Məhkəmə qərarları › İş №e-2-1(112)-14404/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14404/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14404/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin görülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin görülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-yə Maliyyə- İqtisad İdarəsi Mühasibat uçotu və hesabat xidmətlərinin qiymətləndirilməsi uçotu şöbəsinin mühasibi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə vəzifədə irəli çəkilərək, həmin şöbənin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci ildə həmin idarənin xərclərin uçotu şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir. 03.07. 2023-cü ildə kadrlar şöbəsinə çağırıldı və bildirildi ki, vəzifəsi ixtisara düşmüşdür və tutduğu vəzifədən azad edilmişdir. Buna öz etirazını bildirdi və ixtisar haqqında bildirişi imzalamaqdan imtina etdi. 03 iyul 2023-cü ildə onunla əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verildi. Bu hal ilə bağlı tərəfindən AZAL X1 müraciət edildikdən və yalnız onun müdaxiləsindən sonra qanunsuz əmr ləğv edildi. xx.xx.2023-cü ildə yenidən vəzifə dəyişikliyi olaraq 9-cu dərəcə ilə "xxxx" Sərnişin Avia şirkəti Hava Gəmilərin uçuş yararlılığının saxlanması idarəsinin uçot üzrə mütəxəsisi vəzifəsinə 9-cu dərəcə ilə təyin edilmişdi. xx.xx.2023-cü il tarixdə 1105 saylı əmrlə Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən, işdən azad edilmişdir. İşdən çıxarılmağı və tutduğu vəzifələrin dəyişdirilməsi ilə bağlı tərəfindən cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqanın hərəkətsizliyi nəticəsində "xxxx" ASC barəsində hüquqi tədbir görülməmişdir. Eyni zamanda cavabdeh orqanın 30 may 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, məhkəmənin səlahiyyətinə aid olan məsələ üzrə dövlət orqanı fəaliyyət göstərə bilməz. Cavabdeh həmin məktubu ünvanlamaqla öz vəzifələrinin icrasında hərəkətsiz qalmış və AZAL ASC işəgötürən barəsində inzibati tənbeh tədbirinin görülməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və məhkəmə tərəfindən buna hüquqi qiymət verilməlidir.

3. Cavabdeh tərəfindən idddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Müraciətinizlə əlaqədar ünvanınıza (AZ1104. ünvan 1) 3-17-5/2-S- 53997/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq müraciətinizin ətraflı araşdırılması, müəssisə tərəfindən Sizə təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışını təqdim etməyiniz və izahatınızın alınması məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunsanız da getməmisiniz. Eyni zamanda “Azərbaycan Hava Yolları" QSC-nin ünvanına (AZ1095, ünvan 2996/2023 nömrəli, 28 12.2023-cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. "xxxx" QSC tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktubda Bakı şəhər Nəsimi rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixli iş e-2(006)- 1987/2024 nömrəli məhkəmə bildirişinin "Azərbaycan Hava Yollan” QSC-yə daxil olduğu və İddiaçı şikayətinə məhkəmə qaydasında hakim Nail Abbasov tərəfindən baxıldığı bildirilmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə “Azərbaycan Hava Yolları" QSC-nin işəgötürəni arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəbəsinın 70-ci maddəsinin ‘b’ bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən qüvvədən düşdüyü məlum olmuşdur. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz.”

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

9. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

10. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

11. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

12. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.

13. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddia tələbi inzibati orqanın inzibati xətadan irəli gələn fəaliyyətinə dair olduğu üçün inzibati məhkəmə icraatı qaydasında baxılmadığı bildirilmişdir.

14. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

16. Həmçinin məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, X4 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

18. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, həmin qəbildən olan işlərə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

19. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki işdə iddiaçının hüquqi marağı "xxxx" QSC ilə arasında mövcud olan əmək münasibətlərindən irəli gələn hüquqlarının müdafiə edilməsi ilə bağlıdır. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.

20. Odur ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar