Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14796/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür. НЗ ******* nömrəli hərbi biletə əsasən, idiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il 20 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1981-xx.xx.1982-ci illərdə Dəvəçi rayonu 9 №-li tərəvəzçilik briqadasında fəhlə vəzifəsində işləmişdir (1 il 5 ay 22 gün); xx.xx.1982-xx.xx.1983-cü illərdə 2 nömrəli maldarlıq briqadasında fəhlə vəzifəsində işləmişdir (6 ay 5 gün); xx.xx.1985-xx.xx.1988-ci illərdə Buxar-turbin elektrik stansiyasının İstilik məntəqəsi və Qazan maşinisti peşələrində işləmişdir (2 ay 10 ay); xx.xx.1990-cı il tarixdən hazıradək İstilik elektrik stansiyasının baş idarəetmə lövhəsi və elektrik sahəsində elektrik montyoru və elektrikavadanlıqların təmini və xidməti üzrə elektrik montyoru peşələrində işləmişdir (34 il, 7 ay, 4 gün); İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR “Azneft” İB “Neft Daşları” Neft və Qazçıxarma idarəsinin sizə dair 17 iyun 2025-ci il tarixli PUX-02/12 nömrəli arayışında xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində İstilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin, xx.xx.1999-cu il tarixindən bugünədək isə Elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi və onun xx.xx.2025-ci il tarixdən hesablanmalı olan pensiyasının ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci ildə doğulmuşdur. Hazırda ARDNŞ "Neft Daşları" NQÇİ-nin İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışır. Bir neçə dəfə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı dəfələrlə imtina etmiş və sonuncu dəfə 10 iyul 2025-ci il tarixli 3-17-1/2-T-161652/2025 saylı cavab məktubuna əsasən, "Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR "Azneft" İB "Neft Daşları" Neft və Qazçıxarma idarəsinin sizə dair 17 iyun 2025-ci il tarixli PUX-02/12 nömrəli arayışında xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində İstilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin, xx.xx.1999-cu il tarixindən bugünədək isə Elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Həmin cavab ona xx.xx.2025-ci il tarixdə poet vasitəsi ilə çatmışdır. O, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Dəvəçi rayonu 9 №-li tərəvəzçilik briqadasında fəhlə (1 il 5 ay 22 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 2№li maldarlıq briqadasında fəhlə (6 ay 5 gün) işləmişəm, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşam (2 il 20 gün), xx.xx.1985-ci il tarixdən "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-də işləməyə başlamış və hazıradək orada işləyir. xx.xx.1985-ci il tarixdən Buxar turbinli elektrik stansiyasına qazanxana maşinisti, xx.xx.1988-ci ildə İstilik buxarturbinli, qazturbinli elektrik stansiyasına qazanxana operatoru, xx.xx.1990-cı ildə Baş idarəetmə lövhəsinin elektrik montyoru (8 il 4 ay 23 gün), xx.xx.1999- cu il tarixdən İstilik elektrik stansiyasının Qazturbin və elektrik sexinin təmiri və xidməti üzrə elektrik mantyoru (2 il 6 ay 5 gün), xx.xx.2001-ci il tarixdən İstilik elektrik stansiyasının qazturbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru (7 il 2 ay 20 gün), xx.xx.2008-ci il tarixdə peşə adı dəyişdirilərək İstilik elektrik stansiyasının elektrik sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, sexin adı dəyişdirilərək Elektrik sahəsi adlandırılmış, xx.xx.2017-ci il tarixdən hazıradək İstilik elektrik stansiyasının elektrik sahəsində 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə keçirilmişdir ( 24 il 9 ay). Həmçinin, onunla eyni vəzifədə işləmiş X3 və X4 da güzəştli şərtlərlə pensiya təyin edilmişdir. X1 2022-ci ildə məhkəmə qərarı ilə X2 isə 2024cü ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Əmək kitabçasından da açıq-aşkar görünür ki, onun əvvəlki peşəsi İstilik elektrik stansiyasının qazturbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru olmuş sonradan adı dəyişdirilərək İstilik elektrik stansiyasının elektrik sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, sexin adı dəyişdirilərək Elektrik sahəsi adlandırılmışdır. O, artıq 34 ildən çoxdur güzəştli şərtlərlə pensiya təyin edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) a) bəndinə (fəhlələr) uyğun olan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçalarının təsdiq olunmuş surəti və əsli ilə müəyyən edilir ki, iddiaçının həqiqi hərbi xidmət illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş “SOCAR, “Azneft” İB-nin, “Neft Daşları” NQÇİnin İstilik elektrik stansiyasının xx.xx.2025-ci il tarixli PNX-02/12 №-li “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1990xx.xx.1999-cu illərdə İstilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində işləyib; xx.xx.1999-cu il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasının Elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. İşlədiyi peşə (vəzifə) üzrə sığorta (əmək) stajı 34 il 10 ay 6 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pesniyası hüququna əsas olan xüsusiyyətləri Qaz turbin istilik elektrik stansiyasının elektrik avadanlıqlarına texniki xidmətin göstərilməsi. Turbin avadanlığının təmiri, yanacaqötürmə avadanlıqının və onların işini təmin edən elektrik avadanlığlarının təmiri.Qaz turbin stansiyasında yerləşən elektrik mühərriklərinin təmiri və izolasiya müqavimətinin yoxlanılması, elektrik mühərriklərinin qidalandırıcı kabel birləşmə yerlərinin bərkidilməsi, elektrik mühərriklərinin birləşmə yerlərinin yağlanması, maqnit işə salıcılarının kontaktlarının təmizlənməsi, Gücü 10MVA gərginliyi 35 kv olan güc transformatorlarının birləşmə yerlərinin bərkidilməsi və tozdan təmizlənməsi.Qaz turbin yanacaq sisitemində qaz qızdırıcı avadanlığlarının texniki xidməti, təmiri və kabel birləşmə yerlərinin bərkidilməsi. 35 kv-luq PQ-də elektrik avadanlıqlarının yoxlanılması, təmiri və tozdan təmizlənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a" bəndinə əsasən,’’Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru “Qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşə koduna uyğundur. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli PNX-02/29 №-li arayışında qeyd edilmişdir ki, “Neft Daşları” NQÇİnin İstilik elektrik stansiyasının Elektrik sexində Ekektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləyən, xx.xx.1964-cü il təvəllüdlü X1 ona görə ki, o həqiqətən xx.xx.1987-xx.xx.1988-ci illərdə Buxar-turbin elektrik stansiyasının Buxar turbin maşinisti peşəsində işləyib 1 il 6 ay 5 gün, xx.xx.1988-xx.xx.1989-cu illərdə İstilik elektrik stansiyasının Turbin sexində Qaz turbin qurğularının maşinisti peşəsində işləyib 1 il 22 gün, xx.xx.1989-xx.xx.1989-cu illərdə Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər peşəsində işləyib 1 ay 26 gün; xx.xx.1989-xx.xx.1990-cu illərdə Qaz kompressor sexinin Qaz sahəsində təmirçi çilingər peşəsində işləyib 1 ay 26 gün; xx.xx.1989xx.xx.1990-cu illərdə İstilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində işləyib 10 ay 17 gün, xx.xx.1990-xx.xx.2008-ci illərdə İstilik elektrik stansiyasının Elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləyib 17 il 7 ay 25 gün; xx.xx.2008-ci il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasının Elektrik sahəsində Elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir 13 il 1 ay 16 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsi, “a” (fəhlələr) bəndinə əsasən, “Neft Daşlan” NQÇİ-nin İstilik elektrik stansiyasında yuxarıda qeyd olunan peşələrdə xx.xx.2021-ci il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı – 34 il 4 ay 21 gün təşkil edir. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış “Azneft” İB, “Neft Daşları” NQÇİ-nin xx.xx.2025-ci il tarixli 14-2-1-5/2-269/2025 №-li məktubu və ona əlavə edilmiş arayışlara əsasən, İddiaçı “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Buxar turbin elektrik stansiyasında xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək qazanxana maşinisti, həmin stansiyada xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci tarixədək qazan maşinisti, İstilik elektrik stansiyasının Qazanxana sexində xx.xx.1988-ci tarixdən xx.xx.1990-cı il tarixədək qazanxana operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cı il tarixədək baş idarəetmə lövhəsinin elektrik montyoru, Qaz turbin və Elektrik sexlərində xx.xx.1999-cu il tarixdən 20.11,2008-ci il tarixədək və Elektrik sexində xx.xx.2008-ci il tarixdən hal-hazıradək elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. xx.xx.2014-cü il tarixdə İstilik elektrik stansiyasının Elektrik sexinin adı dəyişdirilərək Elektrik sahəsi adlandırılmışdır. Sorğu məktubunda qeyd edilmiş 2-ci məsələ “güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın məhkəməyə təqdim edilməsi” ilə bağlı bidirirlər ki, Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlar məktuba əlavə olunaraq sizə göndərilir. Sorğu məktubunda qeyd edilən 3-cü məsələ “əmək funksiyasının (vəzifə təlimatına istinad olunmaqla yerinə yetirdiyi işin xarakteri) nədən ibarət olması barədə məlumatların məhkəməyə təqdim edilməsi” ilə bağlı bildirirlər ki, İddiaçı işlədiyi peşələrdə əmək funksiyası “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na (VTİSK, hissə 1) uyğun olaraq yerinə yetirilən işin xüsusiyyətləri aşağıdakı kimidir: -Qazanxana maşinisti, qazan maşinisti - qazanxanada su qızdırıcı və buxar qazanlarına və ya bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Qazanların yuyulması, təmizlənməsi və təmirində iştirak etmək. İstehsal və kommunal qazanxanaların və dəmkeş qaz generatorlarının kül və şlakının əl ilə təmizlənməsi. Həmçinin ocaq qəfəsinin, buxar maşınlarının odluğunun, qazanların və dəmkeşlərin əl ilə təmizlənməsi. Kül və şlak tullantılarının sahmana salınması. -Qazanxana operatoru -suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada olan maye və qaz şəkilli yanacaqla və ya elektrik qızdırıcısı ilə işləyən ayrı-ayrı su qızdırıcı və ya buxar qazanlarına xidmət. Armatura və qazan cihazlarının təmizlənməsi. Xidmət olunan avadanlığın təmirində iştirak etmək. -Elektrik montyoru, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru- İstilik elektrik stansiyasının qaz turbin qurğularının işini təmin edən elektrik avadanlıqlarına texniki xidmətin göstərilməsi. Yanacaqötürmə avadanlıqının və onların işini təmin edən nasosların elektrik mühərriklərinin təmiri. Qaz turbin sahəsində yerləşən elektrik mühərriklərinin təmiri və izolasiya müqavimətinin yoxlanılması, elektrik mühərriklərinin qidalandırıcı kabel birləşmə yerlərinin bərkidilməsi, elektrik mühərriklərinin birləşmə yerlərinin yağlanması, maqnit işə salıcılarının kontaktlarının təmizlənməsi. Qaz turbin yanacaq sisitemində qaz qızdırıcı avadanlıqlara texniki xidmət göstərilməsi. Temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının sadə nasazlıqlarının aradan qaldırılması, dəyişdirilməsi. Güc lövhələri və ya işıqlandırma qovşağının hazırlanması və quraşdırılması. Qaz turbinlərinin konteyner daxili işıqlanma sisteminin təmiri. Turbinin yağlama sisteminin nasoslarının elektrik mühərriklərinin təmiri və sair. Sorğu məktubunda qeyd edilən 4-cü məsələ “iddiaçının işlədiyi elektrik mantyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli siyahısının 24-cü bölməsində göstərilmiş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik mantyorları vəzifəsinə uyğun gəlibgəlməməsi barədə məlumatların məhkəməyə təqdim edilməsi” ilə bağlı bildiririk ki, İddiaçı “Neft Daşlan” İstilik elektrik stansiyasının Qaz turbin və Elektrik sexlərində və Elektrik sexində 11,08.1990-cu il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi elektrik montyoru və xx.xx.1999-cu ildən hal-hazıradək işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilmiş “Qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən elektrik montyorları” peşəsinə uyğundur. Həmçinin məhkəməyə təqdim edilmiş “Azneft” İB, “Neft Daşları” NQÇİ-nin xx.xx.2025-ci il tarixli 14-2-1-5/2-269/2025 №-li məktubu və ona əlavə edilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1990-xx.xx.1999-cu illərdə İstilik elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində işləyib; xx.xx.1999-cu il tarixdən hal-hazıra qədər İstilik elektrik stansiyasının Elektrik sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. İşlədiyi peşə (vəzifə) üzrə sığorta (əmək) stajı 35 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pesniyası hüququna əsas olan xüsusiyyətləri: İstilik elektrik stansiyasının qaz turbin qurğularının işini təmin edən elektrik avadanlıqlarına texniki xidmətin göstərilməsi. Yanacaqötürmə avadanlıqının və onların işini təmin edən nasosların elektrik mühərriklərinin təmiri. Qazturbin sahəsində yerləşən elektrik mühərriklərinin təmiri və izolasiya müqavimətinin yoxlanılması, elektrik mühərriklərinin qidalandırıcı kabel birləşmə yerlərinin bərkidilməsi, elektrik mühərriklərinin birləşmə yerlərinin yağlanması, maqnit işə salıcılarının kontaktlarının təmizlənməsi. Qaz turbin yanacaq sisitemində qaz qızdırıcı avadanlıqlara texniki xidmət göstərilməsi. Temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının sadə nasazlıqlarının aradan qaldırılması, dəyişdirilməsi. Güc lövhələri və ya işıqlandırma qovşağının hazırlanması və quraşdırılması. Qaz turbinlərinin konteyner daxili işıqlanma sisteminin təmiri. Turbinin vaqlama sisteminin nasoslarının elektrik mühərriklərinin təmiri və sairdən ibarət olmaqla, yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24- cü bölməsinin “a” bəndində göstərilmiş “Qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən elektrik montyorları” peşəsinə uyğundur. Həmçinin məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş “Azneft” İB, “Neft Daşları” NQÇİ-nin xx.xx.2025-ci il tarixli 14-2-1-5/2-269/2025 №-li məktubu və ona əlavə edilmiş arayışa əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1985-xx.xx.1986-cı illərdə Buxar turbin elektrik stansiyası, qazanxana maşinisti; xx.xx.1986-xx.xx.1988-ci illərdə - Buxar-turbin elektrik stansiyası, qazan maşinisti peşəsində işləyib; İşlədiyi peşə (vəzifə) üzrə sığorta (əmək) stajı 2 il 10 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pesniyası hüququna əsas olan xüsusiyyətləri: qazanxanada su qızdırıcı və buxar qazanlarına və ya bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Qazanların yuyulması, təmizlənməsi və təmirində iştirak etmək. İstehsal və kommunal qazanxanaların və dəmkeş qaz generatorlarının kül və şlakının əl ilə təmizlənməsi. Həmçinin ocaq qəfəsinin, buxar maşınlarının odluğunun, qazanların və dəmkeşlərin əl ilə təmizlənməsi. Kül və slak tullantılarının sahmana salınması və sairdən ibarət olmaqla, yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24- cü bölməsinin “a” bəndində göstərilmiş “Qazan maşinistləri" peşəsinə uyğundur. Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2-1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)-88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)-2532/2023 nömrəli qərarları). Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1390/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. 17. Hazırki iş üzrə iddiaçı barəsində işlədiyi müəssisə tərəfindən verilmiş arayış yuxarıda göstərilən tələblərə uyğun olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas kimi qəbul edilə biləndir”. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2025-ci il tarixdən hesablanmalı olan pensiyasının ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilərək ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-14796/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14796/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver