Məhkəmə qərarları › İş №e-2-1(112)-1404/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1404/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1404/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2780/2021 saylı qətnaməsi ilə xx xxxx 1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Əlilliyin müəyyən edilməsi üçün 26 nömrəli Şəhər Poliklinikası tərəfindən cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh əsassız və qanunsuz olaraq əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70- F79 - Əqli gerilik => F70 - Yüngül dərəcəli əqli gerilik; Diaqnozun mətni: sas diaqnoz F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., .Yüngül kəmağıllıq.İQ-34. Ağırlaşma F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., .Davranış pozuntuları. Yanaşı xəstəliklər H52.1 Miopiya, .OU-Zəif dərəcəli miopiya VİS OD=0.5 VİS OS=0.1 Yanaşı xəstəliklər K29.3 Xroniki səthi qastrit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə təyin edilir. Səhiyyə nazirliyinin pulsuz dərman alan xəstələrin reyestrində adı yoxdur” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddaçı onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir idia qaldırmaq üçün subyektiv hüququ mövcudur və məhkəməyəqədər cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər Poliklinikasının 467 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, ünvan 1-də yaşayan 1990-cı il təvəllüdlü İddiaçı 2009-cu il tarixdən “Yüngül dərəcəli kəmağıllıq” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatındadır. İşdə olan “Məhkəmə X3” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 2051 saylı rəyindən görünür ki, mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası İddiaçı Yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə, hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı və buna görə də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğunu müəyyən etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2780/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli 2786003AAFYC saylı göndərişdən görünür ki, Bakı 26 nömrəli Şəhər Poliklinikası tərəfindən idiaçıya “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Yüngül kəmağıllıq, İQ-34 (F70.1) diaqnozu qoyulmaqla tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmişdir. İddiaçıya dair “Əlillik” altsistemindən çıxarışdan görünür ki, bu göndəriş əsasında İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi “əlavə müalicəyə ehtiyacın olması-səbəb: əlavə ixtisaslaşmış müalicə təyin edilir. Səhiyyə Nazirliyinin pulsuz dərman alan xəstələrin reyestrində adı yoxdur” kimi göstərilmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı bu tələbində haqlıdır. Çünki cavabdeh iddiaçının əlavə ixtisaslaşmış müalicə müəssisəsinə ehtiyacı olduğunu bildirsə də, işdə olan xx.xx.2022-ci il tarixli 2786003AAFYC saylı göndərişdən məlum olur ki, iddiaçı xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və Bakı 2 saylı Psixiatriya Xəstəxanasında müalicə olunmuşdur, həmçinin 2009-cu il tarixdən “Yüngül dərəcəli kəmağıllıq” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatındır. Eyni zamanda işdə olan “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, ona yüngül dərəcə əqli gerilik, davranış pozuntuları (F70.1) diaqnozu qoyulmuşdur. Bundan əlavə, məhkəmə icraatı gedişində iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə - tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 102/2023 saylı ekspert rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü İddiaçı adna tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3.Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 2766003AAECZ saylı göndərişlə göndərilmiş Forma 088-də qeyd edilən diaqnoz “F70.1-qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül kəmağıllılıq, İQ-34. Ağırlaşma: F70.1-qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, davranış pozğunluqları” şəxsin hazırkı sağlamlıq vəziyyətini əks etdirir, yəni “Məhkəmə-X3” phş-də tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2051 saylı rəyin yekun hissəsində göstərilən diaqnozla eynilik təşkil edir. Beləliklə, işin istinad olunan hallarından bəlli olur ki, iddiaçının sağlamlıq vəziyyəti Bakı 26 nömrəli Şəhər Poliklinikasının 2786003AAFYC nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilməklə “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə ixtisaslaşmış müalicə təyin edilir. Səhiyyə nazirliyində pulsuz dərman alan xəstələrin reyestrində adı yoxdur səbəbi” ilə imtina cavabı verilsə də, məhkəmə araşırması ilə iddiaçıya qoyulmuş diaqnozun onun sağlamlıq vəziyyətinə uyğun olduğu öz təsdiqini tapmışdır. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-ci yarımbəndinə əsasən gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79) və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2-ci bəndinə əsasən isə yüngül dərəcəli əqli gerilik (F70) şəxsə əlillik təyin edilməsi üçün zəruri olan meyarlara daxil edilmişdir. Bundan əlavə, cavabdeh imtinasında Səhiyyə Nazirliyində pulsuz dərman alan xəstələrin reyestrində iddiaçının adının olmamasına istinad etsə də, mövcud qanunvericilik iddiaçıya qoyulmuş diaqnoz ilə xəstə olan şəxslərə əlillik təyin edilməsi üçün belə bir tələb müəyyən etməmişdir. Digər tərəfdən, şəxsin pulsuz dərman vasitəsini almaq üçün müraciət etməməsi, hər hansı bir səbəbdən, məsələn, savadsızlıq, məlumatsızlıq və sair haldan irəli gələ bilər ki, bu həmin şəxsin, ümumiyyətlə, dərman vasitələrindən istifadə etmədiyi və xəstəliyinin əlillik təyin edilməsi üçün tələb olunan meyarlara cavab vermədiyi anlamına gəlmir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. xx xxxx 1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar