Məhkəmə qərarları › İş №e-2-1(112)-1448/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1448/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1448/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixdə 3-17-1/2-R-99784/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra “Siyahı”) yeyinti bölməsinin (27) asetonbutil (27.13) bölməsinin fəhələlər yarımbəndində (a) mayanı fermentləşdirən aparatçılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ATSC-nin ona dair 23 fevral 2024-cü il tarixli 01 nömrəli arayışında xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində Bakı Kökə- Maya kombinatında Maya zavodunda maya yetişdirilməsi operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyğun deyil, həmçinin işlədiyi maya yetişdirilməsi operatoru vəzifəsi isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun 1978-ci ildən 2009-cu ilədək müxtəlif müəssisələrdən müxtəlif vəzifələrdə ümumilikdə 25 ildən çox iş stajına sahib olması işin mübahisəsiz halıdır. "xxxx" ATSC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 1 nömrəli Güzəştli arayışdan aydın olur ki, iddiaçı xx.xx.1981-xx.xx.1993-cü illər ərzində Bakı Kökə-Maya kombinatında Maya zavodunda maya yetişdirilməsi operatoru peşəsində zərərli əmək şəraitində işləmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3- 27/2-R- 1529/1-1/2024/1726 qeydiyyat nömrəli Arxiv Arayışına əsasən, İddiaçı xx.xx.2002xx.xx.2004-cü illər ərzində X3 4-cü, 5-ci və 6-cı dərəcəli kabel lehmləyicisi vəzifələrində çalışmışdır. Belə ki, qeyd olunanları nəzərə alaraq İddiaçının 12 il 6 aydan çox əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi aydındır. İddiaçı Maya zavodunda çalışdığı dövr ərzində maya yetişdirilməsi operatoru vəzifəsində çalışmışdır. Cavabdeh əsassız şəkildə sözügedən peşənin Siyahıda qeyd olunmadığını və İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, Cavabdeh normaya tekstual olaraq nəzər yetirmiş, Qanunun kontekstual mahiyyətini düzgün təsfir etməmişdir. Fermentləşdirmə və yetişdirilmə işlərini görən, aparatçı və operator mahiyyət etibarilə eyni vəzifə funksiyalarını həyata keçirən şəxslərdir. Belə ki, azərbaycan dilinin izahlı lüğətinə nəzər yetirdikdə fermentləşdirmə dedikdə, yaratma, yetişdirmə mənasını görmək mümkündür. Həmçinin operator - mürəkkəb mexanizmlərin işini idarə edən və ya müəyyən istehsal prosesinin icrasına cavabdeh olan fəhlə, aparatçı aparatda işləyən, aparatı idarə edən fəhlə. Beləliklə hüququn aliliyi konsepsiyasını nəzərə alaraq, hüquq normasının təfsiri zamanı təfsirçi qanunverici tərəfindən onun məzmununda nəzərdə tutulmuş fikri əsas götürülməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçı iddia tələbində də ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən) göstərilmiş üç şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Taleh-Çörək" ATSC-nin 23 fevral 2024-ci il tarixli 01 nömrəli arayışında xx.xx.1981xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində Bakı Kökə-Maya kombinatında Maya zavodunda onun maya yetişdirilməsi operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyğun deyil, həmçinin işlədiyi maya yetişdirilməsi operatoru vəzifəsi isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş staji yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən isə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Məhkəmə iddiaçının bu tələbləri ödəməsi ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2021-ci il tarixə İddiaçının 60 yaşının tamam olması və onun 25 ildən artıq sığorta stajına malik olması işin mübahisəsiz halını təşkil edir və cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, işdə olan iddiaçıya məxsus hərbi bilet, əmək kitabçası, arxiv arayışı və cavabdehin xx.xx.2025-ci il tarixli xidməti məktubuna əsasən, İddiaçı ümumi iş stajı 26 il 12 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 7 ay 12 gün (xx.xx.1977-xx.xx.1978-ci il (əyani təhsil aldığı dövr), xx.xx.1978- xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1981- xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.2002-xx.xx.2004-ci il, xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 2 il 5 ay) təşkil edir. Deməli, hazırkı halda yoxlanılmalı əsas hal iddiaçının 3-cü və 4-cü tələblərə cavab verib verməməsidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən: -23100000 XXİX. Rabitə 23100000—12624-qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər — lehimləyicilər; -22400000 XXİİ. Yeyinti sənayesi - 22413000 13. Asetonbutil istehsalı 2241300a - a) fəhlələr 2241300a—11055 - mayanı fermentləşdirən aparatçılar güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: - 30. Rabitə - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; - 27. Yeyinti sənayesi - 27.13. Asetonbutil istehsalı - a) fəhlələr: mayanı fermentləşdirən aparatçılar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin sırasına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən iddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən (xx.xx.2002-ci il tarixli, kş/220 Nö-li əmr) X4 64-cü xətt sexinə 4-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2002-ci il tarixdən (xx.xx.2002-ci il tarixli, kş/298 №-li əmr) 5-ci dərəcəli kabel lehimyəyicisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdən (xx.xx.2003-cü il tarixli, kş/98 №-li əmr) 6-cı dərəcəli kabel lehimləyici vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdən (xx.xx.2004-cü il tarixli, kş/273 №-li əmr) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz ərizəsi ilə) tutduğu vəzifəsindən azad edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 125 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə "xxxx" İstehsal Birliyinin ("xxxx" İstehsalat Birliyi-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 105 saylı sərəncamına və Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017ci il tarixli çıxarışına əsasən Bakı Telefon rabitəsi İstehsalat Birliyi yenidən təşkil edilməklə "xxxx" MMC-ə çevrilmişdir) X3 (arxiv arayışına əsasən) xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək kabel lehimləyicisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə qurğuşunlaşdırılmış kabellər, politilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə məşğul olmuşdur. İşlədiyi vəzifə üzrə iş stajı 01 il 10 ay 01 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, politilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı” üzrə **********624 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 30-cu bəndinin 1-ci hissəsində eyni vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olaraq qeyd edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-20280/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 231 nömrəli sərəncamı ilə X5 Şirkətinin Bakı X1 zavodunun bazasında yaradılmış "xxxx" ASCnin xx.xx.2004-cü il tarixində və X5 Şirkətinin Bakı X2 kombinatının bazasında yaradılmış "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixində səhmlərinin özəlləşdirilməsi prosesi yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdirlər. Hər iki səhmdar cəmiyyətin özəlləşdirilmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. - Azərbaycan Respublikası "xxxx" ATC-nin 01 nömrəli, xx.xx.2024-cü il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci ildən (xx.xx.1981-ci il əmr № 370) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-cü il əmr № 218) Bakı Kökə-Maya kombinatında Maya zavodunda maya yetişdirilməsi operatoru peşəsində zərərli əmək şəraitində işləmişdir. Yuxarda qeyd olunanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli (kod 27.13. a) qərarına əsasən təsdiq edilmiş güzəştlərlə təqaüdə çıxmaq hüququ qazanır. Azərbaycan Dövlət Əmlak Komitəsinin 231 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı Kökə-Maya Kombinatı bazasında “Taleh-Çörək" ASC-i yaradılmışdır. - "xxxx" ASC-nin 11 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı çalışdığı “maya yetişdirilməsi operatoru” vəzifəsi məhz asetonbutil istehsalı ilə əlaqəli olmuşdur. O, müvafiq maya zavodunda bu funksiyanı icra edərək, asetonbutil istehsalı ilə məşğul olmuş - yəni mayanı fermentləşdirən operator kimi fəaliyyət göstərmiş, mayanın hazırlanması ilə məşğul olmuşdur. Müvafiq əmək şəraitinin zərərli olması nəzərə alınaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"na uyğun olaraq, bu cür işlərdə iş vaxtı qısaldılmış şəkildə tətbiq olunur. Məhz bu səbəbdən də İddiaçı əmək müqaviləsi üzrə iş saatları 36 saat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının 22400000 kodlu (XXİİ) Yeyinti sənayesi bölməsinin 22413000 kodlu (13) Asetonbutil istehsalı altbölməsinin (a) fəhlələr yarımbəndində mayanı fermentləşdirən aparatçılar vəzifəsi qeyd olunmuşdur. Buna əsasən, “maya yetişdirilməsi operatoru” və “mayanı fermentləşdirən aparatçı” vəzifə adları fərqli olsa da, icra olunan əməyin funksional məzmunu eyni olduğundan, bu vəzifələr mahiyyət etibarilə eynimənalı hesab olunmalıdır. İddiaçı əmək müqaviləsində vəzifə adı “maya yetişdirilməsi operatoru” kimi göstərilmiş və onun icra etdiyi işin mahiyyəti də məhz qeyd olunmuş vəzifə kodunda (********) müəyyən edilmiş vəzifənin funksiyaları və xüsusiyyətləri ilə uyğun olmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun xx.xx.2021-ci il tarixə 12 il 6 aydan artıq, 13 il 8 ay 6 gün güzəştli iş stajı mövcud olmuşdur. Lakin işdən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək onun işlədiyi sahənin Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asetonbutil istehsalı sahəsinə uyğun olmamasına, həmçinin işlədiyi maya yetişdirilməsi operatoru vəzifəsinin isə həmin Siyahının yeyinti sənayesi bölməsində nəzərdə tutulmamasına istinad edir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının xx.xx.1981xx.xx.1993-cü illərdə X5 Şirkətinin Bakı X1 zavodunda işləməsi və maya yetişdirilməsi operatoru olması iş materiaları ilə tam təsdiq olunur. Belə ki, işəgötürənin də verdiyi arayışdan görünür ki, “maya yetişdirilməsi operatoru” və “mayanı fermentləşdirən aparatçı” vəzifə adları fərqli olsa da, icra olunan əməyin funksional məzmunu eynidir. Çünki asetonbutil istehsalı zamanı fermentasiya tələb olunur ki, bu fermantasiya bakteriyaların, xüsusən də Clostridium cinsinə aid olanların aseton, n-butanol və etanol istehsal etmək üçün istifadə edildiyi bir prosesdir. Cavabdeh iddiaçının təqdim etdiyi həmin arayışları qəbul etməsə də, bununla bağlı əsaslı bir dəlil təqdim etməmiş, yalnız formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi vəzifəni əks etdirən konkret koda istinad edilməsini, həmin arayışların müvafiq sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən verilməsini nəzərə alaraq hesab edir ki, həmin arayışlar mötəbər qəbul edilməlidir. Belə olan halda, aydındır ki, iddiaçı üçüncü tələbi də ödəyir. Dördüncü tələbə gəldikdə, iş materiallarından görünür ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 24392,82 manat təşkil edirdi. Bu isə o nəticəyə gəlmək üçün əsasdır ki, iddiaçı ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri şərti ödəmir. Lakin o da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD saylı Qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilmiş, Qanundan 9.1-ci maddə üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi çıxarılmış və Qanunun 2-ci maddəsində keçid müddəalarda nəzərdə tutulmuşdur ki, həmin Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 4-cü tələbi ödəməsə də, xx.xx.2022ci il tarixdən qüvvəyə minmiş normaya əsasən həmin hüququ əldə etmişdir. Ona görə də iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən deyil, pensiya kapitalı ilə bağlı tələbin aradan qalxdığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar