Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1392/2021 02.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayənəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “52.000 ABŞ dolları məbləğində kompensasiyasının qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankından vurulduğu ziyana görə 52.000 (əlli iki min) ABŞ dolları məbləğində kompensasiyanın İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5816/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ləğv prosesində olan “xxxx” ASC-nin müştərisidir. xx xxxxx 2020-ci il tarixdə iddiaçı banka 52000 ABŞ dolları məbləğində vəsaitin kontragentinə köçürülməsi barədə ödəniş tapşırığı təqdim etmişdir. İddiaçının hesabından çıxarışdan görünür ki, vəsait iddiaçının hesabından silinib. Lakin köçürülməyib. Halbuki, Bankın müvafiq vəsaiti mövcuddur. Mülki Məcəllənin 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. xx xxxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Banka müvəqqəti inzibatçı təyin olunub və məhz müvəqqəti inzibatçı xx xxxxx 2020-ci il tarixdə iddiaçının vəsaitinin köçürülməsinə qanunsuz olaraq imkan verməyib. Halbuki, məhkəmənin qərarı ilə müvafiq moratorium yalnız xx xxxxx 2020-ci il tarixdən tətbiq edilib. xx xxx 2020-ci il tarixdə cavabdeh tərəfindən bankın lisenziyası ləğv edilmiş, sonradan isə məhkəmənin qərarı ilə o, müflis elan olunmuşdur. Nəticədə mülki köçürmənin icrası mümkünsüz olmuş, ümumiyyətlə iddiaçı faktiki olaraq vəsaitindən məhrum olunmuşdur. Beləliklə də, müvəqqəti inzibatçının hərəkəti/hərəkətsizliyi nəticəsində iddiaçıya köçürülməmiş məbləğ həcmində (52.000 ABŞ dolları) zərər dəymişdir. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə hazırlıq icraatının növbəti iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın mümkün iddia olduğunu bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi P.Məmmədov iddia tələbinə yazılı etiraz verərək, bildirmişdir ki, “xxxx” ASC-də 04 mart-xx xxxxx 2020-ci il tarixində aparılmış yoxlamanın nəticələri və bank üzrə kənar audit hesabatları nəzərə alınaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2020-ci il tarixli, 20 nömrəli qərarı ilə “xxxx” ASC-yə müvəqqəti inzibatçi təyin edilmiş və müvəqqəti inzibatçi təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdaki depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edilməsi qərara alınmışdır. Elə həmin gün Mərkəzi Bank xx.xx.2020-ci il tarixli, 06-00166-2020-ci il tarixli müvafiq ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Belə ki, “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə əsasən, banka müvəqqəti inzibatçi təyin olduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə məhkəmə hüquqi və fiziki bankdaki depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-126/2020 nömrəli qərarı ilə banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdaki depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi qərar alınmışdır. İddiaçı ərizəsində qeyd etdiyi kimi onun tərəfindən “xxxx” ASC-yə ödəniş tapşırığı xx.xx.2020-ci il tarixdə verilmiş və bank tərəfindən hasabdan silinmə aparılsa da, bank ödəmə qabiliyyətini itirdiyindən faktiki olaraq köçürməni icra edə bilməmişdir. Eyni zamanda, 25-xx.xx.2020-ci il tarixləri şənbə və bazar günləri olduğundan, xx.xx.2020-ci il tarixindən isə bankın öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edildiyindən ödəniş başa çatdırılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)- 132/2020 nömrəli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçı MMC-nin iddia ərizəsi əsasız və formal mülahizə xarakteri olduğundan iddia ərizəsi rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, bildirdi ki, tələb edilən məbləğin sırf iddiaçının bank hesabından silinmiş məbləğ olduğu halda mübahisəyə hazırki inzibati icraat qaydasında baxılması yolverilməzdir. Belə ki, iddiaçının tələbi xx.xx.2020-ci il tarixli, 0012 saylı qəbzlə ləğvedicidə qeydə alınmışdır, Banklar haqqında qanuna əsasən də iddiaçının iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Banka qarşı iddia irəli surərək 52.000 (əlli iki min) ABŞ dolları məbləğinin ödənilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, banka müvəqqəti inzibatçi təyin olunmazdan əvvəl, yəni xx.xx.2020-ci il tarixdə, o, 52.000 ABŞ dollarının kontragentə köçürülməsi məqsədi ilə “xxxx” ASC-yə müraciət etdiyi halda, həmin ödəniş təyinat nöqtəsinə çatdırılmamışdır. Halbuki, Mərkəzi Bank tərəfindən banka müvəqqəti inzibatçı təyin edilmişdir və onun razılığı olmadığından əməliyyat başa çatdırılmayıbdır. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçıya tələb olunan məbləğin sırf kompensasiya məbləği olub-olmaması, dəymiş zərərin nələrdən ibarət olması, dəymiş zərərin məbləğinə dair sübutar tələb edilmiş, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsaslandığını, yəni tələb oluna məbləğin məhz ödəniş tapşırığında qeyd olunmuş və hesabdan silinmiş 52000 ABŞ dolları olduğunu bildirmişdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin, inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin faktiki hallarından, həmçinin, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında verilmiş izahatlardan görünür ki, iddiaçı inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərinin pozulması ilə bağlı kompensasiya ödənişini tələb etmir, sadəcə bankın müflis olunması səbəbindən kontragentə köçürülməsi məqsədi ilə edilmiş ödənişin geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, belə olan halda, iddiaçının iddia tələbi üzrə Azərbayan Respublikası Mərkəzi Bankı cavabdehlik daşımır. Belə ki, “Banklar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas proseduruna başlanılmasına dair vəsatəti maliyyə bazarlarına nəzarət orqanına verildikdən sonra maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 57-ci maddəsinə müvafiq surətdə banka müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 57-2-ci maddəsinə uyğun olaraq bankın idarəçiliyini dərhal üzərinə götürür. Müflisləşmə və iflas haqqında Qanunun 1-ci maddəsinə görə, müvəqqəti əmlak inzibatçısı- borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. Həmin Qanunun 33-cü maddəsinə görə, müvəqqəti əmlak inzibatçısı təyin edildikdə borclunun müdirinin səlahiyyətləri qüvvədən düşür. Müvəqqəti əmlak inzibatçısını təyin edənin müvafiq qərarında başqa qayda nəzərdə tutulmadıqda o, əmlak inzibatçısına məxsus olan eyni səlahiyyətlərə malikdir. Borclunun müdiri müvəqqəti əmlak inzibatçısı ilə əməkdaşlıq etməli və borclunun bina və otaqlarına daxil olması, aktivləri, bank hesabları və sənədləri ilə işləməsi üçün hər cür şərait yaratmalıdır. Borclu qarşısında hər hansı öhdəlikləri olan bütün şəxslər (o cümlədən auditorlar və kredit təşkilatları) eyni öhdəlikləri müvəqqəti əmlak inzibatçısı qarşısında da daşıyırlar.Müvəqqəti əmlak inzibatçısı borclunun tam və ya qismən təftişinin keçirilməsi barədə göstəriş verə bilər. Müvəqqəti əmlak inzibatçısı əldə etdiyi kommersiya məlumatının məxfiliyini qorumalı və bu məlumatdan yalnız öz səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə istifadə etməlidir. Müvəqqəti əmlak inzibatçısı zəruri hallarda borclunun müdirinin borclunun binasına daxil olmaması barədə sərəncam verə bilər. Müvəqqəti əmlak inzibatçısının səlahiyyətlərinin həyata keçirilməsinə mane olan şəxslər bu Qanunda nəzərdə tutulmuş əsaslarla müvafiq məsuliyyətə cəlb edilə bilərlər. Müvəqqəti əmlak inzibatçısının səlahiyyət müddəti ərzində borcluya və ya onun əmlakına dair iddialar məhkəmədə qanunvericilikdə müəyyən edilmiş qaydada baxıla bilər. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdə o, borclunun maliyyə vəziyyətinin ilkin təhlilini aparır. Bu məqsədlə, habelə borclunun əmlakının mühafizəsi məqsədi ilə müvəqqəti əmlak inzibatçısı borclunun müdirindən (sabiq müdirindən), yaxud borclunun təsərrüfat fəaliyyətinə aid məlumatlara və ya sənədlərə malik ola bilən hər hansı şəxsdən müvafiq məlumatları və ya sənədləri ala bilər. Müvəqqəti əmlak inzibatçısı öz səlahiyyətləri və onların həyata keçirilməsi qaydası barəsində göstərişlər almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən, məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Həmin Qanunun 71-1.1-ci maddəsinə əsasən,maliyyə bazarlarına nəzarət orqanı ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir. Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il Sərəncamının 1- ci maddəsinə görə, Azərbaycan Respublikasının Maliyyə X2 ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Şərh olunan qanunvericiliyin normalarına görə, müvəqqəti əmlak inzibatçısı ödəmə qabiliyyətsizliyi olan borclu üzərində “Müflisləşmə və iflas haqqında” Qanunun 33-cü maddəsində səciyyələndirilmiş vəzifələri icra edir. Qüvvədə olan qanunvericiliyə görə, müflis elan olunmuş bankın ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin olunur və bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır. Lakin, ləğvedici üzərində nəzarət funksiyası isə Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinə aid edilmişdir. Beləliklə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı hazırki iddia tələbi ilə xx xxxxx 2020-ci il tarixdə banka -vəsaitin kontragentinə köçürülməsi barədə verdiyi ödəniş tapşırığında qeyd edilmiş və hesabından silinmiş 52000 ABŞ dolları məbləğinin geri qaytarılmasını xahiş edir. İşin araşdırılması zamanı iddiaçının və 3-cü şəxsin izahatlarından da aydın olur ki, iddiaçının 52000 ABŞ dolları məbləğinin geri qaytarılması barədə tələbi ləğvedici tərəfindən qeydə alınmışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının tələb etdiyi məbləğ sırf hesabından silinmiş məbləğdir, həmin məbləğin geri qaytarılmasına dair prosedur qayda “Banklar haqqında” Qanunla tənzimləndiyindən və iddiaçının da tələbi ləğvedicidə qeydə alındığından, hazırda həmin məbləğin cavabdeh Mərkəzi Bankdan tələb edilməsi əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, həmin məbləğin geri qaytarılmasına görə səlahiyyətli orqan bankın ləğvedicisidir. Azərbaycan Respublikası Mərkəzi Bankı yalnız o zaman cavabdehlik daşıya bilər ki, əgər onun müvəqqəti inzibatçi təyin olunan və bank üzrə moratorium tətbiq olunan dövrdə fəaliyyəti ilə bağlı təqsirli hərəkəti olmuş olsun. “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız “Banklar haqqında” qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2017-ci il tarixli Pelnum Qərarında qeyd edilir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, İddiaçı MMC tərəfindən Əmanətlərin Sığortalanması Fonduna qarşı kreditor tələb ilə məhkəməyə müraciət etmək hüququ olmasa da, pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “52.000 ABŞ dolları məbləğində kompensasiyasının qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №e-2-1(112)-1392/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1392/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver