Məhkəmə qərarları › İş №e-2-1(112)-14169/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14169/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14169/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********102200 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC xx.xx.2020-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı fəaliyyətə başladığı vaxtdan halhazıradək olan dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl etmiş, vergi və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********102200 saylı qanunsuz bir qərar qəbul edilmiş və həmin qərara əsasən iddiaçıya 14047,92 manat əlavə vergi hesablanmışdır. Səbəb kimi "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısına düşməsi bildirilir. Həmin müəssisələr ilə 2023-cü ildə əməliyyat aparan zaman "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısına daxil olması haqqında “taxes.gov.az” saytında araşdırma aparılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. Vergi orqanının göndərdiyi xəbərdarlıq məktubundan sonra "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdən, "xxxx" MMC-nin isə xx.xx.2024-cü il tarixdən riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyi məlum olmuşdur. Ona görə də cavabdeh tərəfindən 2023-ci il mart və oktyabr ayında aparılmış əvəzləşdirmələrin ləğv edilməsi və həmin əvəzləşdirmə üzrə olan ƏDV məbləğinin iddiaçının şəxsi hesab vərəqəsinə işlənməsi ilə bağlı hərəkətləri qanunsuz və əsassız olmuşdur. Həmçinin, iddiaçının verdiyi şikayətə baxılıb müvafiq qərar qəbul edilməmişdir. Bundan əlavə, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı mübahisənin predmetini təşkil edən əməliyyatlar üzrə əlavə dəyər vergisini ƏDV subhesabına ödəmiş və məhz bu əsasla da ödəmiş olduğu vergi məbləğinə uyğun olaraq satıcı təşkilatdan iddiaçının onlayn kargüzarlığına EBDA seriyalı 876900 nömrəli və EBDQ seriyalı 983654 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Sözügedən əməliyyatlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin, o cümlədən Məcəllənin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmış və bu əməliyyat barədə məlumatlar əməliyyatın aparıldığı ay üzrə vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bunun davamı olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən heç bir riskli əməliyyat aparılmamışdır. Aparılan əməliyyat zamanı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilmişdir. "xxxx" MMC-nin və "xxxx" MMC-nin isə iddiaçı ilə əməliyyat apardıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, **********342800 nömrəli və xx.xx.2024-cü il tarixli, **********596100 nömrəli qərar qəbul edilmişdir. Həmçinin, onu da qeyd etməyi zəruri hesab edirlər ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-300/2024 saylı qərardadı ilə ərizəçi "xxxx" MMC-nin “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cı il tarixli, **********596100 saylı qərarının icrasının dayandırılması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan da görünür ki, iş materiallarında olan, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********596100 saylı qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri sırasına daxil edilmişdir. Lakin, cavabdeh tərəfindən həmin qərardadın tələblərinə də heç bir məhəl qoyulmayaraq və icrası dayandırılan qərardan irəli gələrək qarşılıqlı vergi ödəyiciləri üzrə, o cümlədən iddiaçı barədə qanunsuz olaraq inzibati tədbirlər görülmüş və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********102200 saylı qərarı qanunsuzdur və ləğv edilməlidir. İddia ərizəsi “Elektron məhkəmə sistemi” vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-277222/2024 saylı iddianın mümkün sayılmaması barədə vəsatəti məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (vəsatət): Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********245900 nömrəli qərarı qəbul edilmişdir. Məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş son gün xx.xx.2024-cü il tarix olduğu halda iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İPM-nin tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında buraxılmış prosessual müddətin ötürülməsi barədə vəsatətin təmin olunaraq, məhkəmədən iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən təqdim edilmiş iddia tələbinə dair yazılı vəsatətə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, № **********102200 saylı qərarının surətindən müəyyən olunur ki, aprel 2024-cü ilin əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə ALXAN CONSTRUCTİON” QSC hesablanmış vergi və sığorta haqqı – 5178,41 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 19226,33 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 14047,92 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Tərəflərindən ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 876900 nömrəli elektron qaimə-faktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üçün 1170.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1170.0 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 983667 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üçün 2214.72 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2214.72 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsidə (10.2023) əvazləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 983654 nömrəli elektron qaimə-fiktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 10663.2 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 10663.2 manat kənarlaşma yaranmışdır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllə: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti. 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. ... Maddə 32. Mübahisələndirmə haqqında iddia. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1.barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2.barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3.şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-nin normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, № **********102200 saylı qərarın ləğv edilməsinə yönəlmişdir. Belə ki iddia predmeti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, № **********102200 saylı qərarıdır. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hazırki iş üzrə iddiaçı olan vergi ödəyicisinin aprel 2024-cü ilin əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş və nəticədə mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, № **********102200 saylı qərar qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, № **********102200 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisə predmenti olan qərardan məlumatlı olduğu müəyyən olunur. İddiaçı QSC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda 2024-cü ilin aprel ayına hesablanmış kameral məbləğinin azaldılması üçün məktub və məhkəmə qərarı əlavə edildiyi bildirilmişdir. Həmin müraciət məktubuna qoşma edilmiş məktubda isə qeyd edilmişdir ki, **********102200 nömrəli qərara əsasən əməkdaşlıq etdikləri "xxxx" MMC tərəfindən alınmış xidmətlərin dəyərinin ƏDV məbləğinə (EBDQ 983667 və EBDQ 983654 saylı elektron qaimələrə) 12.877,92 manat kameral hesablanmışdır. xx.xx.2024-cü il tarixli, 15(112)-300/2024 saylı Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən riskli vergi ödəyicisi siyahısından çıxarılmışdır. Qeyd edilənləri nəzərə alaraq qarşı tərəfin də riskli vergi ödəyicisi olmadığı üçün xx.xx.2024-cü il tarixdə hesablanmış 12.877,92 manat (aprel ƏDV) kameralın ləğv edilməsi xahiş olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində hər nə qədər mübahisə predmeti olan qərardan məlumatlı olmadıqlarını və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə onlara ünvanlanmış “2023-cü ilin təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluq barədə” məktubdan sonra qərardan məlumatlı olduqlarını qeyd etsə də, özləri tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən elə müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********102200 №li qərardan xx.xx.2024-cü il tarixdən artıq məlumatlı olmuşlar. Elə xx.xx.2024-cü il tarixdə də cavabdehə müraciət olunaraq hesablanmış kameral verginin azaldılması xahiş olunması da onu sübut edir ki, mübahisə predmeti olan qərardan ən geci xx.xx.2024-cü il tarixdən məlumatlı olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərar əsasında iddiaçıya kameral vergi yoxlaması əsasında hesablanmış vergi məbləğinin azaldılması üçün xx.xx.2024-cü il tarixdə cavabdehə olunmuş müraciət onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində (xx.xx.2024-cü ilədək) mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək yalnız xx.xx.2024-cü il tarixdə həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə şikayət məzmunlu məktublar göndərilməsinə dair münasibətdə isə məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən qeyd edir ki, inzibati aktdan şikayət müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya məhkəmə qaydasında verilə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.1-3.4-cü bəndlər). İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, prosessual müddətin buraxılmasını üzrlü hesab edilərək və İPM-in 24-cü maddəsinə əsasən müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı işğaldan azad edilmiş Qarabağ İqtisadi Rayonunda sürətli təmir və bərpa işləri ilə məşğul olduğundan İddiaçı QSC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********102200 saylı qərarı rəsmi qaydada almamışdır. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarr iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bundan başqa, iddiaçı bütün mümkün vasitələrdən istifadə edərək öz hüquqi mənafeyini qorumağa cəhd etmişdir. Deməli, vergi orqanı tərəfindən iddiaçıya xəbərdarlıq məktubu göndərildikdən sonra cavabdehin qanunsuz hərəkətləri ilə bağlı iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə şikayət məzmunlu məktublar göndərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya araşdırma müddətinin uzadılması barədə məktub göndərilmişdir. Məhz bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə, ərizəçi "xxxx" MMC “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək, işə dair mahiyyəti üzrə qərar qəbul olunanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********596100 saylı qərarının icrasının dayandırılmasına qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-300/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cı il tarixli, **********596100 saylı qərarının icrası dayandırılması qərara alınmışdır. Lakin, məhkəmənin bu məsələ ilə bağlı hüquqi mövqeyi fərqli olarsa, onda hesab edirik ki buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunur ki iddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Prosessual müddətlərin bərpa olunması məsələləri ilə bağlı hüquqi mövqelərə və formalaşmış məhkəmə təcrübəsinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxsın, müvafiq hərəkətin yerinə qetirilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Bu müstəvidən məhkəmə qeyd edr ki, hər nə qədər iddaçının nümayəndəsi və vəkili prosessual müddətin ötürülməsi səbəbi kimi iddiaçının səhhətində yaranan problemlərlə əlaqədar hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş və bu isə özlüyündə göstərilən bu hal müddətin buraxılmasının üzürlü sayan əsasları ehtiva etmir. İddiaçı imtina məktubunu və həmin imtina məktubunda hüquq müdafiə vasitəsi barədə məlumatı nəzərə alaraq 30 gün ərzində məhkəməyə müraciət etmək hüququna malik olmuşdur ki, bu dövrdə məhkəmə orqanı öz fəaliyyətini davam etdirmişdir. İddiaçının təqdim etdiyi səbəblər, prosessual müddətin buraxılmasına haqq qazandıracaq hallara (mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyətlər yaradan) aid deyildir. Hazırki vəziyyətdə, müddətin buraxılmasının üzürlü sayılmasına imkan verən, habelə bununla bağlı çıxarılacaq məhkəmə aktını qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına almayacaq, qanunla nəzərdə tutulmuş prosessual əsaslar yoxdur. Məhkəmə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında iddiaçının ərizəsinin təmin edilməməsi nəticəsinə gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı “prosessual müddətin bərpa edilməsi” barədə vəsatətdə dolayı yolla mübahisə predmenti olan qərardan məlumatlı olduğunu bildirmişdi. Odur ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış qərarın ləğv edilməsinə yönəlmiş yazışmalar prosessual müddətin bərpa edilməsi üçün əsas qismində çıxış edə bilməz. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. İPM: Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “prosessual müddətin bərpası barədə” vəsatəti təmin olunmasın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar