Məhkəmə qərarları › İş №e-2-1(112)-13983/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13983/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13983/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********417300 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddianın həcminin artırılması barədə ərizə verərək məhkəmədən “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********417300 saylı qərarının və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 131097/2024 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə "xxxx" QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Sonradan iddiaçı tərəf iddianın həcminin azaldılması barədə ərizə verərək məhkəmədən “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131097/2024 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, həmin qərarda müəssisənin riskli vergi ödəyicisi hesab olunmasının əsası kimi AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicilərinin Meyarları”nın 2.1.2-ci yarımbəndinə istinad olunmuşdur. Həmin yarımbəndin mətni aşağıdakı kimidir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yəni, vergi nəzarəti tədbiri ilə faktiki olaraq mal (iş, xidmət) təqdim edilmədən əməliyyat aparılması şəxsin riskli vergi ödəyicisi kimi tanınması əsaslarından biridir. Lakin qeyd olunan bəndin İddiaçı MMC -nin fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Müəssisənin fəaliyyəti tam rəsmi şəkildə qanunvericiliyə uyğun formada həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024- cü il tarixli Qərarda qeyd olunan yanaşmaya dair hər hansı əsaslandırma aparılmamış, İnzibati icraat haqqında Qanunun 61-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun 61.1ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən qərarın mətnindən göründüyü kimi, cavabdehin yanaşmasında hər hansı dəlilə istinad olunmamışdır. Yəni, hansı əməliyyatın hansı əsaslara görə əmtəəsiz hesab olunduğu, bunun hansı vergi nəzarət tədbiri ilə müəyyən edildiyi göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarda qeyd olunur ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Mübahisələndirilən qərarın qəbul edilməsi zamanı göründüyü kimi aparılmış vergi nəzarət tədbirləri çərçivəsində ödəyicinin əmtəəsiz əməliyyatlar aparılması aydın olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, əlaqədar "xxxx" MMC-nin (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən **********-15001 kodlu, ünvan 2 ünvanında yerləşən **********-15002 kodlu və ünvan 3iləcəri-Bakı dəmiryolu, PK 3,4 rayon, 2650 km ünvanında yerləşən **********-10002 kodlu təsərrüfat subyektlərinin müşahidə aparılmışdır. Müşahidə zamanı obyektlər üzrə aşağıdakılar müəyyən edildi: Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küçəsi ev 43 (obyektin kodu: **********-15001) ünvanında yerləşən təsərrüfat subyektinin ofis olduğu müəyyən edildi; ünvan 2 (obyektin kodu: **********- 15002) ünvanında yerləşən təsərrüfat subyektinin anbar olduğu müəyyən edildi; ünvan 3iləcəri-Bakı dəmiryolu, PK 3,4 rayon, 2650 km (obyektin kodu: **********-10002) ünvanında yerləşən təsərrüfat subyektinin beton zavod olduğu müəyyən edildi. xx.xx.2024-cü il tarixdə iddiaçının qanuni təmsilçisindən, yəni hazırkı iddia ərizəsinin müəllifindən cavabdeh tərəfindən alınmış izahatdan aydın olur ki, direktor bütün sualları cavablandırmaqdan imtina etmiş və apardığı milyon məbləğlərlə ölçülən əməliyyatlar barəsində məlumatlı olmadığını bildirmişdir. Xüsusilə qeyd olunur ki, iddiaçının qanuni təmsilçisi izahatda işçilərilə bağlı verilmiş suala da məlumatsız olması barədə cavab vermişdir. Eləcə də iddiaçının təqdimetməsilə bağlı məlumatlardan görünür ki, iddiaçının 2023-cü ildə 14 379 517,91 manat, 2024-cü ilin ilk 5 ayında 15 666 096,34 manat məbləğində təqdimetməsi olmuşdur. Həmçinin etiraza əlavə edilən cədvəl məlumatlarından da görününr ki, iddiaçının qeyd olunan həcmdə işləri görməsi üçün texnikası, nəqliyyat vasitəsi mövcud olmamışdır. İddia ərizəsilə bərabər iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müracət edilmiş və ərizə təmin edilmişdir. İşin gedişatında iddiaçının faktiki rəhbəri də öz təşəbbüsü ilə iclasda iştirak etmiş və cavabdehin nümayəndəsi tərəfindən verilmiş suallara cavab verməmiş, yuxarıda qeyd olunmuş məbləğdə apardığı əməliyyatları xatırlamadığını bildirmişdir. Eləcə də faktiki rəhbər də işçiləri ilə bağlı məlumatlı olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və iddiaçının faktiki idarəçi kimi bildirdiyi X3 məhkəmə icraatına cəlb edilmişdir. Hər iki şəxsə cavabdehin nümayəndəsi tərəfindən suallar ünvanlanmışdır. Belə ki, gördüyü işlər barədə məlumat verilməsi, qarşılıqlı əməliyyat apardığı ödəyicilərdən "xxxx" QSC ilə apardığı əməliyyatlar barəsində, həmin müəssisənin rəhbəri, iş görülən şəxslər, işin görülməsi üçün alınan avadanlıq, texnikanı necə əldə etmələri barədə hər hansı məlumatı nə qanuni təmsilçi, nə də iddiaçı tərəfindən faktiki rəhbər kimi təqdim edilən şəxs məhkəməyə verə bilməmişdir. xx.xx.2024cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə yerində baxış keçirilməsi barədə qərardad qəbul etmiş və baxışı xx.xx.2024-cü il tarixə təyin etmişdir. Baxışın keçirilməsi Bakı şəhəri, Abay Kunanbayev küçəsində salınmış parkda həyata keçirilmişdir. Belə ki, baxış zamanı "xxxx" QSC tərəfindən parkın salınmasına dair işlərin görülməsi yəni parkın salınması müəyyən edilsə də həmin əməliyyatın məhz "xxxx" MMC tərəfindən aparıldığı qəti şəkildə təsdiqini tapmamışdır. Belə ki, yerində baxışda "xxxx" QSC-nin təsisçi və direktoru iştirak etmişdir. Təsisçiyə cavabdehin nümayəndəsi tərəfindən işlərin görülməsi məqsədilə "xxxx" MMC ilə müqavilə bağlanarkən MMC-dən kimin iştirak etdiyi, ümumiyyətlə işlərin görülməsi zamanı "xxxx" MMC-nin hansı əməkdaşı ilə mütəmadi əlaqə saxladıqlarına dair suallar verilmişdir. Qeyd olunan suallar "xxxx"un təsisçisi tərəfindən cavablandırıla bilməmiş, sonda sadəcə Elçin adında şəxslə əlaqə saxladıqlarını bildirə bilmişdir. Ümumiyyətlə Elçin adlı şəxs cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-yə məxsus əmək müqaviləsi bildirişləri arasıda müəyyən edilməməkdədir. Yəni ki, "xxxx" MMC-nin belə bir əməkdaşının olması müəyyən edilməməkdədir.Eləcə də məhkəməyə təqdim etdiyimiz məlumatlardan görünür ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında 3 339 400,00 manat məbləğində əməliyyat aparılmışdır. Lakin görünən odur ki, hər iki müəssisənin rəhbər şəxsləri bu məbləğdə aparılmış əməliyyata dair birlikdə iş gördükləri şəxslərdən yəni əlaqəli müəssisələrdən heç də məlumatlı deyildirlər. Xüsusilə vurğulanmalıdır ki, baxış zamanı "xxxx" QSC-nin direktoru tərəfindən bildirilmişdir ki, işlərin görülməsi ilə əlaqədar müavilə Bakı şəhəri İcra Hakimiyyəti ilə "xxxx" QSC arasında müqavilə bağlanmışdır. Görünən odur ki, sözügedən yüklü məbləğ dövlət büdcəsindən iş və xidmətlərin görülməsi məqsədilə "xxxx" QSC-yə ödənilmişdir. Hesab olunur ki, bu məbləğlə əlaqədar adı çəkilən müəssisə xüsusilə məsuliyyətli davranmalı və bütün görülən işlərə görə ödəniş etdiyi şəxsləri, müəssisənin rəhbərini, işlərin görülməsində məsul şəxsləri tanımalı idi. xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı hakim və cavabdehin nümayəndəsi tərəfindən verilmiş suallara "xxxx" QSC-nin rəhbər və təsisçisi tərəfindən verilmiş cavablardan görünən odur ki, əməliyyatlar "xxxx" MMC və "xxxx" QSC arasında aparılmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" QSC iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya aprel 2024-cü il tarix, əlavə dəyər vergisi üzrə 4932,50 manat vergi hesablanmışdır. Qaimə axtarışın nəticəsi üzrə elektron informasiya sistemindən çıxarışlarda iddiaçı ilə müxtəlif hüquqi şəxslər və inzibati orqanlar arasında müqavilələrə uyğun olaraq əməliyyatların həyata keçirildiyi, həmin əməliyyatlarla bağlı malın dəyəri, ƏDV məbləği və s barədə məlumatların qeyd edildiyi göstərilmişdir. Əmək müqavilələrinə dair elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı ilə müxtəlif şəxslər arasında hazırda qüvvədə olan, eləcə də müxtəlif tarixlərdə xitam verilmiş əmək müqavilələri bağlanılmışdır. Mənfəət vergi bəyannaməsindən görünür ki, hesabat dövrü üzrə iddiaçının gəlirləri və digər məlumatlar bəyan edilmişdir. Riskli vergi ödəyicisi hesab edilmə barədə 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması səbəbindən iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir.Belə ki, vergi nəzarət tədbiri zamanı təqdim edilmiş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. 05 may 2023-cü il tarixli Lisenziyadan görünür ki, iddiaçıya tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin görülməsinə icazə verilmişdir. Sifarişçi "xxxx" QSC ilə İddiaçı MMC arasında Bakı ş, Nərimanov adına parkda abadlıq işlərinin görülməsi barədə qəbul aktında işlərin görülməsi, məbləğ və miqdarla bağlı məlumatların görülməsi və təhvil-təslimin həyata keçirilməsi qeyd edilmişdir. Sifarişçi "xxxx" QSC ilə İddiaçı MMC arasında məhkəmə tərəfindən baxışda keçirilmiş ünvan 6 ünvanda abadlıq işlərinin görülməsi barədə qəbul aktında işlərin görülməsi, məbləğ və miqdarla bağlı məlumatların görülməsi və təhvil-təslimin həyata keçirilməsi qeyd edilmişdir. Sifarişçi "xxxx" QSC ilə İddiaçı MMC arasında Bakı ş, Yasamal rayonunda yerləşən Hüseyin Cavid parkında abadlıq işlərinin görülməsi barədə qəbul aktında işlərin görülməsi, məbləğ və miqdarla bağlı məlumatların görülməsi və təhvil-təslimin həyata keçirilməsi qeyd edilmişdir. 06 fevral 2023-cü il tarixli müqavilədən görünür ki, sifarişçi "xxxx" MMC, baş podratçı "xxxx" MMC, subpodratçı "xxxx" QSC arasında işlərin görülməsi ilə əlaqədar podrat müqaviləsi bağlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, VM-nin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə qeyd edir ki, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarın ləğv edilməsi ilə bağlı mübahisələndirmə növündə hazırkı iddia üzrə AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Adıçəkilən mübahisələndirilən inzibati aktın mahiyyətindən isə aydın olur ki, inzibati akt şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədədir. Həmin inzibati akt məhz onun əsasında qəbul edilmişdir ki, vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması səbəbindən iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, vergi nəzarət tədbiri zamanı təqdim edilmiş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati icraatla bağlı qanunvericiliyin tələbindən göründüyü kimi yazılı inzibati aktın əsaslandırılması mütləqdir. Əsaslandırma zamanı da işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən inzibati aktın əsaslandırılması zamanı isə məhz hansı e-qaimələr əsasında əmtəəsiz əməliyyatlar aparılması barədə hər hansı məlumat qeyd edilməmiş, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar barədə hər hansı məlumat inzibati aktda əksini tapmamışdır. Qeyd olunmalıdır ki, reallıqda həmin halları təsdiq edə biləcək qərarın qəbuluna əsas olmuş bütün sənədlərin, o cümlədən əmtəəsiz əməliyyatların nədən ibarət olması, vergi nəzarəti tədbirinin hansı qaydada həyata keçirilməsi, hansı e-qaimələr əsasında əmtəəsiz əməliyyatların aparılmasına dair cavabdehin mövqeyi barədə təqdim edilməsi istisna edilməyən sübutları təsdiq edən sənədlər əsasında qanuniliyinin yoxlanılması zəruridir. İddiaçı tərəfindən əməliyyatların aparılması barədə e-qaimələr, əmək müqavilələri, lisenziya kimi sənədlər təqdim edilmişdir ki, elektron informasiya sistemindən çıxarışdan da göründüyü kimi iddiaçı fəaliyyət sferasına uyğun bazarda kifayət qədər nüfuzlu hüquqi şəxslər və inzibati orqanlar ("xxxx" MMC, “Bakı Neft Qaz X4” QSC, 6 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Park Xiyaban” İstismar və Mühafizə İdarəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti,) arasında aparılmış əməliyyatların tərəfi qismində göstərilmiş, buna dair kifayəT qədər geniş məbləğdə mənfəətlə bağlı vergi orqanına iddiaçı tərəfindən məlumatlar bəyan edilmişdir ki, əmtəəsiz əməliyyatların ümumi təqdim edilən e-qaimələrdən hansına aid olması təqdim edilən inzibati aktdan aydın deyildir. Qeyd olunur ki, həmin inzibati aktın özündə göstərilməsə də, iddiaçı ilə əməliyyatların faktiki olaraq aparılmamasına dair dəlil üzrə “Bilgə” Qrup” QSC ilə iddiaçı arasında həqiqətən də işlərin görülüb-görülmədiyi araşdırılmışdır. Buna dair iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarında kifayət qədər geniş həcmdə işlər (onların miqdarı, məbləğ və s) barədə məlumatlar təqdim edilmiş, bundan əlavə, məhkəmə tərəfindən təhviltəslim aktında işlərin görüldüyü iddia edilən yerə də baxış həyata keçirilmişdir. ünvan 7 ünvanda yerləşən məhlələrdə abadlıq işlərinin həyata-keçirilibkeçirilməməsinə dair baxış zamanı binaların fasadlarında və həyətyani geniş ərazidə təmir, yenidən qurma işlərinin görüldüyü, yaşıllıq və binaların ortasında park, kiçik ölçüdə futbol meydançasının salındığı, aidiyyəti üzrə parklıq ərazidə digər işlərin görüldüyü müşahidə edilmiş, baxışda iştirak edən “Bilgə” Qrup” QSC-nin direktoru və təsisçisi həmin işlərin faktiki olaraq iddiaçının cəlb edilməklə görülməsi barədə məlumat vermiş, aparılan abadlıq işlərinin dövlət layihəsi çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin müqavilə üzrə sifarişi ilə həyata keçirildiyinə istinad etmişdir. İş materiallarında olan müqavilədən də göründüyü kimi “Bilgə” Qrup” QSC-nin subpodratçı kimi tərəf olduğu müqavilənin sifarişçisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2019-cu il tarixli, 32 nömrəli Qərarı ilə yaradılmış Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan təsərrüfat hesablı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qeyd olunur ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı halda da, mübahisələndirilən qərarın ləğvini müəyyən edə biləcək faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən sübut olunmamışdır. Məhkəmə, sənəd üzrə rəhbər vəzifəli şəxslərin izahatlarına dair qarşı tərəfin dəlilinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 9 sentyabr 2013-cü il tarixli Qərarınında qeyd edilmişdir ki, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Xarici təcrübədə də hüquqi şəxsin faktiki rəhbərinin vergidən yayınma cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Belə ki, Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vergidən yayınmaya görə məsuliyyət nəzərdə tutan cinayət qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 28 dekabr 2006-cı il tarixli 64 nömrəli qərarında qeyd olunur ki, faktiki sahibkarlıq fəaliyyətini qondarma şəxs (məsələn, formal olaraq fərdi sahibkar kimi qeydiyyatdan keçirilmiş işsiz) vasitəsilə həyata keçirən şəxs vergi ödəməkdən yayındıqda, onun əməli Cinayət Məcəlləsinin 198 və 199-cu maddələri üzrə bilavasitə icraçı kimi, digər şəxsin əməli isə cinayətin törədilməsində iştirakını dərk etdikdə və bu cinayət onun qəsdi ilə əhatə olunduqda həmin cinayətin törədilməsində köməkçi kimi tövsif olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir. Nəticədə, Konstitusiya Məhkəməsi qərarda hesab etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Göründüyü kimi, vergi qanunvericiliyi baxımından hüquqi şəxsin faktiki rəhbəri və ya hüquqi rəhbərin məsuliyyətlilik xüsusiyyəti, hüquqi rəhbərlə yanaşı faktiki rəhbərin məsuliyyətinin dərəcəsi, reallıqda işlərin həyata keçirilməsi, bu zaman vergidən yayınma halları olduğu təqdirdə hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdiyi halda onun cinayət məsuliyyəti göstərilmişdir. Qeyd olunan müddəaların qeyd edilməsində məqsəd onunla bağlıdır ki, hazırkı məsələ cinayət məsuliyyəti baxımından olmasa da, vergi qanunvericiliyi baxımından işlərin görülməsi, gəlirin əldə edilməsinin faktiki və hüquqi rəhbəri arasında fərqləndirmə yad anlayış hesab edilməməlidir. Həqiqətən də bir sıra hallarda hüquqi rəhbər yox, faktiki rəhbər tərəfindən işlər görülür, gəlir reallıqda onun tərəfindən əldə edilir ki, bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin hüquqi şəxsin rəhbərinin izahatına istinadı hər bir halda işlərin görülməməsi anlamına gəlməməkdədir. Nəzərə alınmalıdır ki, hazırkı inzibati mübahisənin mahiyyəti hüquqi şəxsin rəhbərinin reallıqda kim olması, faktiki gəlirlərin və işlərin kim tərəfindən görülməsi ilə bağlı olsa, göstərilən arqumentlər üzrə araşdırma əsaslı hesab edilə bilər. Lakin, hazırkı inzibati mübahisənin mahiyyəti əmtəəsiz əməliyyatların aparılıb-aparılmaması ilə əlaqədardır. Başqa sözlə, hüquqi rəhbərin kim olmasından, onun işlərdən məlumatlı olubolmamasından asılı olmayaraq faktiki işlər görülmüşdürsə riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın qanuniliyindən söhbət gedə bilməz. Real və hüquqi rəhbər barədə araşdırma işin faktiki görülməsinə müdaxilə xarakteri daşımadığı müddətdə hazırkı vəziyyət üçün hər hansı əhəmiyyət daşımır. Başqa sözlə, hüquqi rəhbər faktiki rəhbər olmasa belə, işlərin görülməsi reallığı dəyişmirsə, həmin hala əmtəəsiz əməliyyat baxımından istinad yolverilməz hesab edilməlidir. Xüsusi olaraq o da qeyd edilməlidir ki vergi orqanı əməliyyatın əmtəəsiz aparılmasına istinad etsə də, işlərin görülmədiyini qeyd etsə də, görülməmiş hesab edilən əməliyyatların da daxil olduğu mənfəət və digər xarakterli verginin ödənişini, o cümlədən müəssisənin dövriyyəsini qəbul edir. Yəni, bir sözlə işlərin görülmədiyinə istinad edilir, digər tərəfdən isə işlərin görülməsi səbəbindən əldə edilmiş dövriyyə üzrə vergi hesablayır ki məhkəmə hesab edir ki, bu hal vergi orqanının hərəkətlərində ziddiyyətli məqamların olduğunu göstərir. Belə olan halda Məhkəmə hesab edir ki,cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131097/2024 nömrəli qərarı əsassız olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131097/2024 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 131097/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar