Məhkəmə qərarları › İş №e-2-1(112)-14125/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14125/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14125/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı əmrlərin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban Quliyeva tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova ünvanlanan xx.xx.2025-ci il tarixli 3-19/3-905/2025 nömrəli Xidməti təqdimatda göstərilmişdir: 23 iyun - X2 Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər il bir qrup dövlət qulluqçusu “dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilir. Təltif olunacaq əməkdaşların siyahısı isə dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilərək Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı almaq arzusunda olan Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilən siyahıya onun adının hansı səbəbdən salınmaması ilə bağlı etirazını etik qaydalara uyğun olmayan şəkildə bildirmiş və mənimlə bu məsələ ilə bağlı kəskin mübahisə etmişdir. Mübahisə zamanı İddiaçı subordinasiya qaydalarına əməl etməyərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini kobud şəkildə pozmuşdur. Eyni zamanda onu da qeyd edim ki, dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı ətraflı məlumat versəm də, o, bununla razılaşmayaraq nazirliyin digər rəhbər işçiləri ilə görüşməyə cəhd edərək həmin şəxslər üçün narahatçılıq yaratmışdır. Şöbəyə rəhbərlik etdiyim müddət ərzində İddiaçı dəfələrlə etik qaydaları pozmuş və işdə səhlənkarlığa yol vermişdir. Belə ki, adı çəkilən əməkdaş vəzifə təlimatına əsasən verilən tapşırıqların icrasında gecikmə hallarına (sənədlərin gecikmə ilə qeydiyyatının aparılması, sənədlərin icrasına nəzarətin aparılması) və sənədləşmə prosesində çoxsaylı səhvlərə (qrammatik, Stilistik, dərkənar layihəsinin verilməsi) yol vermişdir (məlumatlar əlavə olunur). Eyni zamanda İddiaçı dəfələrlə tərəfimdən şifahi xəbərdarlıq almasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq davamiyyət qaydalarını pozmuşdur. İddiaçı işlədiyi müddət ərzində bu kimi nöqsanlara görə ona verilən tövsiyə və məsləhətlərə məhəl qoymadan mütəmadi olaraq etinasızlıq nümayiş etdirmişdir. Yuxarıda qeyd olunanaları nəzərə alaraq Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı barəsində ciddi intizam tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə münasibət bildirməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova xx.xx.2025-ci il tarixli Xidməti qeydlə müraciət edərək bildirmişdir: “Sizə müraciət edərək bildirmək istəyirəm ki, xx.xx.1997-ci ildən bu günə qədər (28 ildən artıq) Gənclər və İdman Nazirliyində çalışıram. Dövlət qulluğundakı ümumi stajım 35 ili, ümumilikdə isə xidmətim 36 ili əhatə edir. Bu illər ərzində dövlətimə, xalqıma və Vətənimə vicdanla və məsuliyyətlə xidmət etmiş, peşəkar fəaliyyətimlə daim nümunəvi dövlət qulluqçusu olmağa çalışmışam. Bütün əmək fəaliyyətim dövründə intizam qaydalarını pozmamış, töhmət və ya digər intizam tədbirinə məruz qalmamışam. Əksinə, fəaliyyətim dəfələrlə mükafatlandırılmışdır. Lakin son zamanlar bəzi struktur rəhbərləri tərəfindən obyektivlik prinsiplərinə zidd yanaşmaların şahidi oluram. Məni narahat edən məqam isə bu münasibətlərin iş şəraitimə və əmək hüquqlarıma təsir göstərməkdə olmasıdır. Xüsusilə qeyd etmək istərdim ki, İnsan resurslarının idarə edilməsi şöbəsi və çalışdığım Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi tərəfindən bəzi qərar və yanaşmalar mənə qarşı qeyri-obyektiv münasibətin yaranmasına səbəb olmuşdur. Mənə müəyyən təzyiqlərin göstərildiyini, həmçinin bəzi hallarda işdən azad edilməyimlə və ya işdən getməsəm töhmət verilməsi ilə bağlı əsaslı olmayan söhbətlərin aparıldığını müşahidə edirəm. Bununla əlaqədar olaraq, sizdən xahiş edirəm ki, yaranmış vəziyyətin obyektiv şəkildə araşdırılması üçün müvafiq tapşırıq verəsiniz. Mən qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarımın qorunacağına və Siz tərəfindən ədalətli qərar veriləcəyinə inanıram.” İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova ünvanlanan ikinci xx.xx.2025-ci il tarixli Xidməti qeydində bildirmişdir: “Fərid müəllim yaranan problemi yəqin ki, nəzərinizə çatdırıblar. Mən Mehriban xanımı təhqir edəcək, subordinasiya qaydalarını pozacaq heç bir hərəkət etməmişəm. Çox təəssüf edirəm ki, nazirlik olaraq məqsədimiz bir olmalıdır. Dövlətin mənafeyi və rifahı. Bu insanlarsa dövlətin mənafeyini deyil, şəxsi eqolarını işə şamil edirlər. Bu insanlar öz kreslolarından şəxsi arzularını həyata keçirmək üçün istifadə edirlər. Cənab nazir, indi isə mənə qarşı qurduqları oyunu həyata keçirmək üçün nazirlikdə söz yayıblar ki, mən sizdən ölkə rəhbərinə şikayət edəcəm. Mən belə bir söz işlətməmişəm. Əksinə demişəm bunların qanunsuz hərəkətləri nazirliyin və nazirin adına ləkədir. Bu insanlar sizin adınızdan və etibarınızdan istifadə edərək, sizə yalan məlumat verərək dövlətin qanunlarına hörmət etmirlər. Şöbədə artıq neçənci işçidir ki, qeyri-qanuni işdən uzaqlaşdırılır. Əksinə mən bildirmişəm ki, mən inanıram cənab nazir ədalətli qərar çıxaracaq. Mənə qarşı şöbə müdiri tərəfindən yalan informasiya yayılarsa mən öz hüquqlarımı müdafiə edəcəm və müraciət edərkən sizdən deyil, məhz şöbə müdirindən şikayət edəcəm. Həmçinin bu insanlar şəxsi intriqalarını elə həddə çatdırıblar ki, işin ahəngi pozulur və xx.xx.2025- ci il tarixdən Mehriban xanım məni işlə təmin etmir. Cənab nazir çox xahiş edirəm və inanıram ki, sizin göstərişinizlə düzgün araşdırma aparılacaq. Sizin bu məsələni nəzarətinizə alaraq ədalətli qərar verəcəyinizə çox inanıram. Öncədən təşəkkür edirəm.” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (bundan sonra cavabdeh) İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-980/2025 nömrəli Əmrinin surətindən görünür ki, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini pozduğuna görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. İddiaçı haqqında xx.xx.2025-ci il tarixli Aktda göstərilmişdir: Nazirliyin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı 23 iyul 2025-ci il tarixdə Aparat rəhbərinin xidməti otağında keçirilmiş görüş zamanı etik davranış qaydalarını kobud şəkildə pozması ilə bağlı izahat yazması təklif edilmiş, lakin İddiaçı izahat yazmamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Fərid Məmmədzadə, Nazirin müşaviri Rauf Əliyev tərəfindən imzalanmışdır. Cavabdehin İddiaçı Bakı şəhər Gənclər və İdman İdarəsinə keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-1009/2025 nömrəli Əmrinin surətinə əsasən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini pozduğuna görə Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı 25 iyul 2025-ci il tarixindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.4-cü maddəsinə əsasən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli və iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1- 1009/2025 saylı əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının öz əvvəlki vəzifəsinə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi” vəzifəsində çalışmışdır. İddiaçının ümumilikdə 35 illik dövlət qulluğu stajının 28 ildən çoxunu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində işləmişdir. Xidmət etdiyi müddət ərzində intizam qaydalarını pozmamış, barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmiş və əmək kollektivində həmişə nümunəvi işçi olaraq fərqlənmişdir. Cavabdeh təşkilatda Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin rəisi vəzifəsində xidmət göstərən Mehriban Quliyevanın xx.xx.2025-ci il tarixli təqdimatı əsasında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi rəhbər tutularaq İddiaçı 21 iyul 2025-ci il tarixdə 3-19/3-1- 980/2025 nömrəli əmrlə töhmət intizam tənbehi elan edilmiş, 25 iyul 2025-ci il tarixli 3- 19/3-1-1009/2025 saylı əmrlə isə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. Sözügedən təqdimat onunla əsaslandırılmışdır ki, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı almaq arzusunda olan Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilən siyahıya onun adının hansı səbəbdən salınmaması ilə bağlı etirazını etik qaydalara uyğun olmayan şəkildə bildirmiş və şöbə rəisi Mehriban Quliyeva ilə həmin məsələ ilə bağlı kəskin mübahisə etmişdir. Mübahisə zamanı İddiaçı subordinasiya qaydalarına əməl etməyərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini kobud şəkildə pozmuşdur. Eyni zamanda dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı ətraflı məlumat versə də İddiaçı bununla razılaşmayaraq Nazirliyin digər rəhbər işçiləri ilə görüşməyə cəhd edərək həmin işçilər üçün narazılıq yaratmışdır. Şöbəyə rəhbərlik etdiyi müddət ərzində İddiaçı dəfələrlə etik qaydaları pozmuş və işdə səhlənkarlığa yol vermişdir. Belə ki, o, vəzifə təlimatlarına əsasən verilən tapşırıqların icrasında gecikmə hallarına (sənədlərin gecikmə ilə qeydiyyatının aparılması, sənədlərin icrasına nəzarətin aparılması) və sənədləşmə prosesində çox saylı səhvlərə (qrammatik, stilistik, dərkənar layihəsinin verilməsi) yol vermişdir. Eyni zamanda İddiaçı dəfələrlə şifahi xəbərdarlıq almasına baxmayaraq heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq davamiyyət qaydalarını pozmuşdur. İddiaçı işlədiyi müddət ərzində bu kimi nöqsanlara görə ona verilən tövsiyə və məsləhətlərə məhəl qoymadan mütəmadi olaraq etinasızlıq nümayiş etdirmişdir”. İddiaçı 21 iyul 2025-ci il tarixdə 3-19/3-1-980/2025 nömrəli əmrlə töhmət intizam tənbehi elan edildikdən 4 gün sonra, 25 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Fərid Məmmədzadə və nazirin digər müşaviri Rauf Əliyevin iştirakı ilə akt tərtib edilmiş, qeyd edilən aktda qeyd edilmişdir ki,“Aparat rəhbərinin xidməti otağında İddiaçı etik davranış qaydalarını pozması ilə bağlı yazılı izahat verməsi təklif edilmiş, lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir”. Hesab edir ki, cavabdeh təşkilatın İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli və iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1- 1009/2025 saylı əmrləri qanunsuz olduğundan ləğv edilməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.26-cı maddəsinə əsasən intizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə həmin Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə həmin Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növüdür. Mövcud vəziyyətdə İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi üçün qeyd edilən səbəblərdən heç biri baş verməmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində qeyd edilir ki, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Həmin Qanunun 21.2.2-ci maddəsinə əsasən isə “dövlət orqanının rəhbəri öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir”. Amma tam əksinə rəhbərlik (və ya təqdimat müəllifləri) bu etik norma və öhdəliyə özləri əməl etməyiblər. Belə ki, təqdimatda İddiaçı qarşı etikaya zidd, subyektiv, hörmətsizlik ifadə edən, qərəzli və əsaslandırılmamış ifadələr işlədilib. Töhmət verən rəhbər öz davranışı ilə etik nümunə göstərməli olduğu halda əksinə, qərəzli münasibət sərgiləmişdir. Eyni zamanda həmin Qanunun 8.2-ci maddəsinə (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) əsasən dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Töhmət əmri və xidməti təqdimat isə faktiki olaraq İddiaçı şəxsi və peşəkar nüfuzuna xələl gətirən sənədlərdir. Qanunun 23-cü maddəsinə əsasən etik qaydaların pozulması intizam məsuliyyətinə əsas ola bilər, lakin dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir (23.2). Əgər töhmət verilməzdən əvvəl xidmət araşdırma aparılmayıbsa, izahat alınmayıbsa, etik davranış üzrə məlumat verilməyibsə, onda bu, etik məsuliyyətin tətbiqi prosedurunun pozulmasıdır və töhmət yolverilməzdir. “Dövlət qulluğu haqqında” AR Qanununun 25.3-cü maddəsinə göstərilir ki, bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Analoji norma Əmək Məcəlləsinin 187-ci maddəsində də qeyd edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinə (intizam tənbehinin verilməsi qaydaları) əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda sadalanan maddələrin məzmunundan görünür ki, bir işçini inzibati məsuliyyətinə cəlb etmək, konstitusion əmək hüququna müdaxilə etmək ciddi məsuliyyət tələb edir və bunun üçün ciddi araşdırma aparılmalı, intizam məsuliyyətinə cəlb edilməli olan tərəf dinlənilməli və bundan sonra qanunvericiliyin tələbləri çərçivəsində tədbir görülməlidir. Lakin göründüyü kimi araşdırma aparılmamış, İddiaçı rəhbərliyə göndərdiyi müraciətlərə məhəl qoyulmamış, sadəcə şöbə rəisinin təqdimatına etimad göstərilərək iddiaçının mənafeyi nəzərə alınmamışdır. Töhmət əmrinin verilməsi üçün səbəb kimi subordinasiya qaydalarının pozulması məsələsi çox qabarıq şəkildə göstərilsə də İddiaçı hərəkətlərində həmin subordinasiya qaydalarının pozulmasının nədə ifadə olunması əsaslandırılmamışdır. Yalnız şöbə rəisinin gətirdiyi əsaslar iddiaçıya münasibətdə birmənalı şəkildə tətbiq edilmişdir. Halbuki, İddiaçı təltif alması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndəriləcək siyahıda adının hansı səbəbdən olmaması barədə sualı Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin rəisi vəzifəsində xidmət göstərən Mehriban Quliyevanın böyük bir mübahisəyə çevirməsini, əvvəldən həmin şəxsin onu faktiki işindən təcrid etdiyini Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova ünvanlandığı xx.xx.2025-ci il tarixli xidməti qeydlərində kifayət qədər əsaslandırılmış formada diqqətə çatdırmış, lakin həmin xidməti məlumatlara məhəl belə qoyulmamışdır. Belə ki, qeyd edilən xidməti məlumatlarda İddiaçı rəhbərliyin diqqətinə şöbə rəisi M.Quliyevanı təhqir etmədiyini, subordinasiya qaydalarını gözlədiyini, haqqında guya Nazirdən şikayət edəcəyi barədə şayiə yaydıqlarını, əslində belə bir məqsədinin olmadığını, şöbə rəisi tərəfindən işlə təmin edilmədiyini çatdırsa da, həmin xüsusatlar araşdırılmamış, araşdırma sadəcə rəhbər vəzifəli şəxsin mövqeyini qorumaqla aparılmışdır. Hazırkı mübahisə üzrə iddiaçıya töhmət inzibati tənbehinin verilməsi onun öz əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı deyil, əksinə şöbə rəisi Mehriban Quliyevanın iddiaçının dövtət təltifi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilən siyahıda adının olmaması barədə sualı həzm etməməsi nəticəsində onda yaranmış qərəz hissi ilə bağlı olmuşdur. Çox qəribədir ki, xidməti təqdimatda qeyd edilən iddiaçı üçün intizam məsuliyyətinə cəlb edilməsi üçün sadalanan digər əsaslar - “verilən tapşırıqların gecikdirilməsi” və “davamiyyət qaydalarını pozması” hallarına yol verməsi hansısa səbəbdənsə aralarında yaranmış narazılıqdan sonra yada düşməyə başlanmışdır. Bu da açıq-aşkar onun göstəricisidir ki, şöbə rəisi X7 Resursları şöbəsinin rəisi Gülgəz Tağıyeva ilə birlikdə İddiaçı qarşı uzun müddətdir ki, qərəzli mövqedə olmuş, onu öz şöbəsindən kənarlaşdırmaq üçün fürsət axtarışına keçmiş, bir sözlə iddiaçını provokasiyaya çəkmək üçün əlindən gələni etmiş, bunu hiss edən iddiaçı ona qarşı bərabərlik prinsipinin pozulması fonunda haqlı olaraq öz etiraz və mülahizələrini səsləndirdiyi üçün şöbə rəisi tərəfindən ayrıseçkiliyə məruz qalmış və R.Quliyevanın təltiflə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına gedən siyahıda hansı səbəbdən adının olmaması barədə sualı tənbeh intizam tədbirinin verilməsi və başqa işə keçirilməsi, başqa sözlə desək İddiaçı ətrafından təcrid etmək üçün bəhanə olmuşdur. Müvafiq siyahıya salınmaması səbəbi ilə etirazını şöbə rəisinə bildirmiş, lakin mübahisə etmişdir. Həmin xidməti təqdimatın özü təsdiq edir ki, iddiaçı subordinasiya qaydalarına riayət etmişdir. Çünki ilk öncə etirazını haqlı olaraq şöbə rəisinə, sonra isə ondan yuxarı rəhbər şəxslərə bildirmişdir. Əvvəlcədən planlaşdırılmış və bir sualın verilməsi nəticəsində süni şəkildə yaradılmış insident sonrası İddiaçı xidməti qeydlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinə müraciət edərək uzun müddətdir ki, şöbə rəisi tərəfindən ayrı-seçkiliyə məruz qalmasını bildirmiş, çox təəssüflər olsun ki, vəzifədə şöbə rəisindən aşağı olması səbəbindən dinlənilmək hüququ pozulmuş və ya müraciətlərinin araşdırılması isə təmin edilməmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 9-cu maddəsi yalnız “rəhbər vəzifəli şəxslərlə kobud və təhqiramiz münasibətə yol verilməməsini” tələb edir, qanun dövlət qulluqçusuna öz hüquq və maraqlarını müdafiə etmək üçün yuxarı instansiyalara müraciət etməyi qadağan etmir. Şifahi narazılıq bildirmək və mübahisəli mükafatlandırma məsələsinə dair münasibət ifadə etmək, konflikt deyil, təbii administrativ dinamikadır. Göründüyü kimi rəhbərlik tərəfindən edilən bu cəza “etik pozuntu” adı altında iddiaçının müraciət hüququnun məhdudlaşdırılmasından başqa bir şey olmamışdır. İntizam pozuntusu və etik davranış pozuntusu eyni hüquqi mahiyyət daşımır. İddiaçı “sənəd gecikməsi”, “qrammatik səhv”, “stilistik uyğunsuzluq” kimi hallarına görə intizam icraatı açılmayıbsa, bu faktlar intizam tənbehini əsaslandırmaq üçün istifadə oluna, şifahi xəbərdarlıq və qeyri-rəsmi tövsiyələr hüquqi intizam tədbiri sayıla bilməz. Belə hallar qanuni icraatla sənədləşdirilmədiyindən onların “təkrar pozuntu” kimi qiymətləndirilməsi də mümkün deyil. Azərbaycan qanunvericiliyində mükafatlandırmadan kənarda qalma halına etiraz etməyi qadağan edən norma yoxdur. Əgər siyahıya daxil edilməmək subyektiv münasibətdən doğubsa, şəffaf meyarlarla aparılmayıbsa, əvvəlki fəaliyyətə əsaslanmırsa işçinin bu hallardan narazı qalaraq etiraz etməsi etik pozuntu deyil, qanuni hüququnu həyata keçirməsidir. Faktiki olaraq hər iki əmrdə etik qaydaların pozulması əsaslandırılmayıb. Belə ki, “Etik davranış qaydaları haqqında” Qanunun 9-cu maddəsində göstərilən “mədəni davranış” pozuntusu sübut olunmayıb. Mübahisə və ya narazılıq bildirmək özü-özlüyündə etik pozuntu deyil. Heç bir yazılı sübut yoxdur ki, İddiaçı kiməsə nalayiq söz deyib və ya dövlət orqanının nüfuzuna xələl gətirən hərəkətlər edib. Dövlət qulluğu stajı 35 il olan bir əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün ciddi əsaslar olmalıdır. Təcrübəli əməkdaşın birdən-birə etik pozuntu adı ilə bu cür cəzalandırılması mütənasiblik prinsipinə ziddir. Rəhbərliyin subyektiv münasibətləri əsasında verilmiş təqdimatın əsasında “intizam xətasının” xarakterinə uyğun olmayan intizam tənbeh tedbiri seçilib. “Dövlət qulluğu haqqında” qanunun 18-ci maddəsini (dövlət qulluqçusunun əsas hüquqları) aşağıda göstərilən şəkildə təhlil etdikdə görərik ki, İddiaçı hərəkətlərində qanunazidd heç bir pozuntu baş verməmişdir. İddiaçının töhmət almasına əsas kimi göstərilən hallar (“şöbə rəisi ilə mübahisə”, “subordinasiya pozuntusu”, “yuxarı rəhbərliklə görüşməyə cəhd”) əslində bu maddənin pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki: Heç bir sübut təqdim olunmayıb ki, İddiaçı orqanın nüfuzuna zərər gətirən konkret ifadələr, hərəkətlər edib. Əksinə, sənədlərdən görünür ki, əməkdaşın etirazı qanuni, konstitusion və etik çərçivədə ifadə edilib. İddiaçının şikayət və müraciət hüququnu həyata keçirməsi — nüfuzu zədələyən deyil, hüquq mədəniyyəti nümunəsidir. Yəni bu maddənin pozuntusu yox, əksinə, ona uyğun davranış var. İddiaçıya irad “etik davranış qaydalarının pozulması” ilə bağlıdır. Lakin: Etik davranış qaydaları pozulmuş hesab olunarsa belə, bu zaman xidməti yoxlama, izahat, rəsmi araşdırma aparılmalı idi (bax: Qanunun 25.3-ci maddəsi). Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə əsasən, etik davranış pozuntusunun hüquqi nəticəsi — yalnız formallaşdırılmış intizam icraatı nəticəsində ola bilər. İddiaçıya qarşı etik davranışın pozulmasına dair obyektiv və sübutlu əsaslar yoxdur, yalnız şifahi iddialar və subyektiv təqdimatdır. Bu maddə əslində cavabdeh orqana qarşı yönəlməlidir: çünki etik davranışın pozulması iddiası sübuta yetirilmədən, araşdırma aparılmadan cəza verilib — bu, özlüyündə etik davranışa ziddir. Əməkdaşın “təltif siyahısında adının olmaması” ilə bağlı müraciətinə cavab olaraq təzyiqə məruz qalması, bu maddənin rəhbərlik tərəfindən pozulmasıdır: Əməkdaşın müraciəti nəzərə alınmayıb, əksinə, qərəzli münasibət başlanıb, bu isə vəzifəli şəxsin 18.0.5-ci maddədə nəzərdə tutulan qərəzsizlik prinsipini pozmasıdır. Yəni rəhbərlik bu vəzifə öhdəliyini pozub, iddiaçının müraciətinə cavab əvəzinə ona qarşı tədbir görüb. Əgər iddiaçıya qarşı konkret pozuntu ittiham edilirsə, bu zaman: Onun hansı əmrə tabe olmadığı, hansı qulluq reqlamentini pozduğu dəqiq və sübuta yetirilmiş şəkildə göstərilməlidir; Lakin təqdimatda ümumi, qərəzli və subyektiv dəyərləndirmə var (“tapşırıqları yerinə yetirmirdi”, “səhlənkarlıq edirdi” və s.), lakin heç bir yazılı sübut, dəqiq göstəriş təqdim olunmayıb. Bu maddələrin pozuntusu varsa belə, bu sübut edilməlidir. Amma sübut yoxdursa, həmin əsaslar tənbeh üçün yararsızdır. Əgər rəhbərlik ona əlavə iş tapşırıbsa və o, bunu yerinə yetirməyibsə, bu maddəyə uyğun irad irəli sürülə bilərdi. Lakin belə bir hal sənədlərdə yoxdur. Əksinə, iddiaçının fəaliyyəti mövcud vəzifə çərçivəsində olub. Nəticə etibarı ilə “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsi ilə müəyyən edilən əsas vəzifələrin heç biri İddiaçı tərəfindən pozulmamışdır. Əksinə, müraciət hüququndan istifadə edərək rəhbərliyə verdiyi sual və izahat istəyi, etik normalar çərçivəsində həyata keçirilmiş, lakin rəhbərlik tərəfindən bu sual cəzalandırılmaq üçün bəhanəyə çevrilmişdir. Etik davranışın pozulması ilə bağlı sübut yoxdur. İddiaçının hərəkətləri qanun çərçivəsində olub və bu halın intizam tənbehi ilə nəticələnməsi dövlət qulluqçusunun hüquqlarına və “Dövlət qulluğu haqqında” Qanunun məqsədinə ziddir. İddiaçı “töhmət” və sonra“daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi” tənbeh tədbirlərinin tətbiq edilməsi üçün əsas kimi göstərilən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 9-cu maddəsinə istinad edilmişdir ki, aşağıda göstərilən əsaslı arqumentlərlə həmin maddəyə istinad etmək üçün heç bir səbəbli əlaqənin olmadığını görə bilərik. Belə ki, işin hallarından aydın görünür ki, heç bir təhqir, kobud ifadə, qalmaqal, publik təhqir sübut olunmayıb – bu səbəbdən 9-cu maddəyə istinad hüquqi baxımdan əsassızdır. Əgər etik pozuntu varsa belə, bu yalnız intizam tənbehi verilməsi ilə nəticələnə bilər, əmək funksiyası dəyişdirilə bilməz. Dövlət qulluqçusunun vəzifəsinin dəyişdirilməsi: ya intizam tədbirinə bağlı motivlərlə, ya da struktur dəyişiklikləri, ixtisar, razılıq, və s. hallarda həyata keçirilə bilər. Amma bu işdə etibarsız təqdimat əsasında həm töhmət, həm də vəzifə dəyişməsi eyni vaxtda aparılıb ki, bu da mütənasiblik və məqsədəuyğunluq prinsipinə ziddir. Etik pozuntular yalnız "9-cu maddə" ilə məhdudlaşmır – ümumi davranış kodeksi kontekstində baxılmalıdır “Etik davranış qaydaları haqqında” Qanunun 8.2-ci maddəsində göstərilir: dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və nüfuzunu ləkələyən qərar və hərəkətlərə yol verməməlidir. Əslində 9-cu maddəyə istinad edilərək verilən töhmət və vəzifə dəyişikliyi özlüyündə etik davranışa ziddir, çünki əməkdaşın şərəf və nüfuzu ləkələnmişdir. Bu, idarəetmədə etik prinsiplərə sadiqlik yox, idarəçi qərəzinin tətbiqi anlamına gəlir. Nəticə etibarı ilə cavabdeh tərəf İddiaçı qarşı intizam tənbehini "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun 9-cu maddəsinə əsaslandırmışdır. Lakin qeyd edilən maddənin tətbiqi üçün tələb olunan hüquqi prosedurlar pozulmuş, intizam məsuliyyəti üçün vacib olan konkret sübut, və izahatın alınması kimi zəruri mərhələlər həyata keçirilməmiş, qanunvericiliyin normalarına uymaq görüntüsü yaratmaq məqsədi ilə formal yoxlama aparılmışdır. Etik pozuntuya dair hüquqi nəticələrin tətbiqi ancaq obyektiv və hüquqi əsaslandırılmış sübutlara istinad edilə bilər. Subyektiv təqdimatla və şəxsi münasibətlər zəminində tətbiq edilmiş bu töhmət və vəzifə yerdəyişməsi həm etik prinsiplərə, həm də qanunvericiliyin tələb etdiyi intizam icraatı normalarına ziddir. “Dövlət qulluğu haqqında” qanunun” 24.2-ci maddəsində qeyd edilir ki, “Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir”. Uzun illər heç bir intizam tənbeh tədbiri almamış və öz işini peşəkarcasına yerinə yetirmiş İddiaçı təltif iddiası rəhbərlik tərəfindən təqdirəlayiq, öz işini sevməsi kimi qiymətləndirilməli olduğu halda, tam əksinə onun bu arzusunu dilə gətirməsi şöbə rəisləri Mehriban Quliyeva və Gülgəz Tağıyeva tərəfindən insidentə çevrilmiş, öz xidmətinin bəhrəsi kimi təltif gözlədiyi halda, haqq etmədiyi intizam tənbeh tədbirləri ilə üzləşmişdir. “Dövlət qulluğu haqqında” qanunun 30-1.1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hər təqvim ilinin sonunda həyata keçirilir. Həmin qanunun 30-1.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir. Əgər İddiaçı şöbə rəisinin təqdimatı nəticəsində yararsız bir işçi kimi qələmə verilmişdirsə, bəs onda hansı səbəblərdən iddiaçının hər il dövlət qulluqçusu kimi xidməti fəaliyyəti qiymətləndirildikdə təqdimatda göstərilən əsaslardan heç biri rəhbərliyin diqqətinə çatdırılmamışdır? Beləliklə də hesab edirik ki, yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1- 980/2025 nömrəli və iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1-1009/2025 saylı əmrləri qanunsuz olduğundan ləğv edilməli və iddiaçı öz əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya tətbiq edilmiş intizam təbehi qanuni və əsaslı olduğundan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-19/3-905/2025 nömrəli xidməti təqdimata əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Qanunun 9-cu maddəsinin tələbləri pozulduğundan barəsində intizam tədbirinin görülməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş üzrə icraat materiallarında olan nazirə ünvanlanmış xx.xx.2025-ci il tarixli xidməti qeydə əsasən R.X3 təhqir edəcək, subordinasiya qaydalarını pozacaq heç bir hərəkətə yol vermədiyini bildirmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli intizam tənbehinin tətbiq edilməsi barədə əmrdən müəyyən edilir ki, R.X5 haqqında Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. İş üzrə icraat materiallarında olan etik davranış qaydalarının pozulması haqqında xx.xx.2025-ci il tarixli Akta əsasən, İddiaçı xx.xx.2025-ci il tarixli 3-19/3-1-980/2025 nömrəli əmrlə tanış edilmiş, intizam tədbirindən nəticə çıxararaq gələcəkdə davranış və hərəktlərində dönüş yaratması məqsədilə görüş keçirilmiş lakin qeyd edilən görüşdə İddiaçı etik davranış qaydalarını kobud şəkildə pozmuşdur. İş üzrə icraat materiallarında olan nazirliyin xx.xx.2025-ci il tarixli 3-19/3-1-1009/2025 nömrəli əmrinə əsasən İddiaçı həmin tarixdən Dövlət Qulluğu haqqında qanunun 25.2.4-cü maddəsinə əsasən Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Qanunun 1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu - yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki, İddiaçı 1997-ci ildən etibarən Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyində əmək fəaliyyətinə başlamış, fəaliyyətini nazirliyin “Sənəd dövriyyəsi və və vətəndaşların müraciətləri ilə iş sektorunun” baş məsləhətçisi kimi xx.xx.2025-ci il tarixinədək davam etdirmişdir. Daha sonra nazirin xx.xx.2025-ci il tarixli 3-19/3-1-1009/2025 nömrəli əmrinə əsasən, Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri: Qanunun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri tənzimlənmişdir ki, onlarda biri də dövlət qulluqçusunun etik davranış qaydalarına əməl etməsidir. Həmçinin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər; 25.2.1.töhmət; 25.2.2.bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3.həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4.daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6.dövlət qulluğundan azad edilməsi. “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Digər tərəfdən, “Dövlət qulluğu haqqında” Qanunun 25.5ci maddəsinin tələbinə əsasən, dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. İş üzrə materiallarından da göründüyü kimi, İddiaçı barəsində müvafiq inzibati tənbehin tətbiqinə əsaslar olduğundan qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırma aparılmış, izahat verilməsi təklif edilmiş lakin iddiaçı izahat verməkdən imtina etmiş, bundan sonra qanunvericilikdə müəyyən edilmiş müddətə əməl edilməklə ona intizam tənbehi verilmişdir. İş üzrə icraat materiallarında olan xx.xx.2025-ci il tarixli 3- 19/3-905/2025 nömrəli xidməti qeydə əsasən İddiaçı “Dövlət qulluğunda fərqlənməyə görə” medalını əldə etmək Azərbaycan Respublikasının Prezident Administrasiyasına göndərilən siyahıda onun adının hansı səbəbdən olmaması ilə bağlı etirazını etik olmayan şəkildə bildirmiş və bu mövzu ətrafında kəskin mübahisə etmişdir. Qeyd edilən mövzu ilə bağlı şöbə müdiri tərəfindən iddiaçıya ətraflı məlumat verilsə də o, qeyd edilənlərlə razılaşmayaraq nazirliyin digər rəhbər şəxsləri ilə görüşməyə cəhd edərək həmin şəxslər üçün də narahatçılıq yaratmışdır. Bundan əlavə əməkdaşı olduğu şöbənin müdiri tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq mütəmadi olaraq davamiyyət qaydalarını pozmuşdur. Məhz bu səbəbdən iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi ilə bağlı rəhbərlikdən münasibət istənilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində 3-19/3-1-980/2025 nömrəli əmrlə iddiaçı barəsində etik davranış qaydalarını pozduğuna görə “Dövlət qulluğu haqqında” Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. Müvafiq intizam tənbeh tədbiri ilə tanış edilməsi, ondan nəticə çıxaraq gələcəkdə davranış və hərəkətlərində müsbət dönüş yaratması məqsədilə İddiaçı ilə nazirliyin Aparat rəhbərinin xidməti otağında görüş keçirilmiş və həmin görüş zamanı da iddiaçı tərəfindən etik davranış qaydaları kobud şəkildə pozulmuş, rəhbər şəxslərlə ünsiyyət zamanı etinasız və hörmətsiz münasibət nümayiş etdirərək onlara həqiqətə uyğun olmayan ifadələr işlətmiş, nəzakətsizlik göstərmişdir. Görüş zamanı icazəsiz olaraq aparat rəhbərinin masasından ona aid olan sənədi kobud şəkildə götürməsi onun haqlı və kəskin narazılığına səbəb olmuşdur. Qeyd edilən hallar xx.xx.2025-ci il tarixli Aktla rəsmiləşdirilmişdir. Həmçinin iş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Aktla müəyyən olunur ki, iddiaçı ilə xx.xx.2025-ci il tarixdə Aparat rəhbərinin xidməti otağında keçirilmiş görüş zamanı etik davranış qaydalarını kobud şəkildə pozması ilə bağlı izahat yazması təklif edilmiş, lakin o, izahat yazmaqdan imtina etmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli xidməti təqdimata əsasən İddiaçı elektron sənəd dövriyyəsi sisteminin ona verdiyi proqram texniki təminatından sui-istifadə edərək şöbə müdirinə ünvanlandığı xidməti qeydi nazirliyin rəhbər şəxslərinə göndərmiş, qeyd edilən halların qarşısının alınması üçün admin profilindən ona səlahiyyəti çərçivəsində verilən funksiyalar bağlanmış, bundan sonra iddiaçı sektor müdirinə yaxınlaşaraq qeyd edilən funksiyaların dərhal aktiv olunması tələb etmiş, sektor müdirini təhdid edərək belə halların baş verəcəyi təqdirdə barəsində tədbir görəcəyini bildirmişdir. Ümumilikdə davranışlarında geri dönüş yaratmaması, verilən tövsiyyələrə əməl etməməsi, etik davranış qaydalarını pozmaqda davam etməsi, əmək fəaliyyətinin normal ahəngini pozması, rəhbər şəxslərə qarşı nəzakətsiz və hörmətsiz davranışlar sərgiləməsi iddiaçı barəsində daha ciddi intizam tədbirinin görülməsi zərurətini yaratmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun qaydada, etik davranış qaydalarının pozuntusu nəticəsində verilmiş intizam tənbehi ilə bağlı cavabdeh tərəfindən xidməti araşdırma aparılmış, iddiaçıya ihəmin hallarla bağlı izahat verməsi təklif edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli əmrlə Bakı şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə 1. Qanunun əhatə dairəsi 1.2. Hər bir dövlət qulluqçusu qanunun əliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur. Maddə 2. Qanunun məqsədləri 2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi; Maddə 9. Mədəni davranış Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Göründüyü kimi, qanunvericiliklə dövlət qulluqçusunun bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmadığı təqdirdə dövlət qulluqçuları barəsində tətbiq oluna biləcək intizam tənbeh tədbirləri də müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi dövlət qulluğu rejiminə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, etik davranış qaydalarına əməl etməyə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə borcludur. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejimi ilə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur. Əlavə olaraq qeyd edirik ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi İddiaçı vəzifəsinin icrasına başlamamışdan əvvəl ...” dövlət qulluğunun ona verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmişdir. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir. İddiaçı birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalı olduğu halda faktiki olaraq qanunsuz etik davranış qaydalarına zidd həkətlər etmiş, onunla bu barədə aparılmış profilaktik söhbətlərdən nəticə çıxarmamış, için ümumi ahənginə təsir edəcək davranışlarına davam etmiş, cavabdeh də öz növbəsində qanunvericiliklə nəzərdə tutulmuş intizam tənbeh tədbiri kimi onu daha aşağı təsnifatda olan vəzifəyə keçirilmişdir. Hesab edirlər ki, yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisələndirilən əmr cavabdeh tərəfindən maddi hüquq normalarına əməl olunmaqla qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş, cavabdehin 21 iyul 2025-ci il tarixli əmri ilə ona töhmət verilmiş, daha sonra 25 iyul 2025-ci il tarixli əmri ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və məqsədi İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli və iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1- 1009/2025 saylı əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsinə və iddiaçının öz əvvəlki vəzifəsinə bərpa edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3- 19/3-1217/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsində işlədiyi dövrdə (xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixidək) dövlət qulluqçusu kimi xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən yekun qiyməti 2022-ci il üzrə 4.7 (əla), 2023-cü il üzrə 4.5 (yaxşı) və 2024-cü il üzrə 4.5 (yaxşı) olmuşdur. Bundan əlavə iddiaçının şəxsi işinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərdən görünür ki: -xx.xx.1997-ci il tarixli A-2 nömrəli əmrinin surətinə əsasən Musayeva (Əliyeva) Rəna İmamqulu qızı xx.xx.1997-ci il tarixdən Gənclər və İdman Nazirliyinin Elm və tədris müəssisələri şöbəsinə təlimatçı vəzifəsinə təyin edilmişdir. - Gənclər və İdman Nazirliyinin xx.xx.2022-ci il tarixli Şt-73 nömrəli Əmrinin surətinə əsasən Nazirliyin baş məsləhətçi-kollegiyanın məsul katibi İddiaçı xx.xx.2022-ci il tarixindən Ümumi şöbənin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. - Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-19/3-19-İR-Şt-0052/2023 nömrəli Əmrdən çıxarışın surətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Aparatının yeni strukturunda Sənəd dövriyyəsi və Vətəndaşların müraciətləri ilə iş sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. - Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban Quliyeva tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova ünvanlanan xx.xx.2025-ci il tarixli 3-19/3-905/2025 nömrəli Xidməti təqdimatda göstərilmişdir: 23 iyun - X2 Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər il bir qrup dövlət qulluqçusu “dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilir. Təltif olunacaq əməkdaşların siyahısı isə dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilərək Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı almaq arzusunda olan Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilən siyahıya onun adının hansı səbəbdən salınmaması ilə bağlı etirazını etik qaydalara uyğun olmayan şəkildə bildirmiş və mənimlə bu məsələ ilə bağlı kəskin mübahisə etmişdir. Mübahisə zamanı İddiaçı subordinasiya qaydalarına əməl etməyərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini kobud şəkildə pozmuşdur. Eyni zamanda onu da qeyd edim ki, dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı ətraflı məlumat versəm də, o, bununla razılaşmayaraq nazirliyin digər rəhbər işçiləri ilə görüşməyə cəhd edərək həmin şəxslər üçün narahatçılıq yaratmışdır. Şöbəyə rəhbərlik etdiyim müddət ərzində İddiaçı dəfələrlə etik qaydaları pozmuş və işdə səhlənkarlığa yol vermişdir. Belə ki, adı çəkilən əməkdaş vəzifə təlimatına əsasən verilən tapşırıqların icrasında gecikmə hallarına (sənədlərin gecikmə ilə qeydiyyatının aparılması, sənədlərin icrasına nəzarətin aparılması) və sənədləşmə prosesində çoxsaylı səhvlərə (qrammatik, Stilistik, dərkənar layihəsinin verilməsi) yol vermişdir (məlumatlar əlavə olunur). Eyni zamanda İddiaçı dəfələrlə tərəfimdən şifahi xəbərdarlıq almasına baxmayaraq, heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq davamiyyət qaydalarını pozmuşdur. İddiaçı işlədiyi müddət ərzində bu kimi nöqsanlara görə ona verilən tövsiyə və məsləhətlərə məhəl qoymadan mütəmadi olaraq etinasızlıq nümayiş etdirmişdir. Yuxarıda qeyd olunanaları nəzərə alaraq Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı barəsində ciddi intizam tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə münasibət bildirməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-980/2025 nömrəli Əmrinin surətindən görünür ki, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçın İmamqulu qızına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin pozduğuna görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. - Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Fərid Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova ünvanlanan xx.xx.2025-ci il tarixli 3-19/3-971/2025 nömrəli Xidməti təqdimatda göstərilmişdir: 23 iyun - X2 Bayramı Günü münasibətilə nazirliyin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı təltif olunan dövlət qulluqçularının siyahısında öz adının olmaması ilə bağlı etirazını etik qaydalara uyğun olmayan şəkildə bildirməsi ilə bağlı şöbə müdiri tərəfindən Sizə 14 iyul 2025-ci il tarixli 3- 19/3-905/2025 nömrəli xidməti təqdimat göndərilmişdir. Sizin tapşırığınıza əsasən nazirin müşaviri Rauf Əliyev İddiaçı dəvət edib onunla profilaktik söhbət aparmışdır. Söhbət zamanı ona müvafiq tövsiyələr verilməsinə baxmayaraq o, müsbət nəticə çıxartmaq əvəzinə etirazını daha qabarıq şəkildə nümayiş etdirmişdir. Belə ki, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban Quliyevanın mənə verdiyi şifahi məlumata əsasən R. Əliyeva ona verilən səlahiyyətdən sui-istifadə edərək şöbə müdirinə ünvanladığı xidməti qeydi məlumat kimi nazirliyin rəhbər şəxslərinə göndərmişdir. Bu səbəbdən şöbə müdirinin tapşırığına əsasən ESD-nin admin profilindən ona səlahiyyəti çərçivəsində verilən funksiyalar bağlanmışdır. İddiaçı bununla bağlı şöbənin Sənəd dövriyyəsi sektorunun müdirinə yaxınlaşaraq funksiyalarının nə üçün bağlandığını soruşmuş və əlavə olaraq sektor müdirini təhdid edərək bir də belə hal baş verərsə bu barədə cənab nazirə onun barəsində şikayət edəcəyini bildirmişdir. Mehriban Quliyevanın xidməti təqdimatına əsasən Sizin 21 iyul 2025-ci il tarixli 3- 19/3-1-980/2025 nömrəli əmrinizlə İddiaçı intizam tənbeh tədbiri olaraq töhmət verilmişdir. Onunla aparılan söhbətlərə baxmayaraq İddiaçı iş vaxtı özünü qeyri-adekvat aparması, nazirliyin rəhbər işçiləri ilə görüşməyə cəhd edərək, həmçinin çalışdığı şöbənin əməkdaşları ilə yersiz müzakirələr apararaq iş prosesini pozması, narahatçılıq yaratması səbəbindən nazirin müşaviri Rauf Əliyevin, İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyevanın, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban Quliyevanın iştirakı ilə rəhbərliyim altında görüş keçirilmişdir. Görüşə dəvət olunan İddiaçı ona verilən tövsiyələrə məhəl qoymadan, sözügedən məsələyə aid olmayan rabitəsiz cümlələr işlədərək subordinasiya və etik davranış qaydalarını kobud şəkildə pozmuş, mənə və digər şöbə müdirlərinə qarşı nəzakətsizlik göstərmiş, təhdid xarakterli sözlər söyləmişdir. Nəzərinizə çatdırıram ki, gərgin şəraitdə keçən bu görüşdə baş verən xoşagəlməz vəziyyətlə bağlı akt tərtib edilmişdir. (Akt əlavə edilir.) Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı etik davranış qaydalarını davamlı şəkildə pozmasını nəzərə alaraq barəsində daha ciddi intizam tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə münasibət bildirməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Xidməti araşdırma haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-1025/2025 nömrəli Əmrinin surətindən görünür ki, Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri X4 dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı barədə 25 iyul 2025-ci il tarixli 3-19/3-971/2025 nömrəli təqdimatda göstərilən halların araşdırılması Hüquqi təminat sektorunun müdiri Elmar Cəlilova tapşırılmış, Elmar Cəlilov araşdırmanın nəticəsi barədə nazirliyin rəhbərliyinə qısa zamanda məlumat verməsi qeyd edilmiş, Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Fərid Məmmədzadəyə həvalə edilmişdir. - Cavabdehin İddiaçı Bakı şəhər Gənclər və İdman İdarəsinə keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-1009/2025 nömrəli Əmrinin surətinə əsasən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini pozduğuna görə Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı 25 iyul 2025-ci il tarixindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.4-cü maddəsinə əsasən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. İddiaçı etik davranış qaydalarını pozması haqqında xx.xx.2025-ci il tarixli Aktda göstərilmişdir: Nazirliyin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin Vetendaşlann müraciətləri ilə iş sektorunun baş məsləhətçisi İddiaçı onun barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında 21 iyul 2025-ci il tarixli 3- 19/3-1- 980/2025 nömrəli əmri ilə tanış edilməsi, intizam tənbeh tədbirindən nəticə çıxararaq gələcəkdə davranış ve hərəkətlərində müsbət dönüş yaratması məqsədilə Aparat rəhbərinin xidməti otağında görüş keçirilmiş və bu görüşdə İddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozmuşdur. Görüşdə İddiaçı rəhbər şəxlərlə ünsiyyət zamanı etinasız və hörmətsiz münasibət nümayiş etdirərək onlara qarşı həqiqətə uyğun olmayan və qərəzli sözlərdən istifadə etmiş, nəzakətsizlik göstərmişdir. İddiaçı görüşdə qeyri-adekvat hərəkətlərə yol vermiş, ona verilən tövsiyələri dinləmədən uzun mübahisələr etmişdir. İcazəsiz olaraq Aparat rəhbərinin masasından ona aid olan sənədi kobud şəkildə götürməsi F.Məmmədzadənin kəskin narazılığına səbəb olmuşdur. Aparat rəhbərinin sənədi geri qaytarmaq barədə dəfələrlə təkrarladığı göstərişə İddiaçı məhəl qoymadan yerinə yetirməmişdir. Akt Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Fərid Məmmədzadə, Nazirin müşaviri Rauf Əliyev, İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyeva, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsinin müdiri Mehriban Quliyeva tərəfindən imzalanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barəsində “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1-1009/2025 saylı əmrlər qəbul edilmişdir. İddiaçı hazıkı iddia ilə hər iki əmrin ləğv edilməsini tələb edir. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçı barəsində “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli əmrin ləğv edilməsi hissəsinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixli 3-19/3-905/2025 nömrəli xidməti təqdimata əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Qanunun 9-cu maddəsinin tələbləri pozulduğundan barəsində intizam tədbirinin görülməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Nəticədə iş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli intizam tənbehinin tətbiq edilməsi barədə əmr qəbul edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi dövlət qulluğu rejiminə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, etik davranış qaydalarına əməl etməyə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə borcludur. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejimi ilə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur. Qeyd edilənlərlə yanaşı Qanun dövlət qulluqçusu barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Hazırki halda iddiaçı barəsində xidməti təqdimat daxil olduqdan sonra cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirdikdən sonra iddiaçı barəsində intizam tənbehi tətbiq edə bilərdi. Lakin iş materiallarında cavabdeh tərəfindən istinad edilən normanın tələbinə əməl edilməsi barədə heç bir məlumat yoxdur, o cümlədən bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, həmin tənbeh tədbiri cavabdeh tərəfindən iddiaçı barəsində istinad olunan əsasla bağlı aparılmış xidməti araşdırmanın nəticəsi olaraq ortaya çıxmamış, iddiaçının həmin hallara (əsaslara) dair heç bir münasibəti öyrənilməmiş, yazılı izahatı alınmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində tənbeh tədbirinin tətbiq olunmasına dair Əmrin verilməsinə əsas olan hal kimi yalnız xidməti təqdimatın bir əsasına (şöbə müdiri ilə ünsiyyət zamanı subordinasiya qaydalarını kobud şəkildə pozması) istinad edilmiş, əsas kimi Əmrin məzmununda yalnız həmin hal qeyd edilmiş, qeyd edilən Əmr məhz qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı barəsində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilməmişdir. Halbuki, yuxarıda istinad edilən dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə əsasən intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusundan yazılı izahat alınması, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsinin rəsmiləşdirilməsi imperativ norma kimi müəyyən edilmişdir. İndiki halda iddiaçıya münasibətdə müvafiq əmrin verilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.3-cü maddəsinin tələbləri pozulmuşdur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, cavabdeh inzibati orqan mübahisələndirilən xx.xx.2025-ci il tarixli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin mübahisələndirilən inzibati akt qəbul edilməmişdən əvvəl cavabdeh tərəfindən mövcud qanunvericiliyin tələblərinə əməl edilməsinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, mübahisələndirilən inzibati akt (İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli əmr) ləğv olunmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1-1009/2025 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, sözügedən əmrin qəbul edilməsi zamanı da mövcud qanunvericiliyin yuxarıda istinad edilən tələblərinə riayət edilməmişdir. Belə ki, Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Fərid Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova ünvanlanan xx.xx.2025-ci il tarixli 3-19/3-971/2025 nömrəli Xidməti təqdimat, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Xidməti araşdırma haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-1025/2025 nömrəli Əmr və İddiaçı Bakı şəhər Gənclər və İdman İdarəsinə keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-19/3-1-1009/2025 nömrəli Əmrin (hər üç əmrin) eyni gündə (xx.xx.2025-ci il tarixdə) qəbul edilməsi, o cümlədən Xidməti araşdırma haqqında əmrin nömrəsi ilə İddiaçı Bakı şəhər Gənclər və İdman İdarəsinə keçirilməsi haqqında əmrin nömrə ardıcıllığında olan uyğunsuzluq (mübahisələndirilən əmrin nömrəsi 3-19/3-1-1009/2025 olmasına baxmayaraq məntiqi ardıcıllığa uyğun olaraq daha əvvəl qəbul edilməli olan Xidməti araşdırma haqqında əmrin nömrəsi 3-19/3-1-1025/2025 kimi qeyd edilmişdir) cavabdeh tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq araşdırma aparılmadığı nəticəsinə gəlməyə imkan verir. Məhkəmə hesab edir ki, hətta iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar olduğu və iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi qaydasına (ən azından növbəti dəfə intizam tənbehi tətbiq edilərkən) riayət edildiyi təqdirdə belə, iddiaçıya münasibətdə 4 gün ərzində iki intizam tənbehinin tətbiq edilməsinin hansı xidməti zərurətdən irəi gəlməsi, o cümlədən iddiaçının iş yerinin dəyişdirilməsi barədə intizam tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, cavabdehin diskresion səlahiyyətlər əsasında hərəkəti bu səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinin tələblərinə görə: 30-1.1 İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hər təqvim ilinin sonunda həyata keçirilir. 30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir. 30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir. 30-1.5. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir. 30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 30-1.6.1. peşə bilikləri; 30-1.6.2. qulluq (xidməti) vəzifələrinə münasibəti; 30-1.6.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; 30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq; 30-1.6.5. iş təcrübəsi və onu bölüşmə; 30-1.6.6. kollektivdə işləmək və ünsiyyət bacarığı. 30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir: 30-1.8.1. əla; 30-1.8.2. yaxşı; 30-1.8.3. kafi; 30-1.8.4. qeyri-kafi. 30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır. Cavabdeh inzibati orqan iddiaçının dövlət qulluqçusu kimi qiymətləndirilməsinə dair sənədləri məhkəməyə təqdim etməsə də, məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli 3-19/3-1217/2025 nömrəli məktubunda İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsində işlədiyi dövrdə (xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixidək) dövlət qulluqçusu kimi xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən yekun qiymətinin 2022-ci il üzrə 4.7 (əla), 2023-cü il üzrə 4.5 (yaxşı) və 2024-cü il üzrə 4.5 (yaxşı) olduğunu bildirmişdir. İddiaçı xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmuş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, laqeydliyə yol verməmiş, xidməti dövründə təşəkkürlə mükafatlandırılmış, mübahisələndirilən əmrlər istisna olmaqla barəsində hər hansı intizam cəzası tətbiq edilməmişdir. Bu hallar onun xidməti fəaliyyətinə dövlət qulluqçusu kimi verilmiş qiymətlərlə də (əla və yaxşı olmaqla) təsdiqini tapır. Beləliklə iddiaçının xidməti fəaliyyətinə münasibətdə mübahisələndirilən intizam tənbehlərinin tətbiqi həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının öz əvvəlki vəzifəsinə bərpa edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi İddiaçı Bakı şəhər Gənclər və İdman İdarəsinə keçirilməsi haqqında əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan, iddia tələbi iddiaçının öz əvvəlki vəzifəsinə bərpa edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3- 19/3-1-980/2025 nömrəli və iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-19/3-1-1009/2025 saylı əmrləri qanunsuz hesab edilərək ləğv edilməli və İddiaçı öz əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə qoyulmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İddiaçı “töhmət” intizam tənbehinin verilməsinə dair 21 iyul 2025-ci il tarixli, 3-19/3-1-980/2025 nömrəli və iddiaçının Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi vəzifəsinə keçirilməsinə dair xx.xx.2025-ci il tarixli, 3- 19/3-1-1009/2025 saylı əmrləri qanunsuz hesab edilərək ləğv edilsin və İddiaçı öz əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar