Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14684/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Süleymanova (Sadıqova) İradə İbrahim qızı) “müavinətin iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tanınmış Süleymanova İradə İbrahim qızının mərhum şəhid X2nun ailə üzvü olmasına dair hüquqlarına xitam verilməsi, şəhid oğluna görə iddiaçıya çatası aylıq müavinətin tam olaraq ona ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 50 manat olmaqla aylıq müavinətlərindən tutulmuş 1600 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1944-cü ildə Şəmkir rayonun Qaracəşirli kəndində anadan olmuşdur. 05 iyul 1965-ci il tarixində X4 ilə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşdur. Birgə nikahlarından 5 övladları anadan olmuşdur. Həyat yoldaşı X4 31 mart 1983-cü il tarixdə vəfat etmişdir. X2 21 fevral 1992-ci il tarixdə Süleymanova İradə İbrahim qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, lakin bəzi səbəblərə görə səhərisi gün İradə Süleymanova öz evlərinə göndərilmişdir. Həmin ərəfədə fevral 1992-ci ildə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq Qarabağ uğrunda, gedən döyüşlərdə iştirak etmək üçün müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu X9 ugrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onların İradə Süleymanova ilə hər hansı bir münasibəti və İradə Süleymanovadan xəbərləri olmamışdır. Sonradan iddiaçıya məlum oldu ki, İradə Süleymanova, kiminləsə ailə həyatı qurmuş və həmin şəxsdən də bir oğlan övladı dünyaya gətirmişdir. İradə Süleymanovanın nə onun mərhum oğlu Əvəz Sadıqovla, nə də onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda, ona məlum olmuşdur ki, İradə Süleymanova Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək xx.xx.1992-ci il tarixdə vəfat etmiş X5 xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə İradə Süleymanovaya, xx.xx.2021ci il tarixdə 1/3 hissəsinə dair ona və digər 1/3 hissəsinə dair xx.xx.1983-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi arvadı olan ona vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh İradə Süleymanova onun mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursa da, qeyd etdiyim səbəbdən toyun səhərisi günü öz atası evinə getmiş, oğlu vəfat edən zaman yas mərasimində iştirak etməmiş, bundan sonra bir dəfə də olsun iddiaçı ilə maraqlanmamışdır. Lakin buna baxmayaraq Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu Əvəz Sadıqovun adına olan miras əmlakına dair cavabdeh İradə Süleymanovaya vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum X2na məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Süleymanova İradə İbrahim qızına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli idi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Süleymanova (Sadıqova) İradə İbrahim qızı üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi məqsəd ona hazırda şəhid X2nun arvadı Süleymanova İradə İbrahim qızı ilə ailə münasibətləri olmaması əsası ilə İ.Süleymanovanın şəhid ailəsi üzvü olmasına dair hüquqlarına xitam verilməsi, ona ödəniləcək vəsaitin isə iddiaçıya ödənilməsidir. Lakin iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının cavabdeh inzibati orqana “Prezident təqaüdü ödənşi barədə” ümumi xarakterli müraciət olmuş, hazırki tələb ilə bağlı müraciəti olmamışdır. Göründüyü kimi iddianın məhkəməyə müraciət etdiyi vaxt onun hüquqlarının pozulduğunu təsdiq edən əsaslar mövcud deyil. İddiaçı tərəfindən qanunvericiliklə tələb olunan ilkin prosedurlar həyata keçirilməmiş, yəni müvafiq quruma müraciət olunmamışdır. Bu isə hüquq pozuntusunun müəyyən edilməsi üçün zəruri olan şərtlərin yerinə yetirilməməsinə gətirib çıxarır. İlkin müraciətinin olmaması iddiaçının hazırki mərhələdə müdafiəyə ehtiyacın olmadığını göstərir. Çünki iddiaçının irəli sürdüyü tələb ilə İ.Süleymanovanın şəhid ailəsi üzvü olmasına dair hüquqlarına xitam verilməsi və ona ödəniləcək vəsaitin iddiaçıya ödənilməsidir ki, onun bu tələb ilə məhkəməyəqədər orqana müraciəti olmamışdır. Bu halda iddiaçının müraciəti həm hüquq-mühafizə sisteminin əsas məqsədinə, yəni mübahisələrin effektiv həllinə, həm də prosessual qaydaların mahiyyətinə ziddir. Nəticə etibarı ilə, tərəflər arasında məhkəməyəqədər hər hansı hüquq pozuntusunun yarandığı müəyyən olunmur. Bu isə hazırki iddianın mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Süleymanova (Sadıqova) İradə İbrahim qızı) “müavinətin iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14684/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14684/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver