Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13770/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi məsələsinin baxılmamış saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncamın ləğv edilməsi məsələsinin baxılmamış saxlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X1 küçəsi, ev 3H ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək yerləşdiyi 0.032 ha torpaq sahəsində 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X3 tərəfindən tərtib edilmiş layihəyə əsasən fərdi yaşayış evinin tikintisi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı haqqında xx.xx.2017-ci il tarixli müraciət təqdim etmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 02/12-10-7/R-24-151 nömrəli müraciətə verilmiş cavab məktubu ilə fərdi yaşayış evinin tikintisi zamanı Azərbaycan Respublikası Şəhrəsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət edilməsi tövsiyə edilmişdir. Sonradan qeyd edilən tikintinin sökülməsi və yerində qeyd edilən layihə əsasında fərdi yaşayış evinin inşa edilməsinə icazə verilməsi üçün iddiaçı tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2017-ci il tarixində yenidən müraciət edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini tərəfindən xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncam verilmişdir. Sərəncamla fərdi yaşayış evinin 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X3 tərəfindən tərtib edilmiş layihəyə əsasən tikintisinə icazə verilmişdir. Sərəncam verildikdən sonra iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmiş və layihə əsasında tikinti işləri aparılmağa başlanılmışdır. Tikintinin bünövrəsi qazılmış, təməl işləri görülərək yekunlaşdırılmışdır. Həmin işlər zamanı heç bir mühəndis kommunikasiya xətti qeydə alınmamış, sakinlərə maneçilik yaradılmamışdır. Tikinti işlərinə başlanan zaman bir qrup sakin tərəfindən müxtəlif təşkilatlara şikayət ərizələri göndərilmişdir, eləcə də onlardan bir neçəsi tərəfindən tikinti işlərinə maneçilik yaradılmışdır. Bununla bağlı cavabdeh orqanın nümayəndələri tərəfindən inşaat işləri dayandırılmışdır. Tikinti işlərinə maneçilik törədən şəxslərin yaratdıqları manelərin aradan qaldırılması üçün iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmədə iddia ərizəsinə baxılmış, iddianın təmin edilməsi və sakinlərə tikinti işlərinin davam etdirilməsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmışdır. Ancaq buna baxmayaraq cavabdeh orqanların əməkdaşları bu günə qədər tikinti işlərinin davam etdirilməsinə maneələr yaratmaqda davam edirlər. Ərazidə anti-sanitariya vəziyyəti yarandığı üçün məcburiyyət qarşısında qalaraq iddiaçı inşa etdiyi bünövrəni torpaqla doldurmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdeh orqana ərizə ilə müraciət edilərək manelərin aradan qaldırılması xahiş edilmişdir. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, 04/13-11-11/72-82-151 nömrəli cavab məktubu ilə ərizə təmin edilməmişdir. Həmin məktubla məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh orqanların imtina məktubu tam qanunsuzdur. İddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evinin inşasına məlumatlandırma icraatı tətbiq edilir. İddiaçı məlumatlandırma icraatının tələblərinə əməl etdikdən sonra fərdi yaşayış evinin inşasına başlamışdır. Həmin tikinti işlərinə müdaxilə etmək cavabdeh orqanların səlahiyyəti xaricindədir. Bununla əlaqadar iddiaçının verdiyi iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmış və aşağıdakı məzmunda 2-1(112)-5985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir: İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X1 küçəsi, ev 3H ünvanında yerləşən 0.032 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına müdaxilə edilməsi cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qadağan olunsun. Qərar icra olunmuş. İddiaçı tərəfindən qeyd edilən ünvanda tikiti işləri başa çatdırılmışdır. Ancaq cavabdeh orqan iddiaçıya müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncamın ləğv edilməsi məsələsinə baxılacağını bildirmişdir. Cavabdehin bu hərəkətləri tam qanunsuzdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.2.-ci maddəsinə əsasən həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Cavabdeh orqan normanın tələbini nəzərə almamışdır. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncamı artıq tamamilə icra edilmişdir. Həmin sərəncamın icrası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin eməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X1 küçəsi, ev 3H ünvanda yerləşən ölçüsü 0,032 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 133,6 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində təqdim olunmuş layihə əsasında (fiziki şəxs - X2 işi) tikintisinə icazə verilmiş, tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsinin vətəndaş İddiaçı vəsaiti hesabına həyata keçirilməsi, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və müvafiq sənədləşdirmə işlərinin aparılmasının vətəndaş İddiaçı tapşırılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-10/2-1724/2023 nömrəli məktubundan görünür ki, cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, “İstifadənizdə olan fərdi yaşayış evinin sökülərək təqdim olunmuş layihə əsasında yenidən tikintisinə icazə verilməsi haqqında” Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 26 saylı göstərişin icra olunması barədə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixli 5-10/1-2025/2023 saylı məktub daxil olmuşdur. Daxil olmuş göstərişin araşdırılması ilə əlaqədar Sizin (şəxsiyyət vəsiqəsinin surəti təqdim edilməlidir) xx.xx.2023-cü il tarixdə saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinə gəlməyiniz xahiş olunur. Tikinti işlərinin təsdiq olunmuş layihəyə aparılmasını təsdiq edən sənədlərin surətlərinin təqdim olunması Sizdən xahiş olunur. Aparılacaq araşdırma zamanı iştirak edəcək nümayəndənizin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətini təsdiq edən etibarnamə (notariat qaydasında təsdiq olunmuş) göstərişin araşdırılmasında onun iştirakını təmin etmək məqsədilə təqdim edilməlidir. Sizin və ya nümayəndənizin iştirakı təmin olunmadığı halda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamının ləğv edilməsi məsələsinə iştirakınız olmadan baxılacaq və müvafiq qərar qəbul olunacaqdır.” İddiaçı hazırda bu məktuba istinad edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə baxılacaq məsələ, yəni Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamının ləğv edilməsi məsələsi üzrə baxılmamış saxlama barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia, iddianın mümkünlük şərtlərinə cavab vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən: -maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır; - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. - maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. - maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - maddə 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - maddə 34.1. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda. - maddə 34.2. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir. - maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - maddə.71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki: -11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. -12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. -13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. -14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 1 -14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun istinad olunan normalarının mənasından görünür ki, inzibati orqan özü tərəfindən qəbul edilmiş inzibati aktı ləğv etmək hüququna malikdir. O, hüquqi şəxsin ərizəsi daxil olduqda inzibati icraata başlamalı, bu barədə maraqlı şəxslərə məlumat verməli və inzibati icraatın yekununda ərizə üzrə inzibati aktın qəbul edilməsi, onun qəbul edilməsindən imtina olunması, yaxud qanunvericiliklə nəzərdə tutulmuş hallarda ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul etməlidir. İşin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh özü tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamın ləğv edilməsi barədə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 5-10/1-2025/2023 saylı məktub əsasında inzibati icraat başlamış, bu barədə maraqlı şəxsə, hazırkı halda iddiaçıya məlumat verməklə onun dinlənilməsini təmin etmək üçün inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında onu xəbərdar etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının hüquqi vəziyyətinə təsir edən hər hansı bir hərəkət etməmiş, icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq aktlar qəbul etmişdir, hansı ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən həmin aralıq inzibati aktdan şikayət verilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh başladığı inzibati icraat üzrə iddiaçı üçün hüquqi nəticə yaradan akt qəbul etməmişdir, deməli, iddiaçının məhkəmə müdafiəsində istifadə etmək, o cümlədən həmin icraat üzrə hansı qərarın qəbul edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulmasını tələb etmək hüququ mövcud deyildir. Bu hüquq yalnız cavabdeh inzibati orqan tərəfindən inzibati icraat yekunlaşdırılmaqla yuxarıda qeyd olunan qərarlardan biri qəbul edildikdə və həmin qərar iddiaçının hüquqi statusuna dəyişiklik etmək gücünə malik olduqda yaranacaqdır. Çünki iddiaçı, hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Hazırkı halda cavabdeh iddiaçı barəsində har hansı bir inzibati akt qəbul etmədiyindən iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmamışdır. O da qeyd edilməlidir ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamının ləğv edilməsi məsələsinə baxılması üzrə ərizənin baxılmamış saxlanılması barədə hazırkı iddianı qaldırarkən həmin məsəslə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarına, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir. Lakin iş materiallarına əlavə edilmiş həmin məhkəmə qərarından görünür ki, həmin mübahisənin predmeti Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamı deyil, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X1 küçəsi, ev 3H ünvanında yerləşən 0.032 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müdaxilə edilməsi olmuş, məhkəmə isə yerli icra hakimiyyəti orqanlarının tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılmasını özünün deyil, müraciəti əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməli olmasına istinadən cavabdehlərin hərəkətini qanunsuz hesab etmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı cavabdeh inzibati orqanın Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamının ləğv edilməsi məsələsi ilə bağlı başlatdığı inzibati icraat üzrə hər hansı bir preyudisial əhəmiyyətə malik deyildir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-13770/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13770/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver