Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1474/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İran İslam Respublikasının vətəndaşı İddiaçı barəsində qəbul edilmiş ölkəyə girişə məhdudiyyət qoyan inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı (bundan sonra Sirus Qoçxani) Sirus Qoçxani uzun illərdir Azərbaycan Respublikası vətəndaşı ilə faktiki nikah münasibətlərində olmaqla, iki azyaşlı övladı (onlarda Azərbaycan Respublikası vətəndaşıdır) ilə Bakı şəhərində yaşamış və qanuni əmək fəaliyyəti ilə məşğul olmuşdur. (ailə üzvlərinin ş.v-ləri əlavə olunur) İddiaçı-a məhz nikah əsasına görə (AR Miqrasiya Məcəlləsinin 52.1.1-ci maddəsi) Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq üçün icazə verilmişdir. Sirus Qoçxani Azərbaycan Respublikasında tanınmış plastik, rekonstruktiv və estetik cərrah kimi tibbin plastik cərrahiyyə sahəsində fəaliyyət göstərmişdir. Ölkəmizdə nadir cərrahlardan olmuşdur ki, plastik cərrahiyyənin növlərindən olan liposaksiya (beynəlxalq tibbi praktika ölüm təhlükəsi yüksək olan əməliyyat növüdür) və buna bənzər çətin tibbi əməliyyatları uğurla həyata keçirməklə, xarici ölkələrdən ölkəmizə tibbi xidmət almaq üçün əcnəbilərin axınına və bununla da ölkəmizin tibbi turizm mərkəzinə çevrilməsinə gedən yolda öz töhfəsini vermişdir. İcra etdiyi əməliyyatların riskli tibbi müdaxiləli cərrahi əməliyyatlar sırasında olması amili nəzərə alınmadan, dövri mətbuatda onun barəsində mənfi fikirlər (əgər mətbuat orqanlarında yazılar həqiqəti əks etdirmiş olsaydı, Sirus Qoçxani çoxdan məsuliyyətə cəlb edilmiş olardı) formalaşdırılmasına cəhdlər edilməsinə baxmayaraq, həkim-plastik cərrah kimi kimi ölkəmizdə və xaricdə kifayət qədər tanınan və müraciət olunan həkim olmuşdur. Dövlət Miqrasiya Xidmətinin 1 fevral 2024-cü il tarixli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarına (bundan sonra 1 fevral 2024-cü il tarixli qərar) əsasən hüquqlarını müdafiə etdiyi İran İslam Respublikasının vətəndaşı İddiaçı-un 30 dekabr 2023-cü il tarixli daimi yaşamaq üçün icazənin müddətinin uzadılması barədə müraciəti təmin olunmamış və 15 fevral 2024-cü il tarixədək qüvvəsi olan daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir. 1 fevral 2024-cü il tarixli Qərarı tamamilə qanunsuz və əsassız hesab etdiyindən inzibati icraat qaydasında şikayət ünvanladı və həmin şikayətə baxılmasında nümayəndə və ya vəkilin iştirakının təmin edilməsi habelə, inzibati icraat materialları ilə tanış olma üçün vəsatət verilsədə bugünədək təmin edilməməklə, heç bir cavab tədbiridə görülməmişdir. Bundan başqa, əldə olunan məlumata görə 6 fevral 2024cü il tarixdə Sirus Qoçxaninin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə qərar qəbul edilmiş və qeyri müəyyən müddətə ölkəyə girişinə məhdudiyyət qoyulmuşdur. (Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlər bölməsində pasport nömrəsi üzrə axtarış verilən zaman hüquqlarını müdafiə etdiyim Sirus Qoçxani barəsində arzuolunmaz hesab olunması barədə icraat aparıldığı görünməkdə idi, lakin bu halın aydınlaşdırılması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdən sonra bu barədə məlumatlar elektron portaldan silinmişdir.) Həmin qərarın qəbul edilməsi və ya ondan sonra Sirus Qoçxaniyə və ya onun nümayəndəsinə heç bir məlumat verilməmiş və o qərarın qəbul edilməsi zamanı inzibati icraat çərçivəsində özünün və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Həmin Qərar qəbul olunan zaman Sirus Qoçxani Bakı şəhərində olmasa da, arvadı Könül Qoçxani ölkə daxilində olmuşdur. Tərəfindən bu pozuntuların aydınlaşdırılması məqsədiylə 8-ə yaxın müraciət və vəkil sorğusu Dövlət Miqrasiya Xidmətinə ünvanlanmasına baxmayaraq, mahiyyətdən kənar cavablar verilməklə, kifayətlənilmiş və ən əsası məhkəməyə müraciət hüququndan məhrum etmək üçün Sirus Qoçxaninin ölkəyə girişinə məhdudiyyət qoyan inzibati aktın (arzuolunmaz barədə icraat) surəti iddiaçı tərəfə təqdim edilməmiş və yanlız ölkəyə girişə məhdudiyyətin olması barədə məlumat sonradan verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə daimi yaşamaq üçün icazənin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, müraciət üzrə icraat aparılan zaman müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli rəylə şəxsə daimi yaşama icazəsinin uzadılmasına etiraz olunmuşdur. Bu səbəblə əcnəbiyə daimi yaşamaq üçün icazənin uzadılmasından imtina olunmuşdur. Beləliklə, İddiaçı-nin Azərbaycan Respublikasına gəlişinə qadağanın tətbiq edilməsinə dair əsaslar müəyyən edildiyindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən barəsində müvafiq tədbirlər görülmüşdür. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi vəsiqəsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İran İslam Respublikası vətəndaşı İddiaçı yaşayış yeri Bakı şəhəri, Neftçilər prospekti, “X3” binası, mənzil 107B olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarına əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı 30 dekabr 2023-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97499815 nömrəli Pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 27123 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidmətinin iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ilə hüquqlarını müdafiə etdiyiniz İran İslam Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılmasına dair müraciəti təmin olunmamış, həmçinin əvvəl verilmiş icazə ləğv edilmişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikasına gəlişinə qadağanın tətbiq edilməsinə dair əsaslar müəyyən edildiyindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən barəsində müvafiq tədbirlər görülmüşdür. Beləliklə, işdən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı İran İslam Respublikası vətəndaşı olmaqla sonuncu dəfə ona xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarına əsasən İddiaçı-ə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir. Sərhədkeçmə məlumatlarından göründüyü kimi, iddiaçı xx.xx.2024cü il tarixdə ölkədən çıxmış və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilərkən iddiaçı ölkədə olmamışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehin onun barəsində ölkəyə girişinə məhdudiyyət qoyan qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş materiallarından iddiaçı tərəfin mübahisələndirdiyi qərarın ona rəsmi qaydada təqdim edilməsinin sübut olunmadığını, nəzərə alaraq hesab edir ki, iddia müddəti iddiaçıya münasibətdə ötürülmüş hesab edilə bilməz. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı hüquqi dəyərləndirmədə aşağıdakı normaları rəhbər tutur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir: 16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə; 16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda; 16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə; 16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda; 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə; -16.2. Bu Məcəllənin 16.1.6-cı və 16.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur. -23.1-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. -23.2-ci maddəsinə görə şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. -23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. -23.4-cü maddəsinə əsasən şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. -23.5-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. -44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. -48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. -48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. -48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. -48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. -55.0-cı maddəsinə görə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. -78.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər: 78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə. -79.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə. -79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 nömrəli Fərmanının: -5.4-cü bəndinə əsasən həmin Məcəllənin .....23.5, 79.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. -5.9-cu bəndinə əsasən həmin Məcəllənin 23.1-ci və 23.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. -5.10-cu bəndinə əsasən həmin Məcəllənin 23.5-ci və 38.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər. Göstərilən normalardan müəyyən olunur ki, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə bu barədə müvafiq icra hakimiyyəti orqanları məlumatı Dövlət Miqrasiya Xidmətinə təqdim edir. Şəxs ölkədə olmasının arzuolunmaz hesab edildiyi təqdirdə ölkədə olma və ya yaşama hüququnu itirir. Əcnəbinin ölkədə arzuolunmaz şəxs hesab edilməsinin hüquqi nəticəsi ona yaşama ilə bağlı verilmiş güzəştlərin ləğv edilməsi, o cümlədən daimi yaşamaq üçün icazənin ləğv edilməsi, şəxsin ölkə hüdudlarından kənara çıxarılmasıdır. Başqa sözlə, şəxsin ölkə ərazisində arzulounmaz hesab edilməsi eyni zamanda iki hüquqi nəticəyə səbəb olur: Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinin 55.0.11-ci maddəsinə əsasən daimi yaşamaq üçün verilmiş icazə ləğv edilir; 79.1.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərar qəbul edilir. Hazırkı iş üzrə iddiaçının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılmasına dair müraciəti təmin olunmamış, həmçinin əvvəl verilmiş icazəsi ləğv edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16cı maddəsinə əsasən barəsində müvafiq icraat aparılmış və nəticədə ölkə ərazisində arzuolunmaz şəxs hesab edilmiş və onun ölkəyə girişinə məhdudiyyət qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsi əcnəbi və vətəndaşlığı olmayan şəxsə daimi yaşamaq haqqında icazənin verilməsini inzibati orqanın qiymətləndirmə azadlığına və diskresion səlahiyyətinə aid etmiş, lakin şəxsə verilmiş icazənin ləğvini, ölkə ərazisindən çıxarılmasını isə Məcəllənin 55 və 79-cu maddələrində sadalanan konkret hüquqi faktlarla əlaqələndirmişdir. Miqrasiya Məcəlləsinin 23.5-ci maddəsi Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə bu barədə məlumatın müvafiq icra hakimiyyəti orqanları tərəfindən Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edildiyini bilavasitə nəzərdə tutmuşdur. İşin hallarından müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edilməklə, sonuncunun ölkəyə gəlmək hüququ məhdudlaşdırılmışdır. İnzibati məhkəmə nəzarəti zamanı cavabdeh inzibati orqan ölkə ərazisindən çıxarılmanın əsası olan arzuolunmaz şəxs hesab edilmə ilə bağlı Xidmətə daxil olmuş müraciətlə bağlı inzibati icraat materiallarını və inzibat aktı (qərarı) “məxfi” sənəd olaraq məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən həmin materiallara baxış keçirilmişdir. Təqdim olunan icraat materiallarına əsaslanaraq məhkəmə cavabdeh inzibati orqanın iddiaçının ölkədən çıxarılması ilə apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi hallarını müəyyən etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rove və Davis (Rowe and Davis) Birləşmiş Krallığa qarşı [BP]” - 28901/95 nömrəli, 16.2.2000-ci il tarixli Qərarında göstərilmişdir ki, “.(....) 61. Bununla belə, ərizəçilərin etiraf etdiyi kimi (yuxarıda 54-cü bəndə bax), müvafiq sübutların açıqlanması hüququ mütləq hüquq deyil. İstənilən cinayət prosesində milli təhlükəsizlik və ya qisas riski altında olan şahidlərin müdafiəsi və ya cinayətin istintaqının gizli polis üsullarının saxlanması zərurəti kimi bir-birinə zidd olan maraqlar ola bilər ki, bu da təqsirləndirilən şəxsin hüquqlarına zidd ölçüdə götürülməlidir (məsələn, bax. Doorson Hollandiyaya qarşı 26 mart 1996-cı il tarixli qərar, Hökmlər və Qərarların Hesabatları 1996- İİ, səh. 470, § 70). Bəzi hallarda başqa bir şəxsin əsas hüquqlarını qorumaq və ya mühüm ictimai maraqları qorumaq üçün müdafiədən müəyyən sübutları gizlətmək lazım ola bilər.(..)
62. İctimai maraqlara əsaslanaraq sübutların müdafiədən gizlədildiyi hallarda, belə bir məlumatın açıqlanmamasının ciddi şəkildə zəruri olub-olmaması barədə qərar vermək Məhkəmənin vəzifəsi deyildir, çünki, bir qayda olaraq, milli məhkəmələr onların qarşısında təqdim edilmiş sübutları qiymətləndirməlidir, Avropa Məhkəməsinin vəzifəsi hər bir iş üzrə tətbiq edilən qərarın qəbuletmə prosedurunun mümkün qədər çəkişmə prosesi və tərəflərin bərabərliyi tələblərinə uyğun olub-olmadığını və təqsirləndirilən şəxslərin maraqlarını qorumaq üçün adekvat təminatların daxil edildiyini müəyyən etməkdir”. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova