Məhkəmə qərarları › İş №e-2-1(112)-14249/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14249/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(112)-14249/2025 23.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddia ərzisəi ilə məhkəməyə müraciət edərək Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” ## ###### 1990-cı il tarixli, **/** nömrəli qərarı ilə ayrılmış 600,0 kv.m torpaq sahəsinin planölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsinin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” ## ###### 1990-cı il tarixli, **/** nömrəli qərarı ilə Qobustan qəsəbəsi, Salyan yolu **a nömrəli ev, * nömrəli mənzildə yaşayan 6 nəfərdən ibarət ailə üzvü olan 1983-cü ildən mənzil növbəsində dayanan X1 fərdi yaşayış evi tikdirməsi üçün Qobustan qəsəbəsində 4-cü massivdən 600 kv.m həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin sərəncamda texniki səhv olaraq, iddiaçının adı Əlişax, ata adı isə Şahbala kimi qeyd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli, **/** nömrəli “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının ərizəçi İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə iddiaçıya verilməmişdir. Hazırd torpağa dair sənədləşdirmə işləri aparmaq niyyəti olduğundan, planölçü sxeminin olması zəruridir. Çünki sənədləşmə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə sənədləri təqdim edərkən bildirilib ki, Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” ## ###### 1990-cı il tarixli, **/** nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsinin tərəfimizdən göstərilən torpaq sahəsinə aid olmasını dəqiqləşdirmək mümkün olmadığından sənədlərin qəbulundan imtina edildi. Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində” ## ###### 1990-cı il tarixli, **/** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair Qaradağ Rayon İcra Hakimiyyətinə edilən müraciətə cavab olaraq, bildirilib ki, «Sizin, torpaq sahəsinə yerləşmə cizgisinin verilməsinə köməklik göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd edirik ki, təqdim etdiyiniz sənədlərə baxış zamanı məlum olmuşdur ki, Qaradağ Rayon XDS İk-nin ##.##.1990-cı il tarixli, **/** nömrəli qərarı ilə sizə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bildidirik ki, torpaq sahəsinin ərizənizə əlavə edilən peykdən görüntüsünə baxarkən istifadənizdə 1269 kv.m. sahənin olduğu müəyyən edilmişdir. Bu isə sərəncamda göstərilən sahədən (600 kv.m.) əhəmiyyətli dərəcədə fərqlidir. Nəticədə sərəncamın həmin torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək çətinlik yaradır Nəzərinizə çatdırırıq ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (.naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. İddiaçı, Qaradağ Rayon İcra Hakimiyyətinə qanuni əsaslarla verilmiş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair müraciət etmişdir. İcra Hakimiyyəti isə müraciətə formal cavabla münasibət bildirmişdir. İddiaçı faktiki olaraq özünə məxsus və istifadəsində olan 600 kv.m torpağa dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi ilə bağlı müraciət etmişdir və Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin imtinasını əsassız hesab edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə baxış zamanı məlum olmuşdur ki, Qaradağ rayon XDS İK-nin ##.##.1990-cı il tarixli, **/** nömrəli qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bildirilir ki, torpaq sahəsinin iddiaçının ərizəsinə əlavə edilən peykdən görüntüsünə baxarkən iddiaçının istifadəsində 1269 kv.m sahənin olduğu müəyyən edilmişdir. Bu isə sərəncamda göstərilən sahədən (600 kv.m) əhəmiyyətli dərəcədə fərqlidir. Nəticədə sərəncamın həmin torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək çətinlik yaradır. İddiaçının nəzərinə çatdırılır ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. BU isə verilmiş sərəncamın quvvəyə minməsi üçün əsas hesab olunur. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Əlavə olaraq izah edilir ki, qanunla müəyyən edilmiş mülkiyyət istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli, **/** nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.metr topaq sahəsinə plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. İlk öncə qeyd edilir ki, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” Azneft İstehsalat Birliyinin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşibyerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə mütəxəssis rəyi alınması üçün müraciət edilməlidir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsü 1269 kv.m təşkil edir, lakin müvafiq sərəncamda həmin ölçülər 600 kv.m təşkil edir və bu hal da həmin torpaq sahəsinin yerləşdiyi sahənin müəyyən edilməsində çətinlik yaradır. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) ve xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Məhkəmənin nəzərinə çatdırılır ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgiplan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Hüquqi əsaslar: "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin ve icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibatiərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Qaradağ Rayon İcra Hakimiyyətinin əvvəllər ayırdığı torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azerbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Qaradağ Rayon X2nin İcraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli, **/** nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.metr topaq sahəsinə plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Tərəflərin iştirakı və izahatları İddiaçının nümayəndəsi qismində vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tədqiq edilən sübutlar və faktiki hallar: Qaradağ Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli **/** nömrəli qərarına əsasən Qobustan qəsəbəsi, Salyan yolu, **a nömrəli ev, * nömrəli mənzildə yaşayan 6 nəfərdən ibarət ailə üzvü olan 1983-cü ildən mənzil növbəsində dayanan X1 fərdi yaşayış evi tikdirməsi üçün Qobustan qəsəbəsində 4-cü massivdən 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən ərizə təmin edilmişdir. Bakı şəhəri Qaradağ rayon X2 İcraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli, **/** nömrəli “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arayışa əsasən ərizəçi İddiaçı maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Faktiki sahə 0.06 ha təşkil edir. Üzərində birmərtəbəli tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Qobustan ƏŞ). Həmçinin sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sözügedən sahə üzərindəki tikili barədə bazada məlumat aşkar edilməmişdir. Eyni zamanda üst-üstə düşmə halı yoxdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından həmin 600 kv.m hissəsinin hansı hissədə olması qərara əsasən müəyyən edilmir. İddiaçı İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə qərarla birlikdə vətəndaşa təqdim edilməmişdir. Torpaq sahəsi hazırda Qaradağ rayonunun inzibati ərazi vahidində yerləşir. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Qaradağ rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli **/** nömrəli Qərar qüvvədədir, ləğv olunmayıb. Müvafiq qərarın iddiaçı İddiaçı məxsus olması faktı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli Qətnaməsi ilə təsdiq olunmuşdur. Odur ki, icra olunmalı və torpaqayırma tamamlanmalıdır. Məhkəmə eyni zamanda nəzərə alır ki, mübahisələndirilən torpaq sahəsi naturada təhvil verildiyi vaxdan hazıradək iddiaçı İddiaçı faktiki istifadəsindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Faktiki sahə 0.06 ha təşkil edir. Sözügedən sahə üzərindəki tikili barədə bazada məlumat aşkar edilməmişdir. Eyni zamanda üst-üstə düşmə halı yoxdur Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bələdiyyə, xüsusi. Torpaq sahəsinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən Əsasnaməyə əsasən: 1.Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.

5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.

6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.

7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Qaradağ rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli **/** nömrəli Qərarı qüvvədə olduğundan, torpaq sahəsinə dair digər şəxslərin hər hansı tələbi olmadığından və torpaq sahəsi iddiaçının faktiki istifadəsində olduğundan iddia təmin edilməlidir. Torpaq sahəsi hazırda Qaradağ rayonun inzibati ərazisində yerləşdiyindən həmin qərarına əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 4-cü massivdə ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qaradağ rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli **/** saylı Qərarına əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 4-cü massivdə ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar