Məhkəmə qərarları › İş №e-2-1(112)-1455/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1455/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1455/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı “X1 Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********354900 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********354900 nömrəli qərarı ilə iddiaçıya 94.206,96 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Əlavə dəyər vergisinin hesablanmasına əsas isə 2020-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunmuş EBAN seriyalı 825677 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatların riskli hesab edilməsidir. Qeyd edilən elektron qaimə-faktura 19 avqust 2020-ci il tarixində iddiaçı ilə "xxxx" MMC arasında 03 iyul 2019-cu il tarixində bağlanılmış alqı-satqı müqaviləsinə əsasən tədim edilmişdir. Elektron qaimə-faktura üzrə ƏDV məbləği 113269,14 AZN təşkil edirdi. İddiaçı tərəfindən avqust ayında alqı-satqı müqaviləsi üzrə nağdsız qaydada əsas ödəniş (423 372,00 AZN) və ƏDV məbləğinin ödənişi (95 269,14 AZN) həyata keçirilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsini rəhbər tutmaqla, avqust ayında ödənilmş 94206,96 AZN ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin, iddiaçı ilə sözügedən şirkət arasında əməliyyatlar avqust 2020-ci il tarixində aparılmışdır və ödəniş həyata keçirilərkən şirkətin riskli vergi ödəyicisi olub-olmaması faktı barədə iddiaçı tərəfindən sistem üzərindən yoxlanılmışdır. Həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin 2020-ci ilin avqust ayında əvəzləşdirildiyini nəzərə alaraq cavabdeh 2020-ci ilin avqust ayı olan hesabat dövrü üçün 2020-ci ilin may ayında əlavə vergi məbləğinin hesablanmasına dair qərar qəbul edərək Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş prosessual müddətlə bağlı müddəanı pozmuşdur. 2020-ci ilin yanvarın 1-dən 3 il müddətndə kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV məqsədləri üçün vergitutma obyektidir. İddiaçı ilə "xxxx" MMC arasında 2024-cü ilin yanvar ayında ƏDV-yə cəlb olunan heç bir əməliyyat aparılmamışdır. Beləliklə, vergi orqanının qərarında qeyd edilən əməliyyat hesabat dövrü olaraq 2024-cü ilin yanvar ayına aid deyildir. Vergi orqanının 2020-ci lin avqust ayına münasibətdə kameral vergi yoxlaması keçirməsi mümkün olmadığından, qanunsuz olaraq həmin dövrdə aparılan əməliyyatlara münasibətdə 2024-cü ilin yanvar ayı üzrə kameral vergi yoxlaması keçirmişdir. Vergi orqanının qərarına əsasən, 2024-cü ilin yanvar ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 AZN olması nəticəsində kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsinin 324-cü sətrində müvafiq məlumatın qeyd edilməsi ilə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi Vergi Məcəlləsinin 163 və 175.5-ci maddələri ilə tənzimlənir. Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Vergi Məcəlləsinin 163.1-ci maddəsində vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün 4 hal müəyyənləşdirilmişdir. İddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatlarla bağlı 163.1-ci maddədə qeyd edilmiş hallardan heç biri yaranmamışdır. Əgər vergi orqanı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsini Məcəllənin 163.1-ci maddəsində qeyd edilmiş hallardan hansısa biri kimi qiymətləndirirsə, bu zaman da, dəqiqləşdirmənin aparılma dövrünü düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyəyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilib-edilməməsi iddiaçı tərəfindən yoxlanılmışdır və əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyiciləri barədə məlumatda bu haqda heç bir məlumat aşkarlanmadığına görə qanuna uyğun olaraq əvəzləşdirmə aparılmışdır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məcəllənin müvafiq maddəsindən də, göründüyü kimi, riskli vergi ödəyicisi hesab olunan şəxslərlə aparılmış bütün əməliyyatların əvəzləşdirilməsinə yol verilməməsi ilə bağlı bir müddəa yoxdur. Məcəllə əmtəəsiz əməliyatlar çərçivəsində ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol vermir. İddiaçı "xxxx" MMC-dən alqı-satqı müqaviləsi əsasında 148 növdə mal almışdır (malların siyahısı elektron qaimə-fakturada əks olunur). Amma cavabdeh tərəfindən kameral qaydada yoxlama aparılarkən qanunun müddəaları nəzərə alınmamış, əməliyyatın əmtəəsiz olub-olmadığı ümumiyyətlə araşdırılmamışdır. Vergi Məcəlləsinin 72-ci maddəsinə əsasən mübahisələndirilən əməliyyatların 2020-ci ilin avqust ayında həyata keçirilməsini nəzərə alaraq kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub həmin dövrdən hesablanmaqla 30 iş günü ərzində təqdim edilməli idi. İddiaçıya isə bu məktub 2024-cü ilin yanvar ayına münasibətdə 14 mart 2024-cü il tarixində təqdim edilmişdir.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-292092/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, "xxxx" MMC 2024-cü ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi təqdim etmiş, vergi orqanı tərəfindən bəyannamə üzrə kameral vergi yoxlaması aparılmışdır. Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Məişət elektrik mallarının pərakəndə satışı”ndan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılmlası faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən əvəzləşmə üçün təqdim edilmiş EBAN seriyalı 825677 nömrəli qaimə fakturanın 2020-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 113269,14 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********263600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 94206,96 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********354900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin yanvar ayı üçün riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalara görə kameral vergi yoxlaması ilə bəyannamənin 324-cü – Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği sətri üzrə hesablanmış 94206,96 manat vergi məbləği azaldılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 94206,96 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********614700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən 2024-cü ilin yanvar ayı üçün riskli vergi ödəyicilərindən (tərəfindən ƏDV bəyannaməsində (08.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAN seriyalı 825677 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir) əldə edilmiş elektron qaimə fakturalara görə kameral vergi yoxlaması ilə bəyannamənin 324-cü – Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği sətri üzrə hesablanmış 94206,96 manat vergi məbləği və 306.1-ci “ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər” sətri üzrə vergi məbləği azaldılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyindən xx.xx.2024-ü il tarixdə hesablanmış vergi məbləği bərpa edilmişdir və **********032200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. "xxxx" MMC-nin qaimə əldə etdiyi "xxxx" MMC-nin fəaliyyəti üzrə aparılan araşdırmaya əsasən xx.xx.2020-ci il tarixində "xxxx" MMC-yə EBAN seriyalı, 825677 nömrəli e-qaimə üzrə müxtəlif dəyərlərdə mallar təqdim edilməsinə baxmayaraq, qeyd olunan e-qaimədə malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 3.1.1-ci və 2.1.1-ci yarımbəndlərinə əsasən riskli əməliyyatlar çərçivəsində təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş malların alışı və ya idxalını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı olaraq hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş, xx.xx.2020-ci il tarixli, **********504400 nömrəli “Vergilərin ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılaraq cəmiyyətin elektron qutusuna göndərilmiş və təqdim etdiyi EBAN seriyalı 825677 nömrəli e-qaimə AVİS-in risk alt moduluna əlavə edilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İş materiallarına şəxsi hesab vərəqəsi, elektron qaimə-fakturalar, cavabdehin mübahisəli qərarı və inzibati icraat materiallarının surətləri əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

14. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

15. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti təşkil edən qərarı məhkəmə icraatı zamanı əldə etmiş və sonradan iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə müraciət edərək həmin qərarı mübahisələndirmiş və beləliklə də, qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi təqdim etmiş, vergi orqanı tərəfindən bəyannamə üzrə kameral vergi yoxlaması aparılmışdır. Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növü “Məişət elektrik mallarının pərakəndə satışı”ndan ibarətdir. Hazırki mübahisənin yaranma səbəbi kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən aparılmış əməliyyatlar üzrə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş elektron-qaimə fakturanın ƏDV bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmiş, 2024-cü ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə vergi ödəyicisi tərəfindən əvəzləşmə üçün təqdim edilmiş EBAN seriyalı, 825677 nömrəli elektron qaimə-faktura üzrə (aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir) əldə edilmiş elektron qaimə fakturalara görə kameral vergi yoxlaması ilə bəyannamənin 324-cü – Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği sətri üzrə hesablanmış 94206,96 manat vergi məbləği və 306.1-ci “ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər” sətri üzrə vergi məbləği azaldılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyindən iddiaçıya vergi borcu məbləği hesablanaraq bu barədə qərar göndərilmişdir. Beləliklə, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab edilməsi olmuşdur. Lakin, cavabdeh inzibati orqan iddiaçının apardığı əməliyyatları riskli əməliyyat kimi qiymətləndirsə də, bununla bağlı iddiaçı barəsində inzibati icraat aparmamış, iddiaçı barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilməmişdir. O cümlədən, iddiaçının əməliyyat apardığı vergi ödəyicisi olan "xxxx" MMC-nin də, mübahisəli əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olması ilə bağlı hər hansı bir sübut məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin məzmunundan görünür ki, "xxxx" MMC iddiaçı ilə riskli əməliyyat hesab edilən əməliyyatı apardığı tarixdən, yəni avqust 2020-ci il tarixdən sonra – xx.xx.2020-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehin əksinə iddiaçı tərəfindən məhkəmə araşdırmasına mübahisəli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla bağlı təsdiqedici sənədlər (alqı-satqı müqaviləsi və digər) təqdim edilmişdir ki, bu sənədlər də, iddiaçının apardığı mübahisəli əməliyyatların əmtəəsiz əməliyyat olması ilə bağlı cavabdehin əsaslandırılmamış mülahizəsini təkzib etmişdir.

18. Vergi Məcəlləsinin: 13.2.82.riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən): 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

20. Beləliklə, məhkəmə qeyd edir ki, araşdırma zamanı iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən, həmin müəssisələrin riskli olması ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən) qiymətləndirilmişdir. Lakin, nəzərə alınmalıdır ki, əməliyyatlar aparılan zaman həm iddiaçının özü, həm də, əməliyyatlar apardığı vergi ödəyicisi riskli vergi ödəyiciləri hesab edilmədən, onların barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilmədən, aparılmış qarşılıqlı əməliyyatların hansı əsaslarla əmtəəsiz olduğu əsaslandırılmadan iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla onun üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

21. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

22. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

23. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

24. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

27. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

28. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-292092/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar