Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14853/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X4 Əmir oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2013-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 54.34 kv.m, ümumi sahəsi 101.94 kv.m olan mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarı ilə İddiaçı ünvan 2 ünvanında yerləşən, ona məxsus 114.3 kv.m əmlak sahəsinə görə cari il üçün 30.35 manat əmlak, o cümlədən 2021-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 106.22 manat, faiz üzrə 33.05 manat, maliyyə sanksiyası üzrə 30 manat, ümumilkdə yaranmış 184.45 manat məbləğində borcun Xətai Rayon Xətai Bələdiyyəsinin büdcəsinə ödənilməsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı barəsində əmlak vergi borcunun ödənilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarın (inzibati akt), həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən bina evində 2013-cü il tarixdən yaşayır. xx.xx.2024-cü il tarixdə onun telefonuna elektron icra xidmətindən 301506/2024-1-47 saylı icra işinin aparılması barədə sms gəlmiş və bildirilmişdir ki, Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş icra sənədinə əsasən 184,45 manat pul ödəməlidir. xx.xx.2024-cü il tarixdə Xətai Rayon İcra şöbəsinə getmiş və bildirmişdir ki, Xətai Bələdiyyəsi tərəfindən ona heç bir sənəd verilməmiş, hətta zəng belə edilməmişdir. Ona görə qeyd olunan işdən tam xəbərsiz və məlumatsızdır. İcra şöbəsində sənədlərlə tanış olduqdan sona müəyyən olunmuşdur ki, Xətai Rayon Xətai Bələdiyyəsi onun barəsində qərar qəbul etmiş və icra edilməsi üçün Xətai Rayon İcra şöbəsinə göndərmişdir. Ona inzibati icraatın aparılması barədə heç bir məlumat verilmədiyi, yəqin ki, burada bir yanlışlıq olmasını bildirmişdir. Lakin icra məmuru anket məlumatlarını dəqəqləşdirmiş və məlum olmuşdur ki, qərar həqiqətən də onun barəsindədir. xx.xx.2023cü il tarixdə ərizə ilə müraciət edərək İcra şöbəsindən qərarı və ona əlavə edilmiş sənədlərin skan variantını götürə bilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktda əks olunmuş məlumatlar yalan və uydurma məlumatlardır. Belə ki, o heç vaxt həmin şəxslərdən heç birini görməmiş, onların heç birinə ödənişdən imtina etməsi barədə heç bir söz deməmişdir. Heç kəs ona hüquqlarını izah etməmiş, heç bir izahat aparılmamışdır. Qərara əlavə edilmiş akt saxta aktdır. Guya aktın surəti ona təqdim edilməsi barədə məlumat da tam yalan bir məlumatdır. Belə ki, o, həmin gün şəhərkənarında yerləşən iş yerində işdə olmuş, təxminən 19:40 radələrindən sonra ordan çıxıb həftə sonunu keçirtmək üçün dostugilə Cəlilabad rayonunun Göytəpə kəndində olmuşdur. İş saatından sonra isə Bələdiyyənin üzvləri icraat apara bilməzdilər. Həmçinin, aktda göstərilən mənzilin ölçüsü də artıq yazılmış, buda onu göstərir ki, bu akt otaq şəraitində bələdiyyə binasında yalandan yazılmışdır. O, orda iştirak etsə ən azından mənzilinin ölçüsünün düz qeyd olunmasını tələb edərdi. XB-nin vergi orqanın xidmətinin təqdimatıda icrayə göndərilmiş sənədlərə əlavə edilməmişdir. 09.2024-cü il tarixli **********2703 saylı tədiyə bildirişində də ziddiyyətli informasiya yer almaqdadır. Belə ki, XR Bələdiyyəsinin onun barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli 26.07/1-2140 saylı qərarında tədiyə bildirişinin onun ünvanına göndərildiyi qeyd edilmişdir. Lakin tədiyə bildirişinin tarixinə baxdıqda görünür ki, qərar 2024-cü ilin iyul ayında, həmin qərara əlavə edilmiş tədiyə bildirişi isə 2024-cü ilin sentyabr ayında tərtib edilmişdir. Beləliklə qərar və tədiyə bildirişi də formal inzibati icraatın aparılmasını sübut edən sənədlərdən biri kimi çıxış etməkdədir. Həmçinin, qərar və tədiyə bildirişində də mənzilin çıxarış üzrə real ölçüsü yazılmamiş, şişirdilmiş rəqəm yazmaqla artıq pul və cərimə hesablanmışdır. Buda bir daha göstərir ki, Xətai Bələdiyyəsi üzərinə düşən xidməti yerinə yetirmədiyi kimi əmlak vergisini də şişirdilmiş rəqəmlərlə tələb edir. 09.2024-cü il tarixdə tərtib edildiyi qeyd olunmuş tədiyə bildirişində 2024-cü il üçün əmlak borcu 30.35 manat müəyyən edilmiş, ödənilmə müddəti 15 avqusta və 15 noyabradək olmaqla iki yerə bölünmüş, hər dəfə üçün 15.18 manat müəyyən edilmişdir. (Lakin Bələdiyyə elə hesabat aparmışdır ki, borc 184,45 manata çatdırılmışdır). Məntiqlə ilk olaraq bu bildiriş ona göndərilməli, ən azı 15 avqusta qədər müddət gözlənilməli, sonra akt tərtib edilməli, sonra təqdimat verilməli, ən sonda isə qərar qəbul edilməli idi. Amma məlum olmayan səbəblərdən ilk sənəd kimi birbaşa xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Bir ay sonra qərar verilmiş və 3 ay sonra isə tədiyə bildirişi göndərimişdir. Göründüyü kimi akt, tədiyə bildirişi, qərar özlüyündə formal inzibati icraatın aparılmasını sübut edən sənədlərdən biri kimi bir daha özünü göstərməkdədir. DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mənzilin ümumi sahəsi 101,94 kvm, yaşayış sahəsi isə 54,34 kvm-dir. Lakin Bələdiyə sənədlərində mənzilin sahəsini 114,30 kvm göstərməklə şişirdilmiş borc yazılıb ki, buda bir daha sübut edir ki, heç bir araşdırma aparılmadan, vərəndaşın iştirakı olmadan əsassız borc yazılmışdır. Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli vergi borcucunun tutlması haqqında qərar tam qanunsuz və əsassız tərtib olunmuş qərardır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutlmuş inzibati icraatın aparlmasına dair tələblərə əməl olunmamış, barəsində icraat aparılan şəxsə bu barədə məlumat verilməmiş, bildiriş və ya xəbərdarlıq göndərilməmiş, saxta akt tərtib olunmuş, aktın surəti şəxsə təqdim olunmamış, qərar qəbul olunan zaman ödəyici dəvət olunmamış, ondan sübut, izahat, sənəd tələb edilməmiş və bu cür sənədlərin təqdim edilməsi üçün şərait yaradılmamışdır. Həmçinin, ödəyicinin qərarla tanış olmaq, ondan şikayət vermək hüququ da təmin edilməmiş, qərarın mətnində “qərarın surəti tərəfə göndərilsin” sözləri qeyd olunmuş olsa da, qərar ona göndərilməmişdir. İşdə bunun əksini sübut edən hər hansı sənəd mövcud deyildir. Beləliklə də onun qərardan şikayət vermək hüququ pozulmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respubtikasının Konstitutiyası”nın İX fəsli, "X2 haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, "İnzibati icraat haqqında" Azərbaycan Respubtikasının Qanunu, "İnzibati Xətatar Məcəlləsi", "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Yerli Vergilər (bələdiyyələr) haqqında" Azərbaycan Respubiikasının Qanunu, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə", "Azərbaycan Respubtikasının Vergi Məcəlləsi", İqtisadiyyat Nazirliyi yanında X6 tərəfindən təstiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödenişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait" və digər hüquqi akttar yerli (bələdiyyə) vergilərinin müəyyən edilməsi və ödənilməsi itə bağlı yaranan iqtisadi və digər münasibətləri tənzimləyir. İddiaçı illər öncə əmlakına dair mülkiyyət haqqında şəhadətnaməni ətdə etsə də yerli vergi xidməti orqanında uçota alınmaq bərədə bilərəkdən müraciət etməmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinin, "Azərbaycan Respubtikası Vergi Məcəlləsi" nin 11-ci, 77.1, 77.3-cü, 77-1.1 və 15.1.2-1-ci maddələrinin tətəblərini bilərəkdən pozmuşdur. "Azərbaycan Respublikası Vergi Məcəlləsi"nin 50.2.2, 50.2.3 və 83.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq mənbəyi məlum olan mənbədən mətumatları əldə edilmiş həmin Məcəllənin 32-ci, 32.4-cü, 85.4-cü, 59.1-ci və İqtisadiyyat Nazirliyi yanında X6 tərəfindən təstiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu itə bağlı metodiki vəsait" ə əsasən uçota almış və vergi ödəyicisinə borc məbləgini və faizləri əks etdirən tədiyə bildirişlərinin əsas yuxarı hissəsi 2020-ci ildən etibarən dəfələrlə Xətai bələdiyyəsinin vergi xidmətinin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan Xudu Məmmədov küçəsi ev 18, giriş 3, mənzil 18 ünvanının qapısına qoyulmuşdur. Lakin o, vergini ödəməklə bağlı illərlə hər hansı bir addım atmamışdır Son olaraq tədiyə bildirişi 07 iyun 2024-cü il tarixdə iddiaçının ünvanına qoyulmuşdur. Əmlak vergisi ödənilmədiyi üçün vergi agenti tərəfindən müvafiq qeyd aparılaraq vergi xidmətinin vəzifəli şəxslərinə təqdim edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində akt tərtib edilmişdir. Aktın surəti qanunvericiliyin tələbinə əsasən poçt vasitəsi tə iddiaçının ünvanına göndərilmişdir. Lakin iddiaçı akta, yaxud aktın ayrı-ayrı-hissələrinə öz etirazını bildirməmiş və aktda göstərildiyi kimi onunla bağlı xx.xx.2024-cü il tarixdə qərar qəbul ediləcəyi gün bələdiyyəyədə iştirakı haqqında bildirilsə də gəlməmişdir. Nəhayət, vaxt axını keçdikdən sonra Bələdiyyənin vergi xidməti orqanının təqdimatı əsasında xx.xx.02024-cü il tarixdə bələdiyyə üzvlərinin ümumi yığıncağının 15 nömrəli protokolunun 03 saylı qərarına əsasən əmlak vergisinin məcburi alınmasına dair qərar qəbul edilmişdir. İclas protokolundan çıxarış vergi xidmətinə göndərildikdən sonra xx.xx.2024-cü il tarixdə təqdimat əsasında Bələdiyyə tərəfindən 26.xx/xx-2040 nömrəli qərar qəbul edilmiş və əmlak vergisini məcburi alınması məqsədilə xx.xx.2024-cü il tarixdə 01/1666 nömrəli məktubla Xətai Rayon İcra şöbəsinə müraciət olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmunun uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü mübahisələndirmə haqqında iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, məhkəməyə göndərilmiş inzibati icraat materiallarından görünür ki, mübahisələndirirlən qərarın iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. - 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. - 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. -198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadrat metrdən artıq olan hissəsinin) hər kv.m-ə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. - 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadrat metrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. - 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. - 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. - 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. - 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1- ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində “sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı” torpaq sahələrinə münasibətdə vergi dərəcəsi hər 100 kv.m-ə görə (sahəsi 10.000 kv.m-dək olduqda) 10 manat tətbiq olunur. - 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinin tələblərinə əsasən yerli ödənişlər – «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: (3.1.1) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; (3.1.2) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; (3.1.3) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. İlk növbədə qeyd edilməlidir ki, əmlak vergisi – siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınar və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar Vergi Məcəlləsinin Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Həmin Qanunun: 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. 58.1.İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçıya əmlak vergisi hesablanması barədə qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 56-cı maddəsinin və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanunun 16-cı və 43.3-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, «Bələdiyyələrin statusu haqqında» Qanunun 16-cı maddəsinin 6-cı bəndində göstərilmişdir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nə əsasən bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırki iş üzrə mübahisələndirilən inzibati aktların bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən olunmur. Bundan başqa, cavabdeh yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Həmçinin, inzibati orqan mübahisələndirilən qərar üzrə aparılmış icraat zamanı maraqlı şəxsin iştirakını təmin etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmçinin, mübahisələndirilən qərardan iddiaçının mülkiyyətində olan 114.3 kv.m mənzilə görə əmlak vergisi hesablandığı məlum olur. Halbuki, iş materiallarından görünür ki, mülkiyyətidə olan mənzilin yaşayış sahəsi 54.34 kv.m, ümumi sahəsi 101.94 kv.m-dir. Bundan başqa, Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. İş materiallarında görünür ki, cavabdeh orqanın mübahisələndirilən qərar üzrə tədiyə bildirişi 2024-cü ilin sentyabr ayına aiddir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan əmlaka görə əmlak vergisinin tutulması haqqında qərar qəbul etsə də, həmin qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26.07/1-2140 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №e-2-1(112)-14853/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14853/2024
06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver