Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14199/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********666000 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürmüşdür. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə oxunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək iddia müddətini ötürmdüşdür. İddiaçının nümayəndəsi və vəkili elektron kabinetlə məhkəməyə vəsatət göndərərək qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron imzanın həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Həmçinin qeyd edilmişdir ki, əgər məhkəmənin bu məsələ ilə bağlı mövqeyi fərqli olarsa, buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilməlidir. İddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olamadan baxılmasını mümkün hesab etdi. Belə ki, hər iki tərəf elektron kabinetə malikdir və məhkəmə iclasları barədə məlumalıdırlar. Həmçinin iddia müddətinin ötürülməsi barədə vəsatət, həmin vəstətə qarşı münasibət elektron kabinet vasitəsi ilə yazılı icraat qaydasında aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Baxılan işdə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir və elektron iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən isə müəyyən edilir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. - maddə 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - maddə 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Mübahisələndirilən qərar iddiaçının elektron kabinetinə göndərilmiş və belə olan halda Vergi Məcəlləsinin və “İnzibati İcraat haqqnda” Qanunun istinad olunan normalarının tələblərinə əsasən iddiaçıya rəsmi qaydada təqdim edilmiş sayılır. 30 günlük iddia müddətinin axımı qərarın elektron kabinetə yerləşdirildiyi tarixdən 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdən başlanır. İddiaçı həmin qərardan 30 gün müddətində, yəni xx.xx.2024-cü il tarixdə iddia verə bilərdi. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə, yəni 5 aydan çox müddətdən sonra iddia verərək göstərilən müddəti ötürmüşdür. Göstərilənlərə əsasən vergi qanunvericiliyi elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsini tələb etmədiyindən, vergi orqanının aktı elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayıldığından, qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırdığından və bu zaman müddətin ötürülməsinin onun təqsiri ucbatından baş vermədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia mümkün sayılmamalıdır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1901/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyası həmin qərardadında qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (2-1(102)1045/2023 nömrəli, 2-1(102)344/2024 nömrəli 2-1(102)1036/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicilərinin elektron kabinetinə göndərilən inzibati aktlar “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, göndərildiyi gündən 3 gün keçdikdən sonra təqdim olunmuş sayılır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. Göründüyü kimi, hazırkı məsələ ilə bağlı kassasiya instansiya məhkəməsinin formalaşdırdığı vahid təcrübə mövcuddur. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı iddia edir ki, qərarın asan imza vasitəsi ilə imzalanması təsdiq edilməmişdir. Məhkəmə bu halla bağlı qeyd edir ki, cavabdeh hazırda mübahisələndirilən qərarın Asan imza ilə imzalanmasına dair Compact Diski (CD) məhkəməyə təqdim etmişdir. Digər tərəfdən bu təqdim edilməsə belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda istinad olunan qərardadında formalaşdırdığı vahid təcrübə ondan ibarət olmuşdur ki, vergi ödəyicilərinin elektron kabinetinə göndərilən inzibati aktlar “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, göndərildiyi gündən 3 gün keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəmə qeyd edir ki, İPM-nin 38.1-ci maddəsi, müddətin axımının başlanma anı kimi həm təqdim edilmə anını, həm də elan edilmə anını təsbit etmişdir. Elektron kabinetə yerləşdirilən qərar məzmun baxımından əl ilə imzalanmış qərardan heç nə ilə fərqlənmirsə, o zaman qərar iddiaçıya elan (təqdim) edilmiş sayılır. Məhkəmə qeyd edir ki, qərarın asan imza ilə imzalanmaması səbəbindən həmin qərarın təqdim edilməməsi ilə bağlı yanaşma qəbul edilməzdir ona görə ki, əgər iddiaçı həmin qərarın (inzibait aktın) lazımı qaydada imzalanmamasını iddia edirsə, o zaman qərarın ləğv edilməsini deyil, etibarsızlığının tanınması barədə iddia qaldırmalı idi. İddiaçının mübahisələndirdiyi qərarın ləğv edilməsi tələbini irəli sürməsi, onun hüquqi nəticələrini qəbul edilməsi anlamına gəlir ki, elektron kabinet vasitəsi ilə təqdim edilmiş həmin qərarın imzalanmaması əsası ilə təqdim edilməməsi barədə gəidiyi nəticə ziddiyət təşkil edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1 və 65.1.3cü maddələrinə görə, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respubikası Ali Məhkəməsini bu məsələ ilə bağlı formalaşdırdığı vahid təcrübənin olması da nəzərə alınmaqla, vergi ödəyicisinin elektron kabinetə yerləşdirdiyi qərar (inzibati akt) rəsmi qaydada təqdim edilmiş hesab olunmalıdır. Nəticə etibarı ilə iddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilmısi üçün 7 aydan sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. İddiaçı məhkəməyə göndərdiyi vəsatətində bu hüquqi mövqe ilə razı olmadığı təqdirdə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə müddətin bərpası üçün əsaslar müəyyən etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən oxunmuşdur. iddiaçı hüquqi şəxs olmaqla işçilər, nümayəndə və vəkillə təmsil olunur və düzgün iddia növü ilə vaxtında məhkəməyə müraciət etməməyin riskini özü daşıyır. Elektron kabinetə nəzarət etmək iddiaçının vəzifəsidir və vergi orqanı ilə yazışmalar, şikayətlər, müraciətlər, elektron bəyannamələrin təqdim edilməsi elektron kabinet vasitəsi ilə həyata keçirilir. Qeyd edilən məsələ iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov