Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1395/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Tağıyev Vahid Vaqif oğlu “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və qeydlərin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tağıyev Vahid Vaqif oğlu) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və qeydlərin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı torpaq sahəsi Esmira İsmayılovaya məxsus olub və sonuncunun adından Atakişi Məcidov həmin bağ torpaq sahəsini 4.000 manata İddiaçı satıb. 19 dekabr 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 27 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı torpaq sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 27 iyun 2023-cü il tarixədək qüvvədə olmaqla Ramina Tağıyevanın adına etibarnamə verib. 05 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X4 Əliyevin adından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3544 saylı 0,03 ha torpaq sahəsini 4.500 manata alıcı Vahid Tağıyevə satıb. 13 mart 2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Vahid Tağıyevin adına qeydə alınıb. 10 may 2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544L saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Vahid Tağıyevin adına qeydə alınıb. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Ramina Tagıyeva və Vahid Tağıyevə qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması” barədə iddia rədd edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsinə dair İddiaçı adında etibarnaməyə əsasən Ramina Tağıyeva ilə əri Vahid Tağıyev arasında notarial qaydada bağlanmış 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağ torpaq sahəsinin İddiaçı geri qaytarılması qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4815/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Tağıyev Vahid Vaqif oğlunun kassasiya şikayəti təmin edilməyib, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)-2837/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsinə qeydiyyatın bərpa edilməsini xahiş etmişdir. Həmin müraciətin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmiş və xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki,"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı lə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tağıyev Vahid Vaqif oğlunun adına 13 mart 2019-cu il tarixli, ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3544 saylı bağ sahəsinin bir hissəsinin yerləşdiyi torpaq sahəsinə və 10 may 2019-cu il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 3544L saylı bağ evinə dair qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544L saylı bağ evi və torpaq sahəsi üzərində onun adına qeydiyyatın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbində işin faktiki halları və qanunvericilik normaları sadalanmış və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə mübahisəsi üzrə torpağa dair alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsi”nin 2-ci bəndində İdarənin fəaliyyət istiqamətləri müəyyən edilmişdir. İcra vərəqəsində qeyd olunan öhdəlik - alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi isə İdarənin fəaliyyət istiqamətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, 05 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Ramina Tağıyeva iddiaçının adından həmin torpaq sahəsini Vahid Tağıyevə satıb. 10 may 2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Vahid Tağıyevin adına qeydə alınıb. İddiaçı mülki mühakimə icraatı qaydasında 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmiş və həmin bağ torpaq sahəsinin iddiaçıya geri qaytarılması qət edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxsin adına olan qeydin ləğv edilməsi onun adına olan qeydin bərpasına yönəlmişdir. Cavabdeh isə mülki məhkəmə qətnaməsi üzrə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmadığını və qeydin məhkəmədə mübahisələndirilməli olmasını bildirərək iddiaya etiraz edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tələb iki hissədən ibarətdir: 1) Tağıyev Vahid Vaqif oğlunun adına 13 mart 2019-cu il tarixli, ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3544 saylı bağ sahəsinin bir hissəsinin yerləşdiyi torpaq sahəsinə və 10 may 2019-cu il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 3544L saylı bağ evinə dair qeydiyyatın ləğv edilməsi; 2) Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544L saylı bağ evi və torpaq sahəsi üzərində onun adına qeydiyyatın bərpa edilməsi. Məhkəmə ilk növbədə mülki iş üzrə qətnamə ilə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmaması ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarında cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmasına zərurət yoxdur. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qərarı məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma və xitam əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və icrası bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İşin hallarına görə, mübahisəli ünvanda yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, mübahisələndirilən və məhkəmə tərəfindən etibarsız hesab edilən alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs Vahid Tağıyevin mülkiyyətində keçmişdir. Lakin torpaq sahəsinin V.Tağıyevin mülkiyyətinə keçməsinə dair müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə heç bir hüquqi nəticə yaratmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 5.12.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Ali Məhkəmənin MK-nın xx.xx.2010-cu il tarixli qərarı ilə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilərək, iş alqı-satqı müqaviləsinin etibarsız sayılıb mülkiyyət vəsiqəsinin ləğv edilməsi göstərişi ilə yeni apellyasiya baxışına göndərilmişdir. Həmin göstərişi nəzərə alan Sumqayıt Apellyasiya Məhkəməsinin MK xx.xx.2010-cu il tarixli qətnaməsi ilə T.Ağabalayevlə və T.Mənsurov arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi və mənzilə dair T.Mənsurovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi qərara alınmışdır. Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdır. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir”. Sadalanan normalardan və Plenum qərarında ifadə edilmiş hüquqi mövqedən göründüyü kimi, etibarsız əqd heç bir hüquqi nəticə yaratmır və əqd etibarsız olduqda həmin əqd üzrə tərəflər aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsi, tərəflərin hüquqi və faktiki vəziyyətini həmin əqddən əvvəlki vəziyyətə gətirilməsi ilə nəticələnməlidir. Baxılan işdə tərəflərin əvvəlki vəziyyəti isə alqı-satqı müqaviləsinin pöredmeti olmuş torpaq sahəsinin əvvəlki vəziyyətində, yəni iddiaçının mülkiyyətinə qayıdaraq dövlət reyestrində onuin adına aparılmış qeydin bərpa edilməsidir. Cavabdeh İdarənin vəzifəsi Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra edərək üçüncü şəxsin torpaq sahəsinə dari qeydi ləğv edərək iddiaçının adına olan qeydi bərpa etməkdir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iş üzrə qəbul edilmiş məhkəmə qərarında cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qərarda cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə yaranmış hüququ (və ya ləğv edilmiş əvvəlki qeydin bərpasını) qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsinə digər əsaslar da sadalanmışdır. Cavabdeh istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq faktı baş verən zaman (misal üçün Müvafiq İcra Hakimiyyəti orqanları qərar qəbul edən zaman, order verən zaman, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman, hərracda müqavilə bağlanan zaman, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların xitam və ya yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qərarının yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin hazırda olduğu kimi, cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair Sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsi və fərdi yaşayış evinə dair üçüncü şəxsin adına aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinə iddiaçının qeydinin bərpa edilməsi hissələrində əsaslıdır. İşdən müəyyən edilir ki, torpaq sahəsi satılarkən üzərinə bağ evi də inşa edilmişdir. Bu hal, işdə olan torpaq sahəsinin layihəsinə və tərtib edilmiş Texniki Pasportuna əsasən müəyyən edilir. Lakin bağ evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından alqı-satqının predmeti olmamışdır. Məhkəmə qeyd edir ki, nə qədər ki torpaq sahəsi alqı-satqı edilərkən faktiki olaraq üzərində bağ evi də mövcud olduğundan, eyni zamanda bağ evinin üzərində üçüncü şəxsin hüququnun qeydə alınması torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsaslandığından bağ evinə dair üçüncü şəxsin adına aparılmış qeydin ləğv edilməsi hissədə də, tələb əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, tələb torpaq sahəsinin üzərində yerləşən bağ evinə dair iddiaçının qeydinin bərpa edilməsi hissəsində əsassızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı ilə üçüncü şəxs arasında alqı-satqı müqaviləsinin predmeti torpaq sahəsi olmuşdur. Üçüncü şəxs torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestində qeydə alınaraq xx.xx.2019-cu il tarixli çıxarış verilmiş, sonradan üçüncü şəxs xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdeh İdarəyə müraciət etmiş və torpaq sahəsinin üzərində yerləşən bağ evinə mülkiyyət hüququ qeydə alınmaqla 3544L saylı bağ sahəsinə dair xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Göründüyü ki, iddiaçının həmin 3544L saylı bağ evinə dair reyestrdə hər hansı qeyd olmadığından, həmin hüququnun bərpa edilməsi barədə tələb də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə iddiaçının hüququ bərpa edildikdən sonra ərizə ilə üzərində yerləşən bağ evinə hüququnun qeydə alınması bağlı cavabdehə müraciət etmək hüququ vardır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Tağıyev Vahid Vaqif oğlunun adına 13 mart 2019-cu il tarixli, ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3544 saylı bağ sahəsinin bir hissəsinin yerləşdiyi torpaq sahəsinə və 10 may 2019-cu il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 3544L saylı bağ evinə dair qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı torpaq sahəsi üzərində İddiaçı adına qeydiyyatın bərpa edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544L sağlı bağ sahəsi üzərində İddiaçı adına qeydiyyatın bərpa edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1395/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1395/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver