Məhkəmə qərarları › İş №e-2-1(112)-1460/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1460/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1460/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı, X3 və X5 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın və torpaq sahəsinin satılmasına dair aktın etibarsız sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Nizami Bələdiyyəsi və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500 kv.m. torpaq sahəsinin ayrılmasına dair Cavabdeh 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarının, həmin bələdiyyə tərəfindən X4 500 kv.m. torpaq sahəsinin satılmasına dair tarixsiz aktın və X3 və X2 adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlərin etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.metr olan torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. Bununla bağlı onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, daha sonra həmin müqavilə eyni müddətə uzadılmışdır. O, qanunla nəzərdə tutulmuş qaydada icarəsində olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. X3 və X5 onun icarəsində olan torpaq sahəsinə dair Bakı şəhəri Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarını hazırlamış, daha sonra torpaq alqı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişlər. Həmin qərar və akt Faiq Hüseynovun adına saxta yolla hazırlanaraq DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında icarəsində olan torpaq sahəsini əhatə edən Faiq Hüseynovun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra X3 və X5 Bakı şəhəri 52 saylı notariat kontorunda həmin torpaq sahəsinin alqı-satqısına dair 21 noyabr 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə bağlamış, bu müqavilə əsasında Nahirə Süleymanlının iddiaçının icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və ona bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, 29481 nömrəli və 29 yanvar 2019-cu il tarixli, 939 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İcarəsində olan torpaq sahəsi saxta bələdiyyə aktı əsasında qanunsuz olaraq ələ keçirildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500,0 kv.metr torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, həmin bələdiyyə tərəfindən X4 500,0 kv.metr torpaq sahəsi satılmasına dair tarixsiz aktı və onların adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlər ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 94/2021 saylı qətnaməsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən X4 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində ləğv edilmiş və həmin iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilmiş, izah olunmuşdur ki, həmin tələblə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Hazırda Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən X4 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mövcudluğu iddiaçının qanunla nəzərdə tutulan əmlak hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər sırasından X3 və X2 çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, cavabdehlər sırasından X3 və X5 xaric edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X3 etirazında göstərmişdir ki, iş üzrə tərəflər arasında gedən həm mülki iddia icraatı qaydasında, həm də hazırkı işin baxılması zamanı iddiaçı tərəf verdiyi izahatlarında təsdiq etmişdir ki, İddiaçı və Nizami Bələdiyyəsi arasında bağlandığı bildirilən “Torpaq icarəsi müqaviləsi” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı və cavabdeh arasında bağlandığı iddia edilən müqavilə qanunvericiliyin tələblərinə uyğun qeydə alınmadığı üçün özü-özluyündə etibarsız müqavilədir. Belə olan halda İddiaçı xx.xx.2006-cı ıl tarixli müqaviləyə əsaslanaraq hüquqlarının pozulduğunu iddia edərək Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının və digər sənədlərin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. Bundan başqa, İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında xx.xx.2006-cı i tarixdə bağlandığı bildirilən müqavilədə, müqavilənin qüvvədə olma müddəti 15 il müəyyən edilmişdir. Müqavilədə, həmin müddətinin bitməsindən sonra, onun uzadılması şərtləri barədə müddəa yoxdur. İddiaçı tərəf bildirir ki, xx.xx.2006-cı il tarixli müqavilənin müddəti başa çatsa da, o və Nizami Bələdiyyəsi arasında həmin mübahisəli torpaqla bağlı icarə münasibətləri faktiki davam etmiş və bununla da müqavilə müddəti uzadılmışdır. Hesab edir ki, iddiaçının bu dəlili əsassızdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsi və Torpaq Məcəlləsinin normaları dövlət və bələdiyyə mükiyyətində olan torpaqların icarəyə verilməsinin məcburi qaydalarını tənzimləyir. Bu qaydalara həmçinin torpaqların icarəyə verilməsi barədə tərəflər arasında müqavilənin bağlanması və torpaq üzərində yüklülüyün (icarə hüququnun) dövlət qeydiyyatına alınması daxildir. Lakin İddiaçı mübahisəli torpaq sahəsinə dair onunla Nizami Bələdiyyəsi arasında bağlanmış yeni icarə müqaviləsini və ya xx.xx.2006-cı i tarixli icarə müqaviləsinin uzadılması barədə müqaviləni məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi üzərində xx.xx.2016-cı il tarixdə, hazırkı iş üzrə üçüncü şəxs Faiq Hüseynovun, xx.xx.2016-cı il tarixdə isə Nahirə Süleymanovanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə çıxarışlar və torpaq sahəsinin plan-ölçüsü təqdim olunmuşdur. Bu barədə həm İddiaçı, həm də Nizami Bələdiyyəsi məlumatlı olmuşlar. Bu fakt tərəflər arasında uzun müddət gedən məhkəmə çəkişmələri ilə də təsdiq olunur. Torpaq sahəsinə dair Faiq Hüseyovun xeyrinə daşınmaz əmlakın dövlət reyestrinə aparılan qeyd bu gündə qüvvədədir. Belə olan halda artıq Faiq Hüseynovun mülkiyyət hüququ ilə yüklü edilən torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin uzadılması və icarə münasibətlərinin faktiki davam etdirilməsi barədə iddiaçı tərəfin bildirdikləri həqiqətə uyğun deyil. xx.xx.2006-cı il tarixdə bağlandığı bildirilən müqavilədə torpaq sahəsinin ticarət və iaşə xidməti məqsədi ilə verildiyi göstərilmiş və torpaq sahəsinin təyinatına uyğun istifadə edilməsi icarəyə götürənin vəzifəsi kimi təsbit edilmişdir. Lakin orada İddiaçı tərəfindən hər hansı abadlıq və s. işləri görülməmişdir. İddiaçı guya həmin torpaq sahəsindən faktiki istifadə etməsi barədə dəlilləri əsassızdır. Həmin torpaq sahəsi heç vaxt İddiaçı təhvil verilməmiş, torpaq İddiaçı torpaq üzərində faktiki istifadə hərəkətləri mövcud olmamışdır. Bunlardan başqa, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2424 №-li rəyində göstərilir ki, “...İddiaçı Bakı Şəhəri Nizami Bələdiyyəsinin 15 dekabr 2006-cı ıl tarixli 15 saylı İcarə müqaviləsinə əsasən ayrılmış 340 kv.m torpaq sahəsinin müqaviləyə əlavə olunmuş cizgisi miqyassız, kordinatsız, har hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən yərləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi naturada koordinatları müəyyən edilərək ölçülmüşdür. Göründüyü kimi, İddiaçı istifadəsinə ayrılmasını təsdiq edən və xx.xx.2006-cı il tarixli müqaviləyə əlavə olunan çizgi buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunmuş, torpağın miqyası, koordinatları, hər hansı istinad nöqtələri göstərilməmişdir. Bütün bunlar Elza Novruzavaya ayrıldığı iddia edilən torpaq sahəsinin həqiqətən də Nahirə Süleymanovanın mülkiyytətində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsini sual altına alır. Bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2424 №-li rəyindən görünür ki, Nahirə Süleymanlının mülkiyyətində olan 500 kv.m torpaq sahəsi ilə İddiaçı icarə müqaviləsi əsasında ayrılmış 340 kv.m torpaq sahəsinin 318 kv.m hissədə naturada və elektron kadastr məlumat bazasının məlumatlarına əsasən üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bu baxımdan da hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil və onun iddiası əsassızdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinin müddəti uzadılmamışdır. Həmin məktuba xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinin surəti əlavə edilmişdir. xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsində göstərilmişdir ki, “İcarəyəverən” icarə əsasında Nizami rayon E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 (bir min yüz qırx) kv.m olan ərazini “İcarəçi”yə 15 (on beş) il müddətinə istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. “İcarəçi”nin hüququ kimi “İcarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif vermək” qeyd edilmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan torpaq sahəsinə dair İddiaçı qız ilə torpaq icarə münasibətləri faktiki olaraq davam etdirilir, onun tərəfindən 2024-cü il daxil olmaqla torpaq icarə haqqı ödənilmişdir və faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsindədir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının hazırkı iddia ərizəsi ilə irəli sürdüyü tələblərə dair subyektiv hüququnun mövcud olması üçün müvafiq torpaq sahəsinə dair hər hansı hüququ sübuta yetirilməlidir. İddiaçı bu hüququnu onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında bağlanmış 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə və onun müddətinin daha sonradan uzadılması ilə əlaqələndirmişdir. Bu baxımdan məhkəmə tərəfindən ilk növbədə Bakı şəhəri Nizami Bələdiyyəsi ilə bağlanmış 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin hüquqi qüvvəsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, müqavilə 15 il müddətinə bağlanılmışdır. Bu da o deməkdir ki, icarə müqaviləsinin müddəti 15 dekabr 2021-ci il tarixdə bitmişdir. Müqavilədə “İcarəçi”nin hüququ kimi “İcarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif vermək” qeyd edilmişdir. Lakin müqavilə müddətinin avtomatik uzadılması ilə bağlı heç bir müddəa yer almamışdır. Eyni zamanda Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinin müddəti uzadılmamışdır. Lakin Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan torpaq sahəsinə dair İddiaçı qız ilə torpaq icarə münasibətləri faktiki olaraq davam etdirilir, onun tərəfindən 2024-cü il daxil olmaqla torpaq icarə haqqı ödənilmişdir və faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsindədir. Məktuba tərəflər arasında bağlanılmış yeni müqavilə və ya müddətin uzadılması ilə bağlı hər hansı digər sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən araşdırılmalı məsələ bələdiyyə və fiziki şəxs arasında torpaq icarə müqaviləsinin bu formada uzadılmasının hüquqi əsasının olub-olmamasıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Yuxarıda qeyd edilən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu sözügedən münasibəti tənzimləyən normativ hüquqi aktlardan olmaqla həmin Qanunda icarə müqaviləsinin prolonqasiyası ilə bağlı müddəa yer almamışdır. Digər tərəfdən icarə münasibətlərinin müqavilə əsasında yarandığı və hüquqların dövlət qeydiyyatına alınmalı olduğu qeyd edilmişdir. İcarə müqaviləsinin prolonqasiyasının araşdırılması zamanı “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununu müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. İcarə qanunvericiliyi İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. ... Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. ...

4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. ... Göründüyü kimi “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsində icarə müqaviləsinin nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edildiyi göstərilsə də, torpaq icarəsi ilə bağlı münasibətlərə şamil edilə bilməz. Belə ki, həmin Qanunun 2-ci maddəsinə əsasən, torpaq icarəsi ilə bağlı münasibətlərə “İcarə haqqında” Qanun tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 56.5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; .... Göründüyü kimi torpaq icarə müqaviləsi icarə müqaviləsinin bir növü olmaqla onun tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində xüsusi normalar öz əksini tapmışdır. Belə olan halda 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə qeyd olunan 15 il müddət bitdikdən sonra xitam verilmiş sayılır. İş materiallarından da görünür ki, torpaq icarə müqaviləsinin müddətinin uzadılması və onun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsi barədə heç bir sübut təqdim edilməmiş və ya məhkəmənin sorğuları əsasında əldə edilməmişdir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir.Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının tələb üzrə subyektiv hüququ olmaması əsası ilə iddia mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı, X3 və X5 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın və torpaq sahəsinin satılmasına dair aktın etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar