Məhkəmə qərarları › İş №e-2-1(112)-14593/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14593/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14593/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 24 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış (bundan sonra – fərdi yaşayış evi) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. Evin sənəd üzrə sahəsi 331,60 kv.metrdir. Fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. İddiaçı fərdi yaşayış evində təmir-tikinti və yenidənqurma işləri apardıqdan sonra ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmiş, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 24 iyul 2024-cü il tarixli, 193 nömrəli sərəncamına ilə fərdi yaşayış evinin ümumi sahəsinin 577.9 kv.metr hesab edilməklə qeyri-yaşayış sahəsinə keçirilməsinə Sərəncam verilmişdir. İddiaçı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…qeyri-yaşayış binasının qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəyi təqdim olunmamışdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024cü il tarixli, 193 nömrəli sərəncamına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, evin ümumi sahəsinin 577,9 kv.m müəyyən edilməklə qeyri-yaşayış sahəsi kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, imtina məktubunda göstərilən xüsusatlar imtina üçün əsas ola bilməz. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 24 iyul 2024-cü il tarixli, 86 nömrəli rəyindən və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 24 iyul 2024-cü il tarixli, 86 nömrəli Qəbul Aktından göründüyü kimi fərdi yaşayış evinin ümumi sahəsinin 577.9 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. İş materiallarında fərdi yaşayış evinin qeyri-yaşayış binasına keçirilməsi ilə bağlı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı imtina üçün heç bir əsas olmadığını sübut edəcək dəlillərin olmasına baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində imtina məktubunun verilməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, qeyri-yaşayış binası arxiv sənədləri ilə faktiki vəziyyət arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur. Belə ki, faktiki vəziyyətdə tərtib edilmiş layihədə 1-ci mərtəbədə yerləşən 5 və 6 saylı sahələr və onun üzərində yerləşən digər mərtəblər üzrə sahələr arxiv texniki pasportunda öz əksini tapmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir). 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Maddə 15.1. Şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə aşağıdakılar daxildir: ... 15.1.4. tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına əsasən fərdi yaşayış iddiaçının xüsusi mülkiyyətindədir. Evin sənəd üzrə sahəsi 331,60 kv.metrdir. İddiaçı fərdi yaşayış evində təmir-tikinti və yenidəndurma işləri aparmış və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 24 iyul 2024-cü il tarixli, 193 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin ümumi sahəsinin 577.9 kv.metr hesab edilməklə qeyri-yaşayış sahəsinə keçirilməsinə sərəncam verilmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin evin yeni sahəsi ilə birlikdə qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə edilməsidir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edir və bildirir ki, qeyriyaşayış binasının qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəyi təqdim olunmamışdır”. İddia tələbinə etirazında isə, cavabdeh qeyd etmişdir ki, qeyri-yaşayış binası arxiv sənədləri ilə faktiki vəziyyət arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur. Belə ki, faktiki vəziyyətdə tərtib edilmiş layihədə 1-ci mərtəbədə yerləşən 5 və 6 saylı sahələr və onun üzərində yerləşən digər mərtəblər üzrə sahələr arxiv texniki pasportunda öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabehin imtinası və etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsi və tələbin qanuni əsasının dispozisiya şərtlərinin işin hallarına uyğunluğunun müəyyən edilməsi araşdırılmalıdır. Hazırkı mübahisədə iddia tələbinin qanuni əsası Mənzil Məcəlləsinin 20-21, 23-24-cü maddələridir. Məcəllənin 23-24-cü maddələri yaşayış sahəsinin yenidənqurma və yenidən planlaşdırılmasını, 20-21-ci maddələri isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini tənzimləyir. Hər iki məsələ ilə bağlı səlahiyyətli qurum yerli icra hakimiyyəti orqanlarıdır. İddiaçıya məxsus fərdi yaşayış evində yenidənqurma işlərinin aparılması və bu işlərin səlahiyyəti qurum olan yerli icra hakimiyyəti orqanı tərəfindən verilən sərəncamla öz təsdiqini tapmışdır. Həmçinin həmin sərəncamla fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün hesab edilmişdir. Analoji işlər üzrə Ali Məhkəmənin qərarlarında müəyyən edilmiş hüquqi mövqeyə görə, cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qanuni qüvvəsini almış və etibarlı olan qərarını təftiş etmək səlahiyyətinə malik deyildir və belə yanaşma səlahiyyətlərin bölgüsü prinsipindən irəli gəlir (iş № 2-1(102)-1485/2023, 2-1(102)-2104/2023). Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli, YTNƏŞ 09132 nömrəli, iddiaçıya məxsus fərdi yaşayış evinin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair “obyektin yanğın təhlükəsizliyinə cavab verməsi barədə akt” təqdim etmişdir. Həmin aktda qeyd edilmişdir ki, “təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək obyektin 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının, 2.08.02-89* “İctimai bina və qurğular" Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı. Xarici şəbəkə və qurğular" Azərbaycan Dövlət Tikinti Normalarının, 2.04-09- 84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydalarının yanğına qarşı yönəldilmiş tələblərinə uyğun olduğu müəyyən edilmişdir”. Göründüyü kimi, cavabdehin imtina əsası aradan qalxmışdır. Məhkəmə cavabehin etirazının dəlili ilə bağlı qeyd edir ki, cavabdehin arxiv texniki pasporta istinad etməsi əsassızdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı fərdi yaşayış evində yenidənqurma işləri apardıqdan sonra sonra cavabdeh tərəfindən evə dair xx.xx.2024-cü il tarixdə yeni texniki pasport tərtib edilmişdir. Cavabdehin bu texniki pasporta deyil, arxiv texniki pasporta (xx.xx.2021-ci il tarixli) istinad etməsi əsassızdır. Çünki yenidən qurma işlərindən sonra evin sahəsində dəyişiklik olduğundan evin faktiki vəziyyətinin arxiv texniki pasporta uyğun olmaması mübahisəsizdir. Əgər cavabdeh arxiv texniki pasport dedikdə, xx.xx.2021-ci il tarixli texniki pasportu deyil, yenidənqurma işlərindən sonra yeni tərtib olunmuş xx.xx.2024-cü il tarixli texniki pasportu nəzərdə tutursa, cavabdeh tərəfindən tərtib edilmiş bu texniki pasportun faktiki vəziyyətə uyğun olmaması cavabdehin öz səhvidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini adıqdan sonra icra olunacağı təqdirdə, evin faktiki vəziyyətinə uyğun olaraq hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi cavabdehin vəzifəsidir. Göründüyü kimi, cavabdehin həm imtinasınını, həm də etirazının əsası kimi istinad etdiyi halları əsassızdır. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi texniki baxımdan da mümkün olması iş materiallarına əsasən müəyyən edilir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 24 iyul 2024-cü il tarixli, 86 nömrəli rəyinə əsasən fərdi yaşayış evi DƏDRX-nin ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə ümumi sahəsi 331.6 kv.m-dən ibarət olmaqla vətəndaş iddiaçıya məxsus olduğu, komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı sözügedən mənzilin faktiki ümumi sahəsinin 577.9 kv.m təşkil etdiyinin aşkar edildiyi, ümumi sahədəki fərqin, mülkiyyətçi tərəfindən ünvanda aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən yarandığı, hazırda evdən qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışın olduğu, bu barədə 41 saylı MKİS-in xx.xx.2024-cü il tarixli Aktı və cizgisi əlavə olunduğu qeyd edilərək Nəsimi Rayonu İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyası tərəfindən fərdi yaşayış evinin ümumi sahəsinin 577.9 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 24 iyul 2024-cü il tarixli, 86 nömrəli Qəbul Aktına əsasən Nəsimi Rayonu İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyası tərəfindən vətəndaş iddiaçıya məxsus fərdi yaşayış evinin ümumi sahəsinin 577.9 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 iyul 2024-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək iddiaçıya məxsus fərdi yaşayış evinin ümumi sahəsi 577.9 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, keçirilmiş sahədən istifadə edərkən yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunmasının iddiaçı tərəfindən təmin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 200 saylı Qərarına əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə iddiaçıya bildirişin verilməsi, sərəncamın surətinin iddiaçıya, şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi üçün rayon MKTB-nə, məlumat üçün RİH Başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinə, hüquqi qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdə fərdi yaşayış evinin ümumi sahəsi 577.9 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunması məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçrilməsi barədə xx.xx.2024-cü il tarixli, 193 saylı sərəncamın qəbul edildiyi qeyd edilmişdir. Göründüyü kimi, fərdi yaşayış evinin ayrıca giriş-çıxışı olmaqla, faktiki olaraq qeyri yaşayış sahəsi kimi istifadə olunur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Odur ki, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab edilsin. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 193 nömrəli sərəncamına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 82 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, evin ümumi sahəsinin 577,9 kv.m müəyyən edilməklə qeyri-yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar