Məhkəmə qərarları › İş №e-2-1(112)-14745/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14745/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14745/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun hesablanmasının qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə inzibati aktla təsdiqlənməmiş vergi borcunun hesablanmasının qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar (VÖEN **********) kimi unlu qənnadı məmulatların istehsalı (Əsas fəaliyyət) ilə məşğul olmaqdadır. Vergi ödəyicisi olaraq hər zaman vergi ödənişlərini vaxtlı vaxtında ödəmiş, onun hər hansı vergi borcu olmamış, əksinə vergi üzrə artıq ödəməsi mövcud olmuşdur. Vergi fəaliyyətini dayandırmış, Bakı Kommersiya Məhkəməsi tərəfindən gələn məhkəmə bildirişi əsasında vergi borcu olduğunu öyrənmişdir. Nə onlayn kargüzarlıq üzərindən, nə də kağız daşıyıcıda ona “Vergi hesablanması barədə Qərar” təqdim edilməmişdir. Bununla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, hər hansı cavab əldə etməmişdir. Məhkəmə bildirişini oxuduqda müəyyən olunmuşdur ki, 236209.14 manat məbləğində əsas vergi borcu və 34909.79 manat məbləğində faiz borcu hesablanmışdır. Bu borc öz təsdiqini hər hansı inzibati akt ilə tapmamışdır. Həmçinin bu vergi məbləğini əks etdirən bəyannamə tərəfindən vergi orqanına təqdim edilməmişdir. Vergi orqanı inzibati akt qəbul etmədən borc hesablaya bilməz. Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini əsaslandırmamışdır. İddia ərizəsində iddiaçı bildirir ki, 236209,14 manat məbləğində əsas vergi borcu və 34909,79 manat məbləğində əsassız faiz borcu hesablanmışdır. Lakin iddiaçının şəxsi hesab vərəqəsi üzrə hazırkı tarixə 185541,70 manat borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının şəxsi hesab vərəqəsini təqdim edərək, iddiaçının xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etdiyini, həmin bəyannamə əsasında yeni məsuliyyət qərarının qəbul ediləcəyini bildirərək iddiaçının həmin qərarı mübahisələndirə biləcəyini qeyd edərək hazırkı iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.(6.2-ci bənd) İddiaçının hazırkı tələbindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən inzibati aktla təsiqlənməmiş vergi borcunun silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, vergi borcunun hesablanması hər hansı inzibati akt hesab edilən qərarın qəbul edilməsi nəticəsində mümkündür. İddiaçı şəxsi hesab vərəqəsində əsassız hesablanmış borcun silinməsini arzu edirsə, həmin borcun hesablanmasına əsas olan qərarı (inzibati akı) mübahisələndirməlidir. İddia ərizəsində iddiaçı bu barədə hər hansı bir akt qəbul edilmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının barəsində 6.04.2023-cü il tarixdə, **********091800 № li “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və iddiaçıya 2022ci ilin bəyannamə və hesabat dövrü üçün 59.026,66 manat əlavə gəlir vergisi hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək həmin qərar mübahisələndirilsə də, cavabdehin təqdim etdiyi iddiaçının şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş bəyannamə vermişdir. Belə olan halda, vergi orqanı tərəfindən həmin dəqiqləşmiş bəyannamə əsasında yeni qərar qəbul ediləcəkdir ki, 6.04.2023-cü il tarixli, **********091800 № li “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərar öz qüvvəsini itirimiş olacaqdır. Belə olan halda iddiaçı hüquqi marağına uyğun olaraq qəbul ediləcək yeni qərarı mübahisələndirə bilər. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun hesablanmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar