Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1437/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi, həmçinin əlilliyə görə təyin edilmiş ödənişin verilməsinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı barəsində “Əlilliyin müəyyən edilməməsinə dair 16 may 2024-cü il tarixli və 20 avqust 2024-cü il tarixli qərarların ləğv edilməsi və əlillik dərəcəsinin ləğv edildiyi 16 may 2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-ci il təvəllüdlü İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən müəyyən edilmişdir ki, Neftçala RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz "Sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yarası", “HƏRBİ TRAVMADİR, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə kimi 251saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik — diaqnoz: "İrinləmiş dermoid kistası" (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi ilə təsdiq edilir) “XƏSTƏLİKDİR,HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. İddiaçı müharibə veteranı olmaqla, uzun illərdir ki, onun barəsində 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik səbəbi- AR ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar, Diaqnoz- sağ oturaq sinirin güllə yaralanması (1994cü il) nəticəsində zədələnməsindən sonrakı qalıq əlamətlər,oynaqların kontrakturası, sağ diz və hər iki oynağın hərəkət məhdudluğu,aşağı ətrafların monoplegiyası, yerişin pozulması,digər dəqiqləşdirilməmiş nevrotik pozuntular). Lakin iddiaçı barəsində təyin edilmiş müvafiq sosial təminatlar, pensiya və müavinətlərin ödənilməsi əsassız olaraq dayandırılmışdır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə müraciətlər edilmiş və bununla bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-11040/2024 nömrəli cavab məktubunda isə təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş diaqnozlar AR NK-nin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edildiyi qeyd olunmuşdur. Hesab olunur ki, Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu cavabı əsassız və qanunsuzdur. Halbuki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyini təsdiq etmiş, 2023-cü ilə kimi müavinət almasına əsas olmuşdur. İddiaçı əlilliyi fasiləsiz olaraq 26 ildir ki, davam edir. Qanunvericiliyin tələbinə əsasən müvafiq əlillik dərəcəsi faziləsiz olaraq uzunmüddət davam edərsə, cavabdeh orqanın təşəbbüsü ilə həmin halda əlillik müddətsiz müəyyən edilməlidir. Bu əsas özü də cavabdeh qurumun iddia münasibətdə “əlilliyinin olmaması” mövqeyi tamamilə qanunsuz olmasını sübut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 587 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə varası (xx.xx.1994)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və "irinləmiş dermoid kista" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ dizdə və belindəki güclü ağrılardan, soyuq olduqda ağrıların artmasından şikayətlənmiş, sağ budun aşağı 1/3-də səthi, zəif nəzərəçarpan dəri çapıqları aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı, D=S izlənilmiş, hərəki məhdudluq və əzələ atrofiyası aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın qeyr tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərin münasibətdə qeyd edir ki, dəqiqləşdirilmiş iddia tələbində İddiaçı dövlət tibb müəssisəsinin xx.xx.2024cü il tarixli, L00189315ETF nömrəli göndərişi üzrə əlilliyinin müəyyən edilməsini istəyir. Həmin tibbi göndəriş üzrə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının 16 may 2024-cü il tarixdə əyani müayinəsi keçirilərək eyni tarixdə əlillik təyinatından imtina edilməsi barədə qərar qəbul edilmiş, beləliklə də tərəflər arasında inzibati mübahisə yaranmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia İPM-in 38.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 587 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Neftçala RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yarası" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş Səbail rayon idarəsinin xx.xx.2016-cı il tarixli 350 nömrəli göndərişi, xx.xx.2016-ci il tarixli 349 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “İrinləmiş dermoid kistası” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), ...Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır.”ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) və ç) yarımbəndləri. Müayinə məlumatlarından görünür ki, iddiaçıya: -xx.xx.2016-cı il tarixdə “Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sağ oturuq sinirinin güllə yaralması nəticəsində zədəlməsindən sonraki vəziyyət. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Aşağı ətrafların monoplegiyası, yerişin pozulması.Oynaqların kontrakturası, sağ diz və aşof tovar oynağının” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. -xx.xx.2017-ci il tarixdə “Sağ oturuq sinirinin güllə yaralması (1994) nəticəsində zədəlməsindən sonraki qalıq əlamətlər. Oynaqların kontrakturası, sağ diz və hər iki aşof tovar oynağının. Oynaqların hərəkət məhdudluğu. Aşağı ətrafların monoplegiyası, yerişin pozulması. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2022-ci il tarixdə “diaqnoz əlillik təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, L00189315ETF nömrəli tibbi göndəriş üzrə xx.xx.2024-cü ildə “diaqnoz əlillik təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. -Bakı 34 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli forma 088 arayışından görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – S74.0. Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması. Sağ oturaq sinirinin güllə yarası nəticəsində zədələnəndən sonrakı vəziyyət (1994-cü il); Ağırlaşma – G83.1. Aşağı ətrafların monoplegiyası, Sağ aşağı ətrafların monaperizi; Yanaşı xəstəliklər – F45.3. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. NSD qarışıq tip. Arterial hipotoniya. Yanaşı xəstəliklər – M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya və zədələnmələr (L4-L5 fəqərəarası disklərin yırtığı 5 mm) -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, L00189315ETF nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz - Y36.4. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, keçirilmiş (1994-cü il) sağ budun aşağı Vz-mo. güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma - M24.5. Oynaqların kontrakturası, oynaqların kontrakturası, sağ diz oynağının açıcı kontrakturası (bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə). G83.1. Aşağı ətrafların monoplegiyası, aşağı ətrafın monoplegiyası, sağ aşağı ətrafın süst monoparezi, əzələ gücü - 2 bal. L90.5. Dərinin çapıqlaşmış vəziyyəti və flbrozu, dərinin çapıqlaşmış vəziyyəti və flbrozu, odlu silahla yaralanmasından sonra sağ budun orta aşağı A-nin diz oynağına kimi uzanan iç və tış səthlərində boylama kobud dartıcı çapıq toxuması. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət pozulması. R52.1. Müalicəyə tabe olmayan daimi ağrı, xroniki ağrı sindromu. C93.4. Aşağı ətrafın sinirinin travmasının nəticələri, aşağı ətrafın sinirinin travmasının nəticələri, keçirilmiş (1994-cü il) sağ budun aşağı A-nin güllə yaralanmasından sonrakı vəziyyət. M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, əzələ atrofıyası. M17.5. Digər ikincili qonartrozlar, digər ikincili qonartrozlar, sol diz oynağının ostreoartrozu. M21.1. Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, digər rubrikalarda təsnif olunmayan varus deformasiya. L91.0. Hipertrofık çapıq, hipertrofık çapıq. G57.9. Aşağı ətrafın dəqiqləşdirilməmiş mononevropatiyası, aşağı ətrafın dəqiqləşdirilməmiş mononevropatiyası, sağ aşağı ətrafın posttravmatik nevropatiyası. Yanaşı xəstəliklər - M20.4. Çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), sol ayaq barmağının çəkicəbənzər deformasiyası. S42.2. Bazu sümüyünün yuxarı ucunun sınığı, bazu sümüyünün pis bitişmiş sınığı, sol bazu sümüyün proksimal metafizinin qeyri-düzgün bitişmiş sınığı. F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə - bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə diskogen L1-L2, L3-L4, L4-L5 protruziyaların nəticəsində radikulopatiya. S92.0. Daban sümüyünün sınığı, daban sümüyünün sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, tağın hündürlüyünün azalması, yastılaşması. M84.0. Sümük sınığının pis bitişməsi, bazu sümüyünün pis bitişmiş sınığı, sol bazu sümüyünün proksimal mediafızinin qeyri-düzgün bitişmiş sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, tağın hündürlüyünün azalması, yastılaşması -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür.Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 34 nömrəli Şəhər Poliklinikasının 2784003AACYN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərardan görünür ki, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T 85/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1, 2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən isə əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Bakı Baş Səhiyyə İdarəsindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, L00189315ETF saylı göndərişi əsasında tərtib edilmiş qiymətləndirmənin nəticələrində qeyd edilmiş “Diaqnozun mətni: Keçirilmiş (1994-cü il), sağ budun aşağı 1/3nın güllə yaralanmasından sonrakı vəziyyət, sol bazu sümüyünün proksimal mediafızinin qeyri-düzgün bitişmiş sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, tağın hündürlüyünün azalması, yastılaşması, sağ diz oynağının açıcı kontrakturası (bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), sol ayaq barmağının çəkicəbənzər deformasiyası, dayaq-hərəkət pozulması, xroniki ağrı sindromu, sağ aşağı ətrafın süst monoparezi, əzələ gücü - 2 bal, əzələ atrofıyası, diskogen L1-L2, L3-L4, L4-L5 protruziyaların nəticəsində radikulopatiya, sağ budun orta aşağı lA-nin diz oynağına kimi uzanan iç və tış səthlərinin boylama kobud dartıcı çapıq toxuması, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onun proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətinin itirilməsinin 0% olması qeyd edilmişdir. Əsas xəstəliyin xroniki olmasını nəzərə alsaq onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək olmaz. Lakin onun DTSERA-da əyani müayinələri zamanı o, sağ dizdə və belindəki güclü ağrılardan, soyuq olduqda ağrıların artmasından şikayətlənmiş, sağ budun aşağı VS-də səthi, zəif nəzərəcarpan dəri çapıqları, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı, D=S izlənilmiş, hərəki məhdudluq, parez əlamətləri və əzələ atrofıyası, qeyd edilməmiş, xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsində “Bu göstəricilər sağ aşağı ətrafın ağır dərəcədə sensor-motor neyropatiyası (Posttravmatik) ilə uyğun dəyərləndirildi” kimi qeyd edilsə də klinik olaraq öz təsdiqini tapmamış, nevroloji defısit müəyyən edilməmişdir.
3. Xəstəlik və qüsurların XBT kodlarına uyğun göstərilməsi məsələsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimin səlahiyyətlərinə aiddir.
4. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir. -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tibbi göndərişi (Forma 88) üzrə əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən əlilliyinin müəyyən edilməsindən ibarətdir. Məlum olduğu kimi, cavabdeh qurum iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlərin və iş materiallarından görünür ki, cavabdeh tərəf təqdim edilən göndəriş sənədində əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ekspert rəyində iddiaçıda qeyd olunan xəstəliklərin xroniki və davamlı xarakter daşıdığı, bu səbəbdən iddiaçının sözügedən xəstəliklərdən əziyyət çəkməsinin təkzib olunmadığı göstərilmişdir. Göründüyü kimi ekspert rəyi ilə də iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsi təkzib olunmur. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının əziyyət çəkdiyi G83.1 kod altında nəzərdə tutulan sağ aşağı ətrafın süst monoparezi (əzələ gücü – 2 bal) xəstəliyi əlilliyin təyininə əsas verir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5-ci bəndində G81-G83 XBT kodu altında nəzərdə tutulan “serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: ... 6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular 40 % -1 il ... 6.5.1.4 təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyrimümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular 65-80% - müddətsiz. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə G83.1-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 6.5.1.1.- 6.5.1.6.-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, tibbi sənədlərdə və Forma 088 arayışında əzələ gücü 2 bal kimi qeyd olunmuşdur. Lakin burada diqqət yetirilməli əsas məqam odur ki, əzələ gücünün 2 bal olması özlüyündə 6.5.1.4-cü altbənddə nəzərdə tutulan daha yüksək səviyyəli (65– 80%) funksional pozuntuya əsas vermir. Belə pozuntu yalnız hemiparez və ya genişləndirilmiş hərəkət məhdudiyyətləri hallarında nəzərə alınır. Hazırkı işdə isə forma 088-də diaqnoz "monoparez" kimi qeyd olunmuş, yəni yalnız bir ətrafın, konkret olaraq sağ aşağı ətrafın əzələ zəifliyi müşahidə olunmuşdur. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntu 6.5.1.1-ci altbənddə nəzərdə tutulmuş “ayrıayrı ətrafların parezi” halına uyğundur. Sözügedən meyarların tətbiqi nəticəsində iddiaçıya 40% funksional pozuntu ilə İ dərəcə əlillik təyin olunmalıdır. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə əlavə olaraq diqqət yetirilməsini zəruri hesab edir ki, iddiaçı hazırki mübahisə üzrə iddia tələbində yalnız əlilliyin təyin olunması ilə kifayətlənməyərək, eyni zamanda 16 may 2024-cü il və 20 avqust 2024-cü il tarixli inzibati aktların ləğv edilməsini də tələb etmişdir. Bu baxımdan qeyd edilməlidir ki, təqdim edilən qərarlar yalnız iddiaçının hüquqi vəziyyətinə deyil, eyni zamanda digər şəxslərin tibbi müayinəsinin nəticələrini də ehtiva edir. Məhkəmə, iddiaçının iradəsini qiymətləndirərək müəyyən edir ki, iddiaçı inzibati aktların yalnız özünə münasibətdə olan hissəsinin ləğvini tələb etməkdə maraqlıdır. İddia tələbinin dəqiqləşdirilməsində bu hal dəqiqliklə ifadə olunmasa da, iddiaçının ifadə tərzi və təqdim etdiyi sübutlar kontekstində onun hüquqi marağının məhz öz hüquqi vəziyyətinə təsir edən hissənin mübahisələndirilməsinə yönəldiyi aydın şəkildə görünür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi hüquqi cəhətdən yalnız onun hüquqi vəziyyətinə təsir edən hissənin mübahisələndirilməsi kimi qiymətləndirilir. Odur ki, iddiaçının əlilliyinin təyini ilə yanaşı həmçinin mübahisələndirilən qərarlar iddiaçıya münasibətdə də ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində “Əlilliyin müəyyən edilməməsinə dair 16 may 2024-cü il tarixli qərarı və 20 avqust 2024-cü il tarixli qərarları ona aid hissədə ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, L00189315ETF tibbi göndəriş (Forma-88) əsasında əlillik vəziyyətinin ilk dəfə qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla 1 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov