Məhkəmə qərarları › İş №e-2-1(112)-14330/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14330/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14330/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Əmək kitabçasına əsasən, xx.xx.2025-ci il tarixə 25 ildən artıq əmək stajı və 12 il 6 ay güzəştli iş stajı vardır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuş, lakin cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli imtina məktubu göndərmiş və səbəb kimi göstərmişdir ki, iddiaçının güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bəndinin “neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” yarımbölməsinə (10.5) ancaq xx.xx.2015-ci il tarixdən sonra sözügedən sez və sahədə işlədiyi müddət – 4 il 23 gün (xx.xx.2020-xx.xx.2024 tarixləri arasındakı dövr) güzəştli iş stajı kimi nəzərə alınmışdır. Cavabdeh inzibati orqan imtina məktubunda göstərdiyi kimi, heç bir qanuni əsas olmadan xx.xx.2007-xx.xx.2008-ci illərdəki usta vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya deyil, qüvvəsini itirmiş, ən əsası “Azərneftyag” NEZ-na aidiyyəti olmayan “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı”na əsaslanmaqla güzəştli iş stajı kimi qəbul etməmişdir. xx.xx.2008-xx.xx.2020-ci illərdə 8 nömrəli sexdə sahə rəisi vəzifəsini isə ümumiyyətlə güzəştli iş stajı kimi qəbul etməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X5"nun ona dair 16 mart 2025-ci il tarixli 14-2-7/2- 306/2025 nömrəli arayışında xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 8 nömrəli çirkab suların təmizlənməsi sahəsində usta, xx.xx.2008xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sahə rəisi və rəis, xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sahə, məşəl təsərrüfatı üzrə xidmət sahəsində rəis, xx.xx.2020-ci il tarxindən bugünədək isə 10 nömrəli istehsalat, məşəl təsərrüfatı üzrə xidmət sahəsində böyük usta vəzifələrində işlədiyi qeyd olunub. Araşdırma zamanı, “Heydər Əliyev adına X5”nun 24 iyul 2007-ci il tarixli “Zərəli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı”nda sözügedən sex və sahələrdə işləyən işçilərin vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olmadığının göstərildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, İddiaçı işlədiyi çirkab suların təmizlənməsi sexinin, məşəl təsərrüfatı və məşəl təsərrüfatı üzrə xidmət sahəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5-ci bölməsində nəzərdə tutulmuş neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri sahələrindən hansına aid olması, həmçinin adıçəkilən şəxsin çalışdığı usta, böyük usta, sahə rəisi və rəis vəzifələrinin texniki-istehsalat göstəricilərinə (xüsusiyyətlərinə) görə həmin istehsalatlarda nəzərdə tutulan vəzifələrə aid olub-olmaması, eyni zamanda müəssisə tərəfindən digər şəxslərə münasibətdə onlara verilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə və peşələrə dair güzəştli arayışlar tərtib edilərkən “Heydər Əliyev adına X5"nun xx.xx.2007-ci il tarixli “Zərəli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı"nda qeyd olunan məlumatların nəzərə alınıb-alınmaması, nəzərə alınmadığı təqdirdə isə səbəbləri barədə məlumatların Mərkəzi Filiala göndərilməsi ilə bağlı aidiyyəti üzrə adıçəkilən zavoda sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, həmin Siyahının 2015-ci ildə “Azərneftyağ" X5 Heydər Əliyev adına Bakı X4 birləşdikdən sonra qüvvəsini itirdiyi, Siyahıda nəzərdə tutulan sex və sahələrdə qeyd olunan vəzifələrin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5-ci (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şisti emalı) bölməsinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verdiyi bildirilib. Buna görə də yalnız İddiaçı xx.xx.2015-ci il tarixindən sonra sözügedən sex və sahədə işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alına bilər. Eyni zamanda, iddiaçının işlədiyi sahə rəisi vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 il 23 gün (xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. A.X1 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 32 il 10 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 15 il 5 gün (xx.xx.1983-xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 17 il 10 ay) təşkil edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məktubdan görünür ki, Filial tərəfindən iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Texnologiya Universiteti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Azərbaycan Texnologiya İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisası üzrə İ kursa əyani şöbəsinə xx.xx.1982-ci ildə qəbul olmuşdur. xx.xx.1983-cü il tarixli əmrlə o, həqiqi hərbi xidmətə getmiş və xx.xx.1985-ci il tarixli əmrlə həqiqi hərbi xidmətdən qayıdaraq İİ kursa əyani şöbəyə bərpa edilmişdir. Nəzəri kursu tam başa vurduğu üçün ona xx.xx.1989-cu il tarixli əmrlə diplom verilmişdir. -Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Naxçıvan Şərab zavoduna laboratoriya müdiri təyin edilmiş, xx.xx.1996-cı il tarixdə Naxçıvan Şərab ATSCdə laboratoriya müdiri təyin edilmiş və xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş; xx.xx.2007-ci il tarixdə “Azərneftyag” NEZ-nun 8 nömrəli sexinin çirkab suların təmizlənməsinə sahəsinə usta (11-ci dərəcəli) təyin edilmiş; xx.xx.2007-ci il tarixdə həmin sexə təmir bölməsinin ustası (11-ci dərəcəli) vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə zavodun 8 nömrəli (çirkab suların təmizlənməsi) sexinin təmir sahəsində 12-ci dərəcəli sahə ustası keçirilmiş, xx.xx.2008-ci il tarixdə zavodun 8 nömrəli (çirkab suların təmizlənməsi) sexinin təmir sahəsində 12-ci dərəcəli sahə rəisi keçirilmiş, xx.xx.2009-cu il tarixdə 8 nömrəli (çirkab suların təmizlənməsi) sexinin məşəl təsərrüfatı, sahə rəisi keçirilmiş və xx.xx.2015-ci il tarixdə işdən azad edilmiş; xx.xx.2015 - xx.xx.2020-ci il tarixlərdə Heydər Əiyev adına NEZ-da Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahənin məşəl təsərrüfatına 13-cü dərəcəli rəis, xx.xx.2020-ci il tarixdən hal-hazıradək Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın məşəl təsərrüfatı üzrə xidmət sahəsinə 12-ci dərəcəli böyük usta vəzifəsində işləyir. -Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 32 il 10 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 15 il 5 gün (xx.xx.1983-xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra isə 17 il 10 ay) təşkil edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona 60 yaşnın tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2025-ci il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının tələb olunan normadan az olması ilə bağldır. Cavabdeh iddiaçının SOCAR-ın H.Əliyev adına X2 aşağıdakı əmək fəaliyyəti dövrlərini güzəştli iş stajına daxil etmir (ümumilikdə 13 il, 7 ay, 08 gün): 1) xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 8 nömrəli çirkab suların təmizlənməsi sahəsində usta; 2) xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 8 nömrəli çirkab suların təmizlənməsi sahəsində sahə rəisi və rəis. Bu dövrə dair cavabdehin dəlili belədir ki, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5.1) rəhbərlət və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə araşdırması dövründə SOCAR Heydər Əliyev adına X4 müvafiq sorğu göndərilmiş, təqdim olunmuş sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı Nemət oğlunun İddiaçı Nemət oğlunun xx.xx.2007-xx.xx.2008-ci illərdə 8 nömrəli sexdə (çirkab suların təmizlənməsi) təmir bölməsində usta vəzifəsində gördüyü işlər 8 N-li sexin ərazisindəki texnoloji avadanlıqların təmiri və xidməti ilə məşğul olan texnoloji qurğuların çilingərlərinin işinə rəhbərlik etməkdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.5.2 (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinin ustalar, böyük ustalar vəzifəsinə uyğundur. xx.xx.2008-xx.xx.2020-ci ilədək işlədiyi sahə rəisi, rəis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5.2 (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinin b) bəndində göstərilmiş sahə rəisləri vəzifəsinə uyğun olmuş, NEZ-də aparılan yenidənqurma işləri ilə bağlı edilmiş struktur dəyişikliyi ilə əlaqədar sahə rəisi, xidmət sahəsinin rəisi vəzifələri dəyişdirilərək böyük usta adlandırılmışdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının göstərilən dövrü güzəştli iş stajına daxil edilməsindən imtina etsə də, bu mövqeyini əsaslandırarkən, "Heydər Əliyev adına X5"nun 24 iyul 2007-ci il tarixli daxili qaydalarına və həmin dövr üçün təsdiq edilmiş “Zərəli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı”na istinad etmişdir. Cavabdeh orqan iddiaçının həmin dövr ərzində işlədiyi peşənin, bu siyahıya daxil edilmədiyini və yalnız həmin Siyahının ləğvindən sonrakı, yəni 08 dekabr 2020-ci il ilə 31 dekabr 2024-ci il tarixləri arasında olan dövrü iddiaçının güzəştli iş stajını hesablamışdır. Bununla belə, məhkəmə cavabdehin bu mövqeyini hüquqi baxımdan əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılar əsasında, peşə və ya vəzifənin güzəştli pensiya hüququ verən peşə və ya vəzifə olduğunu müəyyənləşdirmək mümkündür. Ancaq qeyd edilən "Zərəli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı" yalnız "Heydər Əliyev adına X5"nun daxili sənədidir və bu, ümumi hüquqi normativ aktlarla eyniyyət təşkil etmir. Əlavə olaraq, nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müəssisə, yəni "Heydər Əliyev adına X5", 02 may 2007-ci il tarixindən 08 dekabr 2020-ci il tarixinə qədərki dövrdə iddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Müvafiq olaraq, bu dövr ərzindəki əmək funksiyaları barədə məlumatı təqdim etmişdir ki, həmin məlumatların təhlili və digər mövcud sənədlər göstərilən müddətin güzəştli iş stajına daxil edilməsi üçün əsas verdiyini sübut edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Odur ki, iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı məhkəməyə təqdim olunan arayışda və sorğuya cavab kəntubundakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işləmiş olduğu 8 nömrəli sexdə (çirkab suların təmizlənməsi) təmir bölməsində usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsində 10.5.2-ci bəndində göstərilmiş ustalar, böyük ustalar vəzifəsinə, sahə rəisi və rəis vəzifələri isə həmin Siyahının 10.5.2 (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinin b) bəndində göstərilmiş sahə rəisləri vəzifəsinə uyğun olmuşdur. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (mübahisəsiz 04 il, 23 gün + mübahisəli 13 il, 7 ay, 08 gün =17 il, 08 ay). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2025ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar