Məhkəmə qərarları › İş №e-2-1(112)-14582/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14582/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14582/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı “məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı məhkəməyə müraciət edərək, pensiya təyin olunması üçün məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh orqana həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-ci il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyində çalışmağa başlamışdır. Maliyyə Nazirliyində müvafiq olaraq xx.xx.2004-cü il tarixdən Sosial sahələrin maliyyəsi şöbəsinin əhalinin sosial müdafiəsi, səhiyyə və idman maliyyəsi sektorunda aparıcı məsləhətçi vəzifəsində fəaliyyət göstərmişdir. xx.xx.2004-cü il tarixdən həmin vəzifədə 2-ci dərəcəli dövlət qulluqçusu olaraq çalışmış, xx.xx.2007-ci il tarixdən Maliyyə Nazirliyinin Baş X3 Büdcəsinin Uçotu sektorunda məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdən Dövlət Büdcəsinin uçotu və hesabatı şöbəsinin kassa əməliyyatlarının uçotu sektorunda baş məsləhətçi, 2-ci dərəcəli dövlət qulluqçusu olaraq çalışmış, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı X1 şöbəsinin yerli xərclərin maliyyələşdirilməsi sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixindən etibarən Gömrük orqanlarında – dövlət qulluğunun xüsusi növündə fəaliyyət göstərmiş, xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasında Enerji Gömrük İdarəsinin maliyyətarif şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Daha sonra xx.xx.2018-xx.xx.2023-cü il tarixləri arasında isə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin İdarə Rəisi olaraq çalışmışdır. Gömrük orqanında xidmət etdiyi dövrdə əmək haqqının tərkibində vəzifə maaşına fasiləsiz xidmət illərinə (22 il) görə əlavələr hesablanaraq ödənilmişdir. Həmçinin gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. xx.xx.2023-cü il tarixdə 1000/456Ş №li “Xidmətə xitam verilməsi haqqında” əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.7-ci bəndinə və Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xidmətinə xitam verilmişdir. İşdən azad olunmaq üçün ərizəsində Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən (pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə) xidmətinə xitam verilməsini və məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 göndərilməsini xahiş etsə də, xidmətinə Gömrük Orqanlarında Xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xitam verilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 göndərilməsi məsələsi ilə bağlı xx.xx.2023-cü il tarixli 3-33/2-N-000080/1-33/202 №li imtina məktubu göndərilmişdir. Belə ki, həmin məktubda onun – İddiaçı gömrük orqanlarında xidmət illərinin 13 il, 5 ay, 6 gün təşkil etdiyi göstərilmişdir. Müddətli həqiqi hərbi xidmət illərinin 11 ay, 13 gün, uzun müddət xidmətə daxil edilən mülki ali təhsil müəssisəsində təlim vaxtının 2 il təşkil etdiyi də qeyd edilən imtina məktubunda öz təsdiqini tapır. İmtina məktubunda qeyd edilir ki, xidmət illəri 15 il 5 ay 6 gün təşkil edir. Məlumat vərəqəsinin tərtib edilib Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsindən imtinanın əsası kimi göstərilmiş onun xidmətdən (hərbi xidmətdən) buraxılanadək 20 təqvim ili və daha çox xidmətinin (hərbi xidmətinin) olmaması isə tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Maliyyə Nazirliyində dövlət qulluqçusu olaraq çalışdığı müddət - müvafiq olaraq xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixinədək olan 6 il, 10 ay, 23 gün staj müddəti pensiyaya çıxmaq hüququ verən xidmət illərinə hesablanmalı olduğu halda nəzərə alınmamışdır. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanı) ümumi stajı 22 il, 3 ay, 29 gün təşkil etsə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ona qanunsuz və əsassız olaraq imtina məktubu verilmişdir. Belə ki, gömrük orqanında xüsusi rütbəli şəxs kimi xidmət etdiyi (2010-2023) 13 il 5 ay 6 gün xidmət müddətinin üzərinə Dövlət qulluğu haqqında Qanunun 22.7-1-ci maddəsinin tələbinə uyğun olaraq, 2010-cu ilədək işlədiyi dövlət qulluğu vəzifələrində mövcud olmuş 6 il 10 ay 23 gün dövlət qulluqçusu stajı toplanıldıqda cəmi 22 il 3 ay 29 gün xidmət illərini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Lakin cavabdeh inzibati orqanın bu işdə şikayət etdiyi Əmrinin məzmununda Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə deyil, həmin maddənin 1-ci hissəsinin 1-ci bəndinə istinad edilməsi və pensiya hesablanması üçün məlumat vərəqənin verilməsi xahişinin təmin edilməməsi ilə onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ məhdudlaşdırılmışdır. Yuxarıda göstərilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 124-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir və bu məbləğdən vergi tutulmur.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli iddiaçının müraciətindən imtina məktubunda qeyd edilmişdir ki, “dövlət qulluğunda xidmət illəri nəzərə alınaraq "Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 22.7-1-ci maddəsinə əsasən "Dövlət qulluqçusunun bu Qanunun 2.3-cu maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bildiririk ki, gömrük orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətınə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 1992 ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci, 9.5.2-ci və 9.5.3-cü maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi xidmətdən yaşa gorə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12.6 ayını hərbi xidmətdə keçırmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Sizin gömrük orqanlarında xidmət illəriniz 13 il, 5 ay, 6 gün təşkil edir. Müddətli həqiqi hərbi xidmət illəriniz 11 ay, 13 gun, uzun müddət xidmətə daxil edilən mulki ali təhsil) müəssisəsində təlim vaxtınız 2 il təşkil edir. Beləliklə, sızın xidmət illəriniz 15 il 5 ay 6 gun təşkil edir. Qeyd olunanlara əsasən qanunvericiliklə barənizdə məlumat vərəqinin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dovlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün deyildir.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 22.7-1-cı maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə əsasən “qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum Nazirlər Kabineti) təsdiq edir. Lakin yuxarıda adıçəkilən qayda bugünə qədər qəbul olunmamışdır. Gömrük orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu”nun 10.3-cü maddəsinə əsasən “ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir”.

5. İş materiallarında olan İddiaçı məxsus A 082939 nömrəli diplomun sürətindən görünür ki, iddiaçı 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır.

6. İş materiallarında olan İddiaçı məxsus AO ******* nömrəli Hərbi biletinin sürətindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

7. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının sürətindən görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Maliyyə Nazirliyində dövlət qulluqçusu olaraq çalışmışdır. xx.xx.2010-cu il tarixindən Gömrük orqanlarında – dövlət qulluğunun xüsusi növündə fəaliyyətə başlamış, xx.xx.2010-xx.xx.2018-ci il tarixədək Enerji Gömrük İdarəsinin maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində, xx.xx.2018xx.xx.2023-cü il tarixədək Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin İdarə Rəisi vəzifəsində çalışmış, xx.xx.2023-cü il tarixdə xitdmətinə xitam verilmişdir. İddiaçıya Gömrük xidməti polkovniki xüsusi rütbəsi verilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı aylıq əmək haqqı və əmək haqqına verilən əlavə ilə birlikdə orta hesabla 4150.94 (dörd min yüz əlli manat 94 qəpik) təşkil etmişdir. Cavabdeh tərəfindən Dövlət Gömrük Komitəsinin xx.xx.2010-cu il tarixli 783Ş, xx.xx.2010-cu il tarixli 784Ş, xx.xx.2018-ci il tarixli 1000/1183Ş, xx.xx.2018-ci il tarixli 1000/1186Ş, xx.xx.2019-cu il tarixli 1000/096Ş, xx.xx.2022-ci il tarixli 1000/536Ş və xx.xx.2023-cü il tarixli 1000/456Ş nömrəli əmrlərin surəti məhkəməyə təqdim edilmişdir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı cavabdehin nümayəndəsi etirazı müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının tələbi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən, o cümlədən “Gömrük orqanlarında xidmət haqqındaƏsasnamə”nin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq dövlət qulluğu stajı da nəzərə alınmaqla pensiya təyinatı üçün məlumat vərəqinin tərtib olunaraq aidiyyəti üzrə göndərilməsindən ibarətdir.

19. Cavabdehin imtinasının və etirazın əsas dəlili ondan ibarətdir ki, gömrük orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmətvaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır.

20. Məhkəmə cavabdeh inzibati orqanın “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarında dövlət qulluğu stajının xüsusi növ üzrə xidmət illərinə daxil edilərək pensiya hesablanarkən nəzərə alınmamasıvə həmin “Qaydalar”ın “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” ilə ziddiyyət təşkil etməsi və bu halın “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən “ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqiaktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir” dəlili ilə bağlı qeyd edir ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməni müyyən edən normativ hüquqi akt yuxarıda qeyd edilən hər iki normativ hüquqi aktdan daha yüksək hüquqi qüvvəyə malikdir. Belə ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinədaxil edilmə məsələsi qanunla müəyyən olunduğu halda, yuxarıda qeyd edilən hər iki normativ hüquqi akt Nazirlər Kabinetinin qərarları ilə tənzimlənmişdir.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 10.1-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Həmin Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdəqanun tətbiq edilir.

22. Qeyd edilənlərə əsasən qanun daha yüksək hüquqi qüvvəyə malik olduğu üçün qeyd edilən münasibətlərə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli olduğu üçün cavabdeh inzibati orqanın gətirdiyi bu dəlil də əsassızdır.

23. Eyni zamanda məhkəmə, cavabdeh inzibati orqanın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və həmin stajın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilmə qaydası və şərtlərininin bu günədək qəbul edilməməsi dəlili ilə bildirir ki, bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

24. Məhkəmə iddiaçının təhsil və xidmət illərinin gömrük orqanlarında xidmət illərinə daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiyatəyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: - Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunolaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; - “Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.

25. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “ğ” bəndində göstərilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

26. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək hərbi xidmət dövrü üzrə 11 ay, 13 gün, həmçinin 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıdığı dövrlər üzrə 2 il, ümumilikdə 2 il 11 ay 13 gün onun gömrük orqanlarında qulluq stajına hesablanmalıdır.

27. Məhkəmə iddiaçının əvvələr işlədiyi dövlət qulluğu vəzifələrindəki iş müddətinin gömrük orqanlarındakı qulluq stajına hesablanması ilə bağlı aşağıdakıları qeyd edir:

28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi;

29. Göründüyü kimi iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyində işlədiyi müddət onun dövlət qulluğu stajına daxil edilir.

30. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlətqulluğunun xüsusi növüdür. 2-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

31. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.

32. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarınınaparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına vədövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddətivə təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışbaşqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərininvə bununla əlaqədar onlara verilən əlavələrin hesablanması” Qaydası:

1. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir.

2. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.

35. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri şəxsin dövlət qulluğu stajına, dövlət qulluğunda xidmət illəri isə şəxsin xüsusi növ üzrə iş stajına daxil edilir.

36. Göründüyü kimi qeyd edilən münasibətləri tənzimləyən əsas qanunvericilik aktlarında dövlət qulluğunun hər iki növü (ümumi və xüsusi) üzrə iş stajı vahidləşdirilərək müvafiq təminatların şamil edilməsi nəzərə tutulmuşdur.

37. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir.

38. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının dövlət qulluğu stajı, hərbi xidmət və təhsil illəri də nəzərə alındıqda gömrük orqanlarındakı iş stajı ümumilikdə 22 il 3 ay 29 gün təşkil edir.

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.

40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar