Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1428/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür. ГЛ 089880 № li Hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985ci ilədək hərbi xidmətdə olmuşdur. PБ 040141 №-li diploma əsasən iddiaçı 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1989-cu ildə Hidrogeologiya və Mühəndis geologiya ixtisası üzrə tam kursunu bitirmişdir. ИТ-İ ******* № li Əmək Kitabçasının surətinə əsasən iddiaçı: xx.xx.1990-cu ildən xx.xx.1991-ci ilədək “X9-Qaz Sənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X5 İdarəsində 1-ci kateqoriyalı geoloq vəzifəsində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək “Xəzərdənizneft” X6 4-cü dərəcəli qazmaçı köməkçisi işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək “Xəzər-5” X6 1-ci kateqoriyalı geoloq vəzifəsində işləmişdir. xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək “Şelf-3” X6 1-ci kateqoriyalı geoloq vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək “Xəzər-5” X6 3-cü dərəcəli laborant kollektor peşəsində işləmişdir. xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək “Xəzər-5” X6 12-ci dərəcəli geoloq vəzifəsində işləmişdir. xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azəri qazma şöbəsində geoloq vəzifəsində işləmişdir. xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək BP Exploration (Caspian Sea) LTD Azəri qazma şöbəsində geoloq vəzifəsində işləmişdir. xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək Azəri geologiya geofizika şöbəsində geoloq vəzifəsində işləmişdir. xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində geoloq vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq ARDNŞnin ofisində Geologiya və geofizika şöbəsinin böyük mühəndis vəzifəsində işləmişdir. xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək “X7 Company Limited” şirkətinin AR filialına direktor müavini vəzifəsində işləmişdir. xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək SOCAR X1 Məhdud Məsuliyyətli Cəmiyyəti Layihə meneceri vəzifəsində işləmişdir. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “X3” şirkətinin AR filialının geologiya işləri üzrə növbətçi vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filala təqdim etdiyiniz əmək kitabçanızda və “BP Exploration Limited” şirkətinin sizə dair 4 avqust 2020-ci il tarixli arayışında 17.011997xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şirkətin “Azəri qazma şöbəsi”ndə və “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli SOCAR**********0020123X00198 nömrəli arayışında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində geoloq vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda geoloq vəzifəsində işlədiyiniz dövrdə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyalarında və dəstələrində işləyib-işləməməyiniz barədə hər hansı məlumat göstərilməmişdir. İddia tələbi və tələbin əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə 52 yaşından ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilədək onun 20 illik ümumi stajı, 10 illik güzəştli stajı vardır. Məhz bunun əsasında onun 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Buna görə də o, Azərbyacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin idarənin 3-17-1/2-H-55000/2023 saylı məktubu ilə onun müraciəti həll olunmamışdır. Hesab edir ki, cavabdeh orqan tərəfindən onun hüquqları pozulmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına BP Exploration (Caspian Sea) Limited şirkətinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixədək geoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Socar şirkətinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək geoloq, qazmaçı köməkçisi, laborant kollektor vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndinin (X) qazma bölməsində (1) Rəhbərlər və mütəxəssislər yarımbölməsində (b) bəndinin 1100000b- 17541 kodu üzrə müvafiq olaraq quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi arayışlarından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək geoloq peşəsində işləmişdir. Lakin sözügedən arayışlarda iddiaçının geoloq vəzifəsində işlədiyi dövrdə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyalarında və dəstələrində işləyib-işləməməyi barədə hər hansı məlumat göstərilməmişdir. İddiaçının təqdim etdiyi güzəştli arayış sözügedən Qaydanın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmiş, lazımi məlumatları arayışda qeyd edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş BP Exploration (Caspian Sea) Limited şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının xx.xx.1997ci il tarixdən xx.xx.2008-ci il tarixədək geoloq vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, iddiaçının geoloq vəzifəsində işlədiyi müddət ərzində iş vaxtının çox hissəsinin bilavasitə ofis şəraitində olduğu sözügedən arayış əsasında müəyyən edilmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan xx.xx.2006-cı il tarixədək 10 il güzəştli iş stajı olmadığından ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun güzəştli iş stajı olmadığına görə müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtnası əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X2 haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən maddələrin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; Azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş və xx.xx.2017-ci il tarixdə (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunvericiliklə tələb olunan 20 il ümumi stajı da cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı hərbi xidmət dövrü və təhsil aldığı dövr nəzərə alınmaqla ümumi iş stajı 20 ildən artıqdır. Hazırkı işin mübahisəli halı iddiaçının 10 il xüsusi (güzəştli) stajının olmasıdır. İddiaçının xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il və xx.xx.1997xx.xx.1997-ci işlədiyi dövrlər cavabdeh tərəfindən mübahisələndirilir və cavabdeh hesab edir ki, iddiaçının təqdim etdiyi arayışlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə göstərilən geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyalarında və dəstələrində işləyib-işləməməsi barədə hər hansı məlumat göstərilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-dan məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçının işlədiyi xx.xx.1990-xx.xx.1997-ci illərdə 07 il 1 ay 29 gün ümumi, 05 il 05 ay 29 gün güzəştli iş stajı vardır. Həmçinin BP Eksploreşn (Kaspian Si) ltd. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 20 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, BP Eksploreşn (Kaspian Si) ltd. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sabiq işçisi İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu ilədək Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “Azəri qazma şöbəsində Geoloq” vəzifəsində işləyib. xx.xx.1999-cu ildən şirkətin təşkilatı formasının dəyişməsi ilə əlaqədar BP Exploration (Caspian Sea) Ltd. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə keçirilib və orada “Azəri qazma şöbəsinə Geoloq” vəzifəsində keçirmə yolu ilə qəbul edilir. xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək “Azəri geologiya-geofizika şöbəsində Geoloq” vəzifəsində işləyib. xx.xx.2008-ci ildə öz xahişi ilə işdən azad edilib. İddiaçı Şirkətdə geoloq vəzifəsində işlədiyi müddət ərzində onun işin çox hissəsi (vaxtı) bilavasitə ofis şəraitində olduğunu nəzərə alaraq işlədiyi dövr güzəştli iş stajı hesab edilə bilməz. İddiaçı şirkətdə işlədiyi müddət ərzində ümumilikdə 120 gün müddətində dəniz platformalarında qazma və geofiziki tədqiqatların aparılması üçün dəniz platformalarına ezam edilirdi. Göründüyü kimi iş materialllarına əsasən müəyyən edilir ki, iddiaçının güzəştli iş stajı 10 ildən azdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçıya güzəştli stajı qanunvericiliyin tələblərinə əsasən 10 ildən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1428/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1428/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver