Məhkəmə qərarları › İş №e-2-1(112)-14565/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14565/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14565/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1nə (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 103-cü Mərdəkan küçəsi, 85) dair plan ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 103-cü Mərdəkan küçəsi, 85) xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı, ½ hissədə X2 məxsusdur. Bağ sahəsi müqavilə əsasında mərhum anaları X6 məxsus olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,12 ha ərazisi olan 569 nömrəli bağ sahəsinin mərhum X6 mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qərarı qanuni qüvvəsini alaraq, icra edilmişdir. Daha sonra, vərəsəlik qaydasında, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 103-cü Mərdəkan küçəsi, 85) xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı, ½ hissədə X1 adına xüsusi mülkiyyət hüququna dair çıxarış verilmişdir. Çıxarış verilərkən torpaq sahəsinin planı və ölçüsü sənədi verilməmişdir. Həmin sənədin verilməsi ilə bağlı cavabdehə müraciətə cavab olaraq, **********67 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Daha sonra müraciəyə cavab olaraq, cavabdeh qurum tərəfindən bildirilmişdir ki, “müraciətinizlə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumat bazasın a əsasən Bakı şəhəri, Xəzər rayonu , Mərdəkan qəsəbəsi ərazisində ümumi hasar daxilində yerləşən 569, 569a və 568 saylı torpaq sahəsi ilə qonşu torpaq sahələri arasında notariat qaydasında təsdiq edilmiş bölgü sxemi ərizəyə əlavə olunmadığından, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçü sənədinin tərtib edilməsi ilə bağlı imtina olunmuşdur.” Qeyd olunmalıdır ki, yuxarıda qeyd edilən bağ sahələri ilk əvvəl 681 saylı bağ sahəsi kimi 21 iyul 1947-ci il tarixli 703 nömrəli müqavilə əsasında iddiaçının mərhum babası X4 verilmişdir. Yuxarıda qeyd edilən bağ sahələri hazırda bir-birindən təcrid olunmuş vəziyyətdə olmaqla, ayrıca giriş-çıxışları vardır. Vaxtilə isə, hər üç bağ sahəsi bir ailəyə məxsus olduğundan, bir hasar daxilində istifadə edilmişdir. Lakin, hazırda həmin bağ sahələri yenidən ayrıca hasar daxilində yerləşməkdədir. İddiaçı tərəfindən cavabdehə bu barədə bildirilsə də, yenidən eyniməzmunlu cavab verməklə, plan ölçü sənədinin verilməsindən imtina etmişlər. Halbuki, vaxtilə müvafiq müqavilələr bağlanarkən, hər bağ sahəsinin sahəsi 0,12 ha qeyd edilmişdir. Hazırda da, həmin ölçülər üzrə bölgü mövcuddur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırkı iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 10294/2022 nömrəli qərarından görünür ki, iddiaçılar X1 və İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,12 ha ərazisi olan 569 nömrəli bağ sahəsinin birgə iddiaçılar X1 və İddiaçı anası mərhum X6 mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-10294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra edilmiş, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mərhum X5 adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayış hazırlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 103-cü Mərdəkan küçəsi 85) üzərində İddiaçı (1/2 hissə) və X1 (1/2) paylı mülkiyyət hüququ qeydə alınmışdır. İşdən görünür ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi nəticəsində ilk növbədə bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın, daha sonra isə ondan irəli gələn hüquq əsasında mülkiyyət hüquqları qeydə alınmış 569 saylı bağ sahəsinə dair plan ölçünün tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, elektron kadastr məlumat bazasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində ümumi hasar daxilində yerləşən “569”, “569a”, “568” saylı torpaq sahəsi ilə qonşu torpaq sahələri arasında notariat qaydasında təsdiq edilmiş bölgü sxemi ərizəyə əlavə olunmadığından, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçü sənədinin tərtib edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənin icrasından 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunmuş və bu barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18667/2023 nömrəli məktub ünvanlanması barədə xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-R-0317/03-8/2024 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı hazırda cavabdehin bu iminasını mübahisələndirərək, paylı mülkiyyətində olan torpaq sahəsinə plan ölçünün verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Qanunun 10-cu maddəsinə əsasən: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. İstinad olunan normalardan görünür ki, şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilk əvvəl onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilir, daha sonra isə hüququ qeydə alınaraq bu barədə şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. İşin yuxarıda qeyd olunan hallarına əsasən iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 10294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası nəticəsində verilmiş arayış əsasında qeydə alınsa da, həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, plan və ölçü çıxarış verilən torpaq sahəsinin identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən texniki sənəd olmaqla, çıxarışla birlikdə vahid sənəd kimi qiymətləndirilməlidir. Buna görə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə Çıxarış verilirsə, həmin çıxarışı verən cavabdeh eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verilən daşınmaz əmlakı eyniləşdirən plan-ölçü sənədinin verilməsini də təmin etməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1138/2023 saylı qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası nəticəsində verilmiş arayış əsasında həyata keçirildiyindən məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı plan və ölçünün tərtib edilməsi də, həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar