Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14303/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin-cavabının əsassız olması və ona 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə İsmayıllı rayonunun İsmayıllı şəhərində anadan olmuşdur. xx.xx.2017-ci ildə İran İslam Respublikasında total mastoektomiya diaqnozu ilə cərrahi əməliyyata məruz qalmış, xx.xx.2017-ci ildən MOM-də 8 kimyaterapiya və ardınca 2 ay şüa müalicəsi qəbul etmişdir. 2-ci kimyaterapiyadan sonra şəkər xəstəliyinə tutulmuşdur. xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Tibbi Sosial Ekspertiza Müayinəsinə əsasən iddiaçıya ikinci dərəcəli əlilllik müəyyən edilmişdir. 2022-ci ilin sentyabrın sonundan xx.xx.2023-cü ilədək bir çox müayinələrə göndərilməklə, əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi üçün sənədləri hazırlayıb komissiyaya təqdim etmiş, xərçəng xəstəliyi ilə yanaşı, diabetik polineyropatiya, diabetik retinopatiya və digər yanaşı xəstəliklərlə bağlı komissiyaya sənədlər təqdim etmişdir. Hətta diğər xəstəliklər nəticəsində ona 1 qrup əlillik dərəcəsi verilməli idi. Təkrar müayinənin nəticəsinə əsasən əsassız olaraq iddiaçıya orqanizmin funksiyalarının 50% pozulması ilə bir illik müddətə üçüncü dərəcəli əlillik verilmişdir. İddiaçı 2017-ci ildən həmin diaqnoz ilə 2-ci dərəcəli əlil hesab olunduğundan AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş meyarlar ona aid edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Süd vəzisinin yuxarı-bayır kvadrantının, Sol süd vəzinin Cr-i, mərhələ İİB. ypT2N1M0. Kompleks müalicədən sonrakı vəziyyət.; Meyar: Yenitörəmələr => Süd vəzinin bədxassəli yenitörəməsi => Mastektomiyadan sonra kimyəvi dərman müalicəsi və ya şüa terapiyası” səbəbi ilə (orqanizmin funksiyalarının 50 % pozulması) 1 il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından və cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAC24 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, vətəndaşa dair rəsmiləşdirilən 0108003AAC24 nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. Narazı qalan İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2017-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı bərpa edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən L00066546AZD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2023-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş orqanizmin funksiyalarının 50 faiz pozulması barədə əlilliklə razılaşmayaraq, ona ikinci dərəcə əlilliyin təyin edilməsini, yəni orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməklə əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı əgər onun barəsində orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməklə yeni, daha əlverişli bir inzibati aktın qəbul edilməsini tələb edirsə, onun bu iddiası məcburetmə haqqında iddia növünə uyğun gəlir. Belə ki, iddiaçıya təyin edilən əlilliyin dərəcəsinin (orqanizmin funksiyalarının pozulması faizinin) müəyyən edilməsi ona əlillik təyin edilməsi barədə inzibati aktın məzmununu tamamlayan müddəa olmaqla, ayrıla bilməyən müddəadır. Çünki iddiaçıya əlilliyin təyini birbaşa həmin müddəadan asılıdır, yəni iddiaçıya həmin əlillik ona görə təyin edilmişdir ki, onun orqanizmin funksiyalarının 61-80 faiz deyil, məhz 50 faiz pozulması aşkar olunmuşdur. Buna görə də iddiaçı ona əlilliyin təyin edilməsi ilə birbaşa əlaqədar olan bu qərarın müddəasını, ayrıca mübahisələndirmə haqqında iddia ilə mübahisələndirə bilməz. Bunun üçün iddiaçı arzuladığı məqsədə uyğun yeni bir inzibati aktın qəbul edilməsi barədə məcburetmə haqqında iddia qaldırmalıdır, hansı ki, iddiaçı hazırda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işdən görünür ki, iddiaçı ona ikinci dərəcə əlillik təyin edilməsi, yəni orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz qiymətləndirilməsi ilə bağlı məhkəməyə qədər cavabdeh orqana müraciət etməmişdir. Halbuki İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, inzibati prosessual qanunvericilik məhkəmədə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə haqqında iddia qaldırılması üçün ilk öncə inzibati orqana müraciət edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İşdən görünür ki, iddiaçının cavabdehə yeganə müraciəti xx.xx.2023-cü il tarixli göndəriş olmuş, həmin göndəriş əsasında iddiaçıya üçüncü dərəcə, yəni orqanizmin funksiyalarının 50 faiz pozulması barədə əlillik təyin edilmiş, iddiaçı həmin inzibati aktla razılaşmış, ona ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı cavabdehə müvafiq göndəriş verilməklə müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Lakin işin halları ilə bu normaların tələblərinə əməl olunması, yəni iddiaçı barəsində ona ikinci dərəcə əlillik təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14303/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14303/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver