Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14507/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR X11 məxsus olan neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə dair verilmiş MH seriyalı ******* saylı çıxarışın (hüquq sahibi X4) və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Heydər Əliyev adına X12 tərəfindən xx.xx.2023cü il tarixdə saat 17.10-da 45 saylı postun ərazisində ünvan 1 ünvanında yerləşən “Ruslan 93” idman kompleksinin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə xətdə perpendikulyar 1-ci sırada özünü X1 təqdim edən şəxs tərəfindən köhnədən olan 14 metr uzunluğundakı hasarın 7 metr uzunluğundakı uçmuş hissəsini 7 mişar daşı hündürlüyündə tikməklə yenidən bərpa etməsi, eləcə də, kəmərdən 6-7 metr aralı məsafədə həmin hasarın köhnədən olan darvazasına bitişik köhnədən təqribən 7 mişar daşı hündürlüyündə və 19 mişar daşı uzunluğundakı hasarın üzərinə 3 mişar daşı hündürlüyündə əlavə tikinti işlərinin aparılması aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü ildə akt tərtib edilmişdir. Həmin şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisində düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. Lakin həmin şəxs edilən xəbərdarlığa məhəl qoymataraq, torpaq sahəsinə dair çıxarış təqdim etmiş və işlərin davam etdiriləcəyini bildirmişdir. X13 Kəmərinin mühafizə zonasında cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi həm cavabdehin özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Buna görə də, iddiaçı həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin bugünə kimi, müraciətə cavab verilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Heydər Əliyev adına X10 SOCAR X11 məxsus olan neft məhsulu nəql olunan boru kəmərinin təqribən 15-20 metr aralı məsafədə, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə dair verilmiş MH seriyalı ******* saylı çıxarışın (hüquq sahibi X4) və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Heydər Əliyev adına X12 müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsi 4-Ə4-484 saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır. Daha sonra müvafiq torpaq sahəsi X4 ilə X6 arasında bağlanmış 4Ə-1667 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. X2 adına Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinə verilmiş çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki Bakı şəhəri, Nizami rayonu, Zığ qəsəbəsi, 2433-cü məhəllə ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə mülkiyyət hüquqları AN-0079818 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
10. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
12. İddia tələbindən göründüyü kimi, iddiaçı tələbin birinci hissəsində cavabdeh tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edir. Lakin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndindən də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır.
13. İddiaçı tələbin ikinci hissəsində isə mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş hüquqmüəyyənedici sənədi mübahisələndirmişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
17. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, tələb qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. Torpaq sahəsinə dair qeydiyyat daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmış və iddiaçı tərəfindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirilmişdir.
18. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı öz məqsədinə hüquqi marağını əsaslandırmaqla digər hüquqi müdafiə vasitəsindən – olduğu təqdirdə ilkin torpaqayırma aktlarını mübahisələndirməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva