Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14200/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 21 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2032 nömrəli qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 59562,65 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********2032 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini bu özünəməxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Başqa sözlə, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Lakin cavabdeh iddiaçının operativ vergi nəzarəti tədbirindən öncə həyata keçirilmiş əməliyyatlara müdaxilə edərək qanunvericiliklə müəyyən olunmuş normaların tələblərini pozmuşdur. Qeyd olunanlarla bağlı formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Bundan başqa, iddiaçı tərəfindən satış əməliyyatları nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirilmiş, qanunla müəyyən olunmuş vergilər dövlət büdcəsinə ödənilmişdir. Nəzarət tədbiri zamanı müəssisənin adından nümayəndə yanlış şəkildə izahat təqdim etmişdir ki, guya həmin mallar topdansatış qaydasında satılmışdır. Həmin şəxsin isə belə bir səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən pərakəndə qaydada fəaliyyətin həyata keçirilməsinə xx.xx.2021-ci il tarixdə VS43217A51325 nömrəli nəzarət kassa aparatını qeydiyyata alan vergi orqanı özü imkan yaratmışdır. xx.xx.2022-ci il tarixdən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə edilən dəyişikliklə bağlı isə müəssisəyə hər hansı xəbərdaredici məlumat təqdim edilməmiş, həmçinin NKA-nın uçotdan çıxarımasına dair hər hansı addım atılmamışdır. Əlavə olunan dəyişiklik isə malların pərakəndə qaydada satılması reallığını dəyişdirmir. Qeyd olunan malların topdansatış qaydada satılmasına dair hər hansı sübut mövcud deyildir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, uçot-baza məlumatlarına əsasən, İddiaçı MMCnin (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı və operativ vergi nəzarəti tədbiri keçirilən tarixə aktiv 2 (iki) obyekti olduğu müəyyən edilmişdir. Təsərrüfat subyektinin anbar olmasına baxmayaraq oradan NKA ilə satış həyata keçirilməsi vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və Vergi Məcəlləsinin 50.2- ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə əsas olmuş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********8078 nömrəli və xx.xx.2023-cü il tarixli **********9514 nömrəli qərarla operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. Baş İdarənin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8078 nömrəli və xx.xx.2023-cü il tarixli **********9514 nömrəli qərarı əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 356.346,4 manat məbləğində mal qalığının olduğu, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 595.626,45 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 001864 nömrəli akt tərtib edilmiş, həmin akt İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və aktın bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01,06.2023-cü il tarixli **********2032 nömrəli qərarı ilə iddiaçıya 59.562,65 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 Baş İdarəyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd etmişdir ki, “...Qeyd edilən ünvanda anbarda olan mallar MMC-yə məxsusdur. MMC tərəfindən mallar üzərinə 5 faiz ticarət əlavəsi qoyulmaqla satılır. MMC-nin iş vaxtı 09:00-dan 18:00-dək olur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bibiheybət d/y stansiyasının cənubu, Lökbatan- Xocahəsən yolunun cənub şərq hissəsi ünvanında yerləşən anbarın icarə müqaviləsinə xitam verilmişdir”. Keçirilmiş operativ vergi nəzarəti zamanı 2 (iki) anbar üzrə cəmi 356 346,4 manat mal qalığı aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində İddiaçı ümumi idxalı 847 082,22 manat, e-qaimə ilə satışı isə 10 504,25 manat (5% ticarət əlavəsi daxil) təşkil etmişdir. İddiaçı təsərrüfat subyektləri malların pərakəndə satışı üçün yararsız yerdə yerləşmiş, anbar kimi fəaliyyət göstərmiş və malların satışı həyata keçirilən zaman ayrıayrı vergi ödəyicilərinə e-qaimə təqdim etməli olduğu halda satılmış malları nəzarət kassa aparatı ilə rəsmiləşdirilmişdir. Maliyyə sanksiyasının hesablama qaydası aşağıdakı kimidir: 847 082,22 manat (idxal olunan mal) - 10 004,04 manat (e-qaimə ilə təqdim edilmiş 10 504,25 manat dəyərində mallardan 5% ticarət əlavəsi çıxılmaqla) - 356 346,4 manat (anbarında aşkar olan mal qalığı) = 480 731,78 manat x 1,05 (5% ticarət əlavəsi) x 1,18 (ƏDV) = 595 626,67 manat x 0,10 (10% maliyyə sanksiyası) = 59 562,66 manat. Qeyd edilməlidir ki, Vergi Məcəlləsində əksini tapmış normalarda operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Vergi Məcəlləsinin hər hansı müddəasında operativ vergi nəzarətinin tətbiq dairəsi ilə bağlı zaman məhdudiyyəti nəzərdə tutulmamışdır. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Məcəllədə nəzarət-kassa aparatının quraşdırılmasının obyektin fəaliyyətinin topdansatış və ya pərakəndə olubolmaması ilə əlaqələndirilməsi barədə heç bir müddəa əks olunmamışdır. Vergi ödəyicisinin bu hüququnun həyata keçirilməsi ilə bağlı vergi orqanı vəzifə daşıyır və həyata keçirilməsindən imtina üçün əsaslar məcəllə ilə müəyyən edilməmişdir. Xəbərdaredici məlumatın göndərilməsi fikri ilə bağlı bildirilir ki, cavabdehin belə bir öhdəliyin təsbit edilməməsi ilə yanaşı, vergi ödəyicisinin özünün NKA-nın uçotdan çıxarılması ilə bağlı heç bir təşəbbüsü olmamışdır. Aydın məsələdir ki, vergi ödəyicisi bu halı sadəcə olaraq görməzdən gəlməklə kifayətlənmişdir. Həmçinin, qanunvericiliyə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Yuxarıda da qeyd olunduğu kimi, operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin “anbar” olması faktı məsuliyyət qərarının qəbul edilməsinə əsas olmuşdur, belə ki, anbardan pərakəndə satışın həyata keçirilməsi Vergi Məcəlləsinin 58.13 maddəsi ilə qadağan olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2023-ci il tarixli **********8078 saylı və xx.xx.2023-cü il tarixli **********9514 saylı Qərarları əsasında İddiaçı MMC-yə məxsus təsərrüfat obyektlərində operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində müvafiq aktlar tərtib olunmuş və nəticəsi üzrə xx.xx.2023-cü il tarixli **********2032 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Həmin Qərarla iddiaçı barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 59562,65 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (operativ vergi yoxlaması keçirilən zaman qüvvədə olan redaksiya): Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. ... 50.6 Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərarlar qəbul etmişdir. Operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər (hazırkı halda yoxlanılan dövrün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddəti əhatə etdiyi) göstərilir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, operativ vergi yoxlamalarının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddəti əhatə etməsinə baxmayaraq, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edir ki, vergi ödəyicilərinə münasibətdə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamalarının keçirilməsi zamanı vergi orqanları qanunauyğun və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları da aydınlaşdırmağa borcludurlar. Belə ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu tələb həmçinin “İnzibati icraat haqqında Qanunun 24.2-cü maddəsində də təsbit olunmuşdur. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, qanunvericiliklə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir. Həmçinin malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına keçmiş dövrün yoxlanılması ilə bağlı digər alternativ imkanlar nəzərdə tutur (növbəti və ya növbədən kənar səyyar vergi yoxlaması, kameral vergi yoxlaması). Operativ vergi nəzarəti isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan tələblərə cari vəziyyətdə riayət olunmasının müəyyən edilməsi məqsədlərinə xidmət edir Eyni zamanda, Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanını nəzərdə tutan hər hansı norma da nəzərdə tutulmamışdır. Belə ki, VM-nin 50.3-cü maddəsində təsbit edilmişdir ki, operativ vergi nəzarətinin keçirilməsinə dair qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələlər, operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilməlidir. Göründüyü kim qanunverici operativ vergi nəzarəti zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Bu halın, vergi orqanının xeyrinə şərh olunması VM-nin 3.11-ci maddəsinin müddəalarına görə də mümkün deyildir. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir. Bu hal isə operativ vergi nəzarətinin mahiyyətinə ziddir. Digər tərəfdən, operativ vergi yoxlamasının cari fəaliyyətin qiymətləndirilməsi ilə məhdudlaşdırılması vergi orqanının hüquqlarını pozmur. Belə ki, vergi orqanı səyyar və kameral yoxlamanı keçirməklə qeyd edilən məsələlərə iddiaçı tərəfindən riayət edilməsini keçmiş dövr üçün yoxlamaq imkanından da məhrum olmur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2032 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2032 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-14200/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14200/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver