Məhkəmə qərarları › İş №e-2-1(112)-14325/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14325/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14325/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı 10 dekabr 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə vermişdir. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbinə yeni dəqiqləşmə verilərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya artıq hesablanmış 1089,04 manat məbləğində pensiyanın qanunsuz hesab edilməsi və iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili eyni zamanda ərizədə qeyd edilən 1089,04 manat məbləğin 1089,07 AZN hesab edilməsi və həmin məbləğin tələb edilməsinin qanunsuz hesab edilməsi kimi iddia tələbinin başa düşülməsi, qeyd olunan texniki səhvlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə 10 dekabr 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə barədə ərizənin icraata qəbulundan imtina edilmiş, digər ərizə texniki səhvlər də nəzərə alınmaqla icraata qəbul edilmiş iddia tələbi “cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya artıq hesablanmış 1089,07 manat məbləğində pensiyanın tələb edilməsinin qanunsuz hesab edilməsi və iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçıya təyin edilmiş əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, iddiaçı əmək pensiyaçı statusuna keçdikdən sonra işləmiş, lakin əmək pensiyası hesablanması zamanı pensiya kapitalının artımı nəzərə alınmamış, iddiaçının qulluq stajına görə əlavələr azaldılmışdır. Eyni zamanda cavabdeh tərəfindən artıq pul vəsaitinin ödənildiyi qeyd edilmiş, həmin məbləğ geri tələb edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası cari ilin may ayından etibarən 2929,04 manat müəyyən edilmiş, 04 aprel 2020-30 aprel 2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 1089,07 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının əmək pensiyası məbləği müəyyən edilərkən sığorta hissə 711,74 manat, qulluq stajına görə əlavə 1951,02 manat, maddi yardım 266,28 manat olaraq müəyyən edilmişdir. İddiaçının pensiya təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 18463,25 manat pensiya kapitalı qeydə alınmışdır. Buna uyğun olaraq da pensiyanın sığorta hissəsi 256,43 manat əlavə edilməklə 968,17 manat müəyyən edilmiş, həmin əlavəyə uyğun olaraq da qulluq stajına görə əlavə azaldılaraq 1694,59 manat müəyyən edilmişdir. Bundan əlavə Qanunun 26.4-cü maddəsinə əsasən əlavə 266,28 manat da nəzərə alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı 29 yanvar 2016-cı il tarixdən hazırkı dövrə qədər “Elmi-Tədqiqat və X1” MMC-də “Statistika xəbərləri” elmi-praktik jurnalının redaksiyasının məsul katibi vəzifəsində fasiləsiz olaraq çalışır. Əmək pensiyasının yenidən hesablanması barədə 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq 2929,04 manat olaraq müəyyən edilmişdir. Bu zaman pensiyanın sığorta hissəsi 256,43 manat əlavə edilməklə 968,17 manat müəyyən edilmiş, həmin əlavəyə uyğun olaraq da qulluq stajına görə əlavə azaldılaraq 1694,59 manat müəyyən edilmişdir. Bundan əlavə Qanunun 26.4cü maddəsinə əsasən əlavə 266,28 manat da qeyd edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, iddiaçının 30 noyabr 2015-ci il tarixdən təyin edilmiş əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Cavabdehin məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək pensiyası cari ilin may ayından etibarnə 2929,04 manat müəyyən edilmiş, 04 aprel 2020-30 aprel 2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 1089,07 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının əmək pensiyası məbləği müəyyən edilərkən sığorta hissə 711,74 manat, qulluq stajına görə əlavə 1951,02 manat, maddi yardım 266,28 manat olaraq müəyyən edilmişdir. İddiaçının pensiya təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 18463,25 manat pensiya kapitalı qeydə alınmışdır. Buna uyğun olaraq da pensiyanın sığorta hissəsi 256,43 manat əlavə edilməklə 968,17 manat müəyyən edilmiş, həmin əlavəyə uyğun olaraq da qulluq stajına görə əlavə azaldılaraq 1694,59 manat müəyyən edilmişdir. Bundan əlavə Qanunun 26.4-cü maddəsinə əsasən əlavə 266,28 manat da nəzərə alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra o, müxtəlif vəzifələridə işləmiş, işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmışdır. Cavabdeh sığorta kapitalı əsasında əmək pensiyasının yenidən hesablaması barədə qərar qəbul edərkən əmək pensiyasının sığorta hissəsində artıma uyğun olaraq qulluq stajına görə əlavə məbləği azaltmış, nəticədə iddiaçının pensiya məbləğində hər hansı dəyişiklik edilmədən sadəcə pensiyanın hesablanma qaydasında dəyişiklik edilmişdir. Belə ki, əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, hazırkı pensiya məbləği və yenidən hesablanmış pensiya məbləği arasında hər hansı riyazi fərq mövcud olmamışdır. İddiaçı hazırda bununla razılaşmır və ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını və bu zaman qulluq illərinə görə əlavənin məbləğinin azaldılmamasını xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı bu tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı). Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, iddiaçının kateqoriyasında olan şəxslər də belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, şəxsə ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır:

1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır;

2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2.-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. Məhz buna görədir ki, həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün qanunverici birbaşa olaraq əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və ya belə bir indeksləşdirmə nəticəsində yaranacaq yenidən hesablanma nəticəsində artırılmış məbləğin qulluq stajına görə əlavədən çıxılmasını təsbit etmişdir. Şəxsin qulluq stajına görə əlavəsinin məbləğinin yenidən hesablanmasının ikinci halı isə şəxsin işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqının artırılması ilə bağlıdır. İşdən görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı birinin olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. İddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcuddur. Bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək pensiyası məbləğinin hesablanması düzgün həyata keçirilmədiyindən, onun barəsində qəbul edilmiş qərar ləğv edilməli və hesablamanın aparılması yenidən həyata keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1398/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da analoji mövqedən çıxış edilmişdir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırkı qərarın 19-cu bəndinə qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixinə qədər qüvvədə olan 2-ci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır. İddiaçı xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı barədə düzgün qənaətə gəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə, hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. iddiaçının fərdi hesabında olan pensiya kapitalı əsasında onun əmək pensiyasının yenidən hesablanması, yəni iddiaçıya pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunması və hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalının qalmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin pensiyanın yenidən hesablanması barədə qərarı və həmin qərar əsasında aparılmış hesablama qanunvericiliyin tələbinə uyğun olmadığından hazırkı mübahisə yaranmışdır ki, həmin qərar ləğv olunduğundan və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) bu qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulduğundan, iddiaçıya pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyası qanunvericiliyin tələbinə uyğun qaydada yenidən hesablanmalıdır. Yəni, iddiaçının pensiyasının yenidən hesablanması barədə məhkəmə qərarının icrası zamanı iddiaçıya əlavə pensiya kapitalı lazım olmadan, məhz ona pensiya təyin edildikdən sonra işlədiyi dövrdə fərdi hesabında yığılmış və cavabdeh tərəfindən səhv hesablama nəticəsində istifadə edilmiş həmin pensiya kapitalından istifadə edilərək düzgün şəkildə hesablama aparılmalıdır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi iddiaçıya artıq hesablanmış 1089,07 manat məbləğində pensiyanın tələb edilməsinin qanunsuz hesab edilməsi hissəsində də qanuni və əsaslıdır Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən görünür ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmiş, pensiya işində hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Məhkəmə prosessual qənaət prinsipi baxımından göstərilən formada tutulmanın qanunsuz və əsassızlığını hazırkı iş üzrə cavabdeh iddia irəli sürülmədən də hazırkı mübahisə çərçivəsində qiymətləndirmək səlahiyyətindədir. Belə ki, iddia ərizəsindən görününür ki, mübahisə pul məbləğinin tutulmasının qanunsuz hesab edilibedilməməsi ilə bağlıdır ki, cavabdehin məktubunda həmin məbləğin geri qaytarılmayacağı halda tədbirlərin görülməsi barədə xəbərdarlıq da iddiaçıya ünvanlanmışdır. Məhkəmə hesab edir ki, 39.1-ci madddənin tələblərindən əlavə, məhkəmə cavabdeh tərəfindən tutulmanın ümumilikdə qanunsuz hesab edilməsinə səbəb ola biləcək digər hallara və qanunvericiliyin tələblərinə istinad etməyə haqlıdır. Bunun üçün mütləq qaydada pensiya orqanının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mütləq olaraq qiymətləndirilməli olması ilə bağlı qanunvericilik müddəası mövcud olmadığından, yəni istər hazırkı iş üzrə cavabdehin qaldırmalı olduğu artıq ödəmənin geri tələb edilməsi barədə iddia ərizəsi üzrə, istərsə də nə qədər ki tutulmanın qanunsuz hesab edilməsi tələb edilirsə hazırkı iddia üzrə həmin halın qanunsuz və əsasızlığı məhkəmə predmetini təşkil edə bilər. Bu baxımından qeyd edilməsi zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş ehtimal olunan artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilməsinin aparılmasında 67.6-cı maddədə göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, pensiyanın artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İş materiallarından da göründüyü kimi artıq ödəmənin mövcud olması cavabdehin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödəmənin artıq aparılması cavabdehin əməkdaşları tərəfindən aparılmış ehtimal olunan səhv hesablama ilə əlaqədar olmaqla iddiaçının təqsiri sferasından kənar olmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). AR İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarlar ləğv edilsin. İddiaçı artıq ödəmə adı ilə tələb edilən 1089,07 manat məbləğində pensiyanın tələb edilməsinin qanunsuz hesab edilməsi və iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar