Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1406/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə, eləcə də 0.0412 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə müvafiq mənzil 2 (iki) otaqlı və sahəsi 28.5 kv.m göstərilsə də, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman faktiki olaraq müvafiq mənzilin 1 (bir) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, otaqların sayı və sahələri sənədlərə uyğun gəlmədiyi, zirzəminin yaşayış kimi istifadə olduğu müəyyən edilmişdir. Həmçinin hüquqmüəyyənedici sənədlərdə göstərilən 2 (iki) otağın yerini təyin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə, eləcə də fərdi yaşayış evinin yerləşdiyi 0.0412 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ermənistanda azərbaycanlılara qarşı ixtişaşlar başlayanda 1989-cu il Ermənistanın Krasnoselskiy rayonunu Toxluca kəndində olan evini Bakıda yaşayan milliyətcə erməni olan X2 məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli və zirzəmili 0.0412 ha torpaq sahəsi olan 4 saylı həyət evi ilə dəyişdirmişdir. İddiaçı 1989-cu il tarixindən etibarən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin əmlaka sahiblik etməklə, ailə üzvləri (uşaqları) ilə birgə həmin evdə 35 ildir ki, yaşamışdır. Fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin ev mövcuddur və həmin ev təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda nə başqa yaşayış sahəsi, nə də bunu təkzib edən sübut vardır. Sözügedən fərdi yaşayış evinin müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan, müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin fərdi yaşayış evi olduğunu açıq-aşkar müşahidə etmək olar. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə müvafiq mənzil 2 (iki) otaqlı, yaşayış sahəsi 28.5 kv.m, ümumi sahəsi 51.7 kv.m göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman faktiki olaraq müvafiq mənzilin 1 (bir) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, faktiki ümumi sahəsinin 148.8 kv.m olduğu və zirzəminin (54 kv.m) yaşayış kimi istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin hüquqmüəyyənedici sənədlərdə göstərilən 2 (iki) otağın yerini təyin etmək mümkün olmamışdır. Bundan əlavə 412.0 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki,,işdə olan Bakı şhər İK-nın dəyişmə komissiyasının xx.xx.1989-cu il tarixli protokolundan görünür ki, Zislyan A.Q. və Məmmədov A.M. arasında yaşayış sahəsinin dəyişdirilməsinə (Bakı-Toxluca) icazə verilmişdir. Bakı şəhər XDS İK-nın 04 oktyabr 1989-cu il tarixli 11/379 nömrəli qərarından görünür ki, Yaşayış sahəsinin dəyişdirilməsi komissiyasının xx.xx.1989-cu il tarixli 56 nömrəli protokolu ilə verilmiş təklif qəbul edilmişdir. Bakı şəhər İK-nın yaşayış sahəsinin dəyişdirilməsi üzrə Bürosunun xx.xx.1989-cu il tarixli 11086 nömrəli icazəsindən görünür ki, X3 8-ci Buxta döngəsi, ev 27, mənzil 4 ünvanında yerləşən 2 otaqlı 28,5 kv.metr sahəsi olan mənzilinin A.M.Məmmədova məxsus Krasnoselo rayonu, Toxluca kəndində yerləşən şəxsi evi ilə dəyişdirilməsinə icazə verilmişdir. 102533 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.metr olan 2 otaqlı yaşayış sahəsi 28,5 kv.metr olan mənzil İddiaçı və onun ailəsinə verilmişdir. Cavabdehinin xx.xx.2024-cü il tarixli yaşayış evinə və torpaq sahəsinə baxış keçirilməsi barədə məktubdan görünür ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə müvafiq mənzil 2 (iki) otaqlı və sahəsi 28.5 kv.m göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman faktiki olaraq müvafiq mənzilin 1 (bir) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, otaqların sayı və sahələri sənədlərə uyğun gəlmədiyi, zirzəminin yaşayış kimi istifadə olduğu müəyyən edilmişdir. Həmçinin hüquqmüəyyənedici sənədlərdə göstərilən 2 (iki) otağın yerini təyin etmək mümkün olmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 51,7 kv.metr, faktiki sahəsi 148.8 kv.metrdir. Mənzil 1 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Sənədlərdə göstərilən 2 yaşayış otağının yerini göstərə bilmir. Mənzilin otaqların sayı və sahələri təqdim edilən sənədlər uyğun gəlmir. Mənzilin altında zirzəmi sahəsi (54 kv.m) mövcuddur və yaşayış kimi istifadə olunur. 412,0 m2 torpaq sahəsi ərizəçinin istifadəsindədir.Torpaq sahəsinə aid sənəd təqdim edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3-52-13-10/2- 249/2024 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanı Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. F.Mirzəyev küçəsindəki 27 nömrəli evin, 4 saylı mənzili xx.xx.1989-cu il tarixli, 102533 nömrəli dəyişmə Orderinə əsasən Ermənistan qaçqını İddiaçı verilmişdir. İddiaçı hazırda bu sənədlərə istinad edərək istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; İşdən görünür ki, iddiaçı mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd kimi xx.xx.1989-cu il tarixli 102533 nömrəli orderi təqdim etmiş, həmin orderdə ümumi sahəsi 51,7 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzilin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı hazırda həmin mənzilə deyil, 148.8 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun yerləşdiyi 412 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Halbuki Qanunun yuxarıda qeyd edilən 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi yalnız şəxsə verilmiş mənzil üzərində ona verilmiş ölçülər daxilində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda ona verilmiş ümumi sahəsi 51,7 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzilə deyil, fərdi yaşayı evi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, əlavə sahəyə və torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1406/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1406/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver