Məhkəmə qərarları › İş №e-2-1(112)-14614/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14614/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14614/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 məhkəməyə müraciət edərək Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinə leqitim sənədləri təqdim edən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən “166” saylı torpaq sahəsi üzərində hüquqları Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (Cavabdeh) 13 sentyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı etibarnamə üzrə numayəndəsi Nümayəndə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən “166” saylı torpaq sahəsi üzərində İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ərizəsinə imtina cavabı verilib. Cavabdeh imtinaya əsas kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 03 fevral 2011-ci il tarixində, № 23783, tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” baza məlumatının olmasını və bu məlumat bazasına əsaslanan Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına istinad edib. Azərbaycan Respublikasının Qanunundan göründüyü kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 03 fevral 2011-ci il tarixində, № 23783, tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” və istinad edilən xx.xx.2018-ci il tarixli Məhkəmə qərarı nə məzmun nə də tarix baxımından Qanunun tələb etdiyi şərtlərə cavab vermirlər və cavabdehə imtina üçün əsas sayıla bilməzlər. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə 2017-ci ildə olan müraciətinə şamil olunub. Hazirki, iddia ərizəsi qanunların düzgün tətbiq ediləsi dövrə aiddir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Maddə 8.0.7. : 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış).

3. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağ sahəsinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-296/2021 saylı qərarından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)- 1044/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmayaraq qərar qüvvədə saxlanılmışdır.

4. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə dair digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) baza məlumatı mövcuddur və həmin şəxsin müraciəti daxil olmuşdur. Bundan əlavə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı qeyd olunan daşınmaz əmlakla bağlı “bağ sahəsinə hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmiş və müvafiq qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1044/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”

5. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Mirtalıbova iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağ sahəsinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

15. Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, 13 fevral 2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2018-ci il tarixli 2-1(103)-1044/2018 saylı qərarına əsasən qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən baxıla bilməz.

16. Odur ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.

17. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar