Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14177/2025 13.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə qarşı X6, X12, X13 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz əmlakın reyestr nömrəsi **********07-05101-093019 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra - iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-718/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə X6 arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 08 avqust 2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 999 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X14 anaları X2 yanında qalmaları qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ 538735 nömrəli xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında bağlanılmış nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-557/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməmsinin 2(103)-4549/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-557/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6, X12, X13 və X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeyoiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X3, X7, X8 və X11 ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibatı icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs X2, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X9 Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 54 nömrəli evin 11 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, X18 küçəsi, 54 nömrəli evin 11 nömrəli mənzilinin mülkiyyətçisidir. Həmin mənzil ona anasından vərəsəlik qaydasında keçmişdir. İddiaçı üçüncü şəxs X6 ilə 08 avqust 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan üç uşaqları doğulmuşdur. İddiaçı üçüncü şəxs X3 2022-ci ilin yanvar ayında özünə məxsus mənzilə pasport qeydiyyatına aldırmışdır. Sonradan tərəflər arasında ailə münasibətləri pozulduğundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X6 arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 08 avqust 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X9 anaları X2 yanında qalmaları qət edilmişdir. Daha sonra 3-cü şəxs X1 Səid Əhməd oğluna qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 54 nömrəli evin 11 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-557/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “onun və azyaşlı uşaqlarının ünvan 3 ünvanında yerləşən mənzildə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4549/2024 saylı. xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-557/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İndi də nümayəndəsi olduğu İddiaçı keçmiş arvadı X2 həmin mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. Bunun üçün o, hesab edir ki, Azərbaycan Respublikasının adından çıxarılmış həmin qətnamələr mülkiyyətçinin keçmiş arvadının pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Odur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, X2, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X9 Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 54 nömrəli evin 11 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmalarına dair müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm. İddiaçı 3-cü şəxsin və azyaşlı uşaqların ona məxsus Bakı şəhəri, X18 küçəsi, 54 nömrəli evin 11 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, onları qeydiyyatdan çıxarmaq aidiyyatı üzrə inzibati icraat qaydasında məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6, X12, X13 və X14 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirilmişdir ki, qərar icraya yönəldildikdən sonra icra olunacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxslər X6, X12, X13 və X9 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və üçüncü şəxslər həmin mənzilə aid ünvanda qeydiyyatdadırlar. Cavabdeh iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iş materiallarında olan sübutlara istinad etməklə bildirir ki, iddiaçının mövqeyi qanuni və əsaslıdır. Belə ki, üçüncü şəxs X6 ilə İddiaçı arasında bağlanılmış nikah pozulmuşdur, X6 ünvan 1 ünvanda qeydiyyatdadır, lakin hazırda həmin mənzildə yaşamır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-557/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, X6 və övladlarının mübahisəli mənzilə istifadə hüququ yoxdur. Göründüyü kimi, üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və bu ünvandakı qeydiyyatı hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “...“şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.” Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün faktiki olaraq yaşadığı yaşayış yeri üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər X6, X12, X13 və X9 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxs X6, X12, X13 və X14 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-14177/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14177/2025
13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver