Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14067/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********196208 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********196208 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Sentyabr 2019 – Mart 2025-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Cavabdeh Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə istinadən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, həmin normada qeyd edilir ki, cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması keçirilə bilər. Lakin hazırki iş üzrə nəzərə çatdırılır ki, iddiaçı müəssisə barəsində vergidən yayınmaqla əlaqədar hər hansı cinayət faktı mövcud deyil. İşin faktlarına əsasən iddiaçının hazırki dövrdə dövlət büdcəsinə hər hansı borcu yoxdur. Eyni zamanda nəzərə çatrdırılır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisənin 2020-ci il hesabat dövrü üzrə hesablanmış 742.749,63 manat əlavə vergi üzrə xx.xx.2021-ci il tarixli **********678100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-1186/2022 nömrəli qərarı ilə iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 may 2021-ci il tarixli **********678100 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Sözügedən qərardan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-685/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-1186/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi hazırda iddiaçı müəssisə barəsində hər hansı cinayət hadisəsi mövcud olmamasına baxmayaraq cavabdeh tərəfindən VM-nin 38.3.6-cı maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassızdır. Həmçinin cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarında qərarın qəbul edilməsinə səbəb olan halları əsaslandırmamışdır. Nəzərə çatdırırıq ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Cavabdehin vəstatətindən görünür ki, iddiaçı “İnternational Lojistik" MMC (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ **********196208 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Eyni zamanda, adı çəkilən Plenum qərarının 13-cü bəndində qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz, inzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsində aralıq inzibati akta “konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt” kimi anlayış verilmişdir. Hazırkı iş üzrə də yoxlamanın təyin edilməsi barədə qərar adından da göründüyü kimi yoxlamanın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Yoxlamanın təyin edilməsi barədə qərar inzibati akt hesab edilmədiyindən həmin qərarın mübahisələndirilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının özünün istinad etdiyi İnzibati Prosessual Məcəllənin maddələri də aralıq inzibati aktın deyil, inzibati aktın mübahisələndirilməsi imkanını nəzərdə tutur. İPM-nin 2.2.1 -ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədibirdir. Bu maddəyə şərh verərkən Azerbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir:-inzibati orqan tərəfindən qəbul edilmiş ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı. -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı. -hakimiyyət tədbiri olmalıdır. İnzibati aktın hüquqi nəticələrin yaradılması ilə bağlı isə bildirilmişdir ki, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçiriiməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.Verilmiş şərhə uyğun olaraq iddiaçının mübahisələndirdiyi qərarın onun üçün hüquqi nəticələr yaradılmasına münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmin Məcəllənin müvafiq olaraq 38.1, 39.1 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydalara görə, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul ediləndən sonra yoxlama həyata keçirilir, onun nəticələri aktla rəsmiləşdirilir və daha sonra yoxlamanın nəticələrinə dair materiala baxılaraq qərar qəbul edilir.Yalnız Məcəllənin 49.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Aparılmış qiymətləndirmə ilə müəyyən olunur ki, inzibati aktın əsas əlamətlərindən biri olan element - inzibati aktın hüquqi nəticələr yaradılması mübahisələndirilən qərara münasibətdə mövcud olmamışdır. Belə olan halda isə səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilə bilməz və onun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayılmamalıdır. Çünki İPM-nin 35.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda formalaşmış məhkəmə təcrübəsində analoji iddialar məhkəmələr tərəfindən qeyri-mümkün sayılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı iddia ərizəsini prosessual pozuntuya yol verməklə tərtib etdiyindən iddia tələbi mümkünsüz sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********196208 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarından görünür ki, “İnternational Lojistik" MMC üzrə vergi məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2019- mart 2025. Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi ədliyyə müşaviri X2 tapşırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1186/2022 saylı qərarından görünür ki, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 may 2021-ci il tarixli **********678100 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-685/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1186/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli 2-2-060/2-103154/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 3-cü şöbəsinin müstəntiqi Rəvan Haqverdiyev tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir.Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, “İnternational Lojistik" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ciil tarixədək olan dövr əhatə olunmaqla, yaranmış vergi öhdəliklərinin və vergi borclarının dəqiqləşdirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Qərar icra olunması üçün Baş İdarənin Audit Şöbəsinə göndərilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı vəsatətinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının vəkili, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edə bilməməsi barədə elektron kabinet vasitəsi ilə ərizə göndərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası adından Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1208/2023 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğundur. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlər ödənildiyi təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Yalnız inzibati orqanın inzibati aktları, hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması imkanının və ya ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2025-ci il tarixli **********196208 saylı qərar qəbul edilmişdir. İddiaçı məhz həmin qərarı mübahisələndirir. Məhkəmə səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsində səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növü müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən hər iki yoxlamanın keçirilməsi barədə qəbul olunmuş qərar inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı qərarın inzibati akt sayılması üçün, həmin qərarın ünvanlandığı şəxsə münasibətdə mütləq qaydada hüquqi nəticələr yaratması tələb olunur. Başqa sözlə, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi statusunda müəyyən dəyişikliyə səbəb olur, onun hüquqi vəziyyətini dəyişdirir, şəxsin üzərinə müəyyən vəzifə və ya öhdəlik qoyur, yaxud da onun bu və ya digər hüququnu təsbit edir və ya ona hər hansı hüquq tanıyır və bunun üzərindən hüquq münasibətlərinin əmələ gəlməsinin, mövcud münasibətlərin dəyişdirilməsinin və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin əlaqəli təfsiri baxımından səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar inzibati aktın normativ anlayışı ilə ehtiva olunan zəruri hüquqi nəticə yaratmaq əlamətinə malik deyildir. Başqa sözlə, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Həmin qərarın yoxlamaya məruz qalan şəxs üçün yarada biləcəyi müəyyən faktiki narahatlıqlar onun hər hansı hüququnun məhdudlaşdırılması və ya onun hüquqları sferasına müdaxilə kimi qiymətləndirilə və ona münasibətdə hüquqi nəticə anlamında qəbul edilə bilməz. Belə ki, hüquqi nəticə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar üzərindən deyil, həmin qərar əsasında aparılan yoxlamanın yekununa dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul edilmiş qərar üzərindən yaranır. Başqa sözlə, vergi məsuliyyəti (hüquqi nəticə) səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əsasında deyil, yoxlamanın yekununa dair vergi orqanı tərəfindən istinad olunan normaya (Vergi Məcəlləsinin 49-cu maddəsinə) əsasən qəbul edilmiş qərar əsasında yaranır. Yəni vergi ödəyicisi yalnız vergi orqanının vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi məsuliyyətinə (hüquqi nəticə) cəlb edilə bilər. Bu mənada məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradan (vergi öhdəliyi nəzərdə tutan) inzibati akt qismində qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt sayıla və İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında müstəqil şəkildə mübahisələndirilə bilməz. Bu baxımdan səyyar vergi yoxlamasının keçirilməsi barədə hazırkı qərarın mübahisələndirilməsinə dair iddia mümkün sayılmamalıdır. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə qaydasında mübahisələndirildiyi halda, həmin mübahisə üzrə icraat çərçivəsində həm də səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanuniliyi və əsaslılığı da yoxlanılır. Hazırkı mübahisəyə münasibətdə cinayət işinin ləğv edilmiş inzibati akt əsasında başlanıldığı da nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi cinayətlərinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması vergi ödəyicisinin vergi öhdəliyi barədə cavabdehin qəbul etdiyi inzibati akt əsasında müəyyən olunur. Yəni ilk növbədə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində vergi yoxlaması aparılmalı və bunun nəticəsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Həmin inzibati akt üzrə büdcəyə ödənilməli vergi borcunun məbləği 50 000,0 manatdan yuxarı həddə olduğu təqdirdə, cinayət təqibinin başlanılması üçün əsas yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qayda hesablanmış vergi borcu ilə bağlı mübahisənin olmadığı hallara, yəni şəxsin vergi borcunu nəzərdə tutan inzibati aktı mübahisələndirmədiyi hallara şamil olunur və yalnız həmin hallarda keçərlidir. Vergi ödəyicisi ona hesablanmış vergi borcu ilə razılaşmadığı və konstitusion müdafiə hüququndan istifadə edərək həmin öhdəliyi müəyyən edən qərarı məhkəmə qaydasında mübahisələndirdiyi hallarda isə, cinayət təqibinin başlanılması ilə bağlı məsələ (mübahisələndirilən inzibati aktdan başqa əlavə vergilərin hesablandığı hallar istisna olmaqla) həmin mübahisənin nəticəsindən asılı olaraq həll olunmalıdır. Başqa sözlə, cinayət təqibi üzrə icraatın həyata keçirilməsinin əsası qismində 50 000,0 manatdan artıq məbləğdə vergi borcu müəyyən edən inzibati akt çıxış edirsə, həmin vergi borcunun hesablanmasına dair inzibati aktın ləğv edilib-edilməməsindən asılı olaraq şəxsin əməlində cinayət tərkibinin mövcud olub-olmadığı müəyyən oluna bilər. Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olduğu müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Mübahisə vergi orqanının lehinə yekunlaşdığı təqdirdə isə, dövlət büdcəsinə ödənilməli olan vergi borcunun mövcudluğu təsbit olunur. Bu hallarda mövcud borcun yaranması və ödəmədən yayındırılması ilə bağlı şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının və həmin əməlin törədilməsində şəxsin təqsirli olub-olmamasınnın müəyyən edilməsi üçün cinayət təqibi həyata keçirilə bilər Məhkəmə xüsusi olaraq qeyd edir ki, səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə qaydasında mübahisələndirildiyi halda, həmin mübahisə üzrə icraat çərçivəsində məhkəmə tərəfindən həm də səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunauyğunluğu da yoxlanılır və həmin qərara hüquqi qiymət verilir. Bu baxımdan cavabdehin hazırkı iş üzrə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı üzrə keçirilən vergi yoxlamasının nəticələrinə dair qərarın mübahisələndiriləcəyi təqdirdə, həmin mübahisə üzrə məhkəmə icraatı çərçivəsində “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın qanunauyğunluğunun yoxlanılması və həmin qərara yuxarıda qeyd olunan pozuntular nəzərə alınmaqla hüquqi qiymət veriləcəyi imkanı da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 32, 46 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2-1(112)-14067/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14067/2025
25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver