Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13915/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 (əvvəlki qayda ilə Xarici Dairəvi küçəsi 2402-ci məhəllə) ünvanında yerləşən məişət və iaşə xidməti binalarının altında olan 8247,0 m2 torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq "Çıxarış"ın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nizamnaməsi 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınaraq həmin vaxtdan təsərrüfat fəaliyyəti ilə məşğul olmaqdadır. Hal hazırda şirkət MMC kimi fəaliyyət göstərir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1317 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Xarici Dairəvi küçəsi, 2403-cü məhəllədə ictimai iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün şirkətə 0,05 ha torpaq sahəsi ayrılmışdır. Sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1999-cu ildə 10627 nömrəli İnşaat pasportu tərtib edilmişdir. İnşaat pasportunun tərkib hissəsi olan xx.xx.1999-cu il tarixli 99/18 nömrəli Akta əsasən ayrılmış 0,05 ha torpaq sahəsinə 0,77 ha torpaq sahəsi əlavə edilmiş və torpaq sahəsinin yeni hüdudları akta əlavə olunan Cizgidə göstərilmişdir. Tikinti işləri başa çatdıqdan sonra, Azərbaycan Respublikası keçmiş Dövlət Əmlakı Nazirliyini Əmlakın İnventarlaşdırılması Bürosunun müəssisə və obyektin Texniki Pasportu tərtib edilmiş və xx.xx.2000-ci il tarixdə 000896 nömrə ilə qeidiyyatdan keçmişdir. X3 edilən xüsusi qeyddə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1317 nömrəli Sərəncamı ilə İddiaçınə tikinti aparmaq üçün 0,05 ha və xx.xx.1999-cu il tarixli 99/18 nömrəli Ayrıc aktı ilə əlavə 0,77 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. X2 ərazinin faktiki sahəsi 8247,0 m2 göstərilmişdir. Sözü gedən Texniki Pasport əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 000311 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu Xarici dairəvi küçəsi, 2403-cü məhəllədə yerləşən Məişət və iaşə xidməti binası İddiaçı xüsu mülkiyyəti kimi qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 1257,5 m2 əmlak kompleksi İddiaçı mülkiyyəti kimi hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev, 33 (əvvəlki qayda ilə Xarici Dairəvi küçəsi 2402-ci məhəllə) küçəsindəki məişət və iaşə xidməti binalarının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMC-nin adına qeydiyyata alınması və "Çıxarış"ın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə tərəfimizdən müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-1-21- 3-xx/xx-34392/2024 **********92 nömrəli cavab məktubunda hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi hüquqi şəxsin nizamnaməsinin təqdim edilməməsi, sözü gedən daşınmaz əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayyəndəsinə verilmiş etibarnamənin həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmaması kimi nöqsanlar məktubda sadalanmışdır. İmtinanın hüquqi əsasını isə 1 saylı Bakı Ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində görmüşdür. Həmin imtina məktubu ilə razı deyil, sözü gedən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsi ilə hər kəsə verilmiş mülkiyyət hüququnu həyata keçirə bilməməsi hüququnun pozulmasına gətirib çıxarılması kimi qiymətləndirdiyinə görə, hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq bildirirlər ki, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə ********** VÖEN ilə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 1317 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixli 025 saylı məktubu nəzərə alınaraq, Nizami rayonu, Xarici dairəvi küçəsi 2403-cü məhəllədə ictimai iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.1999-cu il tarixli 99/18 nömrəli Aktın surətindən görünür ki, İddiaçınə əlavə olaraq 0.77 ha (0.05 + 0.77) torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında 000311 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Nizami rayonu, Xarici dairəvi küçəsi 2403-cü məhəllədə yerləşən Məişət və iaşə xidməti binası İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyini Əmlakın İnventarlaşdırılması Bürosunun müəssisə və obyektin Texniki Pasportu tərtib edilmiş və xx.xx.2000-ci il tarixdə 000896 nömrə ilə qeydiyyatdan keçmişdir. X3 edilən xüsusi qeyddə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1317 nömrəli Sərəncamı ilə İddiaçınə tikinti aparmaq üçün 0,05 ha və xx.xx.1999-cu il tarixli 99/18 nömrəli Ayrıc aktı ilə əlavə 0,77 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. X2 ərazinin faktiki sahəsi 8247,0 m2 göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Çıxarışda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü - dövlət, torpaq sahəsi üzərində hüququn növü – istifadə kimi qeyd edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; -8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Əsasnamənin 3-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Əsasnamənin 13-cü bəndinə əsasən Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda Dövlət Xidməti imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçının istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 1317 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Belə ki, sərəncamda iddia edilən torpaq sahəsinin yalnız iaşə və əhaliyə məişət xidməti binasının layihələndirilməsi və tikintisi üçün ayrılması qeyd edilmişdir. İddia edilən torpaq sahəsi üzərində tikilən məişət və iaşə xidməti binası qanunvericiliyə uyğun olaraq özəlləşdirilmiş və iddiaçıya müvafiq şəhadətnamə verilmiş, daha sonra isə həmin daşınmaz əmlaka dair çıxarış verilmişdir. İddia edilən torpaq sahəsinin isə qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi üçün iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti və bu müraciət əsasında onunla müvafiq müqavilənin bağlanılması, şəhadətnamənin verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğunluğuna dair dəlili ilə bağlı isə qeyd edilməlidir ki, cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olaraq iddia edilən və dövlət mülkiyyəti olan torpaq sahəsi özəlləşdirilməmişdir. Beləliklə, qeyd olunan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Torpaq sahəsinin özəlləşməməsi hazırkı iddianın təmin edilməməsinə birbaşa əsas veridiyindən məhkəmə cavabdehin hüquqi şəxsin nizamnaməsinin təqdim edilməməsi və ərizənin hüquqi şəxsin möhürü ilə təsdiqlənməməsi, əlavə olaraq qeyd edilən ünvanda yerləşən daşınmaz əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi kimi əlavə dəlillərinəı münasibət bildirməyə hüquqi zərurət görmür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-13915/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13915/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver