Məhkəmə qərarları › İş №e-2-1(112)-14038/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14038/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14038/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “məlumatın verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında olan 1549,1 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və həmin Kompleksin yerləşdiyi, kateqoriyası – “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” - olan, 0,75827 ha torpaq sahəsi ilə bağlı, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd əsasında X2 adına verilmiş Çıxarışdan sonra, həmin torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsi (dəyişdirilməsi) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddurmu? – sualının cavablandırılması və Qərar mövcud olduğu halda həmin Qərarın surətinin təqdim olunması öhdəliyinin Azərbaycan Republikası Nazirlər Kabinetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X1 qanuni nümayəndəsi X3 ərizə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə ərizə ilə müraciət edərək, aşağıda göstərilən məlumatın və müvafiq Qərarın təqdim olunmasını xahiş etmişdir. ünvan 1 ünvanında olan 1549,1 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və həmin Kompleksin yerləşdiyi, kateqoriyası – “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” -olan, 0,75827 ha torpaq sahəsi ilə bağlı, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd əsasında X2 adına verilmiş Çıxarışdan sonra, həmin torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsi (dəyişdirilməsi) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddurmu? Mövcuddursa, həmin Qərarın surətinin təqdim olunmasında ona köməklik göstərilməsini rica etmişdir. Həmin ərizə aşağıdakı qaydada əsaslandırılmışdır: Qanuni nümayəndəsi olan Tamara Həmidova, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 45, mənzil 44-də yaşayan və 1-ci qrup əlil X1, dövlət mülkiyyətində olan və xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərindəki hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol vermiş və AR Nazirlər Kabinetinin vəzifə səlahiyyətlərini açıq-aşkar mənimsəmiş, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin bəzi əməkdaşlarının bir qrup halında birləşərək ona qarşı edilən davamlı və qərəzli hərəkətlərinin qarşısının alınması və həmin şəxslərin ifşa olunması üçün, cavabdehə müraciət etmək məcburiyyətindədir. Belə ki, dövlət mülkiyyətində olan və icarə müqaviləsi əsasında X1 istifadəsinə verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən və X4 məxsus, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549,1 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi (Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı) 0,75827 ha torpaq sahəsi ilə bağlı, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd əsasında X2 adına verilmiş Çıxarışdan sonra torpaq sahəsinin təyınatının dəyişdirilməsi, onun istifadəsində olan 3 kv.m. torpaq sahəsinin onun adına qeydə alınıb-alınmaması və digər məlumatların əldə olunması üçün xx.xx.2023-cü il tarixli Ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məlumat verilmədiyinə görə, həmin məlumatların əldə olunması üçün məhkəməyə müraciət olunmuş və məhkəmənin İdarəyə ünvanlanan sorğusu əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı məlumat və sənədlər təqdim olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 30\2-19060\2023 (**********60) nömrəli cavabında sorğuda qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,7583 ha torpaq sahəsinin təyınatının yaşayış məntəqələrinin torpaqları kimi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması bildirilmişdir. Təqdim olunmuş, Yeni Çıxarışda-“Əmlak Kompleksi” kimi müəssisənin torpaq sahəsinin kateqoriyasının - “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına dəyişdirilməsi; torpaq sahəsinin ölçüsünün-0,7583 ha; xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması müəyyən olunur. Deməli, torpaq sahəsinin kateqoriyası, yəni Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə aid olan 0,75827 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş və yaşayış məntəqələrinin torpaqları kimi qeydə alınmışdır. Digər tərəfdən, torpaq sahəsinin həm də ölçüsü 3 kv.m. artırılmış və 0,7583 ha göstərilmişdir. Təqdim olunmuş məlumat və sənədlərdən müəyyən olunur ki, AR Nazirlər Kabinetinin müfaviq Qərarı olmadan, yalnız X2 xx.xx.2022-ci il tarixli ərizəsi və "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli Müraciəti əsasında, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin təyınatı qanunsuz və özbaşına dəyişdirilmiş; eləcə də mülkiyyətçinin və istifadəçinin razılığı alınmadan, yəni hər hansı bir əsas olmadan Dövlət mülkiyyətində olan və X1 istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayrılaraq, torpaq sahəsinin ölçüsü qanunsuz və özbaşına olaraq 3 kv.m. artırılmış və 0,7583 ha ölçüdə Dövlət reyestrində qeydə alınmışdır. AR Nazirlər Kabinetinin vəzifə səlahiyyətlərinin mənimsənilməsinə yönəlmiş hərəkətlər barədə qüvvədə olan qanunvericiliyin tələbinə görə, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi məsələsi, 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə və səlahiyyətlərinə aid olmamaqla yanaşı, bu məsələ yalnız və yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilməlidir. AR Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsi Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Hal-hazırda yaranmış zəruriyyətlə əlaqədar və qeyri-müəyyənliyə aydınlıq gətirilməsi baxımından göstərilən 1 məsələnin həllində ona yardım göstərilməsi xahiş edilmişdir. Həmin ərizəyə cavabdeh tərəfindən hal-hazıradək cavab verilməmişdir. Lakin, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21- 3\2-H0880\02-39 2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar qeyd olunmuş və bildirilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış (yəni yuxarıda göstərilən Ərizə) Ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmış; - sonra, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsi köçürülmüş; -qaldırılan məsələ ilə bağlı araşdırmanın nəticəsi barədə rəsmi məktubla aidiyyəti dövlət qrumuna məlumat verilmişdir; -sonra, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.3-cü və 2.4-cü maddələri köçürülmüşdür. Göründüyü kimi, xahiş olunan məlumat sahibi, məhz Azərbaycan Respublikası Nazirlər Kabineti olduğu halda, ərizə cavablandırılmamış və əsassız olaraq, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Bununla yanaşı, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də öz növbəsində dolandırıcı və yalnız özünə aydın olan cavab verməklə, nəticə etibarı ilə məhkəməyə müraciət olunmasını bildirmişdir. Odur ki, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətini qanunsuz hesab edirlərək göstərilən məlumatın və Qərarın təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş edilir.

3. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının informasiya sorğusu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmışdır.

4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin müddəalarına əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklüiüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə (daşınmaz əmlak barəsində notariat hərəkətinin aparılması ilə bağlı notarius və qanunla müəyyən edilmiş hallarda notariat hərəkətini aparmağa hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Odur ki, qaldırılan məsələ ilə bağlı araşdırmanın nəticəsi barədə rəsmi məktubla aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

12. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;

23. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi 23.1. Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir.

13. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə əsasən, yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.

14. Məhkəmə ilk öncə qeyd edir ki, informasiya sorğusunda göstərilən məlumatların təqdim edilməsi üçün cavabdeh tərəfindən iddiaçının müraciəti aidiyyəti üzrə göndərilmişdir. İddiaçı hüquqi bağlılığı olmayan daşınmaz əmlak ilə bağlı müraciətə cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir, belə ki, sorğuda göstərilən məsələ digər şəxsin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın verilməsidir. Yəni iddiaçının həmin torpaq sahəsi ilə bağlığı mövcud deyil.

15. İddiaçı iddia edir ki, onun torpaq sahəsinin 3 kv.metri digər şəxsin mülkiyyətinə verilib. Bununla bağlı məhkəmə iclasının gedişi zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən yardım göstərilmiş və müvafiq iddia ilə ayrıc aktının mübahisələndirilməsi hüququ izah edilmişdir.

16. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar