Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14470/2025 05.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilərək ləğv edilməsi və mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinə dair X4, X8 və X1 adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilərək ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində yerləşən 0,58 ha torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququnun tanınaraq reyestrdə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu, Kürdəxanı kəndində yerləşən və ulu babası Abdin Aslan oğluna məxsus olmuş 0,86 hektar sahəli torpaq sahəsi üzrə mülkiyyət hüququnun tanınmasını və həmin ərazi üzrə başqa şəxslərin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, 1916-cı ildə kənd istifadəçiləri siyahısında Abdin Aslan oğlunun adı 0,86 hektar torpaq sahəsi ilə qeyd olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Əbdil qızına həmin ərazidəki fərdi yaşayış evinə vərəsəlik hüququ təsdiq edilmişdir. İddiaçının bu torpaq sahəsinə dair mülkiyyət hüququ miras əsasında formalaşmış və hüquqi varislik əlaqəsi Milli Arxiv İdarəsinin və Sabunçu Rayon Məhkəməsinin sənədləri ilə sübuta yetirilmişdir. Həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavab məktublarında qeyd olunur ki, dövlət reyestrində digər şəxs adına aparılmış qeydiyyat yalnız məhkəmə qərarı əsasında ləğv edilə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçı hazırki iddia tələbində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinə dair X4, X8 və X1 adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilərək ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində yerləşən 0,58 ha torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququnun tanınaraq reyestrdə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İPM-də göstərilmişdir ki, iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir (45.1.). İddia ərizəsində aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi (46.1.). Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; ərizəyə əlavə olunmuş sənədlərin siyahısı (46.2.). İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (46.3.). Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir (48.1.). İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir (48.2.). Yuxarıda qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4). İlk öncə qeyd edilməlidir ki, iddiaçı iddia tələbində iki fərqli tələbi, yəni “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilərək ləğv edilməsi” və “mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi”ni qeyd etmişdir. Halbuki həmin tələblərin hər biri müstəqil iddia tələbləridir və həmin tələblərə bir icraatda baxıla bilməz. Belə ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair digər şəxsin adına reyestr qeydinin aparıldığını iddia edirsə, bununla bağlı öncə həmin qeydin ləğv edilməsi barədə iddia qaldırmalıdır. İddia təmin edilərək müvafiq qeyd ləğv edildikdən sonra həmin əmlaka dair mülkiyyət hüququnun qeydə alınması barədə iddia qaldıra bilər. Digər tərəfdən, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X11, X5, X9 və X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə dair öz adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Həmin qərarda qeyd edilmişdir ki, “məhkəmə tərəfindən müəyyən edildi ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin çox hissəsi daşınmaz əmlakın dövlət reyestrindən X6 adına **********77 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1951” saylı bağ sahəsi, X2 adına **********60 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1952” saylı bağ sahəsi, X3 adına **********00 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “3194” saylı bağ sahəsi və X7 adına **********18 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1814B” saylı bağ sahəsi ilə üst-üstə düşməklə yerdə qalan hissəsi ümumi istifadədə olan yola, bir hissəsi avtomobil yolu ilə hasarlar arasında yolkənarı hissəyə düşür. Torpaq sahəsi iddiaçının istifadəsində deyil”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin X11, X5, X9 və X7 mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddia tələbinin birinci hissəsində tamamilə başqa şəxslərin (X4, X8 və X1) adına olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarının etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən halın aydınlaşdırılması üçün iddiaçıya xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu göndərilərək iddia ərizəsində mübahisələndirilən X4, X8 və X1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərinin və ya həmin çıxarışların rekvizitlərinin göstərildiyi iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Həmin məktub iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilsə də, iddiaçı təyin edilmiş məhkəmə iclasınadək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və qeyd edilən hal məhkəmə iclasında da iddiaçının diqqətinə çatdırılmışdır. İddiaçı həmin məsələyə aydınlıq gətirəcəyini bildirsə də, bununla bağlı iddia tərəfindən hər hansı hərəkət edilməmişdir. Növbəti dəfə iddiaçıya xx.xx.2026-cı il tarixli hüquqi yardım məktubu göndərilərək iddia ərizəsində qeyd edilən şəxslərin adına hər hansı çıxarış mövcud olmadığı üçün ərizənin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Həmin Həmin məktub iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilsə də, iddiaçı təyin edilmiş məhkəmə iclasınadək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, məhkəmə iddia ərizəsinin xahiş hissəsində göstərilmədiyi halda, iddianın məzmununa əsasən və yaxud öz mülahizəsi ilə iddiaçının tələblərinin nədən ibarət olmasını müəyyən edə bilməz. Hazırkı vəziyyət isə işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilərək ləğv edilməsi və mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-14470/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14470/2025
05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver