Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13970/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı inzibati şikayət üzrə qərarın qəbul edilməməsi hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməsi, inzibati şikayət üzrə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarının icra olunmasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin Qərarın icrasına edilən müdaxilələrin aradan qaldırılması və həmin Qərarın icra olunması öhdəliyinin Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə” İnzibati Şikayət üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qərar qəbul edilməməsi hərəkəti və hərəkətsizliyi qanunsuz hesab edilməsi və İnzibati Şikayət üzrə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini; Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarın Bakı şəhəri Xətai rayon Polis İdarəsinə daxil olduğu gündən hazıradək görülmüş işlər və tədbirlər barədə dolğun və ətraflı məlumatın verilməsi və iş üzrə toplanmış müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması barədə, 3-cü şəxslər Bakı şəhəri Xətai rayon Polis İdarəsindən və Bakı şəhəri Xətai rayon İcra şöbəsindən tələb olunmasına dair Qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İnzibati Şikayət”lə cavabdehə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarının icra olunmasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin Qərarın icrasına edilən müdaxilələrin aradan qaldırılması və həmin Qərarın icra olunması öhdəliyinin Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə Qərar çıxarılmasını xahiş etmişdir. Lakin hazıradək cavabdehdən cavab alınmadığına görə məcbur qalıb məhkəməyə müraciət edib. Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə- xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş (ş\v: AZE 17341782, FİN: 7DNELK8); Bakı şəhəri Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 110, mənzil 06-da qeydiyyatda olan X3 (VÖEN **********) barəsində axtarış elan edilmiş və Qərar icra olunması üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. Əsas: İcra tədbirləri nəticəsində X2 yaşadığı yerin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Kifayət qədər, yəni 2 aydan artıq vaxt keçsə də, həmin Qərar icra olunmamış və qanunamüvafiq tədbirlər görülməmişdir. Qərarın icra olunmasında Xətai rayon Polis İdarəsi açıq-aşkar qanunsuz hərəkətsizlik göstərmişdir. Eləcə də, Xətai rayon Polis İdarəsi tərəfindən göstərilən qanunsuz hərəkət və hərəkətsizliyin nəticəsidir ki, Azərbaycan Respublikası adından çıxarılmış (yekun məhkəmə aktı - Ali Məhkəmənin 2(102)-4782/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarıolmuşdu) və qanuni qüvvədə olan məhkəmə qərarı icra olunmamış və bununla da X2 icra icraatından açıq-aşkar yayındırılmasına (gizlədilməsinə) şərait yaradılmışdır. Məhkəmə aktı ilə ümumilikdə 70830 manat pulun X3 tərəfindən ödənilməsi qərara alınsa da, Xətai rayon İcra şobəsinin “İcraata başlamaq haqqında” Qərarı xx.xx.2023-cü il tarixdə və “Borclunun axtarışı haqqında” Qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunsa da, Xətai rayon Polis İdarəsinin bu işə məsul olan əməkdaşlarının göstərdiyi qanunsuz hərəkətsizliyi və bununla da həmin Qərarının icrasına edilən açıq-aşkar əsassız müdaxilələri, belə bir şübhələrin yaranmasına əsas vermişdir ki, X1 rayon Polis İdarəsinin bu işə məsul olan əməkdaşları ilə birgə hərəkət edir və həmin şəxslərin bu cür qanunsuz hərəkət və hərəkətsizliyinə arxayın olaraq, o, ümumiyyətlə icra icraatından yayınacaq (gizlənəcək), bununla da qanuni qüvvədə olan məhkəmə aktı icra olunmayacaqdır. Odur ki, Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarının icra olunmasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin Qərarın icrasına edilən müdaxilələrin aradan qaldırılması və həmin Qərarın icra olunması öhdəliyinin Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş edilmişdir. Deməli, Azərbaycan Respublikası adından çıxarılmış və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın tələbinə görə icrası məcburi hesab edilən məhkəmə Qərarının icra olunması üçün, İcra məmuru öz səlahiyyətləri hüququnda qanunvericiliyin tələbinə müvafiq olaraq borclu şəxs barəsində axtarış elan edilməsinə dair qəbul edilmiş Qərarın icrasını Xətai rayon Polis İdarəsinə həvalə etsə də və bu tələbin icrası hüquqda imperativ norma olaraq qəbul edilsə də, Xətai rayon Polis İdarəsi tərəfindən qanunvericiliyin imperativ normasının tələbi açıq-aşkar pozulmuş və 2 aydan artıq müddət ərzində borclu şəxsin axtarış tədbirləri başa çatdırılmamışdır. Odur ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq və iddiaçının AR Konstitusiyası və digər qanunlarında nəzərdə tutulmuş hüquqlarını Xətai rayon Polis İdarəsi tərəfindən açıq-aşkar pozulduğundan, həmin hüquqların bərpa olunmasına görə, Xətai rayon Polis İdarəsinin qanunsuz hərəkət və hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə “İnzibati Şikayət”lə müraciət edilmişdir. Qanunvericiliyin tələbinə görə, Şikayət instansiyası şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul etməli və həmin Qərar inzibati akt olaraq, qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsi məktub göndərərək iddia tələbində göstərilənləri müdafiə etdiyini, hazırlıq iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və şifahi məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi cavabdeh tərəfindən inzibati şikayət üzrə qərarın qəbul edilməməsi ilə bağlıdır. İddiaçı “Bakı şəhəri Xətai rayon İcra şobəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli Qərarının icra olunmasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin göstərdiyi hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin Qərarın icrasına edilən müdaxilələrin aradan qaldırılması və həmin Qərarın icra olunması öhdəliyinin Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə inzibati şikayətlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin inzibati şikayətə dair hər hansı qərar qəbul edilməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələbi ilə cavabdeh tərəfindən aparılan inzibati icraata müdaxilə edilməsi, inzibati icraatın aparılması ilə bağlı inzibati orqanın üzərinə hər hansı öhdəliklərin qoyulmasını xahiş edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən inzibati şikayətə dair hər hansı qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraata məhkəmənin müdaxilə etməsi olardı. Göründüyü kimi, iddiaçının çatmaq istədiyi hüquqi marağı məhkəmə tərəfindən inzibati orqana inzibati icraatın aparılması ilə bağlı müdaxilə edilməsi barədə qərarın çıxarılması ilə bağlıdır. Lakin inzibati prosessual qanunvericilikdə və “İnzibati icraat haqqında” qanunda məhkəmənin aparılan inzibati icraata müdaxiləsi nəzərdə tutulmamışdır. Əks yanaşma hakimiyyət bölgüsü prinsipinə zidd olmaqla məhkəmənin inzibati orqanın yerini almasına gətirib çıxarmış olar. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə və Xətai Rayon Polis İdarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən məhkəməyə daxil olmuş 9.10.2023-cü il tarixli məktubda, İdarə tərəfindən Xətai Rayon Polis İdarəsinə göndərilmiş 9.09.2023-cü il tarixli məktub göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən iddiaçıya ünvanlanmış 9.09.2023-cü il tarixli məktubda, borclu Kamran Həsənovun barəsində 7.03.2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsində axtarış işi açıldığı, Kamran Həsənovun yerinin qısa müddət ərzində müəyyən edilərək saxlanılması ilə bağlı Xətai Rayon Polis İdarəsinə müvafiq göstərişlər verilərək icrasının nəzarətə götürüldüyü bildirilmişdir. Bakı şəhər Xətai rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş 4.10.2023-cü il tarixli məktubda, …keçirilmiş tədbirlər nəticəsində K.Həsənovun saxlanılaraq xx.xx.2023cü il tarixdə aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinə təhvil verildiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının müraciəti ilə bağlı məsələ həllini tapmışdır. Odur ki, iddiaçının qaldırdığı hazırkı iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı inzibati şikayət üzrə qərarın qəbul edilməməsi hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməsi, inzibati şikayət üzrə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-13970/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13970/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver