Məhkəmə qərarları › İş №e-2-1(112)-14220/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14220/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14220/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzili üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MTK (bundan sonra - üçüncü şəxs) məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs arasında əldə olunan razılaşma əsasında sonuncunun mülkiyyətində olan ünvan 1 ünvandakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzil iddiaçı tərəfindən satın alınmış, mənzilin haqqı tam şəkildə MTK-ya ödənilmişdir. Belə ki, sözügedən mənzili ala bilmək üçün iddiaçı ilə "xxxx" ASC arasında 08 oktyabr 2002-ci il tarixində 1159 saylı əmanət hesabı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı bankda əmanət hesabı açaraq bu hesaba aylıq 110 ABŞ dolları məbləğində ödənişləri təmin etmiş, həmin ödənişləri təmin edərək bank tərəfindən verilmiş dividentlərlə birlikdə əmanət hesabının qalığı 8800 ABŞ dolları təşkil etdikdə bank iddiaçıya mənzil almaq məqsədilə əlavə olaraq 8800 ABŞ dolları məbləğində kredit vermişdir. Qeyd olunan yaşayış binasındakı mənzillər tam hazır şəkildə istifadəyə yararlı hala gəldikdən sonra iddiaçı həmin mənzilə köçmüşdür. Bu günədək də həmin mənzil şəxsin mülkiyyətində olmaqla orada yaşamaqdadır. Lakin tərəflər arasında olan alqı-satqı münasibəti müqavilə əsasında rəsmiləşdirilməmiş, bu barədə üçüncü şəxsə dəfələrlə müraciət olunsa da, o, bu öhdəlikdən yayınmış, müqavilə bağlamaqdan boyun qaçırmışdır. Buna görə də iddiaçının hələ də sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüquqları tam şəkildə təsdiq olunmur və şəxs faktiki olaraq həmin mənzilin sahibi olsa da, formal şəkildə mülkiyyətçi hesab oluna bilməmişdir. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, 2(006)-1581/2024 saylı qətnaməsinə əsasən mənzilin alqısatqısına dair müqavilə bağlanmış hesab edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilənin təqdim olunması məqsədəuyğundur. Həmçinin, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1581/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehə rəsmi daxil olmamış, qətnamə ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamış və cavabdeh iş üzrə tərəf olmamışdır. Cavabdehə və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət komissiyasının aktı əlavə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2002-ci il tarixli, 1159 saylı əmanət hesabının müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC-də əmanət hesabı açaraq bu hesaba aylıq 110 ABŞ dolları məbləğində ödənişləri təmin etmiş, həmin ödənişləri təmin edərək bank tərəfindən verilmiş dividentlərlə birlikdə əmanət hesabının qalığı 8800 ABŞ dolları təşkil etdikdə bank iddiaçıya mənzil almaq məqsədiylə əlavə olaraq 8800 ABŞ dolları məbləğində kredit vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1581/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının üçüncü şəxsə qarşı "müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair" iddiasının təmin edilməsi, iddiaçı ilə üçüncü şəxs arasında ünvan 3 ünvandakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1581/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı bildirilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 17 ünvnanında yerləşən çoxmərtəbəli yaşayış binasının xx.xx.2006-cı il tarixdə "xxxx" MTK-nın adına qeydiyyatdan keçməsi və sözügedən çoxmərtəbəli yaşayış binasında yerləşən daşınmaz əmlakların müxtəlif vaxtlarda özgəninkiləşdirilməsi bildirilmiş və Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 17, 16 saylı mənzilin ilkin baxış aktı məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən sözügedən mənzil faktiki 3 otaqlıdır və yaşayış sahəsi 67.1 kv.m, ümumi sahəsi isə 114.8 kv.m təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.4 və 139-1.1.6) . “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.4 və 8.0.6). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qanuni sahibliyində və istifadəsində olan ünvan 1 ünvanındakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasını o təşkil edir ki, sözügedən yaşayış binası üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin binadakı 16 saylı mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1581/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehə rəsmi daxil olmamış, qətnamə ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamış və cavabdeh iş üzrə tərəf olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab ki, cavabdehin qeyd etdiyi hallar formal xarakterə malikdir və iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1581/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh “ABU PARK" MTK arasında ünvan 1 ünvanındakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilən qanunvericiliyin müvafiq tələblərindən də göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, iddiaçı və üçüncü şəxs arasında sözügedən mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda iddiaçı həmin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, qanunvericilikdə MTK-lardan mənzillərin əldə edilməsinin müvafiq prosedurları müəyyən edilmişdir. Həmin prosedurlar MTK üzvlüyünə qəbul edilmə, yaşayış sahəsi ilə bağlı şəxslə MTK arasında müqavilənin bağlanması, yaşayış sahəsinin dəyərinin ödənilməsi və MTK üzvlərinin ümumi yığıncağının qərarına əsasən yaşayış sahəsinin şəxsə təqdim edilməsidir. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında qeyd edilən prosedurlara riayət edilməsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onlar arasında mənzilin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yuxarıda qeyd edilən prosedurları əvəz edən sənəd kimi çıxış etmiş olur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının ünvan 1 ünvanındakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanındakı 14 mərtəbəli, 2 girişli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 16 saylı, 136,1 kvadrat metrdən ibarət olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar