Məhkəmə qərarları › İş №e-2-1(112)-14611/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14611/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14611/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi - Vəkil, Cavabdehin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin etibarsız hesab edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 12 il 05 ay 22 gün qüsursuz xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmri ilə hərbi xidmətdən heç bir qanuni əsas olmadan və özündən xəbərsiz azad edilmişdir. Hətta əmr barədə uzun müddət ona xəbər verilməmiş və o, qazan təminatında qalmışdır. Sonradan onun işdən azad edilməsinə əsas olmuş hallar aradan qalxmasına baxmayaraq onun barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Hərbi xidməti zamanı əldə etdiyi nailiyyətlər fəxri fərmanlar və medallar, hərbi xidmət zamanı nümayiş etdirdiyi nümunəvi hərbi intizam nəzərə alınmamış və nəticə etibarilə qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. İddiaçı barəsində N nömrəli hərbi hissənin komandiri tərəfindən 2 xidməti xasiyyətnamə tərtib olunmuşdur. Bir xidməti xasiyyətnamə cinayət işində təqsirləndirildiyi zaman prokurorluğa və məhkəməyə təqdim olunmuş, digər xidməti xasiyyətnamə isə dəyişdirilmiş formada barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrə dair sənədlərə əlavə edilmişdir. Barəsində eyni vəzifəli şəxs tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamələrdə çox böyük fərq vardır. Bir xidməti xasiyyyətnamədə iddiaçının hərbi xidmət keçdiyi dövrdə intizamlı, tələbkar və bacarıqlı bir zabit kimi xidmət etdiyi qeyd olunmuşdur. Digər xidməti xasiyyətnamə isə onun tam əksidir. İlk olaraq barəsində müsbət xidməti xasiyyətnamənin tərtib olunması, çox qısa müddət keçdikdən sonra onun ziddinə mənfi xidməti xasiyyətnamənin tərtib olunması inandırıcı deyil. Bu onu göstərir ki, iddiaçının işdən çıxarılmasına səbəb olan xasiyyətnamə həqiqəti əks etdirmir. Əmr uzun müddət iddiaçıdan gizlədilmiş, lakin iddiaçı həmin əmri xx.xx.2022ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə əldə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və göstərmişdir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Çünki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması” tələbinə dair iddia ərzəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9667/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmiş, qərardaddan iddiaçı apellyasiya və kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-986/2023 nömrəli xx.xx.2023-ci il tarixli və Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1186/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadları ilə təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin qrupun sabiq komandiri-dalğıc) kapitan-leytenant İddiaçı Nəhməd oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda bu əmrin etibarsız hesab edilməsi və onun hərbi xidmətə qəbul olunmasını xahiş edir, hansı ki, bu iddia müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Yəni, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmçinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, məhkəmənin həmin qərardadı ilə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməyərək iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 2163/2021 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Bundan başqa, iş materiallarından məlum olur ki, iddiaçı yenidən 2022-ci ildə cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9667/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(103)-986/2023 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9667/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmış, iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)-2163/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1186/2023 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı hazırda həmin iddianın faktiki əsaslarını dəyişmədən əmrin etibarsız sayılması ilə bağlı xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı əmrin etibarsız sayılması barədə iddia irəli sürsə də, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır, iddiaçı daha əvvəl mümkün sayılmayan iddianın faktiki əsaslarına istinad etməklə, eyni məsələ ilə bağlı yenidən iddia irəli sürmüş və prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün həmin əmrin ləğvini deyil, etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Nə qədər ki, iddiaçı tərəfindən 2021-ci ildə sözügedən əmr məhkəmədə mübahisələndirilmişdir, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alındıqda, iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə xüsusilə qeyd edir ki, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Yəni mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürüldükdən sonra eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldırıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar