Məhkəmə qərarları › İş №e-2-1(112)-14807/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14807/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14807/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxslər: X1 və X2) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X1 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 664 saylı Sərəncamı ilə iddiaçı, ömürlük İİ qpup əlil olmaqla mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 1-ci növbəli şəxs qismində yaşayış binasının eyni mərtəbəsinin eyni pilləkan meydançasında olan 2 (iki) bir otaqlı mənzilin, o cümlədən 77 və 78 saylı mənzillərin kirayəçisi hesab edilmişdir. Göründüyü kimi, mənzillər ayrı-ayrı olsalar da, səlahiyyətli icra hakimiyyəti orqanının eyni sərəncamı ilə mövcud mənzil qanunvericiliyi əsasında 4 (dörd) nəfərdən (özü, h/yoldaşı və iki oğlu) ibarət olan ailə tərkibi ilə birlikdə ümumi yaşayış sahəsi ilə təmin edilmişdir. Həmin mənzillər yalnız arakəsmə, yəni divarla biri-birindən təcrid olunmuş vəziyyətdədirlər. Ümumi yaşayış sahəsinin 77 saylı mənzil hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2025-ci il tarixli imtina bildirişi ilə ərizənin icrasından imtina etmişdir. Həmin bildirişdə göstərilir ki, “Aparılan araşdırma zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 A saylı evin, 78 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına qeydiyyata alındığı müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.” İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37A saylı evin, 78 saylı mənzili qanunvericillyin tələblərinə uyğun olaraq İddiaçı adına qeydiyyata alınmışdır. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununun 7ci maddəsinə esasen dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ RİH-nin xx.xx.1992-ci il tarixli, 664 saylı sərəncamı ilə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin Primorok qəsəbəsindəki Kirov prospekti 37 "a" ünvanında yerləşən 77 nömrəli mənziln İddiaçı verilməsi və onun Primorok qəsəbəsi, Kirov prospekti 37 ünvanında yerləşən binada ümumi yaşayış sahəsi 34,0 kvadratmetr olan 77 və 78 nömrəli iki bir otaqlı mənzilin kirayəçisi hesab edilməsi, onun adına şəxsi hesabın açılması qərara alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. 119 saylı MKİS tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş imtina əsasının əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıbyaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, şəxsin həmin sənədlər əsasında mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkən eyni zamanda “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbləri də nəzərə alınmalıdır. Həmin Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Bəhs olunan qanunvericiliyin müddəalarından görünür ki, vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 8-ci maddəsində təsbit edilmiş şərtlərdə mənzilin özəlləşdirilməsi üçün aşağıdaki əsasların olması zəruridir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, mübahisə predmetini təşkil edən mənzil, sərəncam əsasında iddiaçıya ayrılmışdır. Cavabdeh, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununun 7-ci maddəsinə istinad edərək, dövlət və ya ictimai mənzil fondu mənzillərinin əvəzsiz özəlləşdirilməsi hüququnun yalnız bir dəfə istifadə oluna biləcəyini, iddiaçının artıq bu hüquqdan istifadə etdiyini və nəticədə 78 nömrəli mənzil üzrə hüquqların qeydə alındığını bildirmişdir. Lakin qeyd etmək lazımdır ki, həmin Qanun normaları dövlət və ictimai mənzil fondu mənzillərinin əvəzsiz özəlləşdirilməsinə yalnız bir dəfə hüquq verilməsini açıq şəkildə müəyyənləşdirmişdir. İddiaçının 78 nömrəli mənzil üzərində hüquqlarının qeydiyyata alınması, onun bu hüquqdan artıq istifadə etməsi kimi təqdim olunsa da, bu fakt, 77 nömrəli mənzil üzrə hüquqların qeydiyyatından imtinası üçün əsas deyil. Bu zaman, Məhkəmə mütləq şəkildə qüvvədə olan inzibati aktın məzmununu nəzərə almalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki halları ilə bağlı olaraq, Məhkəmə iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma kimi vasitələrlə, həmçinin səhv və ya təhrif olunmuş məlumatlar əsasında sənədlər təqdim etməsi və digər qeyri-qanuni müdaxilələrin mövcudluğunu təsdiqləyən dəlil müəyyən etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh iddiaçının artıq özəlləşdirmə hüququndan istifadə etdiyini bildirərkən, 77 və 78 nömrəli mənzillərin hər ikisinin bir sərəncam əsasında verildiyini nəzərə almamışdır. İddiaçı uzun müddət ərzində həmin sərəncama etimad göstərmiş və bu sərəncamın müvafiq hüquqi qüvvəsini qoruyub saxladığını qəbul etmişdir. Bu halda, sərəncamın həm 77, həm də 78 nömrəli mənzillərin verilməsini əhatə etməsi və bu sərəncamın hal-hazırda da qüvvədə olması, iddiaçının hazırkı tələbinin hüquqi əsaslara malik olduğunu göstərir. Qeyd olunmalıdır ki, sərəncamın mahiyyətindən görünür ki, hər iki mənzil sahəsi 1 otaqlı kiçik ölçüdə olan otaqlardan ibarətdir. İki mənzilin ümumi ölçüsü 34 kv.m təşkil edir. İddiaçının ailə üzvlərinin sayı isə 4 nəfərdir. Göründüyü kimi 77 və 78 nömrəli mənzillərin verilməsi 4 nəfər ailə üzvü sayı nəzərə alınmaqla verilmişdir ki, vahid sərəncamda iki mənzilin verilməsi, məhz ailə üzvü sayı nəzərə alınmaqla verilmişdir. Qeyd olunur ki, bu zaman 4 nəfər ailə üzlüyünə görə 1 ədəd 34 kv.m mənzil verilməsi ilə, 2 ədəd 17 kv.m mənzilin verilməsi arasında hər hansı fərqləndirmə mövcud olmamışdır. Göstərilən səbəbdən də həmin sərəncama istinadla iddiaçının hər iki mənzili özəlləşdirmə hüququ saxlanılmışdır ki, qeyd olunan hal mənzil fondunun yenidən özəlləşdirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qadağa ilə əlaqədar olmayıb, dövlət tərəfindən ailə üzvü sayı nəzərə alınmaqla mənzil şəraitinin yaxşılaşdırılması kimi qiymətləndirilməlidir. Beləliklə də, burada əsas götürülməli olan hal 2 ədəd olsa belə, mənzilin vahid niyyətlə 4 nəfər ailə üzvünün mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar verilməsidir ki, adıçəkilən sərəncam hər iki mənzilə hüququn saxlanılmasına xidmət etməklə, Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi ilə bağlı istisnanın tətbiqini istisna edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunur ki, hazırkı iş üzrə 77 və 78 nömrəli mənzillərin verilməsi barədə sərəncam hər hansı qurum tərəfindən ləğv edilməmiş, qüvvədən salınmamışdır. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mənzilə dair hüquqmüəyyənedici sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı ilə birlikdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslər də mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 A saylı evin, 77 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsisi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar