Məhkəmə qərarları › İş №e-2-1(112)-14346/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14346/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14346/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,016970 sot torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə verilmiş Hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən qeydiyyat nömrəsi ********** olan Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən İddiaçı xx.xx.2019-cu il tarixli 09 saylı müraciətini Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiyanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, C.Məmmədquluzadə, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız olan şəhərin və ərazinin ümumi görünüşə xələl gətirən köhnə tipli tikililərin sökülməsi yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən isə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri yaşayış tikililərin sökülməsi sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 280-ə yaxın ailə köçürülmüşdür. Tikilməsinə müvafiq icarə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayışı evlərinə şirkətimiz tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraiti mənzillərlə təmin ediləcəkləri barədə öhdəlik götürülmüşdür. İddiaçı MMC Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Cavabdeh1 iddiaçıya Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamı verildikdən sonra xx.xx.2023-cü il tarixdə Hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən qeydiyyat nömrəsi ********** olan Çıxarış almışdır. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X3 və Novruzov Qardaşları küçəsinin kəsişməsində mövcud şəhərsalma normalarına cavab verməyən şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsinixahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X3 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 fevral 2020-ci il tarixli 02/07-510 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X3 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən yaşayış evlərinin və digər tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün İddiaçı MMC-yə 4,50 ha torpaq sahəsinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Bildiririk ki, qeyd olunan ünvanda yerləşən 4.2258 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə İddiaçı MMC-nə ayrılmasına etiraz etmirik. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMCyə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Cizgi də İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə mərkəzi nöqtənin koordinatları qeyd olunmaqla yanaşı açıq - aydın göstərilib ki, Qonşu torpaqlar Ərazi şimaldan Y.V.Çəmənzəminli küçəsi ilə Cənubdan Ak.H.Əliyev küçəsi ilə Qərbdən C.Məmmədquluzadə küçəsi ilə, Şərqdən Novruz qardaşları küçəsi ilə əhatə olunubdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin. 1.4 Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X3, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMCnin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi -İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirirlər ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. 17 aprel 2020-ci il tarixli 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020- ci il tarixli 20/18 saylı cizgiyə əsasən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. Məhz həmin 4.2258 m2 torpaq sahəsinə görə iddiaçı hər il 121.824 manat 74 qəpik icarə haqqı ödəyir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Tİ-16/23 saylı Obyektin tikintisinə dair İcazə də aydın şəkildə Tikinti obyektini yerləşdiyi rayon: Nəsimi rayonu, Tikinti obyektinin adı: Yaşayış və qeyri-yaşayış binaları, Tikinti obyektinin ünvanı: Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X3 və Novruzov qardaşları küçələrinin əhatəsi, Tikinti sahəsinin və tikinti ərazisinin döngə nöqtələrinin koordinatları, Tikinti ərazisi barədə məlumat, Tikinti obyektinin istismar təyinatı və layihə üzrə əsas texniki göstəriciləri göstərilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, Cavabdeh1 adına olan çıxarışın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbində Cavabdeh1 adına qeydiyyatdan keçmiş çıxarışı deyil, həmin çıxarışın verilməsi üçün əsas olmuş dövlət reyestrində qeydin aparılmasına əsas olmuş halları müabisələndirməlidir. Əgər qeydin aparılmasına əsas inzibati aktdırsa, iddiaçı həmin aktın ləğv edilməsi və ya bunun üçün əsaslar mövcud olduğu təqdirdə etibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəmədə həmin inzibati aktı mübahisələndirə bilər. Əgər qeydin aparılması əsas, mülki hüquqi əqddirsə, iddiaçı həmin əqdin əsaslılığı (etibarlılığı) ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində iddia qaldıra bilər. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia hesab edildiyindən və qeyd olunan iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. İddia ərizəsinə cavabdehin imtina məktubu əlavə edilməmişdir. Belə olan halda, inzibati mübahisənin mövcud olması da müəyyən edilmir. Bundan başqa iddia tələbindən görünür ki, iddia ərizəsində Cavabdeh1 adına olan çıxarışın ləğv edilməsi tələb edilir. Cavabdeh1 fiziki şəxsdir və o iddia ərizəsində cavabdeh kimi göstərilmişdir ki, həmin şəxs inzibati akt qəbul etmək səlahiyyəti olmadığından ona qarşı tələbin yönəldilməsi mümkünsüzdür. İddiaçıya və nümayəndəsinin elektrin kabinetinə qeyd olunan nöqsanlarla bağlı 7.08.2025-ci il tarixdə hüquqi yardım məktubu göndərilmiş, lakin iddiaçı tərəf məktuba münasibət bildirməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar