Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14205/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul təminatı və əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı tarixdən Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etdiyinə görə aldığı sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqini birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etməklə hakimi vəzifəsində işləmişdir. xx.xx.2009-cu ildə pensiyayaşı çatdığı üçün pensiyaya çıxmışdır. Məhkəmə sədri vəzifəsini icra etdiyi Gədəbəy rayon Məhkəməsinin yerləşdiyin Gədəbəy şəhəri dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşdiyi üçün onun yəzifə maaşı 1,2 əmsal (və ya 20%) tətbiq edilməklə hesablanmalıdır. Yəni, Ali Məhkəmə sədrinin vəzifə maaşının 70% və həmin 70% məbləğin 1,2 (və ya 20%) əmsalının cəmi onun vəzifə maaşını təşkil etdiyindən, pensiyasının məbləği həmin vəzifə maaşına uyğun olaraq təyin edilməli və pensiyasına sonradan edilən əlavə və artımlar da həmin məbləğə nisbətdə yenidən hesablanmalıdır.
3. Əmək pensiyasının yenidən hesablanmasından imtinada bildirilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10 1. 1.0.2, 1 0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haaatnda” Qanunun 1.0.1, 1.0 2. 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Qeyd olunanları nəzərə alaraq, müraciətinizdə göstərdiyiniz əlavələr pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində mövcud olmadığından, yəni sizə ödənilmədiyindən həmin əlavənin əmək pensiyanıza tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona 20 fevral 2009-cu il tarixdən Fondun Lənkəran rayon şöbəsi tərəfindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçının cavabdehə 17 noyabr 2022-ci il tarixdə daxil olmuş müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə əlavəsi 259,88 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 346,50 manat olmaqla orta aylıq əmək haqqı 2338,88 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 1 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2338,88 manat) 80 faizi -1871,10 manat məbləğində hesablanmalı olduğu halda, 3328,51 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 49551,94 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi məlum olmuşdur. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə əlavəsi 372,75 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 497,00 manat olmaqla orta aylıq əmək haqqı məbləği 3354,75 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 1 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqı (3354,75 manat) 80 faizi - 2683,80 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 3328,51 manat məbləğində pul vəsaiti ödənilib. Buna görə də iddiaçıya həmin dövr üzrə (xx.xx.2022-xx.xx.2022-ci il) ümumilikdə 3223,55 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaitinin ödənişi 17 noyabr 2022-ci il tarixdə daxil olan müraciətindən 3 il geriyə dövr üzrə məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 49083,38 manat məbləğində artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 2952,18 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3386,15 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində maddi yardım üzrə iddiaçıya 1196,80 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin məbləğ xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Daha sonra iddiaçı 15 avqust 2023-cü il tarixli ikinci ərizəsi ilə cavabdehə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərdiyi əlavələr pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində mövcud olmadığından, yəni ona ödənilmədiyindən, həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
5. İddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.201982-ci il tarixdən xx.xx.2087-ci il tarixədək hakim vəzifəsində işləmişdir. xx.xx.2009-cu il il tarixdən Fondun Lənkəran rayon şöbəsi tərəfindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. Məhkəmənin mövqeyi
12. İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuş, xx.xx.201982-ci il tarixdən xx.xx.2087-ci il tarixədək hakim vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən pensiyaya çıxmışdır.
13. İddiaçının tələbi hüququnun yarandığı tarixdən Gədəbəy Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra etdiyinə görə aldığı sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla onun pensiyasını yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqini birdəfəlik olaraq ona ödənilməsidir.
14. Bununla bağlı məhkəmə qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
15. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
16. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
17. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında “Əmək pensiyaları haqqında” Qanunun digər müddəaları ilə yanaşı 20-ci maddəsində nəzərdə tutulan “sonrakı artımlar” müddəasına, habelə 1.0.2-ci maddəsinə şərh verilmişdir.
18. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zamanda “sonrakı artımlar”dan bəhs olunur.
19. İddia tələbində sədr vəzifə maaşı əsas götürülməklə, həmin maaşa uyğun olaraq hakimlik stajına görə əlavə, yüksəkliyə görə vəzifə maaşına əlavə, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği tələbi olduğundan, Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının müddəaları da həmin tələblərlə bağlı mübahisəyə tətbiq edilməlidir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
22. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1 sentyabr 2019-cu il tarixdən qüvvəyə minmiş 106-cı maddəsinin yeni redaksiyasına əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Həmçinin həmin Qanunun 1 sentyabr 2019-cu ildən qüvvəyə minmiş 107-ci maddəsinə görə hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
23. İddia tələbində qeyd edilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və hakim məzuniyyətə çıxarkən ona ödənilən məzuniyyət haqqı yalnız o vaxt əmək pensiyasına əlavə ödəniş kimi hesablana bilər ki, iddiaçı hakim kimi işlədiyi 2 sentyabr 2000-ci il tarixədək bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və məzuniyyət haqqını almış olsun.
24. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələrin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir.
25. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva