Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14408/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X6 və X3) “orderin və çıxarışların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair xx.xx.1994-cü il tarixində əldə edilən orderin, həmin order əsası ilə əvvəllər X2 adına qeydiyyata alınan və hal-hazırda vərəsəlik əsası ilə X5 və X1 mülkiyyətində olması faktını təsdiqləyən **********53-05101-093005 reyestr nömrəli xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə X6 və X3 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və digər şəxslər 1992-ci ildə Laçın rayonundan məcburi köçkün kimi köçürülmüş və ünvan 2 ünvanında yerləşən mənzilə yerləşdirilmişdir. Həmin mənzil o dövrdə tikintisi davam edən və dövlət nəzarətində olan yarımçıq bina olmuş, sonradan məcburi köçkünlər üçün yaşayış yerinə çevrilmişdir. İddiaçının və digər məcburi köçkünlərin 1992-ci ildən etibarən qanuni əsaslarla istifadə etdiyi bu mənzil 1994-cü ildə heç bir hüquqi əsası olmayan şəkildə X4 tərəfindən order alınmaqla onun adına qeydiyyata alınmışdır. Sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ xx.xx.1997-ci il tarixindən etibarən yaranmışdır. Göründüyü kimi iddiaçı digərlərinin hələ onun mülkiyyət hüququ yaranmamışdan daha əvvəl mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı və digərlərinin məcburi köçkün kimi faktiki olaraq yaşadıqları mənzilə dair Şahmuradov Şahin İmamqulu oğlu tərəfindən qeyri-müəyyən əsasla 1994-cü il tarixində order alınmış və həmin orderə əsasən mənzil onun adına qeydiyyata alınmışdır. Odur ki, onun mənzilə hansı əsasla mülkiyyət hüququnun yarandığı qeyri-müəyyəndir. Daha sonra vərəsəlik qaydasında onun övladları olan üçüncü şəxslərə keçən mənzilə dair sonuncular adına qanunsuz olaraq **********53-05101-093005 reyestr nömrəli xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli çıxarışlar təqdim edilmişdir. Üçücü şəxs X3 tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia mümkünsüz sayılmalıdır. Çünki iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı və digərləri 30 ildən artıqdır ki, onun paylı mülkiyyətində olan evi zəbt edərək orada yaşayırlar. Artıq 3 ildir ki, o və digər pay sahibi qardaşı kirayədə yaşamağa məcbur olmuşlar. Buna görə də o və qardaşı hazırkı iddiaçı və digərlərinə qarşı Suraxanı Rayon Məhkəməsində “evdən çıxarılma” barədə iddia qaldırmışlar. İddiaçı “çıxarışın ləğvi” barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmaqla Suraxanı Rayon Məhkəməsində mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Onun məqsədi işin uzadılmasına nail olmaqdır. Məhkəmə iddianın mümkünlüyü məsələsinin məhkəmə iclasında müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanda yerləşən mənzilə dair xx.xx.1994-cü il tarixli orderin və **********53-05101-093005 reyestr nömrəli xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından görünür ki, hazırkı iddia tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Belə ki, iddiaçı məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin mənzilə dair üçüncü şəxslərin adına order verilmiş və mənzil sonradan həmin şəxslərin adına özəlləşdirilərək onların mənzil üzərində xüsusi mülkiyyət hüquqları tanınmışdır. Digər tərəfdən hazırkı üçüncü şəxslər iddiaçı və digər şəxslərin sözügedən mənzildən çıxarılması barədə məhkəməyə mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmişdir və iş Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzili zəbt edərək orada uzun illər ərzində yaşaması mənzil üzərində hər hansı hüququn yaranması üçün əsas deyil. Belə ki, iddiaçının həmin mənzil üzərində hər hansı hüququnun olması hər hansı hüquq müəyyənedici sənədlə öz təsdiqini tapmır. Dolayısı ilə iddiaçı digər şəxsin mülkiyyətində olan mənzilə dair həmin şəxsin hüquqlarını mübahisələndirir. Odur ki, iddiaçı həmin mənzillə bağlı verilmiş order və çıxarışları mübahisələndirməkdə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderin və çıxarışların ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-14408/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14408/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver