Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13835/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1123 saylı mənzilə dair X3 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 12 dekabr 2005-ci il tarixdə "xxxx" MMC-ilə iddiaçı arasında (hazırda "xxxx" MTK) Bakı şəhəri, Talıblı küçəsində (indiki Ə.Əhmədov 24 B) inşa edilmiş 1123 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir. Lakin uzun müddət sonra məlum olmuşdur ki, qeyd edilən mənzilə dair X4 hüquqların dövlət qeydiyatı haqqında Çıxarış verilmişdir. Qeyd edilən məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi və müəyyən edildi ki, qeyd edilən mənzilin X1 barədə heç bir müqavilə mövcud olmamışdır. Şərur MTK tərəfindən verilmiş məktubda da mənzilin addan-ada keçməsi barədə heç bir sənədin mövcud olmaması qeyd edilmişdir. Lakin buna baxmayaraq X3 adına Çıxarış verilmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
I. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
12. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. Bununla bağlı olaraq məhkəmə iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli hüquqi yardım barədə məktubunda iddiaçıya iş üzrə cavabdeh orqana olan müraciətinin və müraciətin çatmasını təsdiq edən sənədin və ya cavabdeh orqanın imtina məktubunun məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etmişdir.
13. Eyni zamanda işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçının nümayəndəsinə (vəkilinə) təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamışdır.
14. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.
15. Məhkəmə bununla yanaşı qeyd edir ki, cavabdehə müraciət edilməsi halı mövcud olsaydı belə, tələb aydın deyil. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi kimi deyil, çıxarışın ləğv edilməsi kimi irəli sürülmüşdür ki, çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəd olaraq inzibati akt hesab olunmadığından məhkəmə tərəfindən iddia mümkün sayıla bilməz.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. 17.“İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. 18.Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir
19. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehə müraciət halı mövcud olmadığından iddia tələbinin qeydiyyatın ləğvi kimi dəqiqləşdirilməsi, qeyri-müəyyən ifadələrin aydınlaşdırılması, natamam faktiki məlumatların tamamlanmasına zərurət qalmır. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
20. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva