinə əsasən satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir)( 56.1). Şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilmişdirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır (56.2). Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir (56.3). Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir (56.4). Bu Qanunun 57-ci və ya 60-cı maddələrinə uyğun şikayət verilmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin qərarı qəti qərar sayılır (56.5) Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər (60). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli, 18 sentyabr 2020-ci il tarixli, Qərarında göstərilmişdir ki; Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12.). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13.). Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir (bənd 15). İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya izah olunmalıdır ki, tərəfindən irəli sürülən hazırki tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki iddia tələbi ilə kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına X4 Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar