Məhkəmə qərarları › İş №e-2-1(112)-13995/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13995/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13995/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 22 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı Baki şəhəri ünvan 1espublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********437700 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli **********733300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 10945,83 manat əlavə gəlir vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********733300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qərarı ilə hesablanmış 10945,83 manat əlavə vergi məbləği ümumi gəlirə xərclər nəzərə alınmadan gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin xərclərin bütövlükdə nəzərə alınmaması olmuşdur. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əsk etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********733300 nömrəli Qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023cü il tarixlərində cəmi 12,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Meyvə və tərəvəz" satışda qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı məlum olmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********437700 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə qeyd etmək lazımdır ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********208900 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər tam təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 10945,83 manat ((66440,00-765,00)*20%)-2189,17) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********733300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD Ns-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. İddiaçı ərizəsində vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin reallığı əks etdirmədiyini, özünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəlirin) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na uyğun olaraq apardığı hesablamanın düzgün olduğunu bildirmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 10945,83 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, 20%-lə gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 10945,83 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı bu halla razılaşmır və hesab edir ki, cavabdeh təkcə hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin xərclərin bütövlükdə nəzərə alınmaması olmuşdur. İddiaçı həmçinin hesab edir ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə vergini hesablamalı idi. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Baxılan işdə cavabdeh iddiaçının xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində cəmi 12,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Meyvə ve tərəvəz" satışında qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilməməsini əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Hazırkı işdə isə, normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında meyvə tərəvəz göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar meyvə tərəvəz deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur. Qaydalarda istinad edilən digər hal, yəni iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı məhkəmə qeyd edir ki, qaydaların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsini istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda. Baxılan işdə cavabdeh vergi orqanı bu halları araşdırmamış, nəticədə mikro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa da belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır. Belə ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normaların tələblərinə əməl etməmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, şərti rentabelllik norması əsasında verginin hesablanmasının vergi orqanını hüququ olması ilə bağlı qeyd edir ki, istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********733300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar