Məhkəmə qərarları › İş №e-2-1(112)-14417/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14417/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14417/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) vergi orqanlarında vergisi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə əlavə dəyər vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti “Şəkər, şokolad və qənnadı məmulatların topdan satışı” olan, fəaliyyət ünvanı ünvan 1azirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) 17 yanvar 2023-cü il tarixli **********0843 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarı ilə MMC-də "Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi" məsələsi üzrə 17 yanvar 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək (sonuncu tarix daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. 9 fevral 2023-cü il tarixində cavabdehin DVX 000336 nömrəli Akt tərtib olunmuş və Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin tələblərinin pozulması əsası ilə MMC-yə 155599,60 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə KDVyə 155.599,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə xx.xx.2023-cü il tarixli qərardan verilmiş inzibati şikayət təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına xx.xx.2023-cü il tarixli Qərarı ilə, Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qərar Vergi Məcəlləsinin 50.2, 50.3, 50.5-ci maddələrinin tələblərinin pozulması ilə qəbul olunmuşdur ki, bu da öz növbəsində İnzibati İcraat haqqında Qanunun 58.1 və 61.1-ci maddələrinin pozuntusu deməkdir. İnzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabdehin qəbul etdiyi qərarında operativ nəzarətin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd olunan heç bir əsasa istinad olunmamışdır. Halbuki Vergi Məcəlləsinin tələbi odur ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilməlidir. Lakin vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, sadəcə 50.1.11-ci maddəyə istinad etməklə kifayətlənmişdir. Vergi Xidmətinin mövqeyi də ondan ibarətdir ki, vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, eləcə də vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda da operativ vergi nəzarətinin keçirilməsi mümkündür. Beləliklə, cavabdeh əsas olmadan MMC-də operativ vergi nəzarəti keçirməklə Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Bundan başqa cavabdeh tərəfindən operativ nəzarət tədbirləri 17 yanvar - 15 fevral 2023-cü il tarixlərini əhatə etsə də, nəzarət tədbiri zamanı 2022-ci il tarixində olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyil. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********0843 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36M ünvanda yerləşən obyektində Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutularaq nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 də daxil olmaqla) operativ vergi nəzarəti keçirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi yoxlanılarkən iddiaçı tərəfindən 4000,0 (dörd min) manatdan yuxarı iyirmi beş sayda nəzarət-kassa aparatı çekləri üzrə 1.655.995,06 manat vəsaitin nəzarət-kassa aparatına nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu faktı aşkar edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 000336 nömrəli akt tərtib edilmişdir. MMC-nin rəhbəri X3 aktın doğruluğunu imza etməkdən imtina etmiş, lakin aktın və əlavə edilən sənədlərin bir nüsxələrini qəbul etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı A.Aydınov həmçinin izahat verərək 1.618.028,5 manat məbləğin bir əməliyyat çərçivəsində 4000 manat məbləğdən artıq kassa çeklərinin vurulmasının texniki səbəbdən baş verdiyini, həmin dövrdə nəzarət-kassa aparatının yenilənməsi ilə əlaqədar mühasibat proqramlarının inteqrasiya prosesi mərhələsində olduğunu, inteqrasiya zamanı onlayn rejimdə çeklərin tək-tək, qanunla müəyyən olunmuş bir əməliyyat çərçivəsində təyin olunmuş məbləğdə vurulmasının mümkün olmadığını, bu səbəbdən göstərilən məbləğlərin bir neçə günün dövriyyəsinin cəmi olaraq vergi orqanına bəyan edilməsi üçün nəzarət-kassa aparatına bir əməliyyat olaraq əlavə edildiyini bildirmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.11-ci maddəsinə əsasən pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə bilər. Lakin iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən qanunun tələbləri pozulmuşdur. Eyni zamanda göstərilən məsələ ilə əlaqədar Cəmiyyətin inzibati şikayət ərizəsində və Cəmiyyətin nümayəndəsinin verdiyi izahatlarda qeyd olunan pozuntu faktının müxtəlif səbəblərlə əlaqələndirilməsinə baxmayaraq, bunu təsdiq edən heç bir əsaslı sübut nə operativ vergi nəzarəti zamanı, nə də inzibati araşdırma aparılan zaman təqdim edilməmişdir. Əksinə izahatda belə sübutlarının olmadığı iddiaçı tərəfindən qismən etiraf edilmişdir. MMC tərəfindən həyata keçirilmiş 25 sayda əməliyyat üzrə hər bir əməliyyat üçün qanunun icazə verdiyi 4000,0 manat nəzərə alınmaqla 4000,0x25=100.000,0 manat təşkil etmiş və bunun nəticəsində 100.000,0 manat məbləğ 1.655.995,06 manatdan çıxılmaqla yerdə qalan qanunvericiliyin tələbləri pozulmaqla icra edilmiş 1.555.995,06 manat məbləğə görə Cəmiyyətə 10% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin MMC-nin inzibati şikayəti üzrə araşdırma aparılan zaman Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.6-cı maddəsinə əsasən vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) pərakəndə ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün yol vərəqi" verilir. Eləcə də, həmin Qaydaların 7-ci maddəsinə əsasən 3.6-cı maddədə nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi” ciddi hesabat blankı olmasına və onların forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən yük avtonəqliyyatı üçün yol vərəqinin ciddi hesabat blankı olmayan vərəqələrdə tərtib edildiyi, eyni zamanda Cəmiyyətdə daxili uçotun aparılması məqsədi ilə saxlanılmadığı müəyyən edilmişdir. İddia ərizəsinin operativ vergi nəzarəti tədbirlərinin 17 yanvar-15 fevral 2023-cü il tarixlərini əhatə etsə də, nəzarət tədbiri zamanı 2022-ci il tarixində olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə dəlilinə münasibətdə qeyd etmək lazımdır ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib - vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozuntularına görə məsuliyyətə cəlb etmənin müddətini müəyyən etmişdir. Buna əsasən vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur. OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. Belə ki, VM-nin 50.1.11-ci maddəsinə müvafiq olaraq OVN-nin əhatə etdiyi məsələlərdən biri kimi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi çıxış edir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Başqa sözlə, konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə operativ vergi nəzarəti həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür. Bundan əlavə Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi operativ vergi nəzarətində vergi ödəyicisindən sənədlər istənilir və bunun üçün də 1 iş günü vaxt müəyyən olunur. Əgər operativ vergi nəzarəti yalnız keçirildiyi zaman yol verilən hüquqpozmaları aşkar etmək onda niyə qanunvericilik 1 iş günü müddətində sənədlərin verilməsi ilə bağlı tənzimləmə müəyyən edir? Normativ hüquqi aktın normasını məqsəd və məna baxımından şərh etsək görərik ki, buradan çıxan nəticə odur ki, sənəd tələb etməkdə məqsəd həm də tədbir başlayana kimi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əməl edilib-edilməməsini yoxlamaqdan ibarətdir. Həmçinin Vergi Məcəlləsinin 58.17-ci maddəsi də operativ vergi nəzarətinin məhz tədbir keçirilən anda baş verən hüquq pozuntusu ilə məhdudlaşmadığına işarə edir. Həmin Məcəllənin 58.17-ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, iddiaçı həmin qərarlardan Dövlət Vergi Xidmətinə şikayət vermiş, Xidmətin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. MMC həmin qərardan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş, Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli Qərarı ilə şikayət təmin olunmamışdır. X1 MMC-yə xx.xx.2023-cü ildə çatdırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. (İPM, maddə 38.1, 38.3). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. ... 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: … 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: ... 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər. İnzibati İcraat haqqında Qanunun Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmənin əsaslandırması: Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar təşkil edir. İddiaçı həmin qərarı qanunsuz hesab edərək ləğv edilməsini xahiş edir. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətini əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı təsbit edilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı mübahisəyə münasibətdə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad olunmuşdur). Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti xx.xx.2023xx.xx.2023-cü ilədək olan müddəti əhatə etməsinə baxmayaraq, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə (2022-ci il) həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi, operativ vergi nəzarətinin istənilən vaxtı əhatə etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbində cavabdeh sanki qanunverici orqan kimi Vergi Məcəlləsinin normalarına şərh vermişdir ki, cavabdeh inzibati orqanın belə bir səlahiyyəti yoxdur. Nə qədər ki Vergi Məcəlləsində opertiv vergi nəzarətini nəzərdə tutulduğu dövr üzrə keçirilməsi təsbit edilmişdir, cavabdehin bu qaydadan kənara çıxması qanunsuz inzibati aktın qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdehin etiraz ərizəsində qeyd etdiyi, MMC-nin nümayəndəsinin faktı qismən etiraf etməsi ilə bağlı məhkəmə qeyd edir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə cavabdehin bu dəlili ilə əlaqədar qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırkı mübahisə üzrə iddiaçı müəssisənin səlahiyyətli nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin qeyd edir ki, faktın etirafı, hər bir halda qanunsuz izibati aktla razılaşma kimi qiymətəndirilə bilməz. Faktın etirafı, bu və ya digər səbədlərdən qanunsuz inzibati aktın mübahisələndirmə imkanını istisna etmir. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli **********5510 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar