Məhkəmə qərarları › İş №e-2-1(112)-13832/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13832/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13832/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “qiymətləndirmə sənədinin və müqavilənin etibarsız hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əmək müfətişi tərəfindən cəriməni və məhkəmə orqanların qərarlarını nəzərə alaraq (bütün sübutlar onun əmək müqaviləsi olmadan işlədiyini) və dövlətə xeyir verdiyini əmək müfəttişin iddiaçının işi ilə bağlı, yəni iş yerində xəsarət almağı ilə bağlı araşdırmanı başlamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-841/2023 nömrəli Qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən Qərardan narazı qalan MMC tərəfindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-902/2023 nömrəli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)- 842/2023 nömrəli Qərarı ilə "xxxx" MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir ki, bu iş üzrə də MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-903/2023 nömrəli Qərarı ilə təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda bildirir ki, əldə etdiyi şifahi məlumata görə, əlavə olaraq MMC-nin direktoru X2 (bundan sonra mətndə təqsirkar şəxs kimi qeyd olunacaq) barəsində Nərimanov rayon Məhkəməsinin hakimi cənab Vüsal Qurbanov tərəfindən qəbul edilmiş Qərarla 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd etdiyi hər bir Qərarın surəti elektron məhkəmə portalından əldə oluna bilər. Həmçinin əldə etdiyi şifahi məlumata görə, İXM-nin 192.1 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan Nərimanov rayon Prokurorluğunda təqsirkar şəxs barəsində əlavə olaraq inzibati xəta haqqında iki iş üzrə icraat başlanılmış və qəbul olunmuş Qərarlar müvafiq tədbirlərin görülməsi üçün X5 (DƏM) göndərilmişdir. DƏM-dən aldığı məlumata görə, həmin Qərarlar əsasında təqsirkar şəxs 4000 (dörd min manat) məbləğində cərimə olunmuşdur. Baxmayaraq ki, İXM-nin 62.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq zərərçəkmiş şəxsin hüququdur və həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən, işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı barəsində qərardad qəbul edilən məsələlərdən biridir, nə cənab Vüsal Qurbanovun icraatında olan işin yekun aktını, nə də DƏM-in qərarlarını əladə etmək cəhdləri baş tutmuşdur. İş üçün zəruri hesab olunduğu halda, bu sənədlər də məhkəmə sorğusu ilə əldə oluna bilər xx.xx.2022-ci il tarixdə işlədiyi AZLED reklam şirkətində qəza nəticəsində xəsarət almışdır, həmin vaxt əmək müqaviləsi yox idi (bununla bağlı azled reklam şirkəti cərimələnib əmək müfəttişliyi tərəfdən) çoxlu məhkəmələr nəticəsində AZLED reklam şirkəti bir neçə maddələrlə dövlət tərəfdən cərimələndi. Dövlət tərəfindən heçbir dəstək görmədi, baxmayaraq ki, əmək müqaviləsi olmadan işlədiyi sübut olunub. O, 3 qrup əlildir. İşlədiyi vaxt xx.xx.2022-ci il tarixdə aldığı xəsarətin dərəcəsi əlilliyinin xəsarət dərəcəsinin faiz dərəcəsinə artırılmayıb. Əmək müfattişliyinə ünvanladığı cavab məktubda bildirildi ki, əmək müqaviləsi olmadan heç bir əlavə araşdırma ola bilməz və sosialdan heç bir maddi kömək ala bilməyəcək.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasının xahiş etdi.

5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

I. Məhkəmənin mövqeyi

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

10. İddia tələbi iddiaçının iş yerində xəsarət almağı ilə bağlı cavabdeh tərəfindən araşdırmanın aparılması barədə qərar qəbul edilməsindən ibarətdir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Bu Qaydalar Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, müvafiq xarici dövlətlərin fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Bu Qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa), istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumlara, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir.

12. Məkhəmə tərəfindən müəyyən edildi ki, iddiaçının işlədiyi "xxxx" MMC ilə arasında əmək müqaviləsinin bağlanılmasına dair “Əmək və məşğulluq“ altsistemində əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində həmin hal təsdiq edilərək, onun xəsarət alan zaman faktiki olaraq çalışdığı iş yeri ilə əmək münasibətində olmadığı, yəni əmək müqaviləsinin bağlanılmadığı bildirilmişdir. İddiaçı "xxxx" MMC-də əmək münasibətləri olmadan işlədiyi müddətdə xəsarət almışdır.

13. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Belə ki, iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə zamanı müəssisə ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından istehdalatda baş verən bədbəxt hadisənin təhqiqi cavabdeh tərəfindən həyata keçirilə bilməz, başqa sözlə həmin münasibətlərin subyekti hesab hesab edilə bilməz.

14. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi işlədiyi müəssisəyə qarşı hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar